Elnarə AKİMOVA - Özümlə sohbət…

Uşaqlığım fərəhli, işıq və sevgi dolu keçib. Atam altı uşağını halal zəhmət, alın açıqlığıyla böyüdüb...

Elnarə AKİMOVA

 

Bir dəfə mərhum kino dramaturq Aydın Dadaşov dedi ki, yazıçıların, şairlərin şəxsi məktublarını çap etmək, yaymaq düzgün deyil. Bunlar onun özəl dünyasına aid bir nəsnədir və kimsənin bilməsinə, oxumasına gərək yoxdur. İndi, özümlə söhbəti yazmağa başladığım məqam da həmin fikri xatırladım nədənsə… Özünlə etdiyin söhbəti yazıb məchulluqdan çıxaracaqsansa, bunun daha nəyi “öz” oldu? Həm də predmetimin həmişə başqalarına məxsus mətn olmasına öyrəşmişəm. İndi obyektivin fokusunda özüm olunca… Amma ədəbiyyat onsuz da hər gün özümüzlə etdiyimiz söhbət deyilmi? İç fırtınamız, susqunluğumuz, dalğınlığımız, rahatlığımızı tapdığımız mənəvi ərazidir.

Uşaqlığımız 90‐cı illərin tarixi burulğanlarından, siyasi kataklizmlərindən, müharibə dəhşətlərindən keçdi. 20 yanvar günü çalınan həyəcan siqnalını, Xo calı dəhşətləri törədilən vaxt evimizdəki gərginliyi, hər gün televizor ekranlarından verilən cəbhə xəbərlərindən sonra ağırlaşan ab -havanı indi də hiss edirəm varlığımda. Nobelli yazar Svetlana Alekseyeviç "müharibənin qadın üzü olmur" – deyir. Bəs uşaq üzü? İsa İsmayılzadənin "Güllələr demə di" şeirini xatırlayıb sualıma əlüstü cavab tapıram. Yox, heç uşaq üzü də olmur bu lənətə gəlmişin.

Getdilər, getdilər Berlinə sarı,

getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

qəlpələr demədi: geri qayıdın,

hələ uşaq sınız, nə yaşınız var…

Müharibə haqqında düşünürəm. Daha doğrusu, müharibə və ədəbiyyat haqqında.

Hələdə ruhumuzda gəzdirdiyimiz müharibə ağrısının ədəbiyyatlaşan,  ədəbi fakta çevriləcək ünvan və zamanına şahid olacağımı güman edirəm. Müharibənin izlərini bədənlərinin müxtəlif əzalarında gəzdirən insanların müharibədən sonrakı yaşamı, ruhi gərginlikləri mövzunu hər zaman diri saxlamağa imkan verir. Qarabağ sava şının içində olan insanların bir qismi şəhid oldu, bir qismi əsir düşdü, bir qismi də sağ olsalar belə, daxilən sevinməyə, həyatdan zövqalmağa qadir deyillər artıq. Çünki onların yaddaş hücrələrində, ruhi dərinliklərində müharibənin qranat qəlpələri kimi qorxulu qalığı dolaşmaqdadır. Bu qorxu sabaha aparan yolla onların aralarına əbədi sədd çəkib. Ədəbiyyat nə vaxtsa bu hisslərin yüksək ifadəsini verəcəkmi? Bil mirəm. İndi o illərdən bizi uzun zaman ayırır. Belə mürəkkəb, ziddiyyətli, xaotik bir dövrün fəci sonucları haqqında illər sonra bəhs etmək yazardan böyük həssaslıq tələb edir. Qarabağda, müharibədə olmayan, taleyindən bu ağrını keçirməyən yazıçının müharibə mövzusunda əsər yazması çətinləşir. Yazıçının beynindəki yaddaş lövhələri dil açıb danışmadıqca, yazdıqları sünii təsvirdən, deklamasiyadan, sxematik yanaşmadan o yana getmir. İstisnalar isə həmişə olur. Elə sözümüz də, umacağımız da istisnalaradır.

Deyirlər, uşaqlıqda ailədə aldığın psixoloji zərbə insanı bütün ömrü boyu müşayiət edir. Bu fikrin doğruluğuna həmişə inanmışam. Çünki özüm bunun əksini yaşamışam və görmüşəm ki, elə əks yaşantıda insana sonrakı ömür yolunu adlamaq da necə yardımçı olur. Uşaqlığım fərəhli, işıq və sevgi dolu keçib. Atam altı uşağını halal zəhmət, alın açıqlığıyla böyüdüb. Həmişə deyirəm, heç vaxt qarşısına alıb öyüd verməyib bizə, amma o qədər dürüst və əxlaqlı davranışı vardı ki, onun yaşam tərzi bizim üçün nümunəyə çevrilmişdi. Mən atamdan bir də bunları əxz elədim: İşığı və Sözə sevgini.

İşıq və sevgi… Bu iki ifadəni bacardığım qədər tez‐tez işlədirəm. Yanaşı gələn amildir onlar mənim üçün. Hər insanın dəyəri də ehtiva edə bildiyi işıq və sevgi məcmusu qədərdir. Həyat onsuz da bizim istəklərimizi nəzərə almadan yoluna davam etmədədir. Şair demiş, zaman öz işində, vaxt axarında… Bəs zamanlara qarışmağa, ildən‐ilə adlamağa bizə nə kömək edir?

Gördüyümüz hər işə bəslədiyimiz sevgi. Üzləşdiyimiz bütün haqsızlıqlara rəğmən, içimizdə qoruyub saxladığımız işıq.

Elə adamlar var ki, uşaqlığında gəncliyini yaşayıblar. Belə adamlar çox müdrik olurlar. Məncə, hər bir insan ömründə belə bir adamın varlığına mütləq can atmalıdır. Bu, ruhi ehtiyacdır. Çünki istər gənclik olsun, istər qocalıq, hamı hər vaxt içini danışmaq üçün adam gəzir. Belə bir adamsa… mütləq müdrik olmalıdır. İşıq dolu…yoxsa sənin təsəllin müdrik olmayanların təsəllilərində tapılmaz. Sənət bizi yalnız bu müdriklərdən eləmir, həm də elə insanları tanımağa güclü potensial yaradır. O da olmayanda əsərlərlə çatır köməyimizə. Bütün böyük əsərlər bizi təkliyin amansız tənhalığından xilas edən, ruhumuzu diri saxlayan universumdur.

Ədəbiyyat ilk növbədə, işığımızın keçməsinə, odumuzun sönməsinə imkan verməyən böyük gerçəklikdir. Son istinaddır. Son ümiddir. Son zamanlar ədəbiyyat adamlarının intihara meyillənməsinin səbəbini də bunda görürəm: onlar üçün ədəbiyyat adlı, Söz adlı müqəddəs mehrab təsir gücünü itirib. Son duracaq olmaqdan çıxıb. Özü də bunu o kəslər edir ki, Sözdən başqa sığınacaq mənəvi ərazisi yoxdur. İnsanda anlamaq dərdi böyük olanda, biləndə ki, sənə çoxunun ehtiyacı var, eyni vaxtda həm də heç kimə lazım olmadığını duyanda bütün varlığını qəribə bir hiss bürüyür və bu hiss əsl “sən”i sən dən uzaqlaşdırır, yerdə qalan isə sənin soyuq görünüşün olur. Bu isə həqiqətən də vahimə doğurur. Neynəmək olar? İndi cəmiyyətimizdə bunlar adi hal almağa başlayıb. Çünki dünyada düny nı fikirləşənlərin sayı azalıb: “Dünyanın içində boğulub səsi / İşığı sozalmış çıraq kimidir”. Ona görə də dünya bizə qarşı çox amansızdır. Hamı “ömür udmaq istəyir, amma günlərini uduzur”… arzulardan vaz keçmək olmaz. Çünki arzuların varsa, ümidlərin də var.

Bu mənada, ədəbiyyatda olanların, ziyalıların üzərinə böyük missiya düşür. İşığı çoxaltmaq… XX əsrin əvvəllərində ziyalı sözünün sinonimi kimi daha çox “aydın” sözü işlənirdi: Millətin aydınları… Bu ifadəni çox sevirəm. Baxmayaraq ki, ziyalı sözü də işıq mənasını ehtiva edir. Demək, nahaq seçilməyib heç nə, missiya sözün məna çalarında ehtiva olunub. Bütün haqsızlıqlara, nadanlıqlara, cahilliklərə baxmayaraq, işığı qorumaq lazımdır. Rəngli karandaşlar yenə də sevimli və gərəkli əşyamız olmalıdır. Uşaqlıqdakı kimi… Onlar bizə həyatın ağ və qara zolağından çıxmağa kömək edər. Ədəbiyyat nədir ki?! İnsanın dünya, zaman, Tanrı və təbiətlə bağlı düşüncəsinin sınırlarını böyütməsi üçün üz tutduğu müqəddəs mehrab! Axı insan pisliklərdən, yaramazlıqlardan sığortalