Mauzer Məmməd - İmperiya nağılı... - Qərib Mehdi

 

Stalinin boyu gödək olsa da, kölgəsi uzun idi. Bu kölgə hər respublikaya, hər şəhərə, hər kəndə gəlib çatırdı. Və zülmətində işıqlı adamları ya boğub öldürür, ya da doğma yurd-yuvalarından didərgin salırdı. Qanlı hakimiyyəti altında olan yığın-yığın insanların ev-eşiklərinin işıqlarını keçirməklə kifayətlənmir, özlərinin də içdən işıqlarını keçirirdi. Təcrübədən bilirdi ki, belə olan halda insanlar asanlıqla qula çevrilirlər. Hamının beynində, ürəyində bir vahimə yaşayırdı.

O şaxələnən qorxunc kölgənin biri də uzanıb-uzanıb Azərbaycanın Dözümlü kəndinə gəlmiş və burada kənd sovetinin sədri Mauzer Məmmədin şəklinə düşmüşdü.

Keçmiş ya tarixə dönür, ya da nağıla. Sonrakı nəsil bu tarixi oxuyur, nağılı dinləyir. Hər tarix kitabının bir müəllifi, hər nağılın da bir söyləyicisi olur. Nəvələri, nəticələri o dönəmlərin, o hadisələrin şahidi olan Fərrux babalarından vaxtaşırı israrla Mauzer Məmmədin nağılını söyləməyi xahiş edirlər. Fərrux baba da nəsil-nəcabətinin başı ayıq, içi işıqlı olsun deyə, bu ibrətamiz nağılı dönə-dönə danışır. Mən də bu nağılı təkcə eşitmək yox, həm də qələmə almaq fürsətini əldən vermədim.

Fərrux baba söyləyir ki, Mauzer Məmmədin kənd hökmranlığı ona görə uzanırdı ki, o öz sözünü imperatorun uzun kölgəsi adından deyirdi. Bundan sonra kimin həddi nə idi ki...

Fərrux baba nəvələrinə, nəticələrinə söyləyir ki, Dözümlü kəndinin sakini Mauzer Məmməd elə gəncliyindən ötkəmliyi, özündən güclünün yanında yer almağı, fürsəti fələyə vermədən, zəhəri rəqibin aşına, daşı fağırın başına salmağı öyrənmişdi. Hökmünü, yuxarıdan aldığı tapşırıqları dillə yox, güc vasitəsilə həyata keçirirdi. Bu gücün də sözçüsü gah belinə bağladığı, gah da əlində oynatdığı Mauzer tapançası idi. Qəzəblə dediyi "Əlim tətikdədir ha!" hədəsindən sonra hər kəs işini bilirdi. Heç kim də onun qarşısında dinə bilmirdi. Sanki Tanrı bunlara dili danışmaq üçün yox, yalnız dad bilmək üçün vermişdi.

Mauzer Məmməd tərcümeyi-halını yazanda "Azərbaycandan bolşevik inqilabına qoşulanlar sırasında ilk yer alanlardan biri mənəm" cümləsini həkk etməyi unutmurdu. O, fəxr edirdi ki, Mavzoleydə proletariatın dahi rəhbəri Leninin meyitini görüb. O, fəxr edirdi ki, kolxoz quruluşunda fərqləndiyinə, Hitlerə qarşı vuruşlarda igidlik göstərdiyinə görə yoldaş Stalin şəxsən onun əlini sıxıb, üstündə şəxsi imzası olan Mauzer tapançası bağışlayıb, gen sinəsini ordenlə olmasa da, medallarla bəzəyib. Stalin imzalı tapançadan sonra di gəl dur Mauzer Məmmədin qabağında!.. Hünərin var bir sözünü iki elə. İcazəli tapança sahibi barmağını vursun tətiyə, qal mələyə-mələyə!..

Fərrux baba söyləyir ki, müharibə qurtarandan sonra vəzifələrin bölüşdürülməsinə, kadrların irəli çəkilməsinə yenidən baxılmağa başlandı. Dözümlü kənd sovetinin sədrliyi də Mauzer Məmmədə tapşırıldı. Burada sənəd-sübutdan ötə siyasi sayıqlıq nəzərə alınmışdı. Nə olsun ki, Məmmədin savadı yox idi, əvəzində onun yoldaş Stalinin imza atdığı tapançası vardı. Doğrudanmı, "Ellər atası" bu tapançanı ona hünərinə görə bağışlamışdı? Nə bunu soruşan, nə də o həşəmətli imzaya cəsarət eləyib baxan yox idi.

