Yazıçı Anara... - Saçlı

 

Hörmətli Anar müəllim!

"Ədəbiyyat qəzeti"ndə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadəyə ünvanladığınız yazını oxudum. Həmin yazıda bəyənib xoş sözlər söylədiyiniz o şeirlərin müəllifi mənəm. Çağırışınız da mənə çatdı. Çox sağ olun! Bu diqqətə, bu həssaslığa görə sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə: Saçlı Məlikməmmədova

8 Oktyabr 2018 Saçlı

Minnətdarlıq

Filologiya elmləri doktoru,

professor Nizaməddin Şəmsizadəyə

Niyə uzatdın əlini mənə, gözəl insan,

                                                            xeyirxah insan?!

Mən ki səndən bir kömək ummamışdım,

                                                            istəməmişdim.

Sən də saymazyana ötüb keçəydin yanımdan

                                                            başqaları kimi.

Niyə kövrəltdin, niyə ağlatdın məni,

                                                            niyə təzələdin dərdimi?

İllərlə yalvarıb məndən imdad diləyən,

İnildəyən duyğularımı güclə ovutmuşdum.

Sakitləşdirib ağrıyan ürəyimi,

                                                            uğursuz taleyimlə barışmışdım.

Oturub daxmamın bir küncündə nə vaxt idi,

Əcəl şərabını qurtum-qurtum içirdim.

Öz axirət libasımı ölçüb-biçirdim.

Yığıb şirin xəyallarımı bir boğçaya saxlamışdım,

Ümidimi o dünyaya bağlamışdım.

Niyə ayıltdın məni içdiyim şərabın məstliyindən?

Niyə oyatdın məni bir ömürlük yuxudan, qardaşım?!

Qatarından ayrı düşmüş yaralı bir durnayam,

                                                            uça bilmərəm,

Sən dediyin qapıları, vallah, döyə bilmərəm mən,

                                                            aça bilmərəm.

Gözün aydın söyləyirsən,

                                                            indi səni poeziya səsləyir.

Necə gedim bu çağırışa?

Ölüm məni addım-addım izləyir...

Niyə uzatdın əlini mənə, gözəl insan?!

Niyə təzələdin, niyə dərdimi?

 

Günahım

Sevgini özümə yasaq elədim,

Duyğular saraldı, soldu içimdə.

Könlümü, ruhumu dustaq elədim,

Bir şair boğuldu, öldü içimdə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!