Müzəffər məğlubiyyət, yaxud Səfəvi şeyxinin romanı - Nizami CƏFƏROV yazır

 

Azərbaycanın dövlətçilik tarixində Səfəvilərin mövqeyi bir çox baxımdan əlamətdardır ki, onlardan birincisi, heç şübhəsiz, Azərbaycan türklərinin təbii olaraq məskunlaşdığı coğrafiyanı bütün miqyası ilə vahid hakimiyyət altında birləşdirmələrindən ibarətdir. Və Orta əsrlərin sonlarına doğru xalqın mənəvi iradəsinin tarixi tələbi kimi meydana çıxan bu prosesin ideoloji əsaslarını Səfəvi sufi şeyxləri hazırladılar ki, Yunus Oğuzun növbəti tarixi romanı məhz həmin mövzuya həsr olunub.

Əlbəttə, Səfəvilər dövrünə aid kifayət qədər araşdırmalar aparılıb. Xüsusilə son zamanlar mövcud tarixi məlumatların akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunmuş mükəmməl fəlsəfi ümumiləşdirmələri (Səfəvilər dövrünün tarix fəlsəfəsi!) ayrıca qeyd edilməlidir. Ciddi analitik təhlillərə dayanan bu ümumiləşdirmələr (və fəlsəfə!) həmin dövr barədəki çox zaman metodoloji xarakter daşıyan tərəddüdlərə son qoymaqla yanaşı, yeni mülahizələrin meydana çıxmasına da yol açdı.

Yunus Oğuzun romanı nə qədər tarixi məzmuna malik olsa da, unutmaq lazım deyil ki, o, bədii əsərdir. Və tamamilə mümkündür ki, yazıçı təxəyyülü haradasa tarixşünaslıqla (tarixin özü ilə demirik!) müəyyən "polemika" aparır. Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini (və mahiyyətini) doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur.

Roman Şeyx Cüneydin Ərdəbil yaxınlığında - Qarasu çayının sahilində müridlərdən təşkil etdiyi ordunun düşərgəsində əmisi (və hamisi) Şeyx Cəfərlə mükaliməsilə başlayır. Və 1449-cu ildə baş verən bu mükalimə ona görə əlamətdardır ki, gənc Şeyx Cüneyd inanır (və hamisini də inandırmağa çalışır) ki, şeyxlərin uzun illər davam edən mənəvi hakimiyyətdən siyasi hakimiyyətə keçmələrinin zamanı gəlib çatmışdır...

"Məmləkətimiz param-parça olub. Xorasan bizim deyil, Şirvan da həmçinin. Azərbaycandan bizə Təbriz və onun ətrafı qalıb. Gürcülər tez-tez Gəncəyə və kəndlərə basqınlar edirlər. Diyarbəkirdə Həsən bəy özünün bəyliyini yaradıb. Əcəmi və Ərəb İraqını Cahanşah oğlanları arasında bölüşdürüb. Onlar da atalarına qarşı çıxırlar. O, Eçmiədzini ermənilərə verib. Onlar da Eçmiədzini dini mərkəz ediblər. Dünyanın hər yerindən erməniləri yığırlar Çuxursəddə, Göyçə dənizinin ətrafına. Nə olsun ki, Cahanşah üləmalar, alimlər, söz adamları ilə xoş rəftar edir, onlara sayğılı yanaşır, "həqiqi" təxəllüsü ilə də şeirlər yazır. Bilirəm ki, doğma türkmən dilində də şeirləri var, amma bu bəs etmir. Mərkəzləşdirilmiş hakimiyyət olmasa, tayfalar arasında toqquşmalar bizi məhv edəcək".

Hamisinin (əmisinin) "İyirmi bir yaşın var sənin. Bu yaşda bunları haradan öyrəndin? Doğrusu, mən belə şeylər haqqında heç fikirləşmirdim. Biz türkmanlarda ta qədimdən bir məsəl var: "Göydə bir Tanrı, yerdə onun kölgəsi xaqan". Xaqana qarşı getmək olmaz!" məsləhəti qarşısında Cüneyd "Biz Tanrıdan və xaqandan imtina etmirik, əmi. Sadəcə olaraq, deyirəm ki, Tanrı öz yerində, ancaq xaqan biz niyə olmayaq? Bir halda ki, buna bizim gücümüz çatır. Bütün xalqı, cəmi məmləkəti, bütün tayfaları birləşdirmək üçün həm silahımız, həm də söyləmək, hamını birləşdirmək üçün sözümüz var" deməklə qərarından dönmür.

