Yevgeni Yevtuşenkonun 10 həyat qaydası

 

Məşhur Sovet və Rusiya şairi Yevgeni Yevtuşenko aprelin 1-də 85 yaşında ABŞ-da vəfat edib. Onun nəşi aprelin 12-də Moskvada torpağa tapşırılacaq. Şairin ayrı-ayrı müsahibələrindən həyat qaydaları ilə bağlı fikirlərini təqdim edirik.

Bir tikə çörəyə görə şeir

oxuyarkən, həyatda

nə ilə məşğul olmağın

məsuliyyətini dərk etdim

Hələ uşaq yaşlarından mən şeirlərin əhatəsində olmuşam. Atam geoloq vəzifəsində çalışmasına baxmayaraq, bütün ömrü boyu şeir yazmaqla məşğul olub. Məhz şeirə olan həvəs də mənə atamdan keçib. Şair olmaq haqqında qərar isə ağlıma gözlənilmədən gəlib. Müharibə dövründə biz Moskvada yaşayırdıq. Alman faşistləri Moskvaya yaxınlaşarkən, anam məni Sibirə evakuasiyaya yola saldı. Mən düz dörd ay qatarda yol getdim, aclıq məni tamam taqətdən salmışdı.

Vəziyyətdən çıxmaqdan ötrü tədbir görmək lazım idi. Qatar stansiyalarda dayanarkən, bir tikə çörəyə görə düşüb adamlar üçün şeir söyləyirdim. Növbəti dayanacaqların birində hansısa bir qadın oxuduğum şeirdən təsirlənərək, göz yaşlarını axıda-axıda çörək bulkasını tən yarıdan bölərək mənə verdi. İkinci şeiri də söyləyərkən, qadın özünə saxladığı çörəyin yarısını kəsib mənə uzatdı. Daha sonra ovcunun içində tutduğu qırıntıları dili ilə yalamağa başladı. Bax, məhz şahidi olduğum bu hadisədən sonra mən həyatda nə işlə məşğul olmağın məsuliyyətini dərk etdim.

Məni öyrətmişdilər ki,

şeir yazmayanlara

ehtiram göstərəsən

Çox illər öncə həyatımı dəyişən bir hadisə baş verdi. "Sovetski sport" qəzetində mənim ilk şeirimi dərc etdirdilər. Bu vaxt mənim hələ 16 yaşım tamam olmamış, heç pasport belə almamışdım. Nəşriyyat Lubyan meydanı ərazisində yerləşirdi. Mən oraya şeirlərimi gətirib təqdim etdim. Redaktor diqqətlə onları oxuyandan sonra dedi:"Oğlan, sənin şeirlərin çox pisdir! Vaxt gələcək sən özün də haçansa onları oxuyub güləcəksən. Amma sən bacarıqlısan, inanıram ki, yaxşı şeirlər yaza bilərsən. Odur ki,  hər şeyi ağılın və düşüncənin süzgəcindən keçirmək lazımdır. Başa düşməlisən ki, şeir hantel deyil, istədiyin vaxt götürüb oynaya biləsən. Şeir tövbədir, etirafdır. Və sən özün tövbə, etiraf etməklə yanaşı, başqalarının, yəni şeir yazmağı bacarmayanların, etiraflarını ifadə etmək istəsələr də, Allah onlara istedad vermədiyindən  bunu bacarmayanların əvəzində etməlisən.Çünki sən istedadlısan. Ona görə də bu şeirlərin pis olduğunu dərk etməkdən ötrü onları mətbuat səhifələrinə çıxarmalısan".

Həmin şeirləri doğrudan da dərc etdirdilər. Bilsəydiniz necə sevinirdim! Qarşıma çıxan köşklərdən bütün qəzetləri alıb yolda rastıma çıxanlara bağışlayırdım. Mənim şeirlərim həqiqətən də gülməli idi. Redaktorun mənə:"Sənin yaxşı şeirlər yazacağın vaxt hələ irəlidədir" söylədikləri sonradan həqiqətən də düz çıxdı.

