İmadəddin Nəsimi - Qərbin inkişafında humanist düşüncənin təsiri - Sayman ARUZ yazır

Üçüncü yazı

 

Qərb mühiti "self-assertion"i seçdi. Yuxarıda da qeyd etdiyim kimi, "self-assertion" Qərbi xəllaq olmağa, xəlq etməyə tərəf yönətdi. Ancaq Şərqdə xəlq etməyi, xəllaqiyyət göstərməyi sırf ilahi xüsusiyyət bildikləri üçün xəllaq olmağa can atmadılar. Xəlq etmək yalnız Allaha məxsusdur deyə, ondan uzaq durmağa çalışdılar. Şərq məxluq olmağı seçdi. Məxluq isə öz xaliqinə şükr və ibadət etməkdən başqa, heç nə bilmir, bacarmır. Həyat onun üçün passivdir və bir xətt üzrə davam edir. Şərq klassik ədəbiyyatı başdan-başa xaliq qarşısında təslim olmaq fəlsəfəsinin təbliğinə sərf olunubdur. Bəzən də ariflər xaliqin yerini məşuq, ya eşq ilə əvəz etməklə cəmiyyəti zahirən "Allah" qorxusundan azad etməyə, qorxularını yumşaltmağa çalışıblar. Klassik Şərq arif-ədibləri "Allah qorxusu"nun yerinə "Allah sevgisi"ni qoydular.  Ancaq həm "Allah", həm də eşq, dini köklərə bağlı idilər deyə, cəmiyyəti eyni mərkəz ətrafında fırlanmaqdan nicat verə bilmədilər. Tədqiqatçılara da məlum olduğu kimi, klassik Şərq ədəbiyyatı aşiqi məşuq qarşısında uduzmağa, ondan başqa heç nəyə bağlı olmamağa çağırır. Eşq aşiqin, arifin və habelə hər bir fərdin məqsəd və məqsuduna çevrilir. Hansı ki, məşuqun həyatında aktivliyin deyil, passivliyin səbəbkarı kimi büruzə verilir. Klassik irfan nəzəriyyəsinin təyin etdiyi irfani pillələr isə fərdin aktivliyini deyil, onun münzəvi olmasını, inzivaya çəkilməsini, tərki dünya olmasını təmin edir. Şərq insanı sürrealist, Qərb insanı realist böyüyür. Klassik irfan qətiyyən "insanmərkəz" deyildir. Əksinə, insanın "Allah" qarşısında olan əbd və kölə durumunu yumşaltmağa, əbd və köləliyi dini icbar şəklindən uzaqlaşdıraraq sevgi və eşq ilə ona irfani pərdə çəkdi. Mən əminliklə deyə bilərəm ki, klassik irfan nəzəriyyəsi qədim mütəkəllimlərin, din təbliğatçılarının və teokratik düşüncələrə sahib olan hakimiyyət çevrələrinin "self-assertion" qarşısında yaratdığı cəbhə idi. Ona görə də klassik irfan pillələri sonuc olaraq insan və saliki "öz"ünə deyil, yenə də onların sevdiyi "Allah"a tərəf yönəldir.

Şərq insanı ilahiləşdirmək üçün onun bütün ixtiyar və gücünü əlindən alır, onu Allahın qarşısında heç bir ixtiyar və iradəsi olmayan insana çevirir. Müqabilində isə fərdə elə bir vədlər verir ki, fərdin onlara tam şəkildə çata bilməsi mümkün deyildir. Ona görə də fərdlər zahirən kamillik yolunun saliki kimi görünsələr də, heç vaxt kamil ola bilmir, inzivaya uğrayırlar. Şərq fəlsəfəsi insanı kəmal, fəzilət, lütf, hüsni xulq, mehribanlıq, rəhm və bu kimi dəyərlərə sahib olmağa, bütün pis əməllərdən uzaq durmağa çağırır. Demək ki, Şərq fəlsəfəsi müəyyən dini-insani dəyərlərə əsaslanaraq Şərq insanının bütün rəftarlarını şəriət vasitəsilə kontrolda saxlamaq istəyir. Allaha mənsub etdiyi bütün "əsmaül-hüsna"nı cəmiyyətdə təbliğ etsə də, nədənsə, Allahın xəlq etmək xüsusiyyətini cəmiyyətdən almağa çalışır. Heç bir Şərq arifi, şairi, ruhanisi və mürşidi öz tələbələrinə "gedin, Allah kimi xaliq olun" əmrini, göstərişini verməyib. Nədənsə, heç bir dini kitab və ya risalələrdə fərdin xaliq olmaq zəruriyyətindən, xaliq olmağın fəzilətlərindən heç bir söhbət edilməyib. Halbuki, ilahiləşməyin ən asan və doğru yolu "Qurani-Kərimdə" də qeyd edildiyi kimi, xaliq olmaqdan keçir. İnsanlar xəllaqiyyətlərinin səviyyəsi qədər ilahiləşə bilirlər. Yəni insanlarda olan xəllaqiyyətin səviyyəsi onların kamillik səviyyələrini ölçmək üçün ölçü vahidi kimi nəzərə alına bilər.  Kainat və dünyanı yaradan Allah-Taala, rəhman, rəhim, qəhhar, qəttal, olmazdan əvvəl xəllaq və xaliq olub. Yalnız dünya və insanları yaradandan sonra idi ki, onun digər xüsusiyyətlərinin də şahidi ola bildik. Xəllaq olmağı, xaliq kimi yaşamağı ən böyük insani-ilahi əxlaq da hesab etmək olar. Yəni xəlq etmək ən birinci və əsl ilahi əxlaq prinsipidir. "Praktik irfan" nəzəriyyəsinin təklif etdiyi irfani pillələr də əsl ilahi-insani əxlaq prinsipləri, dəyişməz ümumbəşəri dəyərlərdi.

Dini basqıların olduğu Qərb camiələrində insanlar Allahın xəllaqiyyət sahibi, xəlq etmək gücünə iman gətirdikdən sonra humanist olaraq inkişaf edə bildilər. Humanizm məktəbindən yaranmadan öncə Allahı sübut etmək üçün demək olar ki, heç bir tutarlı ilahi xüsusiyyət meydanda yox idi. Humanizm nəzəriyyəsində insanlara öyrədildi ki, Allah kimi olmaq istəyirsinizsə yaradın, xəllaq olun, hünər sahibi və sənət sahibi olun. Halbuki, humanizm yaranmadan öncə Allaha oxşamaq, ona yaxınlaşmaq istəyən insanlara "səbirli olun", "mehriban olun", "şükr edin", "ibadət edin" kimi təlimlər verilirdi. Həmin təlimlərin nəticəsi olaraq yaranan təsəvvüf məktəbi Şərqin qazana biləcəyi ən böyük xəstəlik idi. Ən böyük arif də o şəxs hesab edilirdi ki, gələcəkdən xəbər verə bilir, öncəgörənlik edə bilirdi. O zaman həmin öncəgörən fərdi ilahi elmin güzgüsü kimi təqdim edirdilər. Məsələn, Mövlanə Cəlaləddin deyirdi:

Padşahan ayene şahiyye həq,

Arefan merate agahiyye həq.

Yəni: "Şahlar Allahın şah olduğunu göstərən güzgülər,

Ariflər isə Allahın hər şeydən agah olduğuna dair sübutlardılar".

Mövlanə də klassik arif-filosoflar kimi, yer üzündəki bütün hadisələri Allahın dərgahında olan və baş verən hadisələrin əksi kimi bilirdi. Ona görə də yer üzündəki şahları Allahın sultanlığına və ariflərdə olan mərifəti də ilahi elmin güzgüsü kimi hesab edirdi. Təbiidir ki, belə olan təqdirdə yer üzündəki insanların kütlə, kölə və əbd (ibadət edənlər, tabe olanlar) kimi formalaşdırılması da gözləniləndir. Məsələ burasındadır ki, Mövlanə də daxil olmaq şərtilə heç bir Şərq arif-filosofu Allahın xaliq olmaq sifətindən, xüsusiyyətindən bir kəlmə belə söhbət açmayıb. Bəzən Məsnəvi-ye-Mənəvidə

"Bade əz ma məst şod, ney ma əz u".