Fərrux baba söyləyir ki, hava küləkli-tufanlı olmasa da, havalı Məmmədin Mauzeri göydə oynayanda kolxoz sədrlərindən tutmuş, adi kolxozçuya qədər - hamı qorxusundan tir-tir əsirdi. Adamlar qul kimi işləyirdilər. Mauzerin hesabına plan da dolurdu, öhdəlik də. Hələ üstəlik, payızda məhsul bayramı da keçirir, şənlənir, zurnaçıların, nağara vuranların qabağında atılıb-düşürdülər. Ayrı cür necə ola bilərdi?! Plan dolmuş, yuxarıya üzağlığı gətirən raport verilmişdi.

Pambığa, üzümə, taxıla, kələmə, xiyara, pomidora göstərilən qulluq insanlara şamil edilmirdi. Belə sanırdılar ki, kələm batdı - aləm batdı. Əli Mauzerli Məmməd oturmuşdu kənd camaatının boynunda, onu oradan düşürən tapılmırdı. Əkilənin başına fırlanılır, əkənin halını soruşan yox idi. Çünki kənd soveti sədri Məmmədin icazəli və imzalı tapançası var idi. İkisi də zora xidmət edirdi.

Kənddə qəribə yox, acınacaqlı hadisələr baş verirdi. Hər şeyin icrası payıza qalmalıydı. "Qrafik" pozulanda cəzalar ilan kimi baş qaldırırdı.

Bir dəfə yazda - səpin vaxtı Abbasın oğlu Hətəm sevdiyi qızı qaçırmışdı. Hamı vahimədən dodağını gəmirirdi. İşin qızğın vaxtında sevgiyə yaşıl işıq yandırmaq olardımı? Abbas kişinin oğlunda bu cürət haradandı? Ona baxıb başqaları da yolunu azmazdımı? Niyə məhəbbət kənd təsərrüfatı bitkiləri kimi mövsümi hal sayılmasın? İndi buna Mauzer Məmməd nə deyəcəkdi? Fövqəladə xəbəri eşidən kimi sovet sədri Məmmədin barmağı Stalin imzalı Mauzerin tətiyinə qondu: "Çəkirəm ha!.. Səhvinizi düzəltməyə bir saat vaxt verirəm. Damlanma təhlükəsi ilə üzləşən "cinayətkarlar" işlərini bildilər, "səhvlərini" düzəltdilər. Hərə öz ata ocağına qayıtdı.

Fərrux baba söyləyir ki, gödək diktatorun uzun kölgəsi iclaslar zamanı Mauzerini qırmızı örtüklü stola çırpa-çırpa göstəriş verirdi: "İşinizi elə sahmanlayın ki, nəzərdə tutduqlarınız payızdan, qışdan o yana keçməsin. Toyları bu fəsillərə salın. Hesabı itirməyin. Elə eləyin ki, analar uşaqlarını bu fəsillərdə dünyaya gətirsin. Sonra deməyin ki, sədrin Mauzeri niyə açıldı? Yaxşı bilirsiniz ki, mənim Mauzerimə sorğu-sual yoxdur. Kimin başı bədəninə ağırlıq eləyirsə, işləməyən kəlləsini gətirib dirəsin mənim işləyən Mauzerimə! Yaxşı bilirsiniz ki, Stalin imzalı Mauzerin öldürdüyünə qanbahası düşmür".

Heç kim Mauzer Məmmədin sərhədsiz hərəkətlərinə etiraz edə bilmirdi. Sədr ortaya daşdan keçən əsas qoyurdu: "Var qüvvə ilə işləmək bizim borcumuzdur. Biz bol məhsul yetişdirməliyik. Stalin yoldaş buyurur ki, ancaq bu yolla kapitalizmi qəbrə qoymaq olar".

Fərrux baba söyləyir ki, yoldaş Stalinin adından danışan əli Mauzerli sədrin dediyi söz açdığı atəş kimi gurultu ilə həyata keçirilirdi.