Kefim istəyən kimi

geyinirəm və dadlı

yeməkləri xoşlayıram

Bilirəm, bəziləri mənim əcaib geyimimdən qıcıqlanırlar. Amma mən kefim istəyən kimi geyinirəm. Mən Sibirdə həbsxanaların pambıq gödəkçələrinin və əsgər kamuflyajlarının arasında boy atıb böyümüşəm, ona görə də parlaq rəngləri xoşlayıram. Dadlı yeməklərdən də xoşum gələr. Xüsusən donuz piyi üçün sinov gedirəm. Amma nə edəsən ki, mənə donuz  piyi  yemək olmaz - çünki sağlamlığıma ziyandır.

Yadımdadır, müharibə illərində adamlara boş qaynar su verirdilər. Mən isə vağzalda alverçilərə məxsus bitki yağında yaxşıca qaynadılmış kartofla şorlanmış kələm yarpaqlarını yeyirdim. Bu dəm mənə qışqırdılar:"Oğru! Oğru!".  Çünki mən heç kimdən icazə almadan kartofu götürmüşdüm. Amma mən oğru deyildim. Mənim yediyim şeyləri pul ilə almağa hətta maddi imkanım da vardı. Sadəcə, bu şişmanı görəndə özümü saxlaya bilmədim. Mən artıq 24 ildir ki, siqaret çəkmirəm. Stolüstü tennis oynamağı, səyahət etməyi, gitarada, baxmayaraq ki, səsim pisdir, çalmağı çox xoşlayıram.

Mənə yalnız iki şey

lazımdır: iş və məhəbbət

Hər şey olduğundan da sadədir - mən xoşbəxt və sevilən adamam. Bir amerikan yazıçısı, təəssüf ki, familiyasını heç cür xatırlaya bilmirəm, bir dəfə etiraf etmişdi ki, həyatda ən çətin iş sevməyi bacarmaqdır. Yəni, çoxları yaşayıb ömür sürür, amma sevginin nə olduğunu axıra kimi anlaya bilmirlər. Maraq məni çəkdi, cəsarət edib soruşdum:"Bəs bu, nə olan şeydir?" . O, isə cavabında:"Məhəbbət müqəddəs qızdırmadır", - deyə bildirdi. Bilirsiniz, mən həmin amerikalı yazıçının dedikləri ilə razıyam.

Sözün həqiqi mənasında müqəddəs qızdırmanın səviyyəsində yalnız dəlilər dayanmağı bacararlar. Müqəddəs qızdırmanın əvəzini isə "ağlabatan ehtiras" adlandırdığım incəlik, zəriflik tutur.  Məhz bu hisslər həmişə mənim yaradıcılığımın mühərrikləri olub. Arvadım deyir ki, həyatda mənə yalnız iki şey gərəkdir: iş və  məhəbbət. Çox gözəl deyib!  Mənim üçün əsas şərt əlimin altındakı kağızın üzərinə fikirlərimi köçürmək və pərəstiş etdiyim qadının yanımda olmasıdır. Mənim məhəbbətim başqa şeylərin üzərinə də işıq saça bilər: məsələn, kitab mütaliəsindən, yaxşı kinofilmə tamaşa etməkdən, teatra getməkdən həyatımı kənarda təsəvvür edə bilmirəm. Bir də futbola məftunam!

Əgər sevdiyin insan sənə

laqeyddirsə, bunu onun

üzünə demək lazımdır

Robert (Rojdestvenski - tərc.) ölümqabağı gözəl bir şeir yazmışdı. Bir müddət əvvəl o, yaranmaqda olan pop qrupların caynağına keçmişdi. Düzünü desək, onun qələmə aldığı mahnı mətnləri heç də həmişə yaxşı olmurdu. Buna görə hətta bir neçə dəfə məni onunla dalaşmağa da cəhd göstərmişdilər.

Mən qərara aldım ki, ona şəxsən məktub yazıb fikirlərimi çatdırım. Məktubda təhqiredici heç bir ifadə yox idi. Əgər sən sevdiyin insanın yolundan kənara çıxdığını gördüyün təqdirdə, bunu gərək onun üzünə deyəsən. Ədəbiyyat İnstitutunda oxuduğumuz vaxtlarda da şairlərin şeirləri, xüsusən qadağan olunmuşlar, barədə biliyimizi yoxlamaqdan ötrü belə edərdik. Mənim məktubumdan, Allah bilir, Robertə nələri üfürmüşdülər.

