Şəlalə bürünüb qızıl şəfəqə, Qayadan tərtəmiz, durğun düşəcək... - Rauf Soltanın şeirləri Tural Adışirinin təqdimatında

 

Düşəcək

Çıxarıb başından Ayı tac kimi,

Gecə öz taxtından dalğın düşəcək.

Uca zirvədəki o duman, o çən

Bir azdan dərəyə yorğun düşəcək.

 

Şəlalə bürünüb qızıl şəfəqə,

Qayadan tərtəmiz, durğun düşəcək.

Xəlvətcə bir gülün öpdüm üzündən,

Bülbüllər eşitsə qırğın düşəcək.

 

Yuxuma daş atan həsrət

Sənsiz qəm rənginə boyanıb günüm,

Çətinə düşmüşəm əməlli-başlı.

Yuxum qaranquşdur elə bil, gülüm,

Həsrətsə uşaqdır - əlləri daşlı.

 

Get-gedə soluxan üzümə baxmır,

Tamam biganədir qayğılarıma.

Ərköyün həsrətin sözümə baxmır,

Hər axşam daş atır yuxularıma.

 

Yenə gecə keçir, fikrə getmişəm,

Gözümün önünə gəlir ötənlər.

Uşaqkən anamdan çox eşitmişəm:

"Quşlara daş atma qarğış edərlər".

 

Gülüm, mən dözərəm, darıxma qəti,

Şikayət etmərəm özgəyə, yada.

Ondan qorxuram ki, nadinc həsrəti

Qaranquş yuxumun qarğışı tuta.

Bənövşə

Bir zindandır kol dibi,

Həsrət qalıb günəşə.

Eşqinin ucbatından,

Bu zindana atılmış,

Şah qızıdır bənövşə.

 

Tikanlar cəllad kimi,

Qəsdinə duracaqlar.

Elə əyib başını,

Deyirsən ki, indicə,

Boynunu vuracaqlar.

 

Daha çox sevirəm

Bir söz deyəcəyəm, eşitsə nadan,

Gülüb boylanmasın sola-sağa çox.

Mən barsız ağacı bar ağacından

Daha çox sevirəm, bəli, daha çox.

 

Nə təhər sevməyim mən onu, dostlar,

Gözüm önündədir ilin hər çağı.

Şeirlər yazdığım ağ-ağ kağızlar,

Barsız ağaclardan düzəlir axı.

 

Bu kağız olmasa neyləyərəm mən,

Qəfil dolu sinəm çatlaya bilər.

Bəlkə də ürəyim söz təzyiqindən,

Uşaq şarı kimi partlaya bilər.

 

Qoy bar ağacları küsməsin məndən,

Versin məhsulunu hey qucaq-qucaq.

Meyvəsiz dözərəm, nə qədər desən,

Keçinə bilmərəm kağızsız ancaq.

Ən yaxşı elçi

Sevən ürəklərin çoşsun sevinci,

Yollara səpməyə gül-çiçək dərin.

Vallah, məhəbbətdir ən yaxşı elçi,

Əvvəl qız evinə onu göndərin.

 

Qoymayın şübhələr gəlsin yaxına,

Gözlər iftixarla, inamla dolsun.

Elə üzük taxın qız barmağına,

Üstündə məhəbbət şöləsi olsun.

 

Axsın bəbəklərdən alovlu bir hiss,

Doyunca sındırsın qohum, qardaş da.

Çağırın toylara məhəbbəti siz,

Buyurub əyləşsin yuxarı başda.

 

Şirin bir nəğməyə bürünsün aləm,

Arzulu könüllər arzuya yetsin.

Kişilər inciməz, yəqin ki, desəm:

Hər evdə məhəbbət böyüklük etsin.

 

Daim inci düzsün ömrün sapına,

Biz ona güvənək darda, çətində.

Dövlət qanunutək ev kitabında,

Qoy adı yazılsın məhəbbətin də.

 

Ana qəlbi

Ağ kəpənək görüb çınqıllı yolda,

Sevincdən özünü itirdi uşaq.

Ananın əlindən çıxıb bir anda,

Kəpənək dalınca götrüldü uşaq.

 

Ana kağız kimi ağardı birdən,

Həyəcan içində gözünü yumdu.

