Ağıl, mübarizə və iradə rəmzi... - "Yazıçının özü və sözü" - Sabir RÜSTƏMXANLI yazır

 

XX yüzildə müxtəlif dövlət sistemlərinin, ictimai quruluşların qovuşağında, inqilablar və dünya müharibələrinin alovlarından keçə-keçə son dərəcə ağır, maraqlı, ziddiyyətli, qanlı-qadalı, faciəvi olduğu qədər də xoşbəxt ümidlərlə dolu bir ömür yaşamış böyük ədəbi və ictimai fikir sahiblərindən biri də Azərbaycanın xalq yazıçısı, akademik Mirzə İbrahimovdur.

Keçmişə baxışda nə qədər ziddiyyətli və fərqli məqamlar ortaya çıxır-çıxsın, bunların heç birindən asılı olmadan mən Mirzə müəllimlə tanış və dost olmağımdan, uzun müddət onun başçılıq etdiyi Yazıçılar Birliyində çalışdığımdan qürur duyuram.

Tanış olduğumuz ilk gündən səmimi münasibətini duymuşdum və bu münasibət sona qədər qorundu...

Mirzə İbrahimovun əsərlərinin bizim nəslin taleyində oynadığı rol barədə fikirlərim müxtəlif kitablarıma səpələnib; bununla belə, həmin fikirlər görkəmli ictimai-siyasi xadim, müdrik el ağsaqqalı, böyük zəka və təfəkkür sahibi olan Mirzə İbrahimovun ürəyimdəki portretindən yalnız xırda cizgiləridir.

Mirzə İbrahimovun məhsuldar yaradıcılığı çoxcəhətlidir: nəsr, dramaturgiya, şeir, publisistika, elmi araşdırmalar, ədəbi tənqid, memuarlar. Buraya onun daşıdığı yüksək vəzifələr, o cümlədən Asiya və Afrika yazıçıları ilə Dostluq Cəmiyyətinin sədri olması da əlavə olunmalıdır.

İkinci Dünya müharibəsi illərində Güney Azərbaycanda gedən milli hərəkatın liderlərindən biri, Azərbaycan Respublikası Ali Sovetinin sədri, köhnə SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqının sədri... Bunlar hamısı onun ömür yolunun ayrı-ayrı fəsilləridir və bunların hər birində Mirzə İbrahimov maraqlı bir xarakter və şəxsiyyət kimi görünür...

Bütün bunlarla yanaşı, Mirzə İbrahimovu bizə sevdirən, ona xüsusi münasibət formalaşdıran bir səbəbi də onun Güneydən olması idi və məhz Güney haqqında yazdığı ilk irihəcmli əsəri - "Gələcək gün" romanı ilə o, həm ədəbiyyatımızda, həm də bizim nəslin taleyində silinməz bir iz qoymuşdur. Bu kitabın həyatımdakı rolu "Ömür kitabı"nda belə təsvir olunub:

"Neçənci sinifdə oxuduğum və neçə yaşımda olduğum yadımda deyil. Müharibəyə gedib qayıtmamış Nəzər əminin üstü taxtalı həyətində iri heyva ağacının meşə kimi sıx kölgələnəcək yaratdığı və kimsəsizliyi ilə bir az da sirli-sehrli görünən evlərində, az qala otağın yarısını tutan iri taxta çarpayının üstündə qonşu uşaqlarla baş-başa verdiyimiz günləri xatırlayıram. Daha doğrusu, mən özümdən yaşlı olan cavanların dəstəsinə qoşula bilmək "etibarı" qazanmışdım. Soyuq qış günlərində çırtıltıyla yanan odun peçinin hənirində, isti yay günlərində bu həyətin çəkib gətirdiyi sərin küləyin mürgülü rahatlığında baş-başa verib, gələcək üçün planlar cızır və bir də təzə tapdıqları kitabları bərkdən oxuyurdular. Hamısı Rüstəmxanlılar nəslinin seçmə cavanları idilər. Necə oldu onların sonrakı taleyi? O arzular başa çatdımı?

O vaxt mənim gözümdə son dərəcə qüdrətli və hər şeyə qadir kimi görünən cavanların taleyini fikirləşəndə - həyatın amansızlığı qarşısında sarsılıram. Çünki həmin cavanlar ürəklərində kükrəyən arzuları ilə hərəsi az qala bir ölkə idarə etməyə, bir ordunu döyüşə aparmağa hazır idilər. Kitabın, bədii sözün və ümumiyyətlə, keçmişə qovuşmuş hər şeyin gözəlliyini ilk dəfə onların arasına düşəndən sonra duymuşdum. Bu evin otaqları da bir qədimlik havasına bürünmüşdü. Divarlarda qızılgöz taxtalarından yonulmuş çoxgözlü dolablar var idi. Elə həmin taxtadan bər-bəzəkli divar rəfləri yonulmuşdu, rəflərin də qabağından qotazlı asmalıqlar asılmışdı. Divardakı balaca xalçanın üstündə iyirminci illərin üslubu ilə hazırlanmış çox təmtəraqlı şəkil-venetka var idi. Xırda portretlər səliqə ilə yan-yana düzülmüşdü. Hər birinin üzündə inam, qətiyyət, sevinc olan cavan, gözəl oğlanlar boylanırdı. Həmin şəkli sehrli edən və evin ən nadir əşyasına döndərən bir də bu idi ki, şəkillərin altında o vaxt mənə bəlli olmayan, dəqiq yadımda deyil, ya ərəb, ya da latın qrafikası ilə sözlər yazılmışdı. Şəkildəkilər tək-tək xatırlananda bu sözlər canlı adamlara çevrilirdi, onların hərəsi bu kəndin, bu mahalın qeyrətli, dəyərli kişisinə dönürdü.

Taxtın üstündə baş-başa verib oturan o cavanların növbə ilə bərkdən oxuduqları bir kitabın qəhrəmanlarının taleyində və dərdlərində, doğrudan da, hamını kövrəldən bir doğmalıq və "qədimlik" var idi. Musa kişinin ailəsi, kənd xırmanı və mənə tanış olan bir həyatın xırdalıqları - dəqiq, canlı idi və kitabla bizim yaşadığımız həyatın, kəndimizin, öz taleyimin arasında körpü salırdı. Ədəbiyyatı nə isə bizə doğma olan bir dünyanın əks-sədası hesab etməyimə səbəb olan da elə həmin o cildi əli bayraqlı süvarilərin şəkli ilə bəzənmiş kitab oldu.

Özüm müstəqil olduğum illərdə gördüm ki, bu, "Gələcək gün" romanıdır. Bizim nəslin ruhuna "Gələcək gün" qədər təsir göstərən ikinci bir əsər tanımaq çox çətindir.

Bu kitab bir də ona görə doğma idi ki, Musa kişinin xırmanına bənzər bir xırman elə bu toplaşdığımız evin arxasında var idi; orda da bizim öz Musa kişilərimiz səhərdən-axşamadək çalışırdılar. Ümumiyyətlə, bu ağrılı, sehrli, əziz Cənub dünyası lap yaxında, bizim dağların o üzündə idi və bizim camaatla "o tayın" kitabda göstərilən adamları arasında heç bir fərq görmürdüm.

İllər ötdü. Universitet auditoriyasından "Ədəbiyyat və incəsənət" qəzetinə getdim, hörmətli yazıçımızla tanış oldum.

Bu qədər qısa ömürdə belə böyük imkanlara da məəttəl qalırsan. Sənin üçün əlçatmaz olan adamlarla bir gün üz-üzə oturmaq xoşbəxtliyi qazanırsan".

Həmin kitabda Mirzə İbrahimovun ən dəyərli əsərlərindən biri olan "1945-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokrat hərəkatı haqqında" adlı irihəcmli məqaləsindən də sitatlar gətirilmişdir.

Doğrudan da, Yardımlı onbirillik məktəbini qurtarıb Bakıya gələndə ilk növbədə görmək istədiyim iki qələm sahibi vardı: Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə.

Mirzə İbrahimovu sevdirən və xəyalımızda qeyri-adi şəxsiyyətə çevirən bir cəhət də onun ana dilimizin təmizliyi uğrunda mübarizəsiydi.

Bu, 60-70-ci illər gəncliyinin əsas dərdiydi və onlar ana dilinin qorunub yüksək status daşımasını milli ideallara çatmağın mühüm mərhələlərindən biri hesab edirdilər.

Mirzə İbrahimovla şəxsi tanışlığımın da maraqlı bir tarixçəsi var...

Universitetin sonuncu kursunda oxuyurduq... Mirzə İbrahimovun "Közərən ocaqlar" pyesi əsasında hazırlanmış tamaşanın müzakirəsiydi... Yığıncağı tanınmış yazıçı, sevimli müəllimimiz Mir Cəlal aparırdı. Yeri gəlmişkən deyim ki, onun məsləhəti ilə Cəlil Məmmədquluzadə haqqında yazdığım kurs işim Mir Cəlal müəllimin o qədər xoşuna gəlmişdi ki, həmin məqaləni universitetin elmi əsərlərində çap etdirmək istəmişdi və bu istək sonradan mənim "Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin" və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etməyimə səbəb oldu.

Həmin axşam isə öncədən hazırlaşmış müəllimlər, alimlər kürsüdə bir-birini əvəz edirdi. O hadisəni və Mirzə İbrahimovla başlanan şəxsi tanışlığımızı sonralar belə təsvir etmişdim:

"Birdən-birə mənə elə gəlmişdi ki, bütün bu çıxışçılar pyesin yanından keçir, müəllifin əsas məqsədini heç biri görə bilmir. Dözməyib, "biz tələbələrə də söz verin!" - dedim, Mir Cəlal müəllim tanıdığı tələbələrindən biri olduğuma görə  mənə söz verdi... Mən də, təbii ki, axına qarşı üzməliydim. Tamaşanı tamamilə başqa yöndən təhlil etdim... Həmişə kürsülərdə duyduğum qəribə bir inam və təlqin gücü ilə əsərə ayrı cür yanaşdığımı dedim. Hər halda, bu çıxışda dramaturqun böyük nüfuzundan zərrə qədər ehtiyat etdiyim duyulmurdu. Əksinə, bütün müzakirə boyu tamaşanın qüsurlarını məndən başqa və belə kəskin deyən olmadı. Salon səsimdəki və sözümdəki fərqli inamı aydın seçirdi.

Bir gün sonra müəllimlərimizdən biri mənə yaxınlaşıb: "Mirzə İbrahimov bizim qohumdur, axşam bir yerdəydik, "o cavan oğlanı çağırın, "Ədəbiyyat və incəsənət" qəzetində işə götürək", - dedi. Bu, böyük qiymətdir də, bilirsən, Mirzə kişi şəxsən özü dəvət edir səni işə. Özü də Yazıçılar İttifaqının qəzetinə".

Bu söhbət gözlənilməzdi. Çünki çıxışım daha çox tənqid üstəydi, içimdəki gizli razılığı boğub müəllimə təşəkkürümü bildirdim. "Sağ olsun, Mirzə müəllimə çatdırın ki, mən yarım ildir həmin qəzetdə işləyirəm!".

Bir neçə müddət sonra Yazıçılar İttifaqına əməkhaqqı almağa gedəndə pilləkəndə təsadüfən Mirzə müəllimlə üz-üzə gəlmişdik. Yaşlı yazıçı görən kimi tanımışdı: "Hə, bala, necəsən? Eşitdim bizdə işləyirsən, yaxşı eləyirsən, yazıçı üçün qəzetdə işləmək məktəbdir". Sonra geri qayıdıb məni otağına apardı. İlk dəfə gördüyüm, vaxtilə Səməd Vurğunun, Mehdi Hüseynin, Süleyman Rəhimlinin oturduğu otağın bütün görkəmində sehrli bir qədimlik və rahatlıq vardı. Sonralar bu otaqda çox görüşlərin, mübahisələrin şahidi oldum. Ordan reportajlar hazırladım, sərt, barışmaz çıxışlar elədim. Həmin gün bu otağa gizli bir vahimə ilə, çəkinə-çəkinə, pörtüb-qızarmış halda girmişdim. Mirzə kişi çox şeylərlə maraqlandı. Ailəm, ata-anam, hansı rayonda, necə yaşayırlar, qəzetə necə gəlmişəm, hansı mövzularla daha çox maraqlanıram, evim varmı və s. Sonra ağsaqqal yazıçı məni tez-tez qəzet üçün yazılar hazırlamağa çağırtdırırdı. Evində, yollarda çox söhbət edib xatirələrini danışmışdı. Amma o ilk söhbətdə hörmətli yazıçıdan eşitdiyim bir məsləhəti heç unutmadım.

Mirzə müəllim məni sorğu-suala tutandan sonra Cənubdan, Bakı fabrik-zavod məktəblərindən, keçdiyi məşəqqətli yollardan danışaraq mənə çox tanış olan əziyyətli hadisələri xatırlatmış və yekunda demişdi: "Mənim də Bakıda heç kimim yox idi. Gücümü oxumağa, öyrənməyə verdim. Sonra gördüm ki, sözün düzünü və qərəzsiz deməkdən başqa yolum yoxdur. Qılıncımı sıyırıb düşdüm ortaya, sağa da vurdum, sola da. Bir də gördüm ki, cavan olsam da, hamı mənimlə hesablaşır. Çıxışını dinlədim, sonra qəzetdə yazılarını oxudum, öz cavanlığım yadıma düşdü. Sən də bizim yolumuzu gedirsən".

"Gələcək gün" romanının müəllifindən, ana dilini rəsmi dil etmək istəyən, buna görə vurulan, adı milli qəhrəman kimi çəkilən böyük yazıçıdan bu qiyməti gözləmirdim, nə qədər sakit yanaşsam da, bu sözlər məni qanadlandırmışdı.

Ağsaqqal yazıçının daha iki məsləhəti həmişə beynimdə fırlanır. Hər dəfə görüşəndə "Vaxtını xırda işlərə sərf etmə, iri əsər yaz!" - deyirdi. İkinci məsləhəti isə Güneylə bağlı idi. Bir dəfə Cənubi Azərbaycan ədəbiyyatı haqqında çıxışıma qulaq asandan sonra elə iclas gedə-gedə bir məktub yazıb göndərmişdi: "Əzizim Sabir, bəlkə sən doktorluq işini Akademiyadan, bizim Cənubi Azərbaycan ədəbiyyatı şöbəsindən götürəsən: "Cənubi Azərbaycan ədəbiyyatı və azadlıq hərəkatı" mövzusunda. Bunu səndən yaxşı yazan olmaz".

Böyük yazıçının xüsusi diqqət və qayğısı çox vaxt özümdən xəbərsiz qolumdan yapışırdı; o ilk söhbətdən qarşısında imtahan verirmişcəsinə sıxıla-sıxıla oturduğum arıq, qarayanız kişinin üzündəki səmimi ifadə illər uzunu, ən gərgin vaxtlarında da itməmişdi. Amma ən əsası "qılınc məsələsi" idi. Bu sözlər məni bütün tərəddüdlü anlarımdan sıyırıb çıxarmaq üçün deyilmişdi, sanki. Düzünə qalsa, elə bütün ömrüm boyu sıyrılmış qılınc kimi yaşamağa məhkumdum. Ayrı yolum olmamışdı; sərtliyin, ötkəm cəsarətin zərərini görəndə isə həmişə yadıma ağsaqqal yazıçının sözü və taleyi düşmüşdü. Sərabla Savalanının arası nədir ki! Diqqətlə araşdırsan, bir də görərsən ki, hansı kökdə, buğumdasa qohum-əqrəbayıq. Amma burası var ki, bu cür gözəl romanların, povest və hekayələrin müəllifi olan, 1945-46-cı il Cənubi Azərbaycanda baş verən hadisələr və bu hadisələrin faciəli sonucları barədə gözəl yazılar yazan, dünyagörmüş qoca son illərdə yorulmuşdu, ətrafda baş verənlərə laqeyddi, elə bil bu hadisələr ona toxunmurdu, yana-yana danışıb, sanki Arazın o tayını bu tayına birləşdirəcəyinə arxayın olan bizlərə baxanda üzündən kökü çox dərində olan ağrı, yaxud ümid qarışıq istehza, ya da nə isə yalnız onun özünə bəlli olan məhkumluqların, çıxılmazlıqların təəssüf dolu əsintisi keçirdi. Qoca çox şey bilirdi! Çox mətləblərdən xəbərdardı. Ən çılğın vəziyyətlərin belə, poza bilməyəcəyi dəmir məntiqi vardı. Sanki heç vaxt əsəbiləşməyib, səhv eləməyib deyilsə, düz olmaz. Çünki gəncliyində özünün də çılğın yazıları olub. Yazıçı yığıncaqlarında, mübahisələr qızışanda tez-tez, "ay yoldaşlar, bir az ehtiraslarınızı cilovlayın" deyirdisə, bu onun ömrü boyu mumiyalanmış kimi görünən arıq simasının indiki donuqluğuna uyğun yaşaması demək deyildi. Əksinə, indi o, həyatı vuruşlarda, yollarda, səfərlərdə keçmiş, ölkələri ələk-vələk eləyib dünyanın bütün sirlərinə açar tapandan, həyatın axarını tək-tək adamların ağlı və iradəsi ilə döyüşməyin mümkünsüzlüyünü görəndən sonra sakitləşən qocaman bir səyyaha, sərkərdəyə və ya gəmi kapitanına bənzəyirdi. İntəhası, burası da var ki, onun bu ölçülü-biçili, səhvsiz, sağdan-soldan bütün tənqidlərə davam gətirə bilən, ağrılı və müdrik çıxışları, yazıları ara-sıra məni əsəbiləşdirirdi. 30-cu illərin qəzetlərini vərəqləyib bəzi arxiv materialları ilə tanış olandan sonra başa düşmüşdüm ki, bu dəmir məntiqin sındığı, təhlükələrdən sığortalana-sığortalana yaşayan kişinin də səhv etdiyi vaxtlar olub və yeri gələndə dolayı yolla, yaşlılarımızın bu səhvlərini açıq və ya örtülü şəkildə özləri oturan məclisdə deməkdən də çəkinmirdim.

Cəmi bir neçə il sonra qocaman yazıçının səbirli, təmkinli hərəkətlərinin səbəblərini başa düşəcəkdim. Sadəcə olaraq, o şəraiti, imkanları, sinəsinə döyüb qışqıran insanları başqalarından daha yaxşı tanıyırmış, zaman dəyişəndə onların necə sifətdən-sifətə düşdüklərini dəfələrlə görübmüş, buna görə də daha tədbirli tərpənirmiş...

Sklerozu başlanmışdı. Amma, bəlkə də, bu bir unutqanlıq deyildi. Unutmağa çalışmaqdı. Hər şeyi unutmaq!

Mirzə müəllimlə bağlı olan əhvalatlar çoxdur. Bir dəfə yenə onun otağında keçirilən bir müşavirə haqqında reportaj hazırlamalı idim. O vaxtkı Mərkəzi Komitədən, Radio və Televiziya Komitəsindən adlarını indi çəkmək istəmədiyim tanınmış adamlar toplanmışdı. Və nədənsə, hamının əhval-ruhiyyəsi çox yüksəkdi. Zarafatlar Mirzə İbrahimovun yığıncağı başlamasına imkan vermirdi. Bir neçə dəfə məclisi başlamaq istəsə də, gülüşlərin, maraqlı lətifələrin arası kəsilmirdi. Mirzə müəllim yenə özünəməxsus təmkinlə: "Ay hörmətli yazıçılar, yaxşı olar ki, bu yumoru burdan əsərlərinizə köçürəsiniz", - dedi. Elə bil, qurbağa gölünə daş atdılar. Çünki məclisdə bu qədər canlı danışmağı bacaran adamların əksəriyyətinin kitabları quru və cansıxıcı idi.

Bir dəfə də Nəsiminin yubileyinə hazırlıq günlərində yenə onun otağına toplaşmışdıq. Kimsə Türkmənistan yazıçılarının Nəsimi ilə bağlı iddialarından söz açdı. Türkmənlərin də Nəsimini öz şairləri saydıqlarını söylədi. Söhbətin bu yerində, deyəsən, Mərkəzi Komitədən kimsə Mirzə müəllimə zəng vurub bu məsələ ilə bağlı Türkmənistandan onlara müraciət etdiklərini çatdırdı. Yəqin, Mirzə müəllimlə məsləhətləşib, onlara nə cavab verməli olduqlarını soruşurdu.

Mirzə İbrahimov fikirləşmədən məsələyə gözlənilməz bir yöndən yanaşaraq telefondakına dedi: "Siz ona cavab verə bilmədiniz? Niyə demədiniz ki, Nəsimi şirvanlıdı, niyə demədiniz ki, Nəsimi seyiddi və şiədi, Türkmənistanda isə o vaxt şiə olmayıb".

Yazıçılar İttifaqının Natəvan klubunda tərcümə məsələlərinə həsr olunmuş bir plenum keçirilirdi. Foyedə Hüseyn Arif ətrafına toplaşmış bir dəstə yazıçıya Mirzə İbrahimovun qeybətini qırırdı: "Yenə o danışacaq. Nə deyəcək bu həmşəri?..".

Bir azdan Mirzə İbrahimov iclası açdı. Və sanki qarasına deyilən bu sözləri eşidirmiş kimi tərcümə haqqında danışığını Hüseyn Arifdən başladı. Dedi ki, "tərcüməçi, ilk növbədə, öz ana dilində gözəl yazmağı bacarmalıdır, məsələn, bizim istedadlı şairimiz Hüseyn Arif öz ana dilimizdə gözəl yazdığına görə erməni şairi Avetiq İsaakyanı elə tərcümə edib ki, tərcümə olduğuna inanmazsan. Orijinaldan daha yaxşı səslənir".

Bu yerdə Hüseyn Arif bir az öncə dediyi sözləri unudaraq ətrafındakılara çevrilib: "Bu kişinin ağzından həmişə dürr tökülür də..." - dedi.

Heydər Əliyevin Moskvaya getməzdən öncə indiki Şəhriyar klubunda keçirilən Yazıçılar qurultayını da yaxşı xatırlayıram. Orda gənclərin adından mən danışmışdım, Heydər Əliyev çıxışımı dörd dəfə kəssə də, hər dəfə mənim irad və tələblərimlə razılaşmışdı. Bundan sonra məni qurultayın hesablama komissiyasının sədri seçmişdilər. Çünki mübahisəli qurultaydı və kimin sədr seçiləcəyi məlum deyildi. Səslər dəqiq hesablanmalı idi. Fasilədə Həsən Həsənov məni arxa tərəfə çağırıb, Heydər Əliyevin mənim çıxışımdan razı qaldığını bildirdi və dedi: "Səslər hesablananda diqqətli ol. Heydər Əliyev nəticə ilə özü də maraqlanacaq".

Səslər sayılıb qurtarandan sonra Həsən müəllim məni Heydər Əliyevin yanına apardı. O, çıxışımdakı bəzi məqamlara münasibətini və razılığını bildirdikdən sonra səsvermənin nəticələri ilə maraqlandı. Mirzə İbrahimovun aldığı səsləri deyəndə güldü: "Şükür, heç olmasa, bir yazıçı tapılıb ki, əleyhinə heç kəs səs verməyib". Həmin qurultayda Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının sədri seçildi. Amma Heydər Əliyevin həmin sözü həmişə hafizəmdə qaldı. Elə bilirəm, o cümlənin arxasında həm də onun özünə münasibətlərin ağrısı dayanırdı. Çünki adamlarımızın çoxu vaxtın, vəziyyətin, vəzifənin quludur. Bu gün başına and içib sabah bıçağı boğazına dirəyər.

Nəhayət, "Yazıçı" nəşriyyatında baş redaktor işlədiyim illərdə də Mirzə müəllimlə tez-tez görüşür və zəngləşirdik. Bir gün məktubunu aldım: "Görkəmli erməni yazıçısı Sero Xanzadyanın kitabını plana salsanız, yaxşı olar" - deyə yazmışdı. Mən Sero Xanzadyanı da yaxşı tanıyırdım və Moskvada, Yerevanda görüşlərimizdə onun, tərtəmiz azərbaycanca danışsa da, içərisində bizi sevmədiyinin, saxtakarlığının şahidi olmuşdum. Buna görə də Mirzə müəllimin xahişini yerinə yetirmədim. Amma Mirzə müəllim məktubunu unutmamışdı. Məni harda görürdüsə, soruşurdu: "Bala, o Xanzadyanın kitabı nə oldu?". Mən hər dəfə müəyyən bəhanələrlə aradan çıxırdım. Amma bir dəfə söhbətimiz ciddiləşdi. "Ay bala, niyə belə edirsiniz? Axı o bizə yaxındır, mənə qardaş deyir, biz də başqalarının tayı ola bilmərik" və s... Mən də bundan o yana ürək sözümü gizlətməyin mümkün olmadığını duyub açıq dedim:

- Mirzə müəllim, mən Sero Xanzadyanın kitabını buraxmayacam.

- Niyə?

- Çünki o, saxtakardı, sizə qardaş desə də, əslində, düşmənçilik edir.

- Ay oğul, sən də ara sözünə uyma. Ədəbiyyatı bu münaqişələrə qatmaq olmaz.

- Mirzə müəllim, sizə qardaş deyən bu adamın Zori Balayanın "Ocaq" kitabı haqqında yazdıqlarını oxumusunuz?

- Yox! Nə kitabdı o?

Mən bu mənfur kitab haqqında məlumat verəndən, ona cavab yazdığımı bildirəndən sonra Mirzə müəllimin halı dəyişildi,  kitabı və yazdığım cavabı istədi. Bir gün sonra apardım. Yazıçı-jurnalist, indi millət vəkili Elmira Axundova da oradaydı. Bir müddət sonra yenə zəng vurub məni dəvət elədi və "al bu məktubla tanış ol" - dedi.

Bu, "Ocaq" kitabı haqqında son dərəcə sərt bir məqalə idi. Və Sero Xanzadyana müraciətlə yazılmışdı. Gülə-gülə, "Mirzə müəllim, xahiş edirəm, bunu arxivinizdə saxlamayın, bir yerə göndərin" - dedim. Söhbətimizin iştirakçısı olan Elmira xanım məqaləni Moskvaya, "Literaturnaya qazeta"ya göndərdiyini bildirdi. Təəssüf ki, ermənilərin ciddi nəzarəti altında olan qəzet Mirzə İbrahimovun da məqaləsini mənim məqaləm kimi çap etmədi.

Belə epizodlar onlarladı və onların hər biri Mirzə İbrahimovun əbədi, mədəni taleyimizdəki yerini aydın göstərir. Moskvada SSRİ Ali Sovetinin sessiyasında ermənilərlə bağlı söylədiyi sözlər isə o vaxt hər kəsin dilinin əzbəri olmuşdu. "Allah insana cəza vermək istəyəndə əvvəl onun ağlını əlindən alır...".

Mirzə İbrahimov millətimizin ağıl, mübarizə, iradə rəmzlərindən biri idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!