Yəni: "Badələrin məstliyi bizdəndir, badə deyil ki, bizi məst edir".

kimi beytlərə, düşüncələrə rast gəlsək də, bu fikir ictimai məfkurə kimi vüsət tapa, ümumiləşə bilmədi. Təbiidir ki, bunun da səbəbi hakim təbəqə tərəfindən insanları xaliq olmaqdan çəkindirmək, xəlq etməyi sırf ilahi xüsusiyyət saymaq idi. Bəzən də Xaqani Şirvani, Mənsur Həllac, Nəsimi, Şəms Təbrizi kimi xəllaqiyyəti, insanmərkəzliyi təbliğ edən arif-şairləri də faciəvi və nümayişkaranə şəkildə öldürməklə digər insanları bu növ düşüncədən uzaqlaşdırmağa çalışılırdı.

"Qurani-Kərim"də sözümü təsdiq edən bir çox ayələr vardır. Hansı ki, Allahın böyüklüyünü onun mehriban, rəhman, rəhim və s. xüsusiyyətlərində deyil, məhz xəllaq olmağında görür. Məsələn, "Mömin" surəsində belə bir ayə vardır:

"Fətəbarek əllahü əhsənül xaliqin."

Yəni: "Allah ən yaxşı xəlq edənlərdəndir".

Demək ki, Allahdan başqa digər xaliqlər də vardır ki, xəlq edə, yarada bilirlər.

Və ya "Ələq" surəsində:

"İqrə bismi rəbbikə əlləzi xələq, xələqəl insani min ələq"

Yəni: "Oxu o Allahın adı ilə ki, hər kəsin xaliqidir. Və insanı qan laxtasından xəlq etdi".

Demək ki, Allah, insanı yaratmazdan öncə qan laxtası var imiş. Allah-Taala isə həmin qan laxtasını insan simasında xəlq edibdir. Tarix boyu müxtəlif şərhçilər bu ayə barəsində müxtəlif şərhlər versələr də, həqiqət budur ki, ilahiləşmək yalnız və yalnız xəlq etmək vasitəsilə mümkündür və yalnız fərdi istedad və bacarıqlarını kəşf etdikdən sonra fərd ilahiləşməyə doğru hərəkət edə bilər. Əslində, "Qurani-Kərim"də olan bütün surə və ayələr bizi xaliq olmağa çağırır. Halbuki, klassik ədəbiyyat və irfan əksinə olaraq fərdləri bu ilahi xüsusiyyətdən, yəni xəllaq olmaqdan uzaq saxlamağa çalışır.

İnsan mahiyyət etibarilə gözəl varlıqdır. Onun bütün bədən üzvləri və xüsusiyyətləri gözəldir. Renessans ya Avropa intibahından sonra Avropa mütəfəkkirləri qədim Yunan məfkurəsinə geri qayıdaraq insana aid olan hər şeyi gözəl görməyə başladılar. Heç bir insani xüsusiyyət pis və gərəksiz sayılmadı. İnsan bədəninə oxşar düzəldilən lüt heykəllər hələ də muzeylərdə sərgilənir. Nə bu lüt bədənləri, nə də onları xəlq edən sənətkarları pis hesab etmirlər. Avropa cahiliyyət dönəmində pis hesab edilən hər şey yaxşı və gözəl göstərilməyə başladı. Kilsələrin hakimiyyəti dönəmində insanlarda olan şəhvət kimi guya heyvani hisslər gizlədilsə də Renessansdan sonra vacib və insani hesab edildi. İnsan məqamı o qədər yüksəldi ki, heç bir bəhanə ilə onu kiçiltmək, aşağılamaq olmazdı. Heç bir heyvani xüsusiyyət insanlarda nöqsan kimi sayılmadı. Daim stress və narahatlıq içərisində əzilən insan artıq özünə, öz gözəlliklərinə güvənir, xaliq kimi çıxış edirdi. İnsan o qədər özünə inandı ki, öz istedad və haqlarını kəşf etməyə başladı. Özünü haqlı mövcud hesab etdi. Humanizmin yaratdığı insan tələbkar insan idi. Haqqını həm özündən, həm kainatdan, həm də Allahdan tələb edirdi. İlahi ədalət insan haqlarının, insanların başına gələn faciələr qarşısında əqlin məhkəməsinə dəvət edildi. Artıq insan yalnız özünü deyil, həm də təbiəti öz hökmü altına almağa başladı. İnsanlar elm vasitəsilə təbiətə hakim oldular. Elm və texnologiya insanları qəza və qədər anlayışından nicat verdi. Təbii hadisələr insanların taleyini dəyişə bilmədi və insan öz taleyinə müsəllət olmağa başladı. Nə sel, nə zəlzələ, nə taun və nə heç bir təbii bəlalar insanı qorxuda bilmədi. Əksinə, elm və özgüvən insanlara kömək etdi ki, həmin təbii bəlaların qarşısında qalib ola bilsin.

Məsələ burasındadır ki, niyə Şərqdə Qərbdə baş verən elmi inkişaflar baş vermədi? Niyə dini xurafatlar yerini elm və texnologiyaya vermədi? Niyə Şərqdə "ənəlhəqq" kimi özünü büruzə verən humanizm sonda yerini ictimai "self-assertion"ə vermədi?

Qeyd etdiyimiz kimi, Şərqdə də Qərbdə olduğu kimi, Allah qorxusu ciddi şəkildə tüğyan edirdi. Qərb o qorxunu "self-assertion" vasitəsilə az da olsa dərman edə bildi. Ancaq Şərq dünyası, ilahi qorxu ilə bir növ razılaşdı. İlahi qorxu yerini elmə deyil, ilahi eşqə verdi. Şərq insanı "qorxulu Allah"ı özündən uzaqlaşdırmadı. Əksinə, onu qorxulu sima kimi deyil, məhbub, məşuq kimi insanlara geri qaytardı. Əslində, Şərqin ibadət etdiyi "Allah"ın forması müəyyən qədər dəyişsə də, mahiyyət etibarı heç də dəyişmədi. Şərq insanı Qərb insanı kimi "Allah"ı qovub onun yerinə oturmadı, tam əksinə, Allahına yenidən vurularaq, heyran olaraq, ona aşiq oldu. Allaha xaif olmağı, Allaha aşiq olmaqla dəyişdi. Onu müxtəlif gözəl xüsusiyyətlərlə bəzəyib sevimli bir məşuqa çevirdi. Şərq insanı özünün bəzədiyi "Allah" ilə öz həyatına məna qatmağa çalışdı. Həmin məna vasitəsilə də öz "hüviyyət"ini axtarmağa, kəşf etməyə çalışdı. Ona görə də humanizm Qərbdə olduğu kimi, Şərq insanının məfkurəsində özünə yer edə bilmədi. Xaqani, Nizami, Əttari Neyşaburi, Füzuli, Nəsimi və Mövlanə kimi arif-şairlərin insanmərkəzliyi təbliğ etmək çabaları da Allahmərkəz nöqtələrə bağlı olduğu üçün "self-assertion" və humanizmə çevrilə bilmədi.

Mənə elə gəlir ki, nə Şərqin ilahi eşqi, nə də Qərbin "self-assertion"i təkbaşına insanların xilası yolu deyildir. Avropanın modernizm dönəmindən bu günə qədər başına gələnlər göz qabağındadır. İnsan kainatda tək deyildir. Ona görə də "self-assertion" insanı mühit, "Allah" qorxusu, xəstəliklər və təbii bəlalardan müəyyən qədər xilas edə bilsə də ruhi və psixoloji baxımdan modern insanları uçurum nöqtəsinə gətirmişdir. Ruhun tənhalığı isə elə bir xəstəlikdir ki, onu heç bir texnologi vasitə ilə dərman etmək mümkün deyildir. Eyni zamanda, Şərq, ilahi eşq vasitəsilə ruhun rahatlıq yollarını axtarmağa, kəşf etməyə çalışsa da ictimai həyat baxımından əsl faciə dönəmini yaşayır. Heç bir irfani yol və məqam ictimai xoşbəxtliyin təminatçısı deyildir. Şərq məfkurəsi, o cümlədən klassik irfan nəzəriyyəsi "təkallahlıq" və vəhdət üzərində qurulduğundan fərdçiliyə xidmət etdi. Hər şey bir nöqtəyə cəmləşir, bütün baxışlar bir nöqtəyə tuşlanır, hər kəs bir nəfərə xidmət edirdi. Həmin bir nəfər və ya vəhdət nöqtəsi isə bir çox hallarda özünü teokratiya kimi büruzə verərək ictimaiyyətin hakimi kimi təqdim edildi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!