Xoşbəxtlikdən onun kiçik qızı Kseniya həmin məktubu qoruyub saxlamışdı. Robert üçün onu oxumaq çox ağır idi, amma bununla belə biz onunla əsla küsmədik.

Vətən - bizimlə sizsiniz

və biz hər şeyə görə

cavab verməliyik

Bilirsiniz, Vətən də canlı varlıqdır.  Onun qoynunda bizim həyatda rast gəldiyimiz insanlar - qadınlar, uşaqlar yaşayırlar. Vətən siyasi şüarların və ifadələrin dəsti deyil. Vətənə olan sevgi də siyasi quruluşa olan sevgiyə bənzəmir. Bu, həm də təbiətə olan sevgi deyil, baxmayaraq ki, təbiətin özü də canlı varlıqdır. Şeirlərimin birində Vətənin bir çox məsələlərdə günahkar olduğunu söyləmişdim.

Yəqin ki, hansısa ikiüzlü təəccüblə durub deyəcək: "Heç belə də iş olar? Vətəni nəyə görə günahlandırmaq nə dərəcədə düzgündür?" Amma deyim ki, Vətən sizinlə bizik! Odur ki, biz hər şeyə görə cavab verməliyik.Özü də həm keçmişə görə, həm də bu günə görə. Məhz belədə gələcək üçün məsuliyyət hissimiz yaranacaq.

Mən uzun müddət

pravoslav məbədində

şeir oxuya bilmədim

Bütün məzhəblərə məxsus məbədlərdə şeir oxumuşam. İstisnasız bütün! Hətta bir dəfə Türkiyədə olduğum zaman məscidin minarəsinə çıxıb şeir oxumuşdum. Buna görə mollanı cəzalandırıb işdən çıxarmışdılar. Eyni cəzaya "Literaturnaya qazeta"nın redaktoru Valeri Kosolapov da mənim "Arvad azarı" şeirimi dərc etdirdiyinə görə məruz qalmışdı. 

Amma deyim ki, pravoslav məbədində şeir oxumaq fürsəti mənə uzun müddət nəsib olmamışdı. Bu barədə mən hətta Patriarx II Alekseyə də şəxsi görüşlərimizin birində müraciət etmişdim. Bilirdim ki, mənim şeirlərim patriarxın xoşuna gəlir. Çünki o, mütəmadi olaraq mənim tədbirlərimdə iştirak edirdi. Amma bununla belə patriarx mənə məbəddə şeir oxumağa icazə vermədi. Bəhanə gətirdi ki, pravoslav məbəddə dinləyicilər üçün oturacaq yoxdur. Heç eyb eləməz, əvəzində mən Vaşinqtondakı məbəddə şeir oxudum. Həm də bu tədbirin arxasında bilavasitə Amerika hökuməti dayanmışdı. Bizim patriarx isə belə bir adətimizin olmadığını bəyan etdi. Axı özünüz məbədlərdə mahnılar oxuyursunuz. Mənim şeirlərimi isə oxumaq olmaz? Halbuki mənim şeirlərim ruhanilər tərəfindən böyük həvəslə oxunur. Onlar məbədlərdə çıxışları zamanı hətta şeirlərimdən sitat da gətirirlər.

Amma bununla belə pravoslav məbədində öz şeirlərimi oxuduğum vaxtlar da olub. Bunun üçün dayəm Nyüraya çox minnətdaram. Nyüra bir vaxtlar Moskvada bizim ailədə dayə işləmişdi. Müharibə illərində isə o, doğulduğu Tula vilayətinin Tyoploye kəndinə xəstə bacısının yanına qayıtmışdı. Kənddəki Müqəddəs İver məbədi məhz Nyüranın qayğısı sayəsində məhv olmaqdan qurtulmuşdu. Almanlar orada olarkən motosikletlərini məbəddə saxlayırdılar. Sovet əsgərləri qayıtdıqdan sonra isə məbəddən kartof anbarı kimi istifadə edilmişdi.