Bu vaxt ana qəlbi çıxıb sinədən,

Tələsik uşağın dalınca cumdu.

 

Bir qorxu iynətək beyni sancırdı,

Narahat vururdu ananın qəlbi.

Kəpənək dalınca uşaq qaçırdı,

Uşağın dalınca ananın qəlbi.

 

Susub dayanmışdım mən baxa-baxa,

Duyanlar halımı hiss edib anlar.

Titrək ana qəlbi çatdı uşağa,

İndi də yanbayan qaçırdı onlar.

 

Uşaq qanadlanıb, sanki uçurdu,

Güc gərək onunla yarışmaq üçün.

Yanında bir ana qəlbi qaçırdı,

Büdrəsə qolundan yapışmaq üçün.

Qayış

Yenə yada düşdü doğma bir qayış,

Gərək bağışlasın saçımdakı dən.

Bəzən o qayışdan söz düşən kimi,

Qaçıb gizlənərdim qonşularda mən.

 

Atam yatmayınca dönməzdim evə,

Nəfəsim papiros qoxulu idi.

Kəndə su verməyən əjdahadan da,

Mənimçün o qayış qorxulu idi.

 

Yanıb göynəyərdi çılpaq qıçlarım,

Beləcə əhdimi kəsərdi qayış.

Havada qıvrılıb açılan zaman,

Aldığım ikiyə bənzərdi qayış.

 

Şuluqluq etməyin ləzzəti başqa,

Dinc durmaq qəlbimi yaman sıxardı.

Qonşunun bağında sınan budağın,

Məndən hayıfını qayış çıxardı.

 

Səssizcə girərdim yorğanın altda,

Anamın əlilə sığallanardım.

Axır öz işini görərdi qayış,

Bir-iki günlüyə ağıllanardım.

 

Elə söhbət açar ötən çağlarım,

Kövrək xatirələr bağrımı didər.

Məni qayış ilə döyərdi atam,

İndi həsrət döyür atamdan betər.

 

Atamın adı

Günahsız qəlbimi kövrəltdin yaman,

Sənin eşitdiyin tamam düz deyil.

Doğmaca atamın adıdır Soltan,

Vallah, göydəndüşmə təxəllüs deyil.

 

Ömrümün davamı sayılsın ömrüm,

İnsançün nə var ki, həyatdan baha.

Yan-tökül, ey bizi ayıran ölüm,

Adımız əbədi qovuşub daha.

 

Əzizdir yazdığım bütün şeirlər,

Sözün nəfəsindən közərən odam.

Hərdən çaşıb mənə Soltan deyirlər,

Sanıram məzarda diksinir atam.

 

Qorxub çəkilmərəm bir addım dala,

Kəssə də qarşımı qatı duman-çən.

Biz qoşa çıxırıq bu çətin yola,

Yəqin, ona görə ürəkliyəm mən.

 

Halal zəhmətimlə tutum yerimi,

Sinəm tükənməyən sevinclə dolsun.

Mənim adıma çıx zəif şeirimi,

Yaxşı şeirlərim atamın olsun.

 

Gəzirəm dünyada gözü, könlü tox,

Arzumun ümiddən qol-qanadı var.

Ürəksiz yazmağa ixtiyarım yox,

İmzamda atamın əziz adı var.

Sənsiz

Sanki quru ağac oldum,

Əhvalım qarışdı, gülüm.

Həsrət üzüm tənəyitək,

Gövdəmə sarışdı, gülüm.

 

Arzum canıyla əlləşir,

Quzu hisslərim mələşir,

Dərd ürəyimlə güləşir,

Sinəmdə yarışdı, gülüm.

 

Təkəm şübhə qalasında,

Əksin gözüm qarasında,

Ümidim qəm çalasında,

Bir nazik qamışdı, gülüm.

 

Bölüşürəm könlüm ilə,

Necə deyim dilim ilə,

İndi bildim ölüm ilə,

Aram bir qarışdı, gülüm.

 

Ürək nəğmə demir sənsiz,

Günüm olub kömür sənsiz,

Acı çaydı ömür sənsiz,

Gəl, qənd at, qarışdır, gülüm.

 

Mənə yamanlıq diləmə,

Zəndimi peşman eləmə,

Ocağıma su çiləmə,

Üfürüb alışdır, gülüm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!