Bu mükaliməni bitirən "Səfəvi şeyxi" müəllifi, geriyə - 1276-cı ilə qayıdıb Səfəvi şeyxləri sülaləsinin əsasını qoyan Səfiəddinin (Səfinin) gənc yaşlarında mürşid məqamına yetişməsindən, gündən-günə artan şöhrətindən söhbət açır. Və Şeyx Cüneydin ruhi gücünün hansı mənbədən qaynaqlandığına işarə vurulduqdan sonra əvvəlki hadisələr yenidən davam edir. Ancaq bu dəfə Ərdəbildə deyil, Təbrizdə... 1449-cu ildə...

Ümumiyyətlə, Yunus Oğuzun əvvəlki tarixi romanlarına xas olan mühüm bir üslubi cəhət özünü "Səfəvi şeyxi"ndə də göstərir: yazıçı, demək olar ki, bütün təhkiyə boyu məkan və zaman hüdudlarını gözləməklə hər bir detal və ya təfərrüat barədə bilavasitə sənədlilik təsəvvürü yaratmağa çalışır ki, bu, bir tərəfdən, janrın təbiətindən, digər tərəfdən isə, heç şübhəsiz, yazıçının ideya-estetik məramından irəli gəlir. Və ən əsası da odur ki, haqqında söhbət gedən hüdudlanmalar hər hansı şəkildə fraqmentallıq əmələ gətirib "Səfəvi şeyx"inin bədii strukturunun bütövlüyünü zədələmir. Əksinə, onu roman təhkiyəsi üçün həmişə təhlükə təşkil edən yoruculuqdan xilas etmiş olur.

Şeyx Cüneydin başçılığı ilə Ərdəbildə müridlərin ayaqlanmasından xəbər tutan kimi, Qaraqoyunlu Cahanşah dərhal qılınca əl atmayıb, Səfəvi ocağına ehtiram naminə, məsələni sülhlə yoluna qoymaq istəyir. Və Şeyx Cüneydə belə bir namə göndərir:

"Mənə xəbər gəlib ki, sən hakimiyyəti öz əlinə almaq istəyirsən. Düşünürəm ki, sən Şeyx Səfinin qoyduğu yolla getməli, təriqətin işləri ilə məşğul olmalısan.

...Cahillərə uyub qiyamdan dəm vurursan. Ürəyində səltənət arzusu tutduqda asan gedən işlərin çətinə düşər və hər iki tərəfdən minlərlə qan tökülər. Əgər mənim sözümü dinləməsən, həddini aşan hərəkətlərindən imtina etməsən sənin və müridlərinin torpaqlarımdan qovulması mənim üçün vacib olacaqdır".

Şeyx Cüneyd məktubu alıb əvvəl göstəriş verir ki, müridlər ordusu Eçmiədzinə (Üçkilsəyə) - ermənilərin köçürüldüyü torpaqlara qazavata başlasınlar, sonra isə Qaraqoyunlu hökmdarına cavab yazir:

"Əlahəzrət Mirzə Cahanşah! Xəlifəm Ağçalı ilə mənə göndərdiyiniz məktubu aldım. Bildirim ki, siz həzrətin ətrafında olan vəkil-naiblər mənim və müridlərim haqqında müxtəlif şayiələr gəzdirir, məni sizin gözünüzdən salmağa çalışırlar. Belə şayiələrə sultan tərəfindən ciddi yanaşılmasına inanmıram, çünki Şeyxlər Şeyxi, ulu babam Səfiəddin Səfəvi təriqətinin əsasını qoyduğu gündən bizim nəsildən və çoxminli müridlərimizdən heç kim siyasətlə və dünyəvi işlərlə məşğul olmayıb. Ancaq kafirlərə qarşı qazavat elan olunarsa, müridlərim həvəslə şəhadət şərbətini içər, Allah-Taalanın şəhidlik mərtəbəsinə yüksələrlər. Əgər Allah istərsə, Şeyx Səfi nəslindən kimsə üsyan etmək fikrinə düşərsə, inanın ki, bütün dünya yığılsa belə, ona mane ola bilməz".

Şeyx Cüneydin Qaraqoyunlu Cahanşahla bu cür diplomatik həsbi-halının əsasında, əlbəttə, o mənada tarixi həqiqət dayanır ki, Ərdəbil sufi şeyxləri öz mənəvi hakimiyyətlərinin gücünə (və coğrafi miqyasına) nə qədər əmin olsalar da, siyasi hakimiyyətə qardaş qanı tökmək yolu ilə gəlmək istəməmiş, dövrün hökmdarlarını inandırmağa çalışmışlar ki, cəmiyyətin ədalətli idarəsi məhz onların inanıb təbliğ etdikləri ruhani prinsiplərlə mümkündür.