Nyüra  kilsəyə məxsus bütün dini atributları evində gizlətməyə müvəffəq olmuşdu. O, baxmayaraq ki, icazəsi yox idi, hətta pravoslav inanclı kişi və qadınların kəbinini də kəsirdi. Bu kilsəni camaat "Nyüranın məbədi" adlandırırdı.  Bir dəfə məbədin keşişi Valentin ata riskə gedərək mənə şeir oxumağı təklif etdi. May ayının 24-ü idi.

Mənə dayənin qoruyub mühafizə etdiyi beş qaralmış ikonanı göstərdilər. Mən isə öz növbəmdə dayəmə ehtiram əlaməti olaraq çıxışıma ona həsr etdiyim şeirlərdən başladım.

Bu görüşdə nə mitropolit, nə də baş rahib iştirak edirdi. Bununla belə onlar mənə xeyir-dualarını çatdırmışdılar.

Məni siyasi şair kimi

qələmə vermək düzgün deyil

Bu düzgün deyil ki, məni yalnız siyasi şair kimi qələmə verirlər. Mənim məhəbbət mövzusunda cildlərlə kitablarım nəşr olunub. "Gör başıma nələr gəlib" adlı ilk şeirim də məhəbbət mövzusundadır və məhz bu şeirə görə mən çox erkən vaxtlardan məşhurlaşmışam. Rusiyada yəqin ki, eləsi tapılmaz ki, bu şeiri əzbər bilməsin. Onu əl ilə yazıb bir-birinə ötürürdülər. Mənim ilk mahnım da məhəbbət haqqındadır. İndi onu xalq mahnısı kimi oxuyurlar.

İstəsəydim mülki mövzuda da şeirlər nəşr etdirə bilərdim. Əsl mülki şeirlər həm də siyasi mövzuları əhatə edə bilər. Mən xoşbəxtəm ki, müəyyən tarixi məqamları öz şeirlərimdə əks etdirmişəm. Məhz onlara istinad etməklə tariximizi öyrənmək mümkündür.

Milli ideyanı klassik

ədəbiyyatda axtarın

İnsanların idealsız yaşamaları çox pis əlamətdir. Yaxşı ideyalar hətta ideologiyaya çevriləndə belə, qəfəsə dönüb insan qəlbinə hakim kəsilirlər. Milli ideologiyanı süni surətdə "yaratmaq" olmaz, o gərək özü doğula...

Tez-tez klassik müəllifləri mütaliə edin! Klassik ədəbiyyatda, rus və ya Ukrayna olsun, fərq eləməz, milli ideyalar cəmləşib. Əgər cavanlar tariximizin faciələrini əzbər bilməsələr, onlar özləri istəmədən bunu təkrarlaya bilərlər. Tarixi ideallaşdırmaq cinayətdir. Heç bir yeni "izm"lər icad etməyə dəyməz, Ukraynada və Rusiyada abırlı insanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Şair dünyanı dəyişdirməyə

cəhd göstərməlidir

Şair bu dünyaya gələrkən onun məhvərini dəyişdirməyə bacarığı olduğuna inanmalıdır. Mənə elə gəlir ki, hər bir insan, xüsusən gənc yaşlarında,  bu hissləri keçirməlidir. Bəşəriyyətin bütün tarixini vərəqləsək, görərik ki, biz öz vicdanımızı böyük sənət sayəsində qorumağı bacarmışıq.  Bibliya bir tərəfdən xristianların müqəddəs dini kitabıdır, digər tərəfdən isə onun tərkib hissəsini poetik mətnlər təşkil edir. Bu kitabda bir sıra fikirlər ədəbi qaydada ilk dəfədir ki, səslənir. Dünyada ilk poetik nümunə analarımızın beşik başında söylədikləri laylalardır. Elə bu səbəbdəndir ki, sənətdə həmişə adama yaxın və əziz olan nə isə mövcuddur.

Sənətə olan belə münasibət eyni zamanda bəşəriyyət tərəfindən özünü göstərməlidir. Bu bir növ uşaqların öz mənəvi atalarına bəslədikləri hörmət və izzətə bənzəyir. Mənim qənaətimcə, məhz elə bu xüsusiyyət bu gün əskikdir. Adamlar tənbəlləşərək çətinliklərdən uzaq dururlar...

Tərcümə etdi:  Ağaddin BABAYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!