Günəşə gedən qatar... - Vüsal Nuru

 

Buradan qatar yolu keçir. Göylərin hansısa qatından gəlir, yol üstə durub gözləyən ana kimi üfüqdən boylanan günəşə doğru gedir. Bir yatağın başından, bir qəbrin ayağından, bir yolun ortasından, bir kəndin içindən, bir qadının gözündən, bir kişinin dodağından, bir sözün altından keçir o qatar yolu.

Qatar yolu varıymış

Sözdən yatağa kimi.

Bilet tapa bilmirəm -

Çatıb, yazmağa kimi.

Qatar yolu gələcək qatarın müjdəçisidir. Bir az yağış gətirəcək o qatar, bir az duman. Şüşələrində günəşin şəfəqlərini, üzt-başında yolların yorğunluğunu gətirəcək. Yola salan darıxa-darıxa həsrətini göndərəcək.

Qatarın arxasınca darıxa-darıxa baxan adam öz təkliyini, tənhalığını uzaqda, hardasa yatağına girib gözləri tavanda sabahı gözləyən adama özündən bir parca pay göndərəcək.

Heykələm, daşam, nəyəm;

Toxunub-dəyən yoxdu.

Şəhərin heç yerində

Məni gözləyən yoxdu

Darıxıram...

Qatarı gözləyənin ümidi nar çiçəklərinə dönəcək, qovuşacaq həsrətinə. Ürəyi gələn qatarın dəmir çarxlarında döyünəcək. 

Sabaha arzular qatarı gedir,

Ağrısı içimdə polad relslərin.

Səsini tutmağa dalğa tapmadım

Dünənki qatara bilet gözlədim.

Qatar gəlir, vaqonları misra-misra, bənd-bənd. Dəmir çarxlarında qafiyələnir səsi. Qatar gəlir! Dolanıb dünyanın başına, bir qəbrin ayağından sükutla keçir.

Səni də torpağın qurd ağzı uddu,

Eldə yerin qaldı, könüldə izin.

Bizi də taleyin qapazı tutdu,

Sevinci nazildi evlərimizin.

Qatar gəlir! Nə nizamı pozulur dolu-dolu vaqonlarının, nə də qafiyəsi qırılır polad dəmirlərin altında. Üzündə günəş gülən, yanağını yağış yuyan pəncərələrindən bir uşaq dabanını qaldırıb kəndinə boylanar.

Hər geçə yuxumda kəndə dönürəm,

Yenə də aldanım şirin yalana.

Beş-altı uşağa qoşulub bu dəm,

Xəlvəti qaçırıq dəmiryoluna.

Qatar gəlir, bir axşam ilhamın şairə gətirdiyi şeir kimi.

Gecənin bağrına səs-səda düşər;

"Ay bala, hardasan, ay uşaq, harda?"

Bir azca əylənib dönərik evə,

Qalar xəyalımız gedən qatarda.

Qatar getdikcə pəncərədəki uşaq da ünvan-ünvan boy atar, əvvəl dabanı çatar yerə, sonra çənəsi pəncərədən qalxar. Kolların arasından ilan kimi sürünüb keçən cığırlar gözünü aparır, cığırlar qıvrıldıqca, uzandıqca böyüyər, enlənər yollara qarışar. Yolların başında bir göz pəncərədən bir qadın əl sallayar.

Gözümdə həsrətin şaxtası yatır,

Qəlbin arzusuna bir dəfə gəldin.

Ömrümün yarısın yollar apardı,

Qalan yarısına bir dəfə gəldin.

Qatar o qadının əllərinə çatana qədər uşaq böyüyər. Şəhərdə ünvanın azmış qonaq kimi başında suallar təlaşla dolaşar:

Gecənin lal şəkili,

Gündüzün daş diliyəm.

Ötür dayanacaqlar,

Hansında düşməliyəm?

Kədərini, niskilini, ehtiyacını, azını, çoxunu bulud xurcununa doldurub yükü çiynində düşdü qatardan. Dünyanın ortasında dayandı.

Nə gələn var, nə gedən,

Tən ortada durmuşam.

Ürəyin boşluğuna

Bir yelkən qaldırmışam.

Darıxıram...

Dənizdən torunu çəkən balıqçı kimi o da dünyadan darıxa-darıxa gün çəkdi, güzəran çəkdi özünə.

Bir mən tərəfə də boylan,

Mənə də əl yetir, Allah!

Bəxtin "arxa" qapısından

Yaşamağa ötür, Allah!

Taleh ona qatar yollarını verdi. Bəxtinə qatar düşdü. Həmişə qarşıladı, həmişə ötürdü. Gah intizarla gözlədi, gah da sevinclə yola saldı. Polad yollar kimi paralel uzandı sevinci də, kədəri də. O polad qollar kimi çox vaxt əli əlinə çatmadı.

Üzüldüm, üzdüm dünyanı,

Can deyildim, gəzdim canı,

Tərsinə sevdin Rizvanı,

Tilsim nə qədər çəkəcək?

Bəlkə də, Rizvan o qatar yollarının tilsiminə düşüb. Ömrü boyu bir qatar yolu izləyir onu. Kənddə Nəsib kişinin balaca oğlundan ədəbiyyatda şair Rizvan Nəsiboğluna kimi, evdən işə, səhərdən axşama kimi, dodaqdan gözə, dostdan düşmənə kimi izləyir. Ədəbiyyata qatarla gəlib şair Rizvan Nəsiboğlu. Polad relslərə çevirdiyi sözlərinin üstündən keçən ruh qatarıyla, duyğular-hisslər vaqonunda bir mühacir kimi gəlib.

Onun poeziyasında səslər çığırmır, bağırmır, pıçıldayır. Bu pıçıltı bütün səslərin içindən seçilir, qatar səsi kimi. Bilinir ki, bu, Rizvan Nəsiboğlunun hənirtisidi, pıçıltısıdı. Bu pıçıltılar dağı, daşı tərpədə bilməz təbii ki, amma o dağı ovcuna alacaq ürəyi titrədib yerindən oynada bilər. O hənirti gecənin çarəsizliyində qalmış birinə qəfil qeybdən gəlmiş bir ümiddir, hayandır.

Rizvan Nəsiboğlu seçdiyi ünvana qatardan düşdüyü o gündən bu günə qədər qayəsi, məqsədi, amalı o hənirtini diri saxlamaqdır, o pıçıltını eşitdirməkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!