Təhkiyə bədii mətn üçün səciyyəvi olmayan tamamilə informativ üslubda davam edir:

"Alban kilsəsini 1444-cü ildə erməni kilsəsinə çevirəndən sonra ətrafında erməni ailələri məskunlaşmağa başlamışdı. Bir zamanlar Eçmiədzində (Üçkilsə) dinləri ayrı olsa da eyni dildə danışan türklərin sırasına, indi dillərini başa düşmədikləri, qarğa "dilinə" oxşar dildə danışan insanlar, özlərini öz aralarında hay, başqalarının yanında "erməni" adlandıranlar qoşulmuşdular. Əsas işləri ustalıq, yaxud fəhləlik olan bu ailələr çox tezliklə yerli əhali ilə qaynayıb-qarışır, hər cür xidmət etməkdə canfəşanlıq edirdilər. Qadınları, qızları açıq-saçıq söhbətlər edir, yerli kişilərə göz-qaş atmaqdan belə çəkinmirdilər"...

Üçkilsəyə gələn müridlər burada ermənilərin katalikosu dördüncü Qriqorla rastlaşırlar. Və cəsarətlə demək olar ki, romanda Üçkilsə hadisələri kifayət qədər ustalıqla təsvir olunmuşdur... Yazıçının ustalığı, ilk növbədə, özünü onda göstərir ki, tarixi həqiqət "necə var o cür" təqdim edilir. Həmin həqiqətsə ondan ibarətdir ki, yüz illər boyu türk hökmdarlarının qılığına girən ermənilər əvvəl türk torpaqlarında özlərinə rahat həyat şəraiti təmin etməyə çalışmış, sonra isə mənəvi dağıdıcılıq, siyasi təxribatla məşğul olmuşlar...

Katalikos bunu heç gizlətmir də:

"Gələcəkdə dünyaya sübut edəcəyik ki, Böyük Ermənistan olub, bu da sənədlər, bu da kilsə tarixi, bu da əlyazmalar. - Bir qədər sükut edib əlavə etdi. - Sizə bir şey deyim. Bu türklər özlərini möhtəşəm və qədim xalq hesab edirlər, amma öz tarixlərinə sahib çıxmırlar. Öz tarixinə sahib çıxmayanların tarixinə biz sahib çıxacağıq. Onların hesabına biz öz möhtəşəmliyimizi sübut edəcəyik. Türklərin hər şeyini öz adımıza çıxarmalıyıq. Hər şeyini. Təkcə tarixlərini yox. Yeməklərini, musiqilərini, nağıllarını-dastanlarını, adət-ənənələrini... Hər şeyini. - Dərindən nəfəs aldı və davam etdi. - Bax, buna görə, bu dağda, dərədə baş kilsənin iqamətgahını seçdik... Burada alban kilsələri var, burada alban əlyazmaları var. Bax bunun üçün burdayıq. Olmayanı var edəcəyik, gecə-gündüz dünyanın hər yerində bunun üçün çalışacağıq. - Badəsini qaldırdı. - Siz bunun üçün burdasınız. Var olsun haylar!".

Müridlər katalikosun arzusunu gözündə qoyurlar...

" ...Ən lazımi kitablar, əlyazmaları götürüldükdən sonra Cüneydin tapşırığı ilə rahiblərlə birlikdə Savalanda "Qırxlar" mağarasına göndərildi. Yolda rahiblərin mağaranın yolunu tanımamaları üçün gözləri bağlandı. Rahiblər orada hansı kitabları tərcümə etdilər, heç kim bilmir. Tərcümələr bitdikdən sonra yenə gözlərini bağlayıb geri qaytardılar, amma onlar daha kilsəyə xidmət etmək istəmədilər".

Əlbəttə, burada yazıçı təxəyyülü tarixi həqiqəti üstələyir. Və belə bir "gecikmiş improvizasiya" vaxtilə İsa Muğannanın əsərlərində də vardı... Ancaq çox təəssüf ki, ermənilərin (hayların) bu və ya digər şəkildə təmasda olduqları xalqların tarixinə təcavüzü üçün xristian-qriqorian kilsəsi tərəfindən görülmüş işlər, qurulmuş planlar, demək olar ki, heç vaxt ciddi müqavimətlə qarşılaşmamışdır.

