Urudda qalan dünya... - Şəlalə Göytürk yazır

Musa Urudun "Uruda iki səfər" kitabı haqqında

 

XX əsrin poeziya nəhənglərindən olan İ.Brodski SSRİ rəhbərliyinin təzyiqləri nəticəsində 1972-ci ildə vətəni Rusiyanı tərk etməyə məcbur olur. Doğma ölkədən qovulan şair təyyarənin trapı ilə qalxarkən Rusiyanı son dəfə süzür və var gücü ilə qışqırır:

- Əclaflar, mən mütləq qayıdacağam!

Doğrudur, Rusiyaya qayıtmaq Brodskiyə heç zaman cismən nəsib olmur. Lakin özünün də dediyi kimi, bir vaxt onun ruhu kitablarında geriyə, vətənə dönür.

Mühacirət, sürgün, deportasiya - qara zolaq kimi demək olar, bütün xalqların taleyindən keçib. Azərbaycan xalqı da bu faciəli taleyə məhkum olanlardandı. Biz işğalın, soyqırımların, qaçqınlığın, sürgünün ən ağır formalarını yaşamışıq. Tarixi xatırlayaq. Hələ SSRİ-nin qurama "xalqlar dostluğu" ideologiyasının ən bərkgedən vaxtlarında, 1948-53-cü illərdə Qərbi Azərbaycanda yaşayan türklər öz tarixi yurdlarından məcburi şəkildə qovuldu. Ümumən, Qərbi Azərbaycan türklərinin deportasiyasına hələ XVIII əsrdən başlanıb. Ötən əsrdə isə türk əhalisinin bu torpaqlardan kütləvi deportasiyası üç mərhələdə həyata keçirilib:

1905-1920-ci illər;

1948-1953-ci illər; 

1988-1992-ci illər.

Köçürülmə zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan türk əhalisinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edərək otuz minə yaxın evi dağıdıb. Qoca, uşaq və qadınların da daxil olduğu yüz qırx min insanı vəhşicəsinə qətlə yetiriblər. Yeddi yüz əlli mindən artıq soydaşımız vətənindən didərgin salınıb. Sonuncu deportasiyada, yəni 1988-ci ildə isə iki yüz iyirmi mindən artıq soydaşımız erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Ermənilər Qərbi Azərbaycandan türk izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib, yer adlarını dəyişərək erməniləşdiriblər. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı azərbaycanlıların öz tarixi torpaqlarından zorla çıxarılması və kütləvi deportasiyasına verilən ilk hüquqi-siyasi qiymət kimi tarixdə qalır.

Təbii, bu yöndə aparılan fəaliyyət təkcə siyasi cəbhədə məhdudlaşmamalı, paralel olaraq, mədəni, sosial sferada da özünü göstərməlidir.

Bu baxımdan ədəbiyyatın da üzərinə böyük məsuliyyət düşür. Erməni təcavüzü və xəyanətkarlığı məzmun etibarilə ədəbiyyatımızda əhatəli şəkildə işlənməsə də, analoji mövzuda yazılan əsərlərin sayı heç də az deyil. Əlbəttə, bu əsərlərin hamısı keyfiyyət baxımından qənaətbəxş sayıla bilməz. Lakin  S.Əhmədlinin "Ömür urası", A.Abbasın "Dolu", E.Hüseynbəylinin "Qarabağ hekayələri", Ş.Ağayarın "Kərpickəsən kişinin dastanı", "Arzulardan sonrakı şəhər" roman və povestləri Qarabağ savaşı, qaçqınlıq, müharibə mövzusunda işlənmiş uğurlu nəsr nümunələri kimi qiymətləndirilməlidir. Lakin eyni məzmunda ortaya qoyulan bədii əsərlərlə müqayisədə, publisistikada vəziyyət heç də ürəkaçan sayılmaz. Arxiv Ermənistan-Azərbaycan münaqişəsinə dair real faktlarla dolu olsa da, bu mövzuda qələmə alınan sənədli ədəbi materialların - oçerk, məqalə, esse, memuar və digər əsərlərin sayı qaneedici səviyyədə deyil. Xüsusilə, Qərbi Azərbaycan mövzusu istər tarixi-sənədli, istərsə də ədəbi araşdırmalar obyekti kimi yetərli qədər tədqiq olunmamışdır. Sözügedən problemlə bağlı boşluğu qismən aradan qaldıran ədəbiyyat sırasında İ.Məmmədov, S.Əsədovun "Ermənistan azərbaycanlıları və onların acı taleyi" (Bakı-2008), A.Paşayevin "Köçürülmə" (Bakı-1995), Ə.Ələkbərlinin "Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. Sənədlərin dili ilə", (Bakı-2008), V.Arzumanlı, N.Mustafa "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq" (Bakı -1998) kimi sanballı  araşdırmaları isə istisna hal kimi dəyərləndirilə bilər.

Qərbi Azərbaycan mövzusunda elmi, bədii və publisistik yazıları ilə tanınan müəlliflərdən biri də şair, millət vəkili Musa Uruddur. Onun "Zəngəzur", "Urud", "Uruda iki səfər" kitabları itirilən tariximizin bərpası baxımından diqqətəlayiq işlərdəndir. 

Bu əsərlərdə Urud kəndi də daxil olmaqla, Zəngəzur mahalının, bütövlükdə Azərbaycanın qərb bölgəsinin keşməkeşli taleyi, tarixi haqda kifayət qədər zəngin mənbə və məlumatlar toplanıb. Bizsə, hələlik bu yazıda Musa müəllimin çox təsirli, eyni zamanda maraqlı səfər təəssüratlarını qələmə aldığı "Uruda iki səfər" kitabından söz açacağıq.

Kitabdan aydın olur ki, Zəngəzurun Sisyan rayonunun Urud kəndində doğulub boya-başa çatan müəllif, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə kampaniyası başlatdığı 1988-ci ildən bu yana doğma kəndinə cəmi iki dəfə səfər edə bilib. Birinci səfər 1988-ci ildə, Gəncədə həkim işlədiyi ərəfədə, ikinci səfər isə 2006-cı ildə İrəvanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan Parlamentinin nümayəndəsi kimi iştirak etdiyi zaman baş tutub. Birinci səfərində müəllif doğmalarını qarmaqarışıqlıqdan xilas edib Gəncəyə gətirmək istəsə də, şairin anası vəziyyətin düzələcəyi ümidi ilə yurdu tərk etmir. Vəziyyət isə nəinki düzəlmir, əksinə, getdikcə pisliyə doğru qızışır. Ana bundan sonra öz qohumları ilə birgə yurddan köçmək məcburiyyətində qalır. İkinci görüş isə müəllifə Uruddan ayrılandan düz on səkkiz il sonra nəsib olur. QDİƏT-in (Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı - Ş.G.) İrəvanda keçirilən yay sessiyasında Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan Musa Urud konfrans öz işinə başlayanadək hər növ maneəyə baxmayaraq, doğma kəndini ziyarət etməyə nail olur.

"Uruda iki səfər" memuarında müəllif hər iki səfərin həyəcanlı atmosferini, evinə girmiş düşmənlə üz-üzə durmağın yaratdığı gərginliyi psixoloji detalların köməyi ilə təsirli bədii dillə təsvir etmişdir.

Kitabın əsas fəsillərində daha çox ikinci səfərin - Uruda on səkkiz ildən sonra qayıdışın xatirələri əks olunub. Əsər boyu İrəvandan Urud kəndinədək qədim türk yurdlarının, hazırda tək-tük  erməni yaşayan boş kəndlərin, azərbaycanlıların köçündən sonra xaraba qalmış yaşayış məskənlərinin indiki halı iti yazıçı müşahidəsi ilə dəqiq və obrazlı ifadələrlə təsvir edilir. Müəllif yazır ki, Ermənistanın nəinki rayonları, hətta paytaxt İrəvan şəhəri belə, nə inkişaf, nə estetika, nə də müasirlik baxımından bizim hər hansı  rayonumuzla müqayisə oluna bilməz. Ölkə paytaxtında müasir meqamarketlər əvəzinə, ucuz İran məhsulları təqdim edən sovetdənqalma mağazalar fəaliyyət göstərir. Qısası, ölkə ermənilərin çox sevdiyi "əzabkeş" obrazında - miskin və bərbad haldadır. Həyəcanlı səfərin bütün detalları, ziyarət boyu erməni zabitləri, deputatları ilə atmacalı danışıqlar, İrəvandan Urud kəndinədək bütün doğma yerlərlə görüş can yanğısı ilə təsvir olunub. Kitabın əsas ictimai dəyəri, oxucularda vətənpərvərlik hissini alovlandırmaq, əsirlikdə qalan yurd yerlərini unutmamaq, düşmənə münasibətdə ayıq və gerçəkçi olmaq, yurddaşlarımızda bir gün geriyə dönüşün baş verəcəyinə inam aşılamaqdır. Bu kitab - doğulub böyüdüyün, yamaclarında quzu otardığın, çaylarında çimdiyin, uşaqlığının şən, fərəhli illərinin keçdiyi doğma kəndi illər sonra düşmən tapdağında xarabalığa çevrilmiş halda görməyin eyforiyasını  anladır. Əsərdə təsirli epizodlardan biri də müəllifin Urudu ziyarətdən sonra ermənilərlə birgə nahar süfrəsində əyləşmə səhnəsidir. Musa müəllim yazır ki, nahar zamanı gözü qəfil mərövcə (qulançar) qovurmasına sataşır və o, dərhal nimçəni qarşısına çəkərək, Uruddan başqa heç bir yerdə o dadı verməyən, uşaqlıq çağlarında dağların yamacından yığdığı, anasının sevə-sevə bişirdiyi, illərdir, tamına həsrət qaldığı qulançarı yeməyə başlayır. Film kadrlarına bənzəyən bu təsvirlər, doğma yurdundan perik düşən insanın faciəsini bütün ağırlığı ilə anladır. Aydın məsələdir ki, burada söhbət yeməkdən getmir, ömrün ən saf, məsum dönəmi olan uşaqlığın əziz bir xatirəsi ilə görüşməkdən gedir. Əsər əvvəldən axıra kimi müəllifin doğma yurda canatma duyğusunun təsiri altında yazılıb. Elə bu duyğuya söykənərək deyə bilərik ki, qulançar qovurmasının qoxusunda gizlənən o gözəl, kövrək keçmişin bir anlıq geri qayıdışı gözlənilən bütün risklərə dəyərdi.

