Cavanşir Yusifli: - Əli Kərim poeziyasının bu günün çağdaş prosesinə təsiri var

 

- Türk poeziyasında şairlər müəyyən adlar altında, müxtəlif estetik dalğalarda təqdim olunur: Tənzimat dövrü ədəbiyyatı, Birinci yeni, İkinci yeni. Bizim ədəbiyyatda sosrealizm epoxası yaşandığından bu cür ayrıntılar olmadı. Amma bəllidir ki, bu epoxa daxilində belə fərqli poetik yaşamlar təzahür etdi. İstərdim, əvvəlcə bu kontekstdə yanaşaq məsələyə.

- Hər bir milli ədəbiyyatda adını çəkdiyiniz dövrlər, eyni zamanda həm ayrılma, həm də keçidi bildirir, yəni ədəbiyyat, bədii düşüncədə kök salmış prinsiplər, sadəcə, ötürülmür, həm də yeni düşüncə qatının dünyaya gəlməsini, daha doğrusu, dünyaya meydan oxumasının başlanğıcını da bildirir. O ki qaldı sosrealizm epoxasına, bu dövr vahidi, onun daxilində gedən proseslər poetik düşüncənin məcrasını pozsa da, onu sındıra, aradan çıxara və necə deyim, öz rənginə sala bilmədi. Əks təqdirdə, bu gün biz Əli Kərimdən danışa bilməzdik. Yəni ədəbiyyat, bədii düşüncə istədin-istəmədin ilk növbədə qarşı durmaq anlamını bildirir. O başqa məsələ ki, bizdə filoloji təcrübədə bu ana prinsipdən yan keçilir, daha çox həmin prinsipə uyğun gəlməyən əsərlər şedevr adlandırılır.  Qəribə səslənsə də deyim, sosrealizm təkcə bir eşalon makulatura yaratmadı, eyni zamanda bədii düşüncənin müqavimətini artırdı, çünki onun xassəsi elədir ki, sındırıldıqca güclənir, baxın bizim klassik dövr ədəbiyyatımıza. Həmin müqavimət necə böyük bir bədii sistem yaradıb. Böyük ədəbiyyatın yaranma mexanizmlərindən biri də budur, səni son hərfinə, sözünə qədər vurub aradan çıxarmaq istərlər, sənsə ruhunun ən dərin qatına çəkilib nəhəng bir sistemlə ortaya çıxa bilərsən. Bizim sosrealizm epoxasında da bu hal müəyyən dərəcədə baş verdi, özü də fərqli aspektlərdə. Bu epoxanın şairlərini, yazıçı və dramaturqlarını tənqid eləmək üçün onların Lenin və digər atributlara həsr edilən mətnləri hədəfə alınır. Və bu mətnlər də yüksək pafos və çox yüksək poetik gərginlikdə yazılıb. Amma ümumi şəkildə götürdükdə o mətnlər bütöv bir tarixdir, daha sonralar, yəni 60-cı illərdə meydana gələn nümunələrin izahı da onlarsız mümkün deyildir. Yəni deyək ki, "Lenin" poemasını yazan adam həmin illərdə bir sıra konseptual, son dərəcə mükəmməl və gələcəyin bədii istiqamətlərini bəlləyən əsərlər yazdı. Təzyiq, sındırmaq inadı və gərginlik içində məhz milli poetik düşüncənin bütün rəng spektrini göstərən mətnlər. Səməd Vurğunun "Azərbaycan" şeiri. Əks təqdirdə, daha sonralar Anarın, Elçinin və Səmədoğullarının nəsr əsərlərinin poetik gücünü əsaslandırmaq olmaz.

- Konkret kimlərin timsalında baş tutan poetik islahatlardan danışmaq mümkündür?

- Dediyim kimi, çox ağır bir dövrdə ədəbiyyata gələn cavan ədiblər (Müşfiq, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əbülhəsən, Süleyman Rəhimov, İsmayıl Şıxlı və b.) məhz həmin dövrün dəhşətli ağırlıq və gərginliyini sinirdikdən sonra böyük əsərlərini yaratdılar.

Rəsul Rza proqram səciyyəli, yuxarıda dediyimiz kimi, gələcəyin axtarışlarını bəlləyən mətnlər yaratdı. Onun bədii düşüncəsi genişliyi, rəngarəngliyi və şübhəsiz ki, tutumu etibarı ilə ədəbiyyatımızda təsəvvürəgəlməz dərəcədə dərin idi. Yəni Rəsul Rza heç də göründüyü kimi deyil, onun poetik islahatlarının masştabını təsəvvür edə bilmək üçün mətnlərini tam şəkildə, ardıcıllıqla oxumaq lazımdır.  Müşfiq talantı, poetik düşüncəsinin çoxplanlılığı etibarı ilə böyük şairdir. Onun mətnlərinə "qaynaq edilmiş" gedişləri müasir poetik təfəkkürə güclü təsir etdi. Bu günün axtarışlarında Müşfiq aydın şəkildə iştirak edir.

- Əli Kərim poeziyası hansı miqyası ilə görünür bu epoxada?

- Əli Kərimdə adını çəkdiyimiz böyük şairlərimizin hər birindən nəsə var, Rəsul Rzadan dərinlərə işləyən, nüfuz edən təfəkkürü, sözün içindəki enerjini idarə edə bilmək bacarığı, Müşfiqdəki özünü bildirməyən, yatmış, "lava" halında olan poetik ehtiras və sair. Səməd Vurğundakı özünü şeirə çevrimək inadı. Əli Kərimin belə deyək, yaratdığı cazibə sahəsi anadilli poeziyamızın ən dəyərli cəhətlərini özünə çəkib tam yeni bir dünya inşa etdi. Baxın onun Rəsul Rza, Müşfiq və Səməd Vurğuna həsr etdiyi şeirlərə. Bu qatda Əli Kərimdə Şəhriyar üslubu rişələnir, niyə, soruşulsa, belə deyərdik: Şəhriyar kimi, Əli Kərim də özündən əvvəlki poetik ənənəni gözəl bilirdi, bunu öz damarlarında hiss edirdi, bu səbəbdən son dərəcə həssas bir şair idi, onu bu dünyadan xəstəlikdən çox həmin həssaslıq apardı. Şəhriyarın klassiklərə həsr elədiyi bir şeiri var, Məsiağa müəllim sətri tərcümə edib, Nizami, Xaqani, Fərabi, Şəms və başqa şair və filosofların yerini və xarakteristikasını elə dəqiqliklə  müəyyənləşdirir ki, heç bir filoloq və nəzəriyyəçi bunu bu şəkildə bacarmazdı. Əli Kərim Rəsul Rzanın poetik islahatlarının mənasını çox dəqiq və lakonik şəkildə ötürür.  Əli həm də Rəsul Rzanın forma uğrunda mücadilələrinin nəticəsi kimi görünür - mükəmməl sərbəst şeir ustası. Ovcunun içinə alıb üzünü // Vurğun söz deyirdi, könül yaxırdı// Şairlər unudub şairliyini// bir oxucu kimi ona baxırdı. Bu, Səməd Vurğundur, Əli Kərimin təqdimatında.

O miqyası bəlləyən başqa bir əlamət: elə S.Vurğundan fərqli olaraq ədəbi prosesə məsafədən təsir göstərmək, əsiri olan ardıcıl yox, ənənə yaratmaq, sistem qurmaq.

- Zənnimcə, bizdə belə bir şeirin yolu Rəsul Rzanın "Rənglər"indən başlayır. Hər halda modernə keçidi yetişdirir özündə.

- Bəli, Rəsul Rzanın "Rənglər"i bir sıra digər mətnləriylə bərabər bizim poeziyaya açılan yeni pəncərə idi. Tənqid edildikcə onun təsir dairəsi artdı, gücləndi, siz deyən kimi, sosrealizm epoxasında dünyanın poetik mənzərəsinə inteqrasiyanı təmin etdi.

Bəzən mübahisələr gedir, bizdə modernizm olub, ya yox? Məncə, məsələnin bu şəkildə qoyuluşu düzgün deyil, bu kimi sual vermə tərzi, şübhəsiz ki, mətnləri dəfə-dəfə oxumamaqdan irəli gəlir. S.Vurğunun nə qədər misrası var, zərb-məsələ çevrilib, yəni "nitq janrının", bizim  gerçəkliklə ünsiyyətimizdə aparıcı fiqur kimi iştirak edir. Rəsul Rzanın elə misra və deyimləri var ki, düşüncəmizə qida verir, müəyyən situasiyalarda aydınlaşdırıcı rol oynayır, məsələn, ... nadan yüz yol oxusun, yenə bir şey anlamaz... Yəni bu imzalar, xüsusən R.Rza modern düşüncə qatını damla-damla icad edən fiqurlardır. Bunlardan sonra uzandıqca uzanan magistral yol görünür.

- Poeziya kultuna çevrilən şeirlər var. Əli Kərimdə də bu cür şeirlər çoxdur. Hətta bir neçə: "Şəhidliyin zirvəsi", "Qayıt".  Yaxud modernist düşüncənin əlamətləri olan "Xətlər variasiyaları" silsiləsindən olan şeirləri, "Fraqmentlər", "Kürə yağış yağırdı" kimi nümunələri və s. Amma mən nə üçünsə "Atamın xatirəsinə" şeirini daha müstəsna bilirəm. Bu şeiri özəl edən, digərlərindən ayıran nədir? Dünya poeziyasında buna oxşar şeirlər çoxdurmu?

- Bu kimi xüsusiyyətləri dəqiq öyrənmək üçün həmin dövrdə ədəbi prosesə nələrin güclü təsir etdiyini araşdırmaq lazımdır. Bəzən bu kimi təhlillər "əl havasına" aparılır. Məsələn, Gümüş dövr poeziyası və Əli Kərimin mətnləri - bu barədə nəsə deyilibmi?

Sualınıza cavab olaraq deyim ki, Əli Kərimin poetik təfəkkürünün özümlülüyü ondaydı ki, o, istənilən mövzunu mətləb reyestrinə gətirə bilirdi. Bunu mərhum Yaşar Qarayev yaxşı tutmuşdu. "Qayıt" şeirinə baxın - Məmməd Arazın fikrincə, burda poetik düşüncənin zirvəsi görünür. Rəsul Rza da onun ölümündən sonra çıxan kitabına ön sözdə belə yazırdı: bunları, bu unikal deyimləri də Əli Kərim yazıb, başqa bir şair bunları deyə bilməzdi. "Xətlər variasiyası" və bir sıra balladaları, eyni zamanda həm eksperiment, həm də mükəmməl bədii mətn nümunələridir. "Şəhdiliyin zirvəsi" tutumu, mənası etibarı ilə neçə poema "həcmindədir". "Kürə yağış yağırdı" şeirində başqa bir Əli Kərim var - rəssam, şair, musiqiçi...

Düzdür, "Atamın xatirəsinə" şeiri çox sevilir, içindəki dəfedilməz nisgilə görə, bu, eyni zamanda yaddaşı yaralayan və ona məlhəm olan bir nümunədir. Ancaq Əli Kərim təkcə bu şeirlər deyil, başqa Əli Kərimlər də var: "Üçüncü simfoniya", "Üçüncü atlı", "Palatada saxlanmış şeirlər" və sair. Bir də bu:

...Gün doğdu...

Hər yerdə parladı bahar.

Zanbaqlar başını suyun altından

Şirin bir yuxudan çəkdiyi zaman,

Amma güllər, otlar, başqa çiçəklər

Qaldırdı başını

zərbə altından.  

Dünya ədəbiyyatında bu kimi imzalar çoxdur. Elə sizin "Ədəbiyyat qəzeti"ndə Əli Kərim və Sipehri haqqında yazım çıxmışdı. Hər iki şair 60-cı illərdə dünya poeziyasında gedən orijinal prosesləri, fəlsəfi təmayülləri dəqiq fəhm edib mükəmməl mətnlər yaratdılar.

- Sizin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi", "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" kitablarınızda qabarıq olan bir cəhət var: Əli Kərim şeirlərinin Azərbaycan poeziyasının müxtəlif mətnləri ilə virtual-daxili səsləşmələrini meydana çıxarmaq. Bəs bu şeirlərin bu gün çağdaş poeziya ilə kəsişmə xətləri varmı, yəni dialoq baş tuturmu? 

- Əslində, milli ədəbiyyatın bütün mətnləri bir-birilə daxili səsləşmədə (inkar və təsdiq) dünyaya gəlir. İstənilən klassikin, deyək ki, Nəbatinin kitabını götürün, yazıldığı məqamda bir yerə cəm olub kiçik bir divanı bildirir, zaman keçdikcə oxucular bu şeirləri oxuduqda öz hisslərini mətnlərə qatır, onlarla dialoqda olurlar. Və beləliklə, həmin kitab bütün dünyanı tutur.

Bütün böyük şairlər kimi, Əli Kərim poeziyasının da bu günün çağdaş prosesinə təsiri var, dialoq formasında. Bu, kimsədən və hansısa faktordan asılı olmayan bir haldır. Çünki zamanı aşdıqdan sonra mətnlərin müasir düşüncədə yaşamaq "seansı" başlayır, nə qədər orijinal olsa, yaxud görünsə də, hər yeni şeir, ənənənin davamıdır (elə lap inkar formasında), istənilən şair bu şəraitdə yaşayır, nəfəs alır və milli ruhu ifadə edir. Diqqət edin: Əli Kərim dünyadan köçdükdən sonra onun üslubunda şeir yazanlardan çox, ona şeir həsr edən şairlər çox oldu. Bu ithafları başqa sözlə, həm də Əli Kərimin öyrənilməsi kimi nəzərdən keçirmək olar. İsa İsmayılzadənin, Məmməd Arazın, Çingiz Əlioğlunun və çox sayda digər şairlərin hər birinin belə ithaf şeirlərində şairin özəl cəhətləri aşkarlanır. Bu şeirləri bir kitaba yığsaq, sizə qəribə gəlməsin, başqa, çox fərqli bir Əli Kərimi görmüş olarsız. Yəni poeziya həmişə möcüzələr yaradır, bədii mətn əsər adlı məmləkəti tərk etdikdən sonra milli poetik ənənənin ən dərin qatlarındakı cizgiləri də özünə çəkir, paylayır, ötürür, indi biz həm də Rəsul Rza, Saib Təbrizi, Tufarqanlı, Səməd Vurğun, Nəbati, Füzuli, Sarı Aşıq, Nəsimi, Xaqani, Müşfiq kimi ədiblərin güclü cazibə və maqnit sahəsi altında yazırıq. Ana dilimizdə.

Söhbətləşdi: A.Turan

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!