"Çıxılmaz" vəziyyətə düşən Qaraqoyunlu hökmdarı növbəti namə göndərib Şeyx Cüneydə bildirir ki, ölkənin hüdudlarını tərk etməsə, Ərdəbilin daşını daş üstündə qoymayacaq. Və müridlər ordusu Qaramana köç etməli olur...

"Qaraman İbrahim bəy bu gəlişə çox sevinmiş, Azərbaycandan gələn Səfəvi müridlərinə qucaq açmış, düşərgənin yerləşməsi üçün yaylaq və qışlaq torpaqları ayırmışdı... Əqrəbalıqdan savayı, İbrahim bəy həm də qarşısında müridlərdən yaxşı təşkil olunmuş güc görürdü və bu gücün onun torpaqlarında oturması nüfuzunun üstünə nüfuz gətirirdi".

Ağqoyunlu Uzun Həsən anası Saray xatunun məsləhəti ilə onu, eləcə də bacısı Xədicə bəyimi Qaramana - Şeyx Cüneydin ziyarətinə göndərir. Və müdrik siyasətçi xatunun irəlicədən nəzərdə tutduğu kimi, bu ziyarət Cüneydlə Xədicə bəyimin tanışlıq, qarşılıqlı sevgi və nişanlanmaları ilə başa çatır.

...Müəllif yenidən Şeyx Səfi dövrünə qayıdır... Gilanda sufiliyin ən yüksək mərtəbəsinə qalxıb böyük hörmət-izzət sahibi olan Şeyx Səfiəddin Elxanilər hökmdarı Qazan xanın göstərişinə əsasən müridlərilə birlikdə Ərdəbilə köçür.

Və 1334-cü ildə vəfat etdikdən sonra onu oğlu Şeyx Sədrəddin əvəz etməyə başlayır...

...Diyarbəkrdə Uzun Həsənlə Şeyx Cüneydin görüşü də romanın maraqlı səhifələrindəndir...

"Uzun Həsən anasından bütün bu gördüklərini eşitmişdi, amma özünün şəxsən görməsi başqa bir aləm idi. Qarşısında müridlər ordusu vardı. Torpağı və dövləti olmayan ordu. Hərdən özünə sual verirdi ki, təriqət şeyxi olan bu gəncin hərbi istedadı haradan qaynaqlanır. Belə baxanda, o da ata-babaları kimi, yalnız ilahi eşq təlimini keçib. Heç harada, nə təcrübədə, nə də elmdə hərbiyyə sənətinə yiyələnməyib. Qısa müddətdə bu ordunun necə yaranmasını düşündü və sonda qərara gəldi ki, Şeyx seçilmişdi, fitri istedaddı".

Cüneydlə Xədicə bəyimin müridlərin qurultayına çevrilən möhtəşəm toyundan sonra yenidən siyasi ehtiraslar gündəmə gəlir. Məsləhət belə olur ki, Cüneyd Qaraqoyunlularla haqq-hesabı çürütmək üçün Ərdəbilə yollansın...

Ərdəbil əhalisi Şeyxi xüsusi ehtiramla qarşılasa da, əmisi ilə münasibətlərinin necə olacağı açıq-aydın nigarançılıq doğurur...

"Hamı maraqla bu görüşün sonunu gözləyirdi. Kənardan baxanda görünürdü ki, Şeyxin xarici görünüşündə də dəyişiklik var; kişiləşib, qürurlu olub. Əvvəllər də özünü ağır aparan cavan, daha da ağırlaşıb, həm də keçən on il onu mətinləşdirib. O, iki əlini də sinəsinə çarpaz qoyub əmisi ilə salamlaşdı...

... Cüneyd onun sağ əlini öpərək alnına qoydu.

Sonra, heç bir söz demədən Şeyx Səfi türbəsinə doğru irəlilədi. Hələ də özünə gələ bilməyən Şeyx Cəfər onun arxasınca getmək istəyəndə Ağçalı Xəlifə əlini onun çiyninə qoyub başı ilə "lazım deyil" işarəsini verdi. Bu, meydandakıların nəzərindən qaçmadı. Hamıda sual yarandı: "Əl öpmək hara, onu türbəyə buraxmamaq hara?". Deyəsən, bir azdan daha maraqlı hadisələr baş verəcəkdi".

Cüneyd öz düşərgəsini yenə də Qarasu çayının sahilində qurur... Şeyx ilk qazavata burdan başlamışdı. Və hadisələrin gedişindən hiss olunur ki, son qazavata da burdan gedəcəklər...

"Gözləri lal axan çayın suyuna dikilsə də, fikirləri müridlərinin yanında idi. Burada olanların hamısının məsuliyyətini o daşıyırdı. Çox gözəl bilirdi ki, bir neçə aydan sonra nə olacaq. Onun da ailəsi vardı. Diyarbəkirdən çıxanda Xədicə "sənsiz darıxacam, tez gəl, ya mən də sizinlə gedim" demişdi. Ancaq olmazdı, çünki Xədicə bəyim iki aydı ki, yüklü idi. Bilirdi, bu səfər uzunmüddətli, bəlkə də, ölüm-itimli olacaq. Ayrılanda xanımına demişdi: "Gec dönsəm, oğlum olsa, adını Heydər qoyarsan".

"Səfəvi şeyxi" müəllifi romanın bütün ideya-məzmunu, təsvir edilən hadisələrin gedişinin məntiqi və qəhrəmanın "tərcümeyi-hal"ı ilə inandırır ki, Şeyx Cüneyd (Səfəvilər!) siyasi hakimiyyətin bircə addımlığındadır.

"Onun fikirləri nəinki Ərdəbilə, heç Azərbaycana da sığmırdı. O, xanədanın ilk Şeyx hökmdarı olmaq istəyirdi, bunu heç gizlətmirdi də. Beynində quracağı dövlətin cizgilərini çəkirdi. Onu elmlə, ədalətlə necə idarə edəcəyini düşünürdü. Alimlərin, vicdanlı, sözünə bütöv, əxlaqlı, dininə sadiq insanların idarə edəcəyi bir dövlət...".

Romanda həm tarixi baxımdan xüsusi maraq doğuran, həm də əsərin ideya-estetik məzmununa əhəmiyyətli dərəcədə təsir göstərən məqamlardan biri dövlətçiliyin ümumiyyətlə Orta əsrlər üçün səciyyəvi olan mənəvi-ideoloji əsasları məsələsidir. Yunus Oğuzun müfəssəl şərhinə (və Şeyx Səfinin şəxsində təqdim edilən dünyagörüş tipologiyasına) görə, bu, sufizm elə bir təzahürdür ki, bütün fəlsəfi zənginliyi (və dərinliyi) ilə yanaşı, yalnız "batini" olaraq qalmır, həm də canlı həyata, ictimai münasibətlərə, "kamil insan"ın "zahiri" varlığına çevrilir. Və dövlət "batini" olanla "zahiri" olanın sıx qarşılıqlı əlaqəsində, tənasübündə təşəkkül tapır.

Dağıstana qazavata gedən Cüneydin qarşısını Şirvanşahın başçılıq etdiyi müttəfiqlər ordusu kəsir. Və 4 mart 1460-cı ildə Samur çayı sahilində olan döyüşdə Şeyx xaincəsinə öldürülür...

"...Oxçu yayını çəkib sol gözünü yummuşdu. Yaya qoyulan ox qurbanını axtarırdı. O anı gözləyirdi ki, qurban düz onun hədəfində olsun. Döyüş hərəkətliyi ona imkan vermirdi ki, oxu sağ əlindən buraxsın. Nəhayət, o an çatdı. Ox vıyıltı ilə Cüneydə doğru uçaraq köksünə saplandı. Bir anlığa onun yanındakı müridlərin əlləri göydə donub qaldı. Yalnız Şeyxin bədəni atın boynuna doğru əyiləndə Ağçalı qışqırdı:

- Şeyximizi vurdular. Onu dövrəyə alın, döyüş meydanından çıxarın".

Roman Şeyx Cüneydin ölümü ilə bitsə də, Səfəvi ocağının banisinin - Şeyx Səfiəddinin gördüyü yuxu axır ki, çin çıxır: Şeyx Cüneydin nəvəsi (və Şeyx Heydərin oğlu) Şeyx İsmayıl 1501-ci ildə çox gənc yaşlarında "ruh bədənə daxil olurmuş kimi" qoşunla Təbrizə daxil olub özünü şah elan edir.

Romanı "Səfəvi şeyxləri" də adlandırmaq olardı, ancaq müəlliflə - Yunus Oğuzla razılaşmaq üçün hər cür əsas var ki, "Səfəvi şeyxi" özünü daha çox doğruldur. Çünki Azərbaycan xalqının siyasi birliyi uğrunda Səfəvi Ocağının apardığı çoxillik mübarizənin mistik varisliyi (və tarixi bütövlüyü) bu adda kifayət qədər mükəmməl ifadə olunur.

Heç şübhə etmirik ki, Yunus Oğuzun növbəti tarixi romanı onun bitib-tükənməz (və artıq demək olar ki, möhtəşəm!) "Azərbaycan" tarixi epopeyasını xeyli zənginləşdirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!