Bakıdan Dubnaya, Xəzərdən Volqaya: Elm və Sənət dekadası... - Tehran Əlişanoğlu yazır

Müxbir üzvün qeydləri - II yazı

 

...Və biz ürək rahatlığı ilə komandamızı formalaşdırıb, 21-24 noyabr 2018-ci il tarixləri arası bu dəfə üz tutduq çağdaş fizikanın vətəninə - "dünyanın elm mərkəzlərindən biri Dubnaya"... Bunu bu tərzdə akademik İsa Həbibbəyli formulə etdi: "Bizim yaxşı komandamız var...": AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Azərbaycan Milli Aviasiya Akademiyasının professoru, millət vəkili Ağacan Əbiyev, Xəzər Universiteti Direktorlar Şurasının sədri, professor Hamlet İsaxanlı, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru İmaməddin Nəsirov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Rəşad Qasımov, AMEA Nəbatat bağının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və bir də AMEA-nın müxbir üzvü Tehran Mustafayev, yəni akademik Teymur Kərimlinin tabusuyla desəm: "bəndeyi-həqir".

Volqa, Volqa!.. - yadımdadır, eynən bu adda bir sovet filmi vardı; müxtəlif alətlərdə ifa edən bir dəstə məharətli musiqiçi orkestr yaradıb Volqa boyu səyahətlər edir, Moskvaya dəvət alıb, hər cür macəralara rəğmən böyük uğur qazanırlar. Sovet uşaqlığımdan xəyallarıma yansımış o uzaq səyahətin bu yaşımda dönüb başa gəlməsinə səbəb, məni bu heyətə layiq bilmiş akademik İsa Həbibbəyliyə nə qədər minnətdardım! "Bizim komandamız özünü doğrultdu... - bu da akademik İsa Həbibbəylinin fikridir, - ...Biz dubnalılardan geri qalmadıq, hətta bir çox məqamlarda daha üstün göründük. Və xeyli də işlər gördük...".

Əvvəla, deməliyəm ki, konfrans gedişində dəfələrlə vurğulandığı kimi: Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində Dubna bizə çox da uzaq deyilmiş; belə ki, Sovet dövləti çökdükdən sonra Dubnadakı Nüvə Tədqiqatları İnstitutu fəaliyyətini dayandırmadan Müstəqil Dövlətlərin təsisçiliyi ilə yenidən qurulmağa nail olmuş; o sıradan 1991-ci ildən 25 Avropa və MDB ölkələri arasında Azərbaycan Respublikası da təsisçilərdən biri olaraq qalır. 1956-cı ildə Moskva yaxınlığında, Volqanın sahilində yeni kosmik eranın nişanələrindən biri kimi yaranan İnstitut hazırda OİYAİ (Obyedenyonnıy İnstitut Yadernıx İssledovaniy) - Birləşik Nüvə Tədqiqatları İnstitutu adlanır. İnstitutun direktoru akademik Viktor Matveyev seminar iştirakçılarını salamlayaraq, açılış nitqində Dubnanın yaranması, nüvə tədqiqatları tarixində yeri və misilsiz xidmətləri, beynəlxalq səciyyəsi və çağdaş elmi əlaqələri, 2017-2023-cü illər üçün reallaşdırılası dünya miqyaslı proyektlər barəsində danışdı. İnstitut fəaliyyətində üç əsas istiqaməti rəhbər tutur: fundamental tədqiqatlar, innovasiyalar və təhsil proqramları. 25 ölkənin işıqlı zəka sahibləri, alimləri, istedadlı gəncləri burada çalışır, bəşəriyyətin sabahına yönəlik tədqiqatlar, təcrübə və eksperimentlər aparır. Anton Pavloviç Çexov deyirdi ki, elm milli olmaz. OİYAİ-nin şüarı belədir: "Elm xalqları birləşdirir!". Və V.Matveyev "Dubna Volqa sahillərində bizim ümumi evimizdir..." - deyə elmi seminara uğur dilədi.

Bizim Dubnada daimi nümayəndəliyimiz var; burada gənclərdən ibarət böyük bir heyətimiz fəaliyyət göstərir, ixtisaslarını artırır, layihələrdə iştirak edir, eksperimentlər keçirirlər. Azərbaycanın OİYAİ-də səlahiyyətli nümayəndəsi, AMEA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovdur. Akademik İsa Həbibbəyli ilə bahəm seminar iştirakçılarını salamlamaqla yanaşı, akademik Nazim Məmmədov fürsətdən yararlanaraq, iclaslararası müddətdə professor Hamlet İsaxanlı ilə birgə Dubnada milli Azərbaycan qrupunun rəhbəri Namiq Cavadovun başçılıq etdiyi gənclər heyətilə görüşdü; fikir mübadiləsi əsnasında qocaman "fiziklər" "azərbaycanlı dubnaçılar"a məsləhət və tövsiyələrini əsirgəmədilər. Onu da qeyd etməliyəm ki, Dubnada ezamiyyətimizin korrekt və səmərəli keçməsində Nazim müəllimin köməkçisi, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin baş mütəxəssisi Yeganə Əliyeva ilə birgə, OİYAİ əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Afaq Mədədzadənin də böyük zəhmətləri oldu...

Xüsusi vurğulanmalıdır ki, işgüzar görüşlər "Fizika və Lirika" konfransının görünməyən, lakin vacib ünsürlərindən idi. Hələ Şamaxı Rəsədxanasında plenar iclaslar akademik Teymur Kərimli və professor Vadim Polonskinin sədarəti ilə davam edərkən, akademik İsa Həbibbəyli fürsəti qaçırmayıb konfransda təmsil olunan müxtəlif ölkələrin elmi-ədəbi qurumlarının məsul nümayəndələri ilə görüşlər keçirmiş, bir çox müqavilə və əməkdaşlıq protokolları imzalanmışdı. Şübhəsiz ki, bu sırada ən mühüm nəticə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Birləşik Nüvə Tədqiqatları İnstitutu (OİYAİ) arasında qarşılıqlı əlaqə və əməkdaşlıq müqaviləsinə nail olunması məsələsi idi. Akademik İsa Həbibbəylinin başçılıq etdiyi heyətin konfransdan əvvəl akademik Viktor Matveyev tərəfindən qəbul olunması, aparılan rəsmi danışıqlar, əməkdaşlıq niyyətləri də buna dəlalət edirdi. Akademik İsa Həbibbəylinin seminar iştirakçılarını salamlayarkən söylədiyi: bir zamanlar "fiziklər" və "liriklər" arasında polemik başlanan münasibətlərin bu gün ciddi elmi tədqiqat və əməkdaşlıq səviyyəsinə yüksəldilməsi ideyası da həmin proqramın tərkib hissəsiydi. Akademikin dubnalılara təqdim etdiyi simvolik hədiyyə - üzərində Qız qalası və Üç alov qülləsinin əks olunduğu iri nar fiquru, özünün şərh verdiyi kimi: Odlar yurdu Azərbaycanı, loqonun üzərindəki: Şamaxı Rəsədxanası və Naxçıvanda bitən möhkəmlik rəmzi Narbənd ağacının təsviri isə "fizika və lirika" tandeminin əbədiyyətini ifadə edirdi. Konfransı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından səfirliyin əməkdaşı Aqşin Əliyev də salamladı, son illərdə Azərbaycan-Rusiya münasibətlərinin davamlı və effektiv inkişafda olduğunu qeyd edib, elmi seminarı həmin əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirdi...

Demə, çağdaş dünya elminin mərkəzlərindən biri kimi pənah gətirdiyimiz Dubna lirikadan da heç uzaq deyilmiş. Əksinə, vaxtilə "fizika-lirika" münasibətlərinin ən isti şəkildə qaynaqlandığı ocaqlardan biri, məhz axtardığımız koordinat nötqəsiymiş. Bunu biz konfransın ab-havasından, burada səslənən məxsusi seçilmiş məruzələrdən biləcəkdik. Buna biz Lyubov Oreloviçin "Vısotski Dubnada" kitabında(n) (Moskva, "Uniserv", 2012) bir daha əmin olacaqdıq. Bunu biz bütövlükdə, yarım əsrdən də çox Volqa sahilində sakit, çoxmənalı duruşu ilə atom əsrinə meydan oxuyan Dubna şəhərinin azad-sərbəst, daxilən üsyankar poetik ruhundan duyub hiss edəcəkdik. Təşkilatçılar noyabr ayının sazağına rəğmən bizə çox rahat və sıcaq Dubna mehmanxanasında yer ayırmışdılar; L.Oreloviçin kitabından öyrənəndə ki: hələ sovet dönəmindən məşhur bu mehmanxanada 1960-1970-ci illərdə hansı məşhurlar qonaq olmuş, eynən bizim dolaşdığımız vestibüldə A.Voznesenski şeirlər demiş, V.Vısotskinin nəğmələri dinlənilmiş, məşhur Taqanka Teatrının aktyorları deklamasiyalar etmiş... - həmin liriksəl atmosferin şəhərdə bu gün də nəfəsini saxladığına təəccüblənmək lazım gəlmirdi. Biləndə ki, bu gün klassik konsert dinlədiyimiz Dubna Alimlər evinin səhnəsində bir zamanlar kimlər poetik səslərini ucaltmış, çıxışlar etmişlər: Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bulat Okudcava, Vladimir Vısotski, Arseni Tarkovski, Andrey Tarkovski, Tatyana Bek, Yuliy Kim, Aleksandr Qorodnitski, Yuriy Vizbor, Aleksandr Qaliç, Pyotr Todorovski, Bella Axmadulina, Yelena Kamburova ... - bu dəfə məhz heyrətlənmək lazım gəlirdi...

Demə, 1963-cü ilin bir mart günündə Nikita Xruşşov gənc Andrey Voznesenskinin üstünə bağıraraq, avanqard şeirin ən avanqard simasını görünməmiş söyüşlərə qərq edib, sonra da az qala təcrid vəziyyətinə salarkən, məhz Dubna isti qucağını onun üzünə açmış, akademik-fiziklərin qahmar durması sayəsində gənc şair rejimin daha qəti təqiblərindən qurtula bilmişdir. Məhz həmin məşhur akademiklərdən P.L.Kapitsa, Q.N.Flyorov, D.İ.Bloxintsev və b.-nın bilavasitə havadarlığı məşhur rejissor Yuriy Lyubimovun başçılığı ilə Moskvanın Taqanka meydanında yeni teatrın yaranmasında həlledici rol oynamışdır; məşhur bard-şair Vladimir Vısotski də həmin teatrın truppasında idi... Axşam qonaqlığından birini təşkilatçılar bizə "Sülh" Mədəniyyət Evinin V.Vısotski adına restoranında verdilər. Böyük sənətkara sevginin ifadəsi olan bu məkanın divarları başdan-başa V.Vısotskinin həyatından və fəaliyyətindən söz açan rəsmlərlə cızılmış, fotoşəkillərlə bəzədilmişdi; burda şairin sənətini və irsini yaşadan canlı ənənələr davam edir. Dubnanın azadfikirli akademik və alimlərinin rejimin rəsmi səhnələrə buraxmadığı bard sənətkarları - B.Okudcava, A.Qaliç, Y.Vizbor, V.Vısotski və b.-nı vaxtaşırı öz şəhərlərinə məxsusi dəvət etmələri andeqraund ədəbiyyatının görünməsinə, yaşamasına, ictimailəşməsinə meydan vermişdi... Bu gün həmin alimlərin və böyük insanların ruhu şəhərin meydan və prospektlərində abidələr, xatirə lövhələri, büstlər, küçə adlarında yaşayır və bu qutlu məqama aşina olmaq üçün hər birimizin yanaşı durub fotolar çəkdirmək şansımız vardı...

Akademiklərdən biri, OİYAİ-nin əsasını qoyanlardan, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1957-ci ildən 1988-ci ilədək Nüvə Reaksiyaları Laboratoriyasının direktoru, Mendeleyev cədvəlində elementlərdən daha birini kəşf etmiş Georgi Nikolayeviç Flyorov (1913-1990) bir zaman söyləmişdir ki: "Mənim nəzərimcə, fiziklər və liriklər bölgüsü kim tərəfindənsə süni şəkildə meydana atılmış diskussiya dalğasında şöhrətlənmək istəyənlərin uydurmasıdır. Təkcə riyazi anlayışlarla, yaxud yalnız bədii düşünən insan yoxdur. Xatırladım ki, 1960-1970-ci illərin ən yaxşı tələbə nəğmələrini fiziklər yazmışlar..." (L.N.Oreloviç, "Vısotskiy v Dubne". Moskva, "Uniserv", 2012, s.12) Eləcə də bu sırada L.Oreloviç, Q.Kopılyov, L.Obuxov, Q.Vardenqa, Q.Ososkov, İ.Meşkov, Y.Şabalin, V.Qovorova kimi məşhur Dubna alim-şairlərinin adını çəkir. Həmin fenomeni konfrans zamanı müşahidə etmək çox da çətin olmadı...

"Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransının 22-23 noyabr 2018-ci il tarixlərində Dubna Alimlər evində keçirilən ikinci - Fizika mərhələsi də maraqlı məruzələrlə yaddaqalan oldu. Amma məclis boyu qəribə bir əsrarəngiz aura da özünü gizlətmirdi; elə bil dubnaçılar ağır artilleriyanı yayındırıb, meydanı liriksəl qvardiyaya vermişdilər. Neytron fizikası laboratoriyasının baş elmi işçisi, elmi-kütləvi və bədii kitablar müəllifi, professor Yevgeniy Şabalin məruzəsində 1964-cü ildən İnstitutda fəaliyyət göstərmiş teatral kollektivdən, özündə fizika və lirikanı birləşdirən nəzəriyyəçi-alimlərin burda necə ehtirasla təmsil olunmasından, Neytron fizikası laboratoriyasının baş elmi işçisi, professor Valter Furman "Azad olmayan liriklər azad fiziklərin yanında" məruzəsində 1960-1970-ci illərin Dubna ədəbi-mədəni mühitindən canlı xatirələr söylədilər. Neytron fizikası laboratoriyasının böyük elmi işçisi Sergey Borzakovun "Nüvə fizikası metodlarının arxeologiyada tətbiqi", habelə RUDN tarix kafedrasından tarix elmləri namizədi Natalya Panasyukun "Arxeologiya metodları və s. barədə", Rusiya Elmlər Akademiyası Ümumi Tarix İnstitutunun əməkdaşı, tarix elmləri namizədi, dosent Yevgeniya Prusskayanın "Misirə fransız ekspedisiyasının (1798-1801) Qərb və Şərqin elmi öyrənilməsinə təsiri" məruzələrində fiziksəl metodların tarix elminə tətbiqi imkanlarından söhbət getdi. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nümayəndəsi, filoloji elmlər doktoru Vladimir Klyaus da məruzəsində metodologiya məsələlərinə toxundu, hələ Bakıda başlamış mövzunu davam etdirərək, ədəbiyyat tarixi və folkloristika materiallarını Mendeleyev cədvəli kimi sistemləşdirmək zərurətini qabartdı. Moskvalı qonaq, "Xudojestvennaya literatura" nəşriyyatının poeziya şöbəsinin müdiri Yuriy Lapin elmi-poetik topluların və elmi-kütləvi janrın nəşri təcrübəsindən danışdı; 14 kitab müəllifi Edvard Lir 1960-1970-ci illərin xatirələrini yada salıb elmi hədəf götürən şeirlərini oxudu. OİYAİ yanında "Sülh" Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç "Vısotski və Voznesenski Dubnada" məruzəsində kitabından daha geniş öyrəndiyimiz ədəbiyyat hadisələrindən yığcam bəhs etdi...

Bu baxımdan "bizim komanda" fiziklərin meydanında daha yekdil və inamlı görünürdü. Akademik İsa Həbibbəylinin, akademik Nazim Məmmədovun, professor Hamlet İsaxanlının, millət vəkili Ağacan Əbiyevin dinlədiyimiz məruzələrində informasion bələdlik, mövzuya dair yeni vurğu və çalarlar aşkar maraq doğururdu. Məsələn, Hamlet İsaxanlı "fizika-lirika" münasibətlərinin gərginləşməsi tarixini bir qədər də duruldaraq, Çarlz Pirsi Snounun 1959-cu ildə nəşr etdirdiyi "İki mədəniyyət və elmdə inqilab" kitabına isnad etdi; bununla problemin ümumdünya miqyasında kökünə diqqət çəkdi. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov "Azərbaycan ədəbiyyatında astronomik motivlər" məruzəsində yalnız ədəbiyyatdan deyil, slaydlar vasitəsilə həm də rəsədxana teleskoplarından görünən ulduzlar aləminin mübhəmləri ilə bölüşdü, eyni zamanda dünya alimləri və düşünərlərinin kainatın paradoksal sirləri barədə yumor və sərrast deyimləri ilə məclisə rəng qatdı. AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İmaməddin Nəsirov "Kristallar, kvazikristallar və türk xalq yaradıcılığı" məruzəsində, əksinə, auditoriyanın diqqətini göylər aləmindən qoparıb, materiyanın iç aləminə apardı; kristalların nümunəsində təbiətin (fizikanın) özünün necə sənət əsərləri (lirika) yaratdığını nümayiş etdirdi. Eyni zamanda qədimdən bəri həmin kristal strukturlarının türk təfəkkürünün yaratdığı naxışlarda, xalça sənətində, obrazlarda adekvat təzahürünə diqqət çəkdi. Bir zamanlar dünya şöhrətli Azərbaycan alimi, EA-nın müxbir üzvü Xudu Məmmədovun başladığı həmin axtarışların bu gün bütöv bir istiqamət alması xoş idi, razılıq doğururdu.

"Bizim komandamız" Dubnada bir az da böyümüşdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (məşhur MQİMO) Yaxın və Orta Şərq ölkələrinin dilləri kafedrasının dosenti, filoloji elmlər doktoru, eyni zamanda Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırovdan sonra, həmin birliyin üzvlərindən: həkim-şair Afaq Şıxlı "Həkim və şair" məruzəsində Azərbaycan ədəbiyyatı tarixində millətin mənəvi sağlamlığı ilə yanaşı, bilavasitə həkimlik edərək fiziki möhkəmliyi qayğısına da qalan ədiblərdən danışdı, materiya və ruhun bu şəkildə bütövlüyünə diqqət çəkdi; Moskva Millətlər Evində tərcüməçi-şair Sultan Məmmədov (Sultan Mərzili) "Fizikadan lirikaya - addım, lirikadan fizikaya bir ömür" məruzəsində hər iki sahəyə bağlı insan təcrübəsinin sirlərindən danışdı.

"Bəndeyi-həqir" konfransa "Fizika-lirika münasibətlərinin ədəbi-nəzəri mənzərəsi" ilə çıxmışdı. Niyyətim təbii ki, fiziklərin meydanında fövqəladə nəyəsə iddia eləmək deyildi; daha çox, keçən əsrin ortalarından "kosmik era"ya girmiş, bu gün də dünya templərindən kənar durmayan Azərbaycan ədəbiyyatını bura çıxarmaq idi. Və məruzəmdə, heç də mətbuatda qeyd olunan təki, yalnız S.Rüstəmxanlının, Anarın, Elçinin, Kamal Abdullanın əsərlərindən söhbət getmirdi; müasir texnogen və rəqəmsal dünyanın ədəbiyyatımıza təsirindən, elmi düşüncənin bədii təfəkkürə sızmasından kütləvi "facebook ədəbiyyatı"nadək hər növ təzahürlərdən söz açılır, Rasim Qaraca, Nərmin Kamaldan ən yeni - Vüsal Nuru, Nicat Həşimzadə və b. onlarca imzalaradək xatırlanırdı. Eyni zamanda bir zaman mövcud olmuş "Literaturnoye obozreniye" jurnalından bu gün nəşr olunan "Novoye literaturnoye obozreniye"dək çoxsaylı terminolojini müqayisəyə cəlb edərək, klassik ədəbiyyatşünaslıq dilinin "lirika"dan "fizika"ya doğru nə qədər meyil etdiyini əyaniləməyə çalışır və buna müvafiq "Tənqid.net" jurnalını bizdə yeni ədəbiyyatşünaslıq tendensiyası olaraq təqdim edirdim.

Mətbuat məsələsinə, habelə AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid toxunaraq, "Fizika-lirika və mətbuat" məruzəsində mətbuatın problemə heç zaman biganə qalmadığından son illərdə "525-ci qəzet" və AMEA münasibətləri təcrübəsindən söz açdı. Deyim ki, Rəşad Məcid Dubnada bütün rəsmi görüşlərdə mütləq idi və akademik İsa Həbibbəyli hər yerdə "525-ci qəzet"i Azərbaycanda yeni mətbuat məktəbinin qaranquşu kimi təqdim edirdi. Yəqin ki, yanılmırdı da. "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransı barədə ilk canlı reportajı - Pərvinin "Ədəbiyyatın və elmin bayramı" adlı geniş qeydlərini də (24 noyabr 2018) ilk "525-ci qəzet" dərc etdi. Dubna səfərindən dönməmiş, "525-ci" qəzetin səhifələrində Şahanə Müşfiqin "Volqa sahilində ədəbiyyat söhbətləri" adlı oçerki və buradaca Rəşad Məcidin Dubna səfəri barədə təəssüratı yer aldı (24 noyabr 2018)... 

Bir qədər də Dil məsələsinə münasibət barədə. "Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları" konfransının işçi dili - Azərbaycan, rus və ingilis dilləri idi. Anlaşıqlıq baxımından, təbii ki, rus dili ümdə idi. Bununla belə, kontingentin başlıca olaraq MDB ölkələrinə daxil türk xalqlarından ibarət olduğunu nəzərə alaraq, rəsmən və kuluarlarda türk dillərinin də yeri görünürdü. O cümlədən Şamaxıda məruzələrini Azərbaycan dilində oxuyanlar oldu (Tehran Mustafayev və Tahirə Məmməd); hətta Ə.Nəvai Universitetinin professoru, akademik Naim Kərimov rəsmiyyətə məhəl qoymadan məruzəsini özbək dilində etdi və konfransın türk modeli də heç kəsdə etiraz doğurmadı. Elmi söhbətlər getdiyi auditoriyada anlaşma elə də problem deyil; bu əsnada daha çox elektron təsvirlər, cədvəllər, slaydlar, qrafiklər, sxemlər dil açıb danışır. Deyək ki, AMEA Mərkəzi Nəbatat bağının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, bir sıra elmi-fantastik romanlar müəllifi Sadıq Qarayevin rus dilində, aşkar Azərbaycan ləhcəsi ilə etdiyi "Orbit nəzəriyyələri və universal mövcudluq məsələləri bədii obrazların elmi mübahisələrində" məruzəsində ən vacibi irəli sürülən konsepsiya idi, onun hansı ladda təqdim olunması yox. O ki qaldı lirikaya, elə aydındır bu dil!; məsələn, Şamaxıda, konfransın birinci mərhələsinin yekununda Ə.Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin dosenti Gülbahor Aşurova "Müstəqillik illərində özbək-Azərbaycan ədəbi əlaqələrinə dair" məruzəsini özbək dilində Səməd Vurğunun "Azərbaycan" şeirinin ifası ilə tamamlarkən böyük coşqunluq və ovasiyalarla yadda qaldı...

Dubnada bütün çıxışlar ingilis dilində slaydlarla müşayiət olunurdu. Bu bir çağdaş normadır; və bizə anlatdılar ki, elmi mərkəzin dialoq dili ingiliscədir. Odur ki, rus dilində qonuşurkən elektron lövhə məruzəçini ingilis dilində, ingiliscə danışarkən rus dilində müşayiət edir. OİYAİ Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Dmitriy Kamanin "OİYAİ - beynəlxalq kooperasiya platformasıdır" və şöbənin əməkdaşı, tarix elmləri namizədi Yelena Bazanova "Elm diplomatiyası: elmin yumşaq əli beynəlxalq münasibətlərin yeni faktorudur" məruzələrində real təcrübəyə istinadla elmin xalqlar, millətlər, insanlar arasında nə qədər böyük humanitar gücə çevrildiyini OİYAİ-nin timsalında nümayiş etdirdilər. Buradaca həm AMEA, həm də Birləşik Nüvə Tədqiqatları İnstitutu Beynəlxalq şöbələrinin "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransının yüksək təşkilati səviyyədə reallaşmasında mühüm rolu qeyd olunmalıdır. Məxsusən OİYAİ Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitriy Kamaninin, Sosial infrastruktur idarəsinin rəhbəri Andrey Tamonovun hər gün, hər saat, az qala simurq quşu kimi yanımızda müntəzir durması, İsa Həbibbəylinin zarafatla vurğuladığı kimi: "əsl Azərbaycan qonaqpərvərliyi" modelində görünürdü...

Birləşik Nüvə Tədqiqatları İnstitutu (OİYAİ) qapalı məkandır; görünməmiş sürət əsrini simvolizə edən nəhəng qurğuları - Neytron Fizikası Laboratoriyasında impuls reaktorunu, Nüvə Reaksiyaları Laboratoriyasında və Yüksək Enerjilər Fizikası Laboratoriyasında sürətləndirmə komplekslərini ziyarət edərkən komandamız bunun tam fərqində idi. Təkcə elə bu nəhəng ekskursiyalar qonaqlara necə bir energetika burulğanına baş vurduqlarını anlatmaqda kifayət görünürdü. Hər kəsin qismətində ola, ya olmaya; Bakıdan Dubnaya qədər gələsən və sonra ani səhlənkarlıqdan "Dubna" mehmanxanasında unudulasan, ekskursiyanın birinci günü belə bir iş mənim və İmaməddin Nəsirovun başına gəldi və əgər ekskursiyanın ikinci günü Yüksək Enerjilər Fizikası Laboratoriyasına ziyarət olmasaydı, həmin romantik acını çətin unudaydım. Bu ki, OİYAİ-nin ilk direktoru akademik V.İ.Vekslerin və akademik A.M.Baldinin adını daşıyan Yüksək Enerjilər Laboratoriyasında əfsanəvi sürətləndirmə kompleksi - Sinxrofozotronla əyani tanış olduq. Yerin ilk süni peykinin göylərə qalxdığı 1957-ci ildə işə salınmış nəhəng qurğu, hissəcikləri on milyard elektron-volta qədər sürətləndirməklə 1957-1960-cı illərdə dünyada enerji rekordu göstərmişdir; nəhəngliyinə və ağırlığına görə (36000 ton) Ginnesin kitabına düşən qurğu bu gün daha modern və yığcam alternativlərlə əvəzlənsə də, əsl tarixi əzəmət nümunəsi kimi qorunur. Bu həmin məşhur Sinxrofozotrondur ki, məşhur Alla Puqaçovanın "Hələ bəlkə oldu" ("To li yeşşo budet") nəğməsində "fizika-lirika əsri"nin metaforik göstəricisi kimi milyonların yaddaşında ilişib-qalmış...

Bütünlükdə, Dubna səfərimiz zəngin, bəhrəli, faydalı keçdi. Dubnalılar bizi son axşam Alimlər evində, məxsusi Moskvadan dəvət etdikləri kamera kvartetinin ifasında klassik musiqi konserti ilə uğurladılar. "Fizika"ya ekskursun xoş yorğunluğu bu dəfə sənət ecazı - F.Şubert, R.Şuman, P.Çaykovskinin klassik, E.Şosson, Q.Xouvels, A.Şnitke, A.Pyatsollanın modern musiqisindən doğan estetik həzzlə tamamlandı. Daha bir kuryez burada baş verdi. Son musiqini ifaçılar bizim şərəfimizə səsləndirdilər. Və bu jestdən vəcdə gələn millət vəkili Ağacan Əbiyev ifa bitincə irəli çıxaraq, alqışların fonunda Azərbaycan heyəti adından parlaq minnətdarlıq nitqi söylədi. Beynəlxalq müsabiqələr laureatı kvartetin: Yuliya Sabitova (skripka), Boris Akişin (qoboy), Nikita Rujavinski (violonçel) və Darya Savvateyevanın (fortepiano) şəninə alqışlar bu alqışlara qarışdı... Hər kəsə miqdarıncadır eşq! Zarafat bildiyimiz çin olmuş, performans baş tutmuşdu.

Bu, yalnız AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində görünməmiş irreal xəyalların gerçəkliyi deyildi. "Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları" konfransı günün mənzərəsində tam yeni səhifə olub, yeni radələrdən xəbər verdi. Akademik İsa Həbibbəyli deyir: "Fizika və lirikaya dair diskussiya ilkin olaraq rus mətbuatında - "Komsomolskaya pravda" və "Literaturnaya qazeta"da başlayıb. Biz isə bu məsələni böyük elmin səviyyəsinə qaldırırıq. Bizimçün bu problemin kökü və tarixi qədər gələcəyi də çox vacibdir. "Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları" beynəlxalq elmi seminarı problemin ənənələrini öyrənib gələcək inkişafını müəyyənləşdirməyimizə imkan verdi. İnanırıq ki, "fiziklər"in və "liriklər"in qarşılıqlı fəaliyyəti problemi elmin bütün sahələrini vahid bir məcrada birləşdirməyə imkan yaradacaq" ("Literaturnaya qazeta", 28 noyabr-4 dekabr 2018).

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!