Bir dəfə Sənəm qarı elə tarladaca canını tapşırdı. İş başında ölən, başqa vaxtı dünyasını dəyişənlərdən üstün sayılmalıydı. Ancaq bu üstünlük Sənəm qarıya nəsib olmadı. Onu gündüz dəfn etməyə sədr icazə vermədi. Axı adamlar işdən ayrılıb yas mərasiminə toplaşa bilərdilər. Moskva məhsul gözləyirdi. Bir an da olsa ləngimək olmazdı. Vəziyyətdən çıxış yolu tapıldı: Mauzer Məmməd göstəriş verdi. Hətta fürsət tapıb mərhumu qınadı da: "Sənəm qarı bəxtindən küssün. Ölməyə vaxt tapdı?.. Camaatın əlini işdən soyutmaq olmaz. Mərhumu gecə - çıraq işığına dəfn edərsiniz".

Mauzer Məmməd gözlənilməz hadisələri özünün gözlənilən tədbirlərilə qarşılayırdı. Xəstələnən olanda, qəfil qəza baş verəndə, kimsə vaxtı nizamlaya bilməyib ana olanda onun ağlasığmaz çıxış yolları adamları heyrətləndirirdi.

Fərrux baba söyləyir ki, bir dəfə qəribə bir hadisə baş verdi. Yayın qızmarında kişili-arvadlı, uşaqlı-böyüklü - hamı tarlada pambıq yığırdı. Qəflətən göy üzünü qara bulud aldı, şimşək şaqqıldadı, şıdırğı yağış tökdü. Adamlar yağışdan qorunmaq üçün daldalanmaq istədilər. Elə bu an sədrin qeyzli səsi eşidildi: "Heç kim yerindən tərpənməsin. Mən bu saat yuxarıdan gələn göstərişlə hesablaşmayan azğın, qudurğan yağışı cəzalandıracağam". Bunu deyən sədr "Yağış, təslim ol!" hədələri altında əlindəki Mauzerlə yağışı güllələməyə başladı. Hamı heyrətindən yerindəcə donub qalmışdı. Aşağını qul eləyən, yuxarının qulu olan sədr yağışa, buluda atəş açmaqla - Allaha atəş açmış olurdu. Fikirləşirdilər: "Necə, hansı yolla bu əzraildən canımızı qurtaraq?". Hələ ki çıxış yolu tapılmırdı.

Nə qədər geciksə də, axır ki, vaxt gəlib çatdı. İki zalımın işi bitdi. Stalin Hitleri yola saldı, Əzrail də Stalini. Qara bulud yavaş-yavaş içindən ağarmağa başladı. Ancaq hələ gödək kişinin yaratdığı xof çəkilib getməmişdi. Hələ sədrin barmağı Mauzerin tətiyindəydi. Yolçu getsə də, yol yaşayırdı.

Fərrux baba söyləyir ki, artıq dil dad bilmək funksiyası ilə yanaşı, danışmaq vəzifəsini də üzərinə götürmək istəyirdi. Tədricən dəyişmə baş verirdi. Bunu çoxları hiss etsə də, Mauzer Məmməd hiss etmirdi. Vəzifəsi sərhəd tanımayan sədrin özbaşınalığına nə qədər dözmək olardı? Stalin olmayandan sonra Stalin imzalı tapança nə qədər adamları qorxu içində saxlayacaqdı?

Kövrək də olsa, ilk cəsarət addımı atıldı. Kimsə Moskvaya Mauzer Məmmədin zorakı idarəçilik üsulundan yazdı. Ancaq zalım oğlu (və ya qızı) qorxusundan yazdığına dürüst imzasını atmadı. İmza anonim olsa da, təsvir olunan doğru idi.

Fərrux baba söyləyir ki, günlərin birində Moskva anonim məktuba reaksiya verdi və bu işlə bağlı yoldaş İvanovu Dözümlu kəndinə ezam etdi.

Kənd klubunda yoldaş İvanovun iştirakı ilə fəallar yığıncağı keçirildi. Sovet sədrindən yazılmış şikayət məktubu gündəliyə salınmışdı. Yoldaş İvanov şəxsən özü bu barədə yığıncaq iştirakçılarına məlumat verdi. Sədr zərrə qədər də olsun inana bilmirdi ki, kimsə cəsarət tapıb ondan mərkəzə şikayət edər. İvanov məktubun məzmunu barədə camaatı məlumatlandırdı. Və iştirakçılardan xahiş etdi ki, çəkinmədən sədrin fəaliyyəti barədə fikirlərini bildirsinlər. Məmməd Stalin imzalı Mauzerini qırmızı örtüklü stolun üstünə çırpıb dedi: "Ay camaat, bildirin mənim barəmdə fikrinizi!".