Ümumən, kitabda belə təsirli məqamlar çoxdur. Məsələn, Musa müəllimin istəyi ilə İrəvandan Sisyana gedərkən, erməni sürücü yola nabələd olduğundan, avtomobili kəsə yox, uzun, dolanbac yollarla sürür. Musa müəllimə yoldaşlıq edən Ermənistan parlamentinin deputatı da yolları yaxşı tanımadığından, onlar Sisyanı ötüb keçir, az qala Gorusa çatırlar. Musa Urudsa bu doğma yolları yaxşı tanıyır, lakin vətənin hər bir qarışını canlı görmək, havasını ciyərlərinə çəkmək xatirinə bunu  ermənilərə bildirmir.

Nəhayət, azdıqlarını başa düşən ermənilər ünvanı soruşmaq üçün qarşıdan gələn avtomobili saxlamalı olurlar. Musa müəllim yazır ki, əlavə problem yaratmamaq üçün mən maşından düşmədim, lakin  söhbəti diqqətlə dinləyirdim. Erməni deputatı ilə yolu izah edən sürücü tanış çıxırlar. Onların arasındakı dialoq şairi sarsıdır. Samvel Nikoyan (deputat) tanışından hara getdiyini xəbər alır. Cavab məhvedicidir:

- "Ara, Qarabağa gedirəm".

""Qarabağa gedirəm" kəlmələrini son 15 ildə (burada 2006-cı ildir - Ş.G.) bəlkə də birinci dəfədir, eşidirəm, özü də Qarabağa getməli adamdan yox, Qarabağa getməməli adamdan") - deyən Musa müəllimin o anda keçirdiyi hissləri təsəvvürə gətirmək belə çox ağırdır.

Sözsüz, düşmən ölkədə rəsmi səfər çərçivəsindən kənara çıxan bu ziyarət, Musa Urudun nəinki siyasi karyerasını, hətta həyatını təhlükəyə atacaq bir addım idi. Ata ocağını, ana yurdunu, doğma ev-eşiyi görmək, həyət-bacasına, əziz əşyalara, babalarının uyuduğu qəbiristanlığa baş çəkmək, bir də nə vaxt baş tutacağı bəlli olmayan görüşün bütün anlarını videokameranın yaddaşına köçürmək arzusu Musa müəllimi bir an belə rahat buraxmır. Beləliklə, düz on səkkiz illik ayrılıqdan sonra o, əsirlikdə qalan yurd yerinin görüşünə gedir. Evlərində hər şey necə qoyub getmişdilərsə, eləcə durur. "Deyəsən, burada yaşayan erməni evə bir çöp də almayıb"- deyə, müəllif özünə də anlaşılmaz gələn qəribə bir hissin təsiri altında yazır. Hər şeyi kameraya çəkir, evlərini, kol-kos basmış həyətlərini, öz əlləri ilə əkdiyi gilas ağaclarını, baxımsızlıqdan solan bağlarını...

Otaqları bir-bir gəzir. Evdə məskunlaşan qoca ermənidən ulu nənəsinin yadigarı olan divardakı kiçik xalçanı pulla almaq, sevimli əşyanı əsirlikdən xilas etmək istəyir. Amma qoca buna razı olmur. Musa müəllim sağollaşmadan evi tərk edir.

Şair qəbiristanlığı ziyarət etmək istəyini bildirdikdə isə müşayiətçi ermənidən (qonşu Vağədi kəndindən olan Hovik - Ş.G.) dəhşətli bir cavab alır:

- Orada qəbiristanlıq yoxdur!

Ermənilərin müxtəlif bəhanə və əngəllərinə baxmayaraq, Musa Urud dirəniş göstərib kənd sakinlərinin uyuduğu məzarlığa yollanır. Və ömrü boyu əzabını daşıyacaq görüntü ilə qarşılaşır:  Qəbiristanlıq tamamilə yerlə-yeksan edilmiş, məzar  yerləri düzlənib bomboş sahəyə çevrilmişdi...

Evləri, Urud kəndi ilə vidalaşma anında Musa müəllim oxuculara gözlənilməz bir etiraf edir. Yazır ki, evimizdən çıxarkən, bu yurd, bu ocaq mənə, sanki yad təsir bağışladı, on səkkiz ildir həsrətində olduğum, yuxularımda gedib-gəldiyim o yurd həmin yurd, o ev həmin ev deyildi...

"On səkkiz ilin həsrətindən sonra ziyarətində olduğum Vətəndə bir qəriblik gördüm, bir soyuqluq keçdi içimdən. Ata-baba yurdunda keçirdiyim saat yarımlıq ömür kəsimi hipnoz altında yatmış adamın gördüyü qat-qarışıq yuxu kimi yadımda qalıb.

Vəli qayası, Qara güney, Şirvanəkən, Gur-gur, Qara qaya, İlan qayası, Təqəzür dağları halay vurub min il öncəki kimi kəndin ətrafında dayanıblar. Fəqət biz yoxuq, o dağlara, dərələrə nəfəs verən, əzəmət verən, həyat verən urudlular yoxdu. Uruda "əlvida" deyərkən gəldiyim ilk qənaət bu oldu ki, ərazini - Vətən, torpağı yurd eləyən orada yaşayan insanlardı. Urudsuz urudlular nədirsə, urudlularsız Urud da odur".

Müəllif doğma yurdla vidalaşarkən, kəndin girəcəyindən torpaq, Zor-zor bulağından isə su götürür. Özünün dediyi kimi, "vətənsizlər və torpaqsızlar üçün...". Musa müəllim torpağı Bakıya gətirib Urud camaatının ağsaqqalı seyid Miriş ağaya verir, Urud həsrəti ilə dünyadan köçənlərin son arzusu kimi gözlərinə çəkmək üçün. Urud bulağının suyunu isə müqəddəs nemət kimi anasına gətirir.

"Anam o sudan bir qurtum da içmədi, eləcə tutiya kimi üz-gözünə çəkdi"- deyə, Musa Urud nisgillə yazır. Bu səhnənin dözülməz ağırlığını təsəvvür edə bilirsinizmi? Ana doğma yurddan gətirilən suyun tükənəcəyindən qorxur! Türkün yurda son dərəcə bağlılığı həm də onun faciəsidir...

"Uruda iki səfər" xatirələrinin sonunda müəllif qeyd edir ki, Uruddan qayıdandan sonra onun həyatında çox ağır hadisələr baş verir, ailə üzvləri xəstələnir, bağ evi yanır, neçə əziz insanını itirir. Bundan başqa, şairi Sisyanda qarşılayan və Urudda müşayiət edən qonşu Vağədi kəndindən olan Basensi və Hovik Azoyan qardaşları da elə həmin il biri-birinin ardınca ölür. Kitab müəllifi bir il ərzində başına gələn uğursuzluqları türk-şaman inancı ilə mistikaya yozaraq, bu olayları ermənilərin dağıtdığı qəbiristanlıqda sərgərdan dolaşan ruhların cəzası kimi qəbul edir. 

Kitab "bəlkə də o ruhlar elə hesab ediblər ki, mən Urudda qalmaq üçün gəlmişəm"- deyə nigaran bir cümlə ilə bitir.

Tarixi faktlardan, fotoşəkillərdən, real mənzərələrin canlı təsvirlərindən ibarət bu səfər-xatirə kitabı,  özünü azərbaycanlı sayan hər kəsin stolüstü kitabı olmağa layiqdir. Əsəri oxuduqca sizə elə gələcək ki, sanki İrəvandan Urud kəndinədək uzun bir səyahət etmisiniz, doğma sakinlərin yolunu gözləyən bomboş Azərbaycan kəndlərindən nisgillə, qəribsəmiş hisslərlə keçəcəksiniz, ata evinə bir-iki saatlıq qonaq gəlməyin iztirabını duyacaqsınız. "Uruda iki səfər" kitabı şəxsən məni nə vaxtsa xaricə köçmək fikrimdən birdəfəlik daşındırdı. Motiv fərqli olsa da, həsrətin ünvanı birdir, vətənsizlik! 

Sonda qeyd etmək istərdim ki, "Uruda iki səfər" kitabı kimi tutarlı ədəbi materialların xarici dillərdə nəşri və tirajlanması Azərbaycan gerçəklərinin  dünyaya çatdırılması yönündə faydalı addımlardan biri olardı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!