“Qızılbaş metafizikası, Səfəvi mistikası" - Mozaik risalə... - II HİSSƏ - İlqar FƏHMİ yazır - İlqar FƏHMİ

Mövzuya yanaşma tərzinin müəyyənləşdirilməsi

İlqar FƏHMİ

 

Yazının əvvəlini buradan oxuya bilərsiniz: http://edebiyyatqazeti.az/news/muzakire/3366-qizilbas-metafizikasi-sefevi-mistikasi-mozaik-risale

Yazılanlar, deyilənlər...

Səfəviliyin metafizik qatları haqqında xeyli sayda məqalələr, araşdırmalar işıq üzü görüb, ancaq bunların çoxu ölkəmizin hüdudlarından kənarda aparılıb. Bu sahədə ən çox fəallığı ilə seçilən Anadolu ələviləri və cəfəriləri olub. Bu materiallardan əlimizə düşəni diqqətlə gözdən keçirdəndə, çox təqdirəlayiq bir mənzərə müşahidə edirik - sanki hər kəsin özünün içində bir Şah İsmayıl kultu var. Dini müqəddəslərdən sonra real kamil insan obrazı onlar üçün Şah İsmayıl obrazında cəmləşib. 

Kiminçünsə O, Şah İsmayıldır, kiminçünsə Şah Xətaidir, kiminçünsə Şeyx oğlu Şahdır və sair və ilaxır… Sanki hər düşünən insan, hər təfəkkür sahibi öz içində öz Şah İsmayılını yaradıb, kamil insan obrazına aparan öz fərdi mistik kəşf yolunu tapıb.

Haşiyə: Yadımdadır ki, ötən əsrin doxsaıncı illərinin ortalarında əslən təbrizli olan şair, araşdırmaçı və musiqiçi Cavid Mürtəzaoğlunun rəhbərliyi ilə Bakıdakı Səttarxan zavodunun Mədəniyyət sarayında "Şah Xətai Ürfan məclisi" yaradılmışdı ki, burada çoxsaylı maraqlı tədbirlər həyata keçirilirdi. Lakin sonradan mənə məlum olmayan səbəblərdən bu məclisin fəaliyyəti dayandı, Cavid Mürtəzaoğlu isə Türkiyəyə köçdü. Hal-hazırda  Anadoluda pedaqoji fəaliyyətlə məşğuldu və Qızılbaşlığın fəlsəfəsi barədə çoxsaylı məqalələrin, kitabların müəllifi kimi tanınır, sevilir.

Əlbəttə, bu təzahürdə tarixi şəraitin də rolu böyükdür. Onlar bizim xalqın qarşılaşdığı iki yüz illik psixoloji preslənmədən keçməyiblər - mifləri əllərindən alınmayıb, övliyaları gözdən salınmayıb.  Düzdü, Türkiyənin rəsmi ortodoksal dini dünyagörüşünə uyğun gəlmədiyinə görə ələvilər tarix boyu müəyyən qədər təzyiqlərə məruz qalıblar, lakin bu təzyiqlər bizim xalqın mənəviyyatının başına gətirilənlərlə müqayisə olunacaq dərəcədə azdır. Əgər çox olsaydı, onlar da öz metafizikalarından məhrum olardılar…

Əlbəttə, mən ələvi əqidəsinin bütün atributlarını təkrar eləməyin, imitasiya olunmağının və onların əsərlərinin burda çox da təbliğinin tərəfdarı deyiləm. Zənnimcə, reaksiyası da yetərincə olmaz. Çünki o əsərlər öz metafizikasını əsrlər boyu qoruyub saxlamış bir topluma ünvanlanıb. Bizim xalq isə əfsuslar olsun ki, məcburi şəkildə öz milli metafizik enerji bazasından uzaq salınıb. Buna görə də, onlarçün adi gələn mətləblər, fikirlər bizim geniş toplum üçün anlaşılmaz olar.

Səfəvi-Qızılbaş təfəkkür paradiqmasının, İrfan düşüncə tərzinin də Azərbaycanda təbliğ və təşfiqi üçün məhz bizim öz yolumuz, öz vasitələrimiz olmalıdır. Məhz bu işdə kor-koranə imitasiya heç bir effekt verməz…

Kodlar, şifrələr…

Son onilliklərdə həm dünyada, həm də bizdə müxtəlif təbəqəli düşüncə adamları tərəfindən qədim mətnlərin şifrələnməsi, kodlaşdırılması barədə fikirlər eşidirik. Ələlxüsus Şərqdə istər dini kitablar, istər "Dədə Qorqud", "Koroğlu" və sair bu cür qədim dastanlar, istər "Fütuhati-məkkiyə", "Təzkirətül Övliya", "Cavidannamə", "Şeyx Səfi təzkirəsi" kimi  klassik İrfan mətnləri, istərsə də klassik poeziya nümunələri -  şifrələnmiş, kodlaşdırılmış mətnlər kimi təqdim olunur ki, bu kodların açılacağı təqdirdə az qala İlahi qəza-qədərin, varlığın, kainatın bütün sirləri bizimçün açılmış olacaq…

Bu xüsusda çoxsaylı elmi məqalələr, kitablar yazılır, araşdırmalar aparılır, hətta bu düşüncə tərzi dünya miqyasında kütləvi ədəbiyyat müstəvisinə də keçərək "Da Vinçi kodu" kimi bestsellerlərin yaranmasına gətirib çıxardıb.

Ancaq əfsuslar olsun ki, hələ də bu "ilahi sirrlər"dən açılıb ortaya qoyulanı yoxdur. Və yaxud ortaya qoyulan fikirlər elə əcaib və qarışıq olur ki, toplum tərəfindən o qədər də qəbul olunmur. (Eynən xalq yazıçısı İsa Muğannanın əsərləri kimi).

Bəs sual oluna bilər, niyə? Əgər konkret kriptoqrafiya sahəsindən söhbət gedirsə, burda gərək ki, heç bir problem olmasın. Amma problemlər var. Çünki məsələ fizika yox, metafizika sahəsindən gedir. Metafizikada rəqəm yoxdur. Fizika isə rəqəmlər dünyasıdır… 

Haşiyə: Yaxın Şərqin klassik dini mətnlərinin şifrələnməsi, kodlaşdırılması məsələsiylə min illərdir ki, Kabbalistika elmi məşğul olur. Əsas məqsəd də Tövratın alt qatındakı gizli sirləri, şifrələnmiş həqiqətləri açmaqdır. Şərq islam təfəkküründə oxşar fəaliyyəti batinilərdə və hürufilərdə müşahidə etmək olar.

İndi isə yenə öz problemlərimizin üstünə qayıdaq. Görəsən biz də öz klassik mətnlərimizə kabbalistlər kimi yanaşa bilərikmi? Tutalım, bəyan edilir ki, bizim milli-dini təfəkkürün inkişafı İrfan düşüncə tərzinin, Səfəvi-Qızılbaş təfəkkürünün gizli kodlarının açılması, batini şifrələrinin oxunması ilə bağlıdır. Əgər bunu bacarsaq, deməli birdən-birə istədiyimizə nail olarıq…

Kənardan elə görünə bilər ki, bizim qarşımızda sirlərlə dolu hansısa şifrələnmiş mətnlər var və biz açar sözləri tapa bilsək, bircə anın içində bütün sirlərin üstündən pərdə götürüləcək, bizim hamımız hər şeyi biləcəyik... 

Təbii ki, özünü ağıllı göstərmək istəyən psevdoaqil tipinə mənsub insanlar üçün bütün bu məsələlər nə qədər maraqlı görünürsə, ciddi adamlarda bu cür yanaşma yalnız yüngül təbəssüm doğura bilər.

Sual oluna bilər, bəs Şərq İrfan simvolikası nədir? Elə Səfəvi şeyxlərinin yazılarındakı, yaxud Şah İsmayıl Xətai poeziyasındakı təbirlər və rəmzlər nədir? Bunlar da sadəcə illüziyadır? Bəs belədirsə, niyə klassik ədəbiyyatla məşğul olanlar hər kəlməbaşı İrfan rəmzlərindən, gizli, batini həqiqətlərdən danışırlar? Bütün bunlar da boş mənasız illüziyalardır?

Əlbəttə ki, yox… Problem yenə də fizika və metafizikanın qarışdırılmağında, yaxud metafizika sahəsinə fizika qanunlarıyla daxil olmağın yanlış addım olduğundadır və bu yanaşma əfsuslar olsun ki, daha çox ədəbiyyat və kino sahəsində yayılıb…

Hollivudun mistik filmlərinə diqqət edək: tutalım bir qəhrəman qarşısına çıxan düşmənlərini polad qılıncla öldürür, daha sonra isə mistik aləmə daxil olur və qılıncını kənara ataraq cibindən hansısa duaları, tilsimləri çıxardır, ruhlardan və kabuslardan bu tilsimlər, dualar, mistik işarələr yazılan artefaktlar vasitəsiylə müdafiə olunur…

Burda qeyri-adi nə var ki, deyə bilərsiz? Hər şey dəqiqdir. Fiziki insanla polad qılıncla döyüşür, ruhlar və kabuslarla isə tilsim və dualar vasitəsiylə…

Necə ki, fiziki-maddi dünyada istənilən adam silahı götürüb fiziki-maddi varlıqlara qarşı istifadə edə bilər, eynən də metafizik aləmdə istənilən şəxs eyni vasitələrlə eyni nəticəyə nail ola bilər…

Diqqət edək. İstənilən şəxs ifadəsini işlətdim…

Bütün yanlışlıqların səbəbi məhz bu məqamdadır.

Metafizik-mistik müstəvidə istənilən şəxs ifadəsi yoxdur. Xeyli sayda adam teatra gedib eyni tamaşanı eyni cür görə bilər, amma xeyli sayda adam eyni yuxunu eyni cür görə bilməz. Xeyli sayda adam eyni fiziki-maddi hadisəni müşahidə edə bilər, amma  eyni təəssüratı alıb eyni hissləri yaşaya bilməz. Burada eyniyyət itir.

Şərq İrfan təfəkküründə hamıya məşhur olan dörd mərhələni xatırlayaq. Şəriət, təriqət, mərifət, həqiqət…

Şəriətdə eyniyyət var. Bəyan edilən əməllər, ehkamlar hamı üçündür.

Təriqət isə "yol" deməkdir. Yol isə fərdidir, hər kəsin özünün spesefik yolu var. Burada məcburiyyət və kütləvilik yoxdur. Yalnız pir, mürşid var ki, o da, sadəcə müridin daxili mənəvi işıqlanma istiqamətində yol göstərən, yaxud yoluna işıq salan mayak rolunu oynayır, salikə öz yolunu, təkrar edirəm, öz fərdi işıqlanma yolunu tapmaqda kömək edir ki, nəhayətdə mərifət kəsb edərək həqiqətə çatsın…

Yollar isə minlərlədir. Məşhur təriqət tezisində deyildiyi kimi, "Dünyada elə bir insan yoxdu ki, onun özünün Allaha aparan yolu olmamış olsun."

Yaxud başqa bir kəlam: "Allaha aparan yollar insanların sayı qədər çoxdur."

Əbəs deyil ki, klassik Şərq-İrfan poeziyasının müasir şərhçiləri arasında mübahisələr çoxdur, çünki eyni poetik simvolun, bədii rəmzin müxtəlif təriqət sahibləri tərəfindən müxtəlif açıqlamaları ortaya qoyulub. Şərhçilərdən də hər biri öz istinad mənbəyini mütləq həqiqi hesab edərək, o biriləri yanlışlıqda suçlayır. Əslində isə hər biri haqlıdır. Şəriətdən fərqli olaraq təriqətdə, irfanda iki nöqtə arasında bir yox, yüzlərlə, minlərlə düz xətt ola bilər. Fizika-maddi dünya baxımından nə qədər absurd görünsə də, metafizik müstəvidə həqiqət məhz bu cürdür.

Yenə də şifrələnməyə qayıdaq. Bəli, Şərq təfəkkür tərzində də, spesefik batini rümuzat, işarələr, simvolika var. Lakin bu simvolikanı , işarələri hər salik öz fərdi yolu ilə və sırf özü üçün açmalıdır. Hamıya açıq-aydın olan və hamının başa düşüb istifadə edə biləcəyi şifrələr və kodlar yoxdur, ola da bilməz.

(Elə diqqətlə baxsaq, müasir dövrümüzdə bunun nümunəsini  görmürükmü? Tutalım, həkim-terapevt eyni xəstəliyi olan insanlara təqribən eyni dərmanları, eyni müalicələri yazır. Lakin psixoloq eyni psixoloji gərginlikdə olan insanları tam fərqli, spesifik üsullarla sakitləşdirməyə  çalışır.)

Səfəvi-Qızılbaş təfəkkürü təriqət müstəvisində təzahür edən hadisədir. Deməli, bütün təbliğat yalnız mürşidlərin yanaşma tərzi üstündə qurulmalıdır. Yəni, təbliğatçı özünün fikir və düşüncələrini obyektə hansısa üsulla təlqin eləməməlidir, ancaq obyektin özünün fərdi fikir və düşüncələrinin yaranmasına yardımçı olmalıdır. Hətta bu fikir və düşüncələr təbliğatçının öz yanaşmasıyla uyğun gəlməsə də…

İrşadın əsl mahiyyəti; təriqətdə mürid-mürşid münasibətləri ilə, şəriətdə müctəhid-müqəllid münasibətlərinin fərqi də məhz bu zaman meydana çıxır. Əsl mürşid müctəhiddən fərqli olaraq qəti əməl hökmü vermir, sadəcə istiqamətləndirir.

Başqa sözlə desək, biz sevirik, və sevdirməyə çalışacağıq. Eşq meydanında isə ehkama qəti yer yoxdur. 

Yenə də metafizika barədə

"Niyə?" Bəli, bütün bu dediklərimizin müqabilində, bir çoxları yəqin ki, belə bir sualı ortaya qoya bilər. "Axı niyə?"

Bütün bu cəhdlər nəyə gərəkdi? Müasir dövrümüzdə elm-texnika sürətlə inkişaf edir, bütün dünyanın gedişatı dəqiq elmlərin üzərində qurulub, belə demək olarsa, dünya fizika dünyasıdır, bizim də bir xalq olaraq borcumuz sürətlə maariflənmək, rasional elm sahibi olmaq, dünyanın bu fiziki-maddi inkişafıyla ayaqlaşmaq, geriliyimizi aradan qaldırmaq, dünyada öz yerimizi təsdiq etmək üçün mübarizə aparmaqdır. Belə gərgin mübarizə şəraitində xalqımızın irrasional mifik-mistik  keçmişində qurdalanmaq, kollektiv təhtəlşüurun altqatına düşmək çabalarında bulunmaq isə, bizi yenidən metafizikanın cəhalət bataqlığına salmağa, rasional elmi-texniki inkişafdan saxlamağa xidmət edir və buna görə də əhəmiyyətsiz, hətta ziyanlı hesab olunmalıdır.

…Qəribə də görünsə, tamamilə razıyam.

Paradoks? Olsun. Amma əslində heç bir ziddiyyət yoxdur. Məsələ yenə də ehkam və azadlıq; mütləqlik və şərtilik;   vəhdət və kəsrət, rasional və irrasional məfhumları arasındakı ziddiyyətlərin üstünə gəlib çıxır.

Bu ziddiyyətlər isə yalnız fizik-maddi aləm adlandırdığımız müstəvinin məhsuludur. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız maddi aləmdə iki nöqtə arasında bir düz xətt olur. Maddi aləmdən kənarda isə, yüzlərlə xətt ola bilər, hər biri də düz, hər biri də səlis.  Və buna təəccüblənməyə dəyməz. Bir elektronun eyni vaxtda iki yerdə olmasının mümkünlüyü kimi…

Metafizika ilə fizikanın sərhədlərindən danışarkən kvant mexanikası sahəsində son onilliklərdəki elmi kəşflərə və onların mahiyyətinə toxunmamaq mümkün deyil.       

Lakin əvvəlcə bir sosial hadisəyə diqqət çəkmək istəyirəm.  Müvəqqəti olaraq, Səfəvi-Qızılbaş mövzusunu kənara qoyub, üzümüzü Qərb ölkələrinə tutaq.

Budur, ötən əsrin son onilliklərindən başlayaraq, Qərbin elmi-texniki inikşaf mexanizminin müxtəlif halqalarında Şərqdən gedən mütəxəssislərin sayı sürətlə artmaqdadır. Misalçün, ABŞ-ın mürəkkət kompüter texnologiyaları sahəsində hindistanlıların, tibb və kimya sahəsində türklərin, fizika və astronomiya sahəsində iranlıların getdikcə çoxalan faizini gizlətmək mümkün deyil. NASA-nın astrofiziklərinin az qala böyük hissəsini əslən İranlı alimlər təşkil edir. (Siyahını uzadaraq bura ərəbləri, çinliləri, afrikalıları da daxil etmək olar.)

Dünyanın bütün bölgələrindən, ələlxüsus siyasi cəhətdən qeyri-stabil regionlarından ağıllı, enerjili, bacarıqlı gənclər Qərbin ali təhsil müəssisələrinə cəlb olunur, ixtisas dərəcələri artırılır və əksər hallarda vətənə dönməyərək, elə ordaca qalıb fəaliyyətini davam etdirir.

Əlbəttə ki, burda da qeyri-adi bir şey yoxdur, deyənlər ola bilər. Budur, Qərb demokratiyası dünyanın hər yerindəki düşüncə adamlarına sahib durur, hətta öz ölkələrində qədr-qiymətini almayan, diqqətdən kənarda qalan alimləri dəvət edib şərait yaradır, iş verir- hətta öz köklü vətəndaşları arasında işsizliyin sayı artsa belə...

Budur, demokratiyanın, humanizmin, insanpərvərliyin təntənəsi... 

Razıyam, ilk baxışdan bu cür görünəni budur. Lakin yalnız ilk baxışdan...

Başqalarını bilmirəm, şəxsən mən Qərbin nə demokratiyasına, nə də humanizminə inanmıram.

Bəli, onların şərqlilərdən əvvəl də zəhləsi gedib, indi də... Bəs onda yuxarıda yazdığım hadisə niyə təzahür edir? Niyə Qərbin elmi-texniki inkişafın hər halqasında yüzlərlə şərqli mütəxəssis, alim çalışır?

Bəli, çalışırlar, çünki onlara ehtiyac var.

Ehtiyac varsa, deməli Qərb cəmiyyəti öz tələbatını ödəyəcək sayda keyfiyyətli mütəxəssislər yetişdirə bilmir. Həqiqət budur.

Əgər öz mütəxəssisləri öz inkişaflarının ehtiyaclarını ödəyə bilsəydi, şərqliləri heç qapının kandarından da içəri buraxmazdılar. Necə ki, yüz il əvvəl buraxmırdılar.

Yaxşı, bəs onda niyə yetişdirə bilmir? Yoxsa Qərbin təhsil sistemi korlanıb, düzgün işləmir? Yox, işləyir, axı orda çalışan şərqlilərin demək olar ki, hamısı elə Qərbdə ali təhsil alıb elm öyrənən mütəxəssislərdir...

Zənnimcə, bayaqdan uzatdığım sual-cavab silsiləsinin ən əhəmiyyətli məqamına çatmışıq.

Bəli, Qərb təhsil müəssisələri, akademik dairələri elmi-texniki inkişafın ən ali səviyyəsində çalışan yerli mütəxəssislər yetişdirməyə çətinlik çəkir, çünki onlar artıq üç yüz ildir ki, öz metafizik-irassional təfəkkür paradiqmalarını kərpic-kərpic dağıtmaqla məşğuldurlar. Dəqiq elmlərin inkişafına da məhz bunun hesabına nail olublar. Hər şeyə yalnız empirik-rasional baxış bucağından baxmaq, bütün diqqəti yalnız fiziki qanunların üzərində cəmləmək.

Lakin son onilliklərdə dəqiq rasional elmlər o qədər inkişaf edib ki, artıq rasionallıq çərçivəsindən çıxıb irrasional dumanlığa daxil olublar... Ələlxüsus fizika bu saat daha çox metafizik labirintlərdə azıb qalmış kimi görünür... Və bu sahələrdəki fəaliyyəti davam etdirməkçün öz irrasional metafizik təfəkküründən tam məhrum olmayan insanlara ehtiyac var. Eynən şərqlilər kimi...

İnandırıcı deyil? Rasional elm hara, irrasional dumanlıq hara? Dəqiq elmlərin şahı olan fizika hara, qarışıq xaotik sahə olan metafizika hara?

Bir az da Kvant fizikası barədə

Elementar zərrəciklər fizikasıyla səthi də olsa maraqlanmayan insan, fəlsəfə ilə məşğul ola bilməz. Çünki tarix boyu fəlsəfənin ən əhəmiyyətli suallarından biri ilkin maddə - zərrə, cövhər, həyulla - kainatın ən kiçik yaradıcı kərpici - barədə fikir və düşüncələr olub. Elə "Atom" sözünün yaranmasına görə də,  filosoflara borcluyuq...

Yüzillər boyu fizika elmi mexanikanın dəqiq rasional məntiqi qanunlarını kəşf edib üzə çıxardıb,  daha doğrusu, mexanikanın bütün təzahürləri vahid fiziki qanunlar çərçivəsində öyrənilib. Bundan kənar nə varsa, yalan, cəhalət, nadanlıq elan edilib. Metafizika sahəsi də, lazımsız, mənasız bir sahə hesab olunub.

Lakin ötən əsrin birinci yarısından başlayaraq, gün-gündən təkmilləşən mikroskoplarla silahlanan fizika alimləri artıq elementar zərrəciklər aləminə baş vurdular. Məlum oldu ki, burada baş verən prosseslər mexanika qanunlarına qəti şəkildə uyğun deyil və heç bir rasional məntiqlə izah oluna bilməz... Beləliklə, fizikanın əski rasional, empirik qanunlarıyla ziddiyyət təşkil edən Kvant fizikası yarandı.

Fikirlərimizin məncə, ən qarışıq yerinə gəlib çatdıq.

Yüzillər boyu Qərbdə rasionallıq irrasionallığı, məntiq fövqəlməntiqi, fizika metafizikanı tikə-tikə yeməklə məşğul idi ki, bunun nəticəsində 20-ci əsrin başlanğıcında pozitivist, praqmatik fəlsəfə öz istilasının pik nöqtəsinə çatdı.

Amma irrasionallığın, metafizikanın tam təslim olmuş kimi göründüyü bir məqamda, kvant fizikası ortaya çıxdı. Budur, akademik elmi dairələrdə qəribə nəzəriyyələr eşidilməyə başladı -yüzillər boyu maddənin zaman və məkan müstəvisində dəyişməz yerə sahib olduğun bəyan edən fiziklər, "elektronlar eyni vaxtda iki yerdə ola bilər";  "elektronlar həm maddə, həm də dalğa təbiətinə malik ola bilər"; yaxud, "biz öz diqqətimizlə elementar zərrəciklərin fəaliyyətini istiqamətləndirə bilirik " kimi çoxsaylı qəribə, qeyri-məntiqi tezislərlə üz-üzə qalmış oldu... 

Bu nəzəriyyələri gülüş obyektinə çevirən bəzi alimləri anlamaq mümkündür. Hətta uzun illər Nils Borla bu xüsusda elmi mübahisələr aparan Albert Eynşteyn də ömrünün sonuna qədər etiraf edirdi ki, Kvant fizikasını anlamaqda çətinlik çəkir.  İlk dəfə idi ki, empirizmlə rassionalizm bir-birinə zidd görünürdü. Dəfələrlə sınaqdan keçirilən və empirik baxımdan təsdiqlənən qanunauyğunluqları, təzahürləri heç bir rasional məntiqlə izah etmək mümkün olmurdu. Ortaya qoyulan müxtəlif, təzadlı elmi nəzəriyyələr isə heç də hamı tərəfindən qavranılmırdı.

Şəxsən mənim üçün Kvant fizikasının yarandığı gün rasional, məntiqi təfəkkür öz məğlubiyyətini etiraf etməliydi. Fizikanın öz bətnində metafizika tapılmışdı.    

"Fiziklərin hamısı axırda havalanır, psixi xəstə olur" - bu ifadəni müxtəlif formalarda bir çoxumuz eşitmişik. Və görəsən özümüzə sual vermişikmi ki, niyə kimyaçılar yox, astronomlar yox, bioloqlar yox, məhz fiziklər? Axı niyə məhz fiziklər sonda havalanmalıdır, beyinləri pozulmalıdır?

Ona görə ki, elmi təhsilin əvvəlində aldıqları informasiya ilə, sonra aldıqları informasiya arasında ziddiyyət yaranmışdı. Rasional məntiqi təfəkkürə sahib olan insanlar isə dəqiq elmlərdə ziddiyyəti heç cür qəbul edə bilmirlər. Onlar hər şeyi aydınlaşdırmağa, məntiqlə anlamağa çalışırlar. Lakin Kvant mexanikasının heç bir pstulatını rasional məntiqlə anlamaq mümkün deyil. Belə çıxır ki, mexanikadan fərqli olaraq, Kvant fizikasıyla məşğul olan alim empirik təcrübələr vasitəsiylə hansısa nəticələr əldə edir, bu nəticələrin sayəsində hansısa elmi-texniki vasitələr yaradılır, icad edilir, lakin bu təzahürün mahiyyətini heç bir fizik tam olaraq özü üçün izah edə bilmir... Bu ziddiyyət normal rasional insanın düşüncəsini pozmaya bilməz.

Belə ziddiyyətlər qarşısında qalan rasional məntiq insanının təfəkkürü buz bağlamış kimi donub qalır, daş dəyibmiş kimi çatlayıb tökülmək təhlükəsiylə üzləşir. Amma öz içində metafizik təfəkkürün elementlərini saxlayan insan üçünsə, belə təhlükə mövcud deyil...

Qəribə də olsa bir misal göstərəcəm. Hansısa məşhur bir övliyanın (tutalım, elə Şah İsmayılın) eyni vaxtda iki yerdə görünə bilməsi hadisəsinə ruhunun ən dərin qatlarında da olsa, azacıq inam saxlayan bir şərqli üçün bir elektronun eyni vaxtda iki yerdə mövcud olması faktı şüurunu partlatmağa qadir olan bir bomba deyil, adi bir həyat faktıdır...

Qeyd edək ki, son onilliklərin nano texnologiyaları, nüvə fizikası, kompyüter və elektronika sahələri elementar zərrəciklərin bu irrasional, qeyri-məntiqi mövcudluq faktlarının texnikada istifadəsi üzərində qurulub. Məhz bu istiqamətdə,  şərqdən çıxan və metafizik təfəkkür tərzinin təsirindən tam qurtula bilməyən şərqli alimlərin xidməti böyükdür və getdikcə artmaqdadır.

(Elə bircə Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müasir elektronikanın inkişafına verdiyi töhfələri yada salmaq kifayət edir.)

Deməli 21-ci əsrdə elmi-texniki sahənin ən yüksək təbəqələrində sırf rasional təfəkkür sahiblərindən daha çox, öz içində rasionallığı və irrassionallığı; fizika ilə metafizikanı birləşdirə bilən, ümumiyyətlə, bu iki istiqamət arasında sərhəd qoymayan təfəkkür tərzinə böyük ehtiyac var... hərdən mətbuatda eşitdiyimiz post-insan şüarını da mən bu keyfiyyətlərlə bağlayıram.  

Məhz bu prizmadan baxanda, bizim ziyalıların həmişə sevə-sevə işlətdiyi "cəhalət", "nadanlıq", "geridəqalmışlıq" kimi məfhumlar bir qədər kənara sürüşərək öz sahiblərini dəyişmiş olur. Artıq elə dövrə çatmışıq ki, "cahil", "nadan" terminləri elmi-texniki inkişafın yalnız rasional-fiziki xətlə inkişaf edəcəyində israrlı olan, metafizikanı və irrasinallığı isə inkar edən düşüncə sahiblərinə şamil edilməlidir.

Dediklərimi əyani anlatmaq üçün yenə də qəribə bir nümunə gətirmək istəyirəm. Qarşımızda iki alim təsəvvür edək. Biri köklü qərbli, digəri isə əslən şərqlidir. Hər ikisi ən yüksək səviyyəli akademik təhsil alıb.

Qərbli yüzilliklər boyu bütün irrasionallığın, metafizikanın inkar edildiyi müasir Qərb cəmiyyətinin yetirməsi kimi, dünyanı yalnız ağılla, məntiqlə anlayır, anlamadığını da heç cür qəbul eləmir, dini-mistik düşüncənin cəhalətindən də azaddır.

Şərqli isə bütün müasir təhsil sistemindən keçsə də, təhtəlşüurunun dərinliklərində şərqli olaraq qalır, metafizik düşüncədən tam məhrum olmayıb. Aldığı dəqiq rasional məntiqli elmi məlumatlar onun içindəki metafizik duyğularla ziddiyyət təşkil etsə də, bunu adi hal kimi qəbul edir, heç bir psixoloji stress filan da yaşamır.     

İndi də gəlin bu iki alimin Kvant fizikasıyla tanış olma məqamını təsəvvür edək.

Qərbli Kvant mexanikasının irrasionallığı ilə üz-üzə qalarkən, təfəkküründə  qarşısıalınmaz gərginliklər yaranır, beyin enerjisi lazımsız düşüncələrə sərf olunur - axı necə ola bilər ki bir elektron eyni vaxtda iki yerdə görünə bilir, axı bu mümkün deyil; bunu hansı məntiqlə izah etmək olar; əgər məntiqlə izah etmək mümkün deyilsə, deməli belə hal da baş verə bilməz, inandırıcı deyil; amma bütün təcrübələr göstərir ki, bu, məhz belədir, elektron istəyəndə eyni vaxtda iki yerdə mövcud olur, istəyəndə dalğavari mahiyyət kəsb edir, istəyəndə maddə olur; olur, amma ola bilməz axı, mümkün deyil, bütün qanunlara ziddir...

Qərbli alim bu sonsuz fikirləri beynindən çıxara bilmir, rastlaşdığı faktları özü üçün rasional məntiqlə izah etməyə çalışır, heç nə alınmır, müxtəlif elmi nəzəriyyələrə müraciət edir, sxemlər çəkir, ən azından öz özünü qane edə biləcək elmi-nəzəri modellər qurmağa çalışır və bu işə külli miqdarda beyin enerjisi sərf edir... (və ola bilər ki, axırda havalanır)

İndi isə şərqliyə diqqət edək. Bəli, şərqli görür ki, bir elektron eyni vaxtda iki yerdə görünə bilir və bu fakt onun əvvəl aldığı akademik elmi təhsilin postulatlarıyla ziddir. Təbii ki bir qədər düşünür, daşınır, axırda təhtəlşüurundakı metafizik hissləri azadlığa buraxır, əl yellədərək fikirləşir ki, elektron istər eyni vaxtda iki yerdə görünsün, istər beş yerdə görünsün, Allah bilən məsləhətdi, o göydəki üçün mümkünsüz heç nə yoxdu...

Beləcə, şərqli alim beynini lazımsız düşüncələrlə yormur, enerjisini isə bu faktın real elmi-texniki sahədə necə tədbiq edilməsinə sərf edir.

Bu, ilk baxışdan ironik görünən pritça ilə əsas fikrimizin üstünə gəlib çıxırıq və təkrar edirik - müasir dünyada ən qabaqcıl akademik elmin artıq irrasional dumanlığa girdiyi bir məqamda; fizikanın metafizika qarşısında aciz qaldığı bir vaxtda,  şərqlilərin Vəhdət (rasionallıqla irrasionallığın birləşdiyi məqam) üzərində qurulan təfəkkür tərzi - qərblilərin sırf rasional məntiqi təfəkküründən daha lazımlı, daha yararlıdır. Çünki sırf rasional məntiqi təfəkkür tərzi hal-hazırda elmin yeni inkişafı üçün buxova çevrilməkdədir.

(Əlbəttə, müasir dəqiq elmləri əhatə edən metafizika, irrasionallıq faktları barədə çox danışmaq, çoxlu sübutlar gətirmək olar, lakin bu, başqa söhbətin mövzusudur, bununla sırf alimlər məşğul olsalar, daha yaxşı olar.)

Məhz buna görə də gələcəkdə dünya xalqları arasında öz layiqli yerini tutmaq istəyən hər bir toplum sadəcə dünyəvi elm-təhsil səviyyəsini gücləndirməklə kifayətlənməli deyil, eyni zamanda öz metafizik-mistik bazasını da gücləndirməlidir.

Bizim metafizik-mistik bazamız isə yalnız və yalnız Səfəvi-Qızılbaş təfəkkür tərzidir... Çünki heç bir xalqa məxsus deyil, yalnız bizimdir.

3-cü fraqment

Pərdə önü və arxası

Qızılbaşlığın mənbəyində dayanan Şeyx Səfiəddin İshaq Ərdəbili kimdir, onun haqqında nə bilirik?

Qısa xronika belədir - miladi tarixiylə 1252-ci ildə Ərdəbil yaxınlığında doğulub, öz dövrü üçün ən yüksək səviyyəli təhsil alıb, bir neçə dil öyrənib, daha sonra fəaliyyətini təriqət müstəvisinə keçirib, 20 ildən çox müddətdə məşhur sufi mürşidi Şeyx İbrahim Zahid Gilaninin müridi, olub, nəhayətdə özü Mürşidlik dərəcəsinə yüksəlib, öz "Darül-İrşad"ını yaradıb. Onun sağlığı dövründə Səfəvi təriqəti Şərqin ən nüfuzlu ürfan məktəblərindən birinə çevrilib, on minlərlə müridi və ardıcılı olub... 1334-cü ildə vəfat edib. Övladları onun İrşad yolunu davam etdiriblər və nəhayətdə xələfi İsmayıl Heydər oğlu Səfəvi Azərbaycan dövlətini qurub...

Bunları hamı bilir. Onlarla kitablarda, internetdə bu faktları oxumaq olar... ("İrşad" terminini unutmayaq, çünki bu xüsusda növbəti hissələrdə geniş danışmağa ehtiyac olacaq.)

Bəli, mifik teatr səhnəsinin pərdə önünə nəzər saldıq, indi isə pərdə arxasına keçək və baxaq ki, orda Şeyx Səfiəddin İshaqı necə görürük?

Lakin bundan əvvəl kiçik bir pauza verməyə ehtiyac var. Niyə? Çünki tarixi-rasional (ictimai-siyasi) bir tamaşanın pərdə arxasına keçmək istəyən hər bir kəs irrasional mistik həqiqətlərlə üz-üzə qalacağını bilirsə, əvvəlcədən bu həqiqətlərə öz fərdi münasibətini müəyyən etməlidir.

Yəni, verilən informasiyanı mən hansı formada qəbul edirəm və öz şüurumda necə əridəcəm.

Söhbətimizin bu yerində etnosun mifqavrama mexanizmləri barədə iki-üç kəlmə danışmağımız zənnimcə, yerinə düşər. 

20-ci əsrdə bu xüsusda xeyli sayda elmi kitablar yazılıb, toplumun əski mifləri öz təhtəlşüurunda nə formada saxlamağı və yaxud müasir hadisələr təhtəlşüur səviyyəsində hansı reaksiya verməsi barədə müxtəlif ziddiyyətli fikirlər irəli sürülüb. Avropa alimləri Karl Qustav Yunqdan, Yakov Qolosovkerdən tutmuş, dahi rus mütəfəkkiri Losevə qədər böyük pleyada alimlər miflərin spesefik məntiqini izah etməyə çalışıblar. Ancaq əfsuslar olsun ki, bu izahatlar çox şərti, nisbi və ziddiyyətli olub. Zənnimcə, bunun səbəbi də mifik təfəkkürə real dünyəvi məntiqlə yanaşmaq metodu səbəb olub.

Miflərin məntiqi yoxdu. Mif başlayan yerdə məntiq bitir. Ona görə bu sistemləşmədə hər şey şərtidir. Lakin buna rəğmən, bu şərtiliklərin bəzisi üzərində gəzişmək istəyirəm ki, bizim mövzuya yanaşma tərzini müəyyən edək.

Adətən mifqavramanın üç növünü müəyyən edirlər.

Birinci növ tam metafizik inam üzərində qurulur. Burada insan heç nəyə şübhə etmir, mifin hər komponentini reallıq kimi qəbul edir. İnsan əqlinin sipərini götürür, öz ruhunun qapılarını açaraq, mifdən gələn bütün metafizik-mistik informasiyanı öz ruhuna, təhtəlşüuruna çəkir. 

İkinci növ yanaşma reallıq-irreallıq sərhədindədir. İnsan miflərin rasional tərəfinə inanır, hətta tarixi faktlar kimi qəbul edir; irrasional tərəfini isə real hadisələrə toplum tərəfindən əlavə olunan uydurmalar hesab edir... Buna görə də mifdən gələn metafizik informasiya insan ruhuna yol tapa bilmir.

Üçüncü növ yanaşma isə sırf ədəbi yanaşmadır. İnsan bütün mifləri sırf ədəbi material kimi qəbul edir, onların bətnindəki metafizik informasiyanı yox, zahiri ədəbi estetikasını qəbul edir... (faktdır ki, hətta əksər hallarda dini-səmavi kitablar da müəyyən təbəqələr tərəfindən çox gözəl yazılmış ədəbi material, ədəbi mətn kimi qavranılır.) 

Amma məhz üçüncü yanaşma zamanı maraqlı bir hal təzahür edir. İnsan özünü sırf ədəbi materialla kontakta hazırladığına görə beyninin rasional sipərini qaldırır, miflər rahatca onların ruhuna axır. Əlbəttə, ədəbi material kimi qəbul olunan miflər öz metafizik informasiyasını insan ruhuna tam ötürə bilmir. Lakin təhtəlşüurdakı arxetiplərlə zəif də olsa kontakta girdiyinə görə, təsirsiz də ötüşmür.  (Məlum faktdır ki, son yüz ildə miflər əksər hallarda, mədəniyyət-ədəbiyyat xadimləri və mədəniyyətşünas alimlər tərəfindən istifadə olunub.)

Zənnimcə, Səfəvi tarixinin mifik-metafizik tərəfini öyrənmək prosesində də, birinci və üçüncü yanaşma tərzlərindən istifadə etsək düzgün olar. Kim nə dərəcədə inanırsa-inansın. Kim inanmırsa, ədəbi material kimi - misalçün, magik realizm janrında yazılmış tarixi-mistik roman kimi qəbul eləsin...

Bir haşiyə də çıxmaq istərdim. Miflərin mövcudluq dövrünü mən şəxsən üç mərhələyə bölərdim.  Su  (göz yaşı) mərhələsi, qan mərhələsi və yaddaş mərhələsi.

İnsan dünyaya gəlməmişdən əvvəl ana bətnində su içində olduğu kimi, miflər də ilk mərhələdə göz yaşı  içində olur. İztirab, ağrı-acı, sonsuz dualar, qəlbləri riqqətə gətirən hiss və həyəcanlar bu mərhələdə mif toplumun sanki səmavi bağlantılarını təmin edir...

İkinci mərhələdə miflərin qan gücünə metafizik müstəvidən dünyəvi müstəviyə keçməsi üçün şücaətlər, qəhrəmanlıqlar göstərir, qanlar tökülür...

Üçüncü mərhələdə isə artıq öz dünyəvi ömrünü yaşayıb qurtarmış miflərin toplumun yaddaşındakı, təhtəlşüurundakı həyatı başlanır. Bu mərhələdə mif xalqın yaddaşında bir qədər də genişlənir, daha da gözəlləşir, yeni çalarlar qəbul edir və sanki ağacdan torpağa düşən meyvənin toxumu kimi, yenidən cücərib ağaca çevrilməsi üçün məqam gözləyir... Çünki miflər heç vaxt ölmür, həmişə diri qalır.

(Nümunə:  yaxın keçmişə nəzər salsaq, görərik ki, misalçün, alman mifinin yaranmağındakı ilk mərhələ Henrix Heynedən, Novalisdən tutmuş Vaqnerə qədər çoxsaylı düşüncə adamlarının, sənətçilərin gərgin fəaliyyətini; almanların qəlbini heyrətə və  riqqətə gətirən, göz yaşlarını selləndirən romantik əsərlər yaradıb vahid alman ruhunun, alman təfəkkürünün yaranması sahəsindəki fəaliyyəti dövrüdür.

İkinci mərhələ, Otto fon Bismarkın Almaniyanı "Dəmir və qanla birləşdirilməsi" prosesi idi.

Üçüncü mərhələ isə, 20-ci əsrin ikinci yarısından başlayaraq, alman xalqının təfəkküründəki miflərin müasir mövcudluğunu əhatə edir. Bütün o Ziqfridlər, Valkiriyalar sanki öz zamanını gözləyir ki, yenidən yaddaş-təhtəlşüur müstəvisindən real fiziki müstəviyə tərəf yola çıxsınlar.)

Və biz də Şeyx Səfiəddindən danışarkən , təbii ki Səfəvi mifinin ilk mərhələsini - doğuluş və möhkəmlənmə dövrünü əhatə edəcəyik. Bu mərhələdə qılınclar oynamır, qanlar tökülmür, şücaətlər göstərilmir.  Bütün qəhrəmanlıqlar isə tamam fəqli bir müstəvidə - mistik metafizik müstəvidə cərəyan edir.  Ancaq məhz bu müstəvidəki səssiz-küysüz qəhrəmanlıqlar, şücaətlər olmasaydı, sonrakı  böyük və əzəmətli işlər də olmazdı...

Yazımızın bu yerində mütləq Şeyx Səfiəddin mənqəbatını müasir Azərbaycan əlifbasına transliterasiya edib, bugünki oxucuların ixtiyarına buraxan mətnşünas alimlərimiz - akademik, elmlər doktoru Möhsün Nağısoyluya, Sevər Cabbarlıya və Rauf Şeyxzamanova dərin təşəkkürlərimi bildirirəm. Doqquz yüz səhifəlik bu kitabın ərsəyə gəlməsinə çox böyük əziyyət sərf edilib. Və bu əziyyət olmasaydı, biz bu gün Şeyx Səfiəddin şəxsiyyətini tanımaq imkanından məhrum olacaqdıq... 

 Mifin doğulması

Şərq təfəkkür tərzinin bəlkə də spesifik cəhətlərindən biri budur ki,  mifin yaranması onun qəhrəmanın maddi doğuluşundan əvvəl baş verir.

Yəqin ki, insanlar mifi zamana və məkana sığmayan metafizik informasiya ötürücüsü hesab etdiyinə görə, mifin elə lap başlanğıcında zaman və məkan sərhədlərini yarıb keçən - qeyb aləminə üz tutan hadisələrin olmağına ehtiyac duyulur... Səmavi kitablara da diqqət etsək eyni halı müşahidə edərik ki, şəxsin dünyaya gələcəyi barədə informasiyalar müxtəlif formalarda sanki metafizik aləmdən fiziki aləmə sızdırılır...

Şeyx Səfiəddin kimi ali dərəcəli bir övliyanın dünyaya gələcəyi barədə öncədən verilən xəbərlər bir neçə rəvayətdə öz əksini tapıb.

Birinci rəvayət məşhur sufi övliyası Pirə Yusifin dilindən verilir. Məzmun bundan ibarətdir ki, Pirə Yusif bir gecə yuxuda görür ki, qaranlıq bir gecə, qəfildən üfüqdə sübhün şüaları görünür və qeyri-adi parıltısı olan günəş görünür... Pirə Yusif heyrət içində soruşur ki, bu nədi belə? Qeybdən səda gəlir ki, bu sübh Şeyx İbrahim Zahid Gilanidi, o doğan günəş isə Şeyx Səfiəddin İshaqdı...

Daha bir rəvayət Xütənli Seyyid Cəlaləddin adlı bir sufi pirinin dilindən verilir.

Rəvayət belədir ki, Xütənli Seyyid Cəlaləddin səfərlərinin birində Ərdəbil ətrafından keçərkən, yolda gecələməli olur. Yuxuda görür ki, Ərdəbil ətrafındakı çöllükdə Məhəmməd peyğəmbər xeyli övliyalarla birlikdə oturub, ara-sıra əlini göyə açıb dua edir, övliyalar da amin deyir... Seyyid Cəlaləddin onlara yaxın gəlir, ehtiyatla soruşur ki, Həzrət peyğəmbər kimin üçün dua edir? Cavab verirlər ki, Ərdəbilli Şeyx Səfiəddin üçün ki, gəlib dinə yenidən qüvvət və rövnəq verəcəkdir...

Çoxsaylı vaqeələrdən biri artıq Səfiəddinin anasıyla bağlıdır. Rəvayətlərdə deyilir ki, qadın hamilə olarkən, özünü də heyrətə salan  qəribə hallar keçirirdi, əcaib yuxular görərdi. Ən çox təkrar olunan hal isə ondan ibarət idi ki, yuxuya gedən məqamlarda həmişə qulağına yavaşca zikr və salavat səsləri gəlirdi. Qalxıb evi-eşiyi yoxlardı, heç kimin ibadət etdiyini görmədiyinə görə, gəlib təzədən yerinə uzanardı. Amma yenə də yuxuya gedən məqamda zikr və salavat səsləri eşidərdi və səslər də getdikcə artardı... Qadını qorxuya salan isə bu idi ki, evdə ondan başqa heç kim bu səsləri eşitmirdi.

Vahiməyə düşən hamilə qadın xeyli narahat olsa da, dərdini heç kimə deyə bilmirdi, nəhayət, bir müddət sonra elə həmin naməlum səslər altında yuxuya gedəndən sonra görür ki, ağ paltarlı, nurani bir şeyx gəlib onun başı üstündə dayandı və dedi ki, iztirab çəkməyə lüzum yoxdu, zikr və salavat səsləri sənin öz bətnindən gəlir. Bu səslər ali mənəvi mərtəbəyə çatacaq övladınla bağlı səninçün bir ilahi müjdədi. Çün yuxuya gedən məqamda Qeyb aləminin qapıları səninçün açılır, o səsləri də qulağın eşidəsi olur...

Allaha şükürlər edən qadın yalnız bundan sonra rahatlanır...

Qapının o biri üzü

Haşiyə: İnsanlarda zaman-zaman təzahür edən "düha", "istedad" və oxşar məfhumların mahiyyəti barədə çox yazılıb, yaradıcılıq psixologiyasıyla məşğul olan alimlər mövzunu rasional baxımdan çox araşdırıblar, lakin əfsuslar olsun ki, ortaya qoyulan fikirlər sosial-psixloji müstəvidən kənara çıxa bilməyib.

Necə olur ki, hansısa boz mühitin içində birdən-birə İbn Sina kimi, Qəzzali kimi təfəkkür dağları ucalır,  Nizami kimi, Xaqani kimi əzəmətli dühalar parlayır, Nəsimi kimi, Füzuli kimi yaradıcı titanlar meydana gəlir... (siyahını dünya səviyyəsində də çox uzatmaq olar.)

Məgər bu faktın özü ən böyük mistika deyil? Əgər mistika deyilsə, bəs niyə hansısa dünyəvi iradə ilə bu cür dühalar yaratmaq mümkün deyil?

Şəxsən mən belə düşünürəm ki, istənilən dahi şəxsin - yaradıcılıq titanının həyatını bir dram əsərinə bənzətsək, bu əsərin başlanğıcını, ekspozisiyasını maddi-dünyəvi həyatda axtarmaq əbəsdir.

Nədənsə, Frans Kafkanın məşhur "Çevrilmə" novellası yada düşür. Bir çox alimlər bu əsərin mahiyyətini və strukturunu araşdırarkən belə bir sual verirdilər - əsərin ekspozisiyası niyə yoxdur? Çevrilmə prosesinə səbəb olan hadisələr, ona zəmin yaradan məqamlar niyə verilməyib?

Lakin daha sonra belə bir fikir irəli sürüldü - Novellanın ekspozisiyası ilə bağlı yaranacaq mübahisələri, müəllif elə ilk cümlədə qapayır.

"Narahat  yuxudan sonra Qreqor Zamza anladı ki, öz yatağındaykən qəribə bir həşərata çevrilib."

İlk kəlməyə diqqət edək - narahat yuxudan sonra...

Hadisənin ekspozisiyası narahat yuxu-da, yəni metafizik aləmdədir. Bu yuxuda nələr baş veribsə, məhz bundan sonra Qreqor Zamza həşərata çevrilib... Başqa sözlə desək, istənilən irasional hadisənin ekspozisiyası transendental xarakter daşıyır və maddi aləmdən əvvəlki reallıqda - metafizik müstəvidə - şərqlilərin təbirincə desək, Qeyb aləmindədir.

Yenə də dühanın xəlq olunması məsələsinə qayıdaq. Zənnimcə,  boz mühitin içində gözlənilməz halda öz istedad dühasıyla parlayan, öz daxili energetikalarıyla mühiti silkələyən şəxsiyyətlərin həyatının ekspozisiyası da məhz Qeyb aləmində - metafizik müstəvidədir. Hər bu cür düha sahibi Qeyb aləmində seçilmiş insanlardır, hər birinin üstündə İlahi qüvvələrin möhür-ü var.

Onlar hansı məqsədlərçün seçiliblər; niyə başqaları yox, məhz onlar seçiliblər; bu seçim olmasaydı, onların dünyəvi həyatı necə olardı... - bu kimi  sualların cavabı  Qreqor Zamzanın narahat yuxusunda baş verən ekspozisiya kimi, maddi-cismani dünyanın sərhədlərindən kənardadır və bu barədə düşünməyə dəyməz.

Əgər belə isə, onda deməli böyük metafizik enerji daşıyıcısı olan Dühanın maddi aləmə köçürülmə prosesi də, adi insanın doğuluşundan fərqli olmalıdır.

Və bu fərqi təbii ki ilk olaraq, bu maddi doğuluş prossesini öz bətnində həyata keçirən ana hiss eləməlidir.

Bütün bu fikirləri Şeyx Səfiəddinin anasının keçirdiyi hallara şamil eləsək, nə anlaşılır? Hissiyyatı itilənmiş, duyğuları həssaslaşmış, intuisiyası güclənmiş hamilə qadının dünyaya fərqli bir övlad gətirəcəyini qabaqcadan hiss etməsində qeyri-adi heç nə yoxdur. Ümumiyyətlə, qadınlarda hamiləlik dövründə qəribə psixoloji-intuitiv hallar baş verir, bu, hamıya məlumdur. Şeyx Səfiəddinin anası da öz bətnindəki körpənin fərqli olduğunu hiss eləmiş, belə demək olarsa, ona informativ enerji ötürülmüş və qadın bu enerjini öz düşüncəsində, təfəkküründə mövcud olan formalarda qəbul eləmiş -yuxuya gedən məqamlarda qulağına zikr və təsbih səsləri gəlməyə başlamış, uzun müddət ərzində yuxularında eyni mənzərəni - günəş doğulmasını görmüşdü...

(Bu hadisələrdə aktiv rol oynayan yuxu barədə isə irəlidə geniş danışacağıq.)

"Şeyx Səfi təzkirəsi"ndə  oxşar məzmunda daha bir neçə rəvayət var ki, hər birində məqsəd Səfiəddin hələ doğulmamışdan əvvəl bu dünyaya qədəm basacağı barədə Qeyb aləmindən xəbərlərin gəlməyini göstərməkdir... (Xalqımızın dilində məsəl kimi işlənən bu ifadə də əbəs yerə yaranmayıb - "Yaxşı igidin özündən əvvəl xəbəri gəlir." Bu və buna bənzər zərb-məsəllər əksər hallarda adi məişət müstəvisində işlənsə də, zənnimcə, metafizik mənşəyə malikdir...)

Haşiyə: Əlbəttə, bu yazdığım rəvayətlər indiki insanlar üçün o qədər də önəmli və inandırıcı olmaya bilər. Lakin o dövrün toplumu üçün bu məsələlər olduqca əhəmiyyətli və hətta deyərdim ki vacib idi…

Hər bir mifin əsas xüsusiyyətlərindən biri də zaman baxımından iki qatlı olmağıdır.  Üst qat elə məqamlardır ki, yalnız konkret zaman kəsiyində əhəmiyyətlidir, sanki o dövrün insanlarının təfəkkür paradiqmasına hesablanıb. İkinci, daha dərin qat isə artıq zaman çərçivəsindən çıxır, həmişə aktualdır, həmişə maraqlıdır. Mifin əsl "cövhər"ini də məhz həmin məqamlar, yəni zamandan üstün dayanan mətləblər təşkil edir… Bizsə hər ikisini əhatə etməyə çalışacağıq...

Qəribə oğlan

Budur, Səfiəddin artıq dünyaya gəldi, böyüdü, yeniyetmə olarkən atasını itirdi, ailəsi anasının və özündən böyük qardaşlarının ümidinə qaldı...

Uşaqlığında öz dövrü üçün kifayət edəcək təhsil alan Səfiəddin təbii ki, ilahiyyat elmlərini mənimsəyir, bunlardan əlavə ərəb, fars, gilək, monqol dillərini öyrənir.

Daha sonra isə təhsilini artırmaq üçün Şiraza gedir, dövrünün məşhur alimləri olan Rüknəddin Beyzəvinin, Əmir Abdullahın tələbəsi olur. Sonra da Əmir Abdullahın məsləhətiylə...

Stop... Yenə də rasional faktoloji müstəviyə çıxdıq.

Məncə, bir az geri qayıtmalıyıq... Səfiəddinin yeniyetməliyi, gəncliyi barədə olan rəvayətlərdən də bəzilərinə xüsusi diqqət yetirməyə zənnimcə böyük ehtiyac var...

Budur, Səfiəddin yavaş-yavaş böyüyür,təhsil alır... amma iki məsələ ona rahatlıq vermir - birincisi içində yaranan sonsuz suallar, ikincisi də daim gördüyü və heç cür unuda bilmədiyi qəribə yuxular....

Məlum suallar

Son yüzilliklər boyu istənilən təfəkkür adamının beynində yaranan metafizik suallar demək olar ki, bir-birindən fərqlənmir… Dinindən, əqidəsindən asılı olmayaraq, istər Şərqdə olsun, istər Qərbdə, istər Cənubda, istər Şimalda…

Bu suallar barədə düşünərkən, nədənsə Fuzulinin "Leyli Məcnun" poemasından bir fraqmenti xatırladım…

Bilmək gərək onu kim, cəvahir

 Nə gənci-nihandan oldu zahir?

Nə dairədir bu dövri-əflak,

Nə zabitədir bu mərkəzi-xak?

Cismə ərəzi kim etdi qaim,

Narə nədən oldu nur lazim?

Hər xilqətə gərçi bir səbəb var,

Aya, səbəbi kim etdi izhar?

Gər kaf ilə nundan oldu aləm,

 Aya, nədən oldu kafü-nun həm?

Bəşər düşüncəsində yaranan metafizik sualların və son yüzilliklərdəki idealist filosofların ortaya qoyduğu mətləblərin qısa icmalını Füzuli bu fraqmentdə gözəl şəkildə təqdim edib.

Və təbiidir ki, Səfiəddin yeniyetməlik çağlarında içində yaranan bu cür sualların həlli üçün ilk olaraq mədrəsədə dərs öyrəndiyi ruhanilərə müraciət etməliydi. Aldığı cavablar isə onu qane edə bilməzdi. Bunun da səbəbi məlumdur, çünki adı sıravi ruhanilərin, mollaların çoxu üçün bu suallar sadəcə yoxdur - onların əsas məqsədi kütləni azca savadlandırmaq, yazı-pozu öyrətmək, ilkin dini biliklər verməkdir. Bu cür suallarla üzbəüz qalanda isə, sıravi ruhanilər ya cavablardan qaçır, ya da daha yüksək instansiyalara istiqamətləndirirdilər…

Səfiəddinin də qarşısında iki yol var idi… Əql və eşq yolu…

İki yol ayrıcında

Tarixi ekskurs: Səfiəddin Ərdəbilinin yeniyetməlik dövrü Şərqdə Hülakülər dövlətinin təşəkkül tapdığı bir vaxtlar idi. Təbii ki, elm sahəsinə də müəyyən diqqət ayrılırdı. Və qeyd edək ki, böyük alimimiz, Şərq təfəkkürünün aparıcı simalarından olan, dahi filosof Xacə Nəsirəddin Tusinin də aktiv fəaliyyəti həmin dönəmə təsadüf edir. Sarayda alimlər toplaşır, müxtəlif elmi-fəlsəfi mövzularda müzakirələr aparılırdı, əsərlər yazılırdı. Marağa rəsədxanasının tikilməyi də məhz Səfiəddinin yeniyetməlik, gənclik dövrlərində baş tutmuşdu…

Ərdəbil Hülakülər paytaxtından o qədər də uzaqda yerləşmirdi.  Gənc Səfiəddin də ora üz tutub, öz suallarına məhz elmi cavablar axtara bilərdi. Bəs onda niyə belə olmadı? Niyə Səfiəddin öz təfəkkür imkanlarını sırf rasional elmi müstəviyə yönəltmədi, daha çox təsəvvüf sahəsinə meyl elədi, Ərdəbildən İsfahana, Şiraza qədər şəhərləri gəzdi, məhz irfan sahibləriylə, təsəvvüf övliyalarıyla görüşüb söhbətlər elədi?

"Şeyx Səfi təzkirəsi"ni diqqətlə oxuyanda bu "niyə"lərin cavabı müəyyən qədər açılmış olur.

Diqqət etsək, görərik ki, bütün dünyada olduğu kimi, Şərqdə də rasional dəqiq elmlərin inkişafı saraylara yaxın dairələrdə olub, alimlər hökmdarlara, əmirlərə, sərkərdələrə xidmət ediblər, axı zəruri olan elmi eksperimentlər üçün böyük maddi dəstəyə ehtiyac var. (Həm də dəqiq elmlərin nailiyyətlərindən ilk olaraq hökmdarlar öz siyasi məqsədləriyçün istifadə ediblər).

Bu isə o qədər  də asan deyildi. O dövrün hökm sahibləriylə işbirliyində olmaq onların ətrafındakı saray çəkişmələrində - müxtəlif siyasi intriqalarda, əmirlərin fitnə-fəsadlarında iştirak etmək demək idi. Və əksər hallarda elm adamları saray həyatından xeyirdən çox ziyan görürdülər. Elə ömür boyu siyasi intriqalarından zülüm çəkən İbn Sinanın, İbn Rüşdün, yaxud elə Nəsrəddin Tusiinin özünün həyatını göz önünə gətirmək kifayət edər.

Beləcə, bir həqiqət də ortaya çıxır ki, o dövrlərdə rasional elm sahəsinə meyl edən adam, gərək əvvəlcədən özünü buna hazırlayaydı ki, müxtəlif saray çəkişmələrinin, hakimiyyət davalarının, qanlı konfliktlərin içində ömür sürməli olacaq…  Hələ bu şeytan yuvasında bəlkə özü də dəyişəcək, başqalaşacaq, hiss olunmadan ətrafındakı fitnə-fəsad dolu qanlı-qara mühitin bir hissəsinə çevriləcək.  Və məhz belə bir şəraitdə sənin gördüyün işlərin "rəhmani" ya "şeytani" olduğunu təyin eləmək çox çətin olardı… (bu detalı unutmayaq. Bu mövzuya qayıdacağıq.)

Səfiəddin də təbii ki, bütün bunlardan xəbərsiz deyildi. Bilirdi ki, elm sahəsində ruhun azadlığı mümkün deyil, ona görə də onun diqqətini daha çox azad adamlar - ictimai-siyasi hadisələrdən uzaqda - təkyələrdə, xanəgahlarda həyat sürən və sırf irşadi fəaliyyətlə məşğul olan sufi pirləri, irfan övliyaları çəkirdi…

Ancaq bir məsələni də mütləq xatırlatmaq lazımdır. Bir qədər əvvəl gənc Səfiəddinin yuxularından danışdıq. Bəlkə də onun qeyri-adi yuxuları olmasaydı, hansısa formada rasional elmi fəaliyyətlə məşğul ola bilərdi. Lakin bu fasiləsiz və qeyri-adi yuxular elə bil onu məhz metafizik aləmə - irfan müstəvisinə çəkən mayak idi. Sanki ona Qeybdən səda gəlirdi ki, səni yolun elm yolu yox, eşq-irfan yoludur…

Və sonda Səfiəddini narahat edən ən əsas sual - bütün bu suallar, görüntülər, cəhdlər, yuxular - ümumiyyətlə, onu başqalarından fərqləndirən təfəkkür, "şeytani"di yoxsa "rəhmani"di? Ən böyük sual bu idi...

Müasir dillə ifadə edək - onun daxili energetikası müsbət başlanğıclıdı, yoxsa mənfi…

Zənnimcə, antropologiyanın - insanşünaslığın, və hətta yaradıcılıq psixologiyasının ən böyük sualı məhz bu sual təyin edilməlidir. Görəsən bizim hansı birimiz öz içimizdəki enerjinin, istedadımızın, bilik və bacarığımızın "müsbət", yaxud "mənfi"  yönümlü olmağı barədə düşünmüşük? Görəsən hansı birimiz görmək istədiyimiz böyük işlərin mahiyyətdə işığa , yaxud zülmətə xidmət edəcəyini  fikirləşmişik? Və görəsən hansı birimiz fərqinə varmışıq ki, bizi başqalarından yuxarı qaldıran keyfiyyətlər o ali keyfiyyətlər, bacarıqlar bəlkə elə bizimçün ilahi bir imtahandı, sınaqdı?

Qətiyyən düşünməmişik.  Əksinə, eqo hissimiz güclənib, qürurumuz artıb, burnumuzu dik tutmuşuq, qürrələnmişik, başqalarına yuxarıdan aşağı baxmışıq… "Mən hamıdan üstünəm, çünki mən dahiyəm, mən elə mənəm" konsepsiyası bütün ruhumuzu və əməllərimizi hörümçək toru kimi sarıyıb... Öz mən-imizdən başqa heç nə görmürük, sanki bütün dünyanı öz dahi mən-imizə xidmət etməkdə borclu hesab edirik...

(20-ci əsrin psixoloqlarının əksəriyyətinin dərin analizlərinin nəticəsi bundan ibarətdir ki, son iki yüz ildə dünya şöhrətini qazanan sənətkarların, təfəkkür adamlarının əksəriyyəti psixoloji cəhətdən müəyyən sapmaları olan, daxilində mənfi energetika coşub-daşan insanlardı... Hətta sənətkarların , alimlərin daxili aləmindəki çirkinlikləri, rəzalətləri açıb tökmək son əlli ildə dünyada yaradıcılıq psixologiyasının az qala aparıcı xəttinə çevrilib).

Səfiəddin isə belə deyildi. "Şeyx Səfi təzkirəsi"ndən göründüyü kimi, gənc Səfiəddini ən çox narahat edən və cavabını cidd-cəhdlə axtardığı sual bundan ibarət idi - Məndə olan bütün bu keyfiyyətlər şeytanidi, yoxsa rəhmani (ilahi)… Çünki saf qəlbli insanlarçün əxlaq daha üstündü, nəinki elm.

Öz şəxsi keyfiyyətlərini - istedad və bacarığını, bilik və təfəkkürünü istifadə etməyə başlamamışdan əvvəl, o,  məhz bu sualı özü üçün həll etməyə çalışırdı....

Bu sualın cavabı isə məhz yuxularında idi…

("Şeyx Səfi təzkirəsi"ndə bu xüsusda çoxsaylı maraqlı rəvayətlər qeydə alınıb və bunlar barədə geniş danışmağa böyük ehtyiac var… Ələlxüsus söhbət mistikadan və metafizikadan gedirsə...)

Bəli, məncə, artıq qəhrəmanımızın qəribə yuxularına baş vurmaq məqamı gəlib çatıb.  Çünki bu böyük şəxsiyyəti əhatə edən metafizik halənin mahiyyətinin böyük hissəsi məhz onun yuxularında təzahür edib…

ARDI VAR...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!