Ani sükutdan sonra söz almaq, danışmaq üçün əllər yuxarı qalxdı. Heç kim kor deyildi. Hamı sədrin qırmızı örtüklü stolun üstündəki Stalin imzalı Mauzerini görürdü. Yerindən qalxan sədrin ədalətindən, işgüzarlığından, Sovet hökumətinə sədaqətindən, ehtiyacı olan insanlara qayğısından danışdı.

Yoldaş İvanov yazılanla deyilənin düz gəlmədiyinin şahidi oldu. Və hiss etdi ki, camaatın sözü var. Ancaq qorxudan onu dilə gətirə bilmirlər. Təriflər boğazdan yuxarı deyilirdi. Mərkəzdən gələn nümayəndə üzünü yığıncaq iştirakçılarına tutub onlara inam aşılamağa çalışdı: "Yoldaşlar, sədr haqqında odlu-alovlu təriflərinizi eşitdik. Bəlkə, başqa bir yoldaşın fərqli bir təklifi var? Onu da eşitməyə hazırıq".

Fərrux baba söyləyir ki, gördüm heç kim sözün doğrusunu demək, məktubda yazılanları təsdiq etmək, qeyri-insani idarə üsulunu tətbiq edən Mauzer Məmmədin aşının suyunu vermək istəmir. Heç onları qınamaq da olmazdı. Neyləsinlər, insanlar qırmızı örtüklü stolun üstündə yer alan icazəli və imzalı Mauzerə, zəhmli Mauzer də onlara sarı baxırdı. Yenə ümid Fərruxa - mənə qalmışdı. Ağlıma dolayı, ancaq ağıllı bir fikir gəldi. Camaatın canını zalımın zülmündən qurtarmaq üçün söz alıb təklifimi səsləndirdim: "Yoldaş İvanov, həqiqətən bizim kənd sovetinin sədri bütün təriflərə layiq bir rəhbərdir. Ona toxunmaq, güldən ağır söz demək, idarəçiliyinə irad tutmaq günah olar. Belə kadr hər saat ələ düşmür. Onu yerindən tərpətmək olmaz. Qoyun vəzifəsində qalsın. Bundan sonra da Dözümlü kəndində nümunəvi fəaliyyətini davam etdirsin. Ancaq bizi elliklə başqa kəndə köçürdün. Bax, mənim təklifim bundan ibarətdir".

Qorxu həlqəsi qırıldı. Ustalıqla deyilən təklif yerdən alqışlandı. Gənc Fərruxun dolayı dediyi fikir yoldaş İvanova da çatdı. O, əvvəlcə gülümsündü, sonra başını buladı, daha sonra turşməzə bir ana söyüşü söyüb fikrini səsləndirdi: "Bu kəndin əhalisi qəribə adamlardır. Onların ağılları var, ancaq cəsarətləri yoxdur".

O, sözünün sonunu ürəyində dedi: "Elə yaxşı ki, belədir".

Sonra həyat səmtini dəyişdi. Yaxşı ki, "ədalət arayıcısı" İvanovun ümidi gözündə qaldı.

***

Fərrux baba nəvələrinə, nəticələrinə söyləyir ki, yoldaş İvanov 1990-cı ilin 20 Yanvarında bu xalqın cəsarətinin də şahidi oldu. Müstəqillik uğrunda mübarizəyə qalxan azərbaycanlılar qanlı köynəklərini azadlıq bayrağına çevirməkdən qorxmadılar. Onlar işğalçı Sovet imperiyası tərəfindən öldürüldülər, ancaq amallarından bir addım da olsun geri çəkilmədilər. Nəticədə, Azərbaycan müstəqilliyinə qovuşdu.

Fərrux baba söylədiyi imperiya nağılının sonunu hər dəfə bu hikmətli sözlərlə bitirirdi: "Hər öldürən qalib sayılmadığı kimi, hər ölən də məğlub hesab edilmir...".

13-14 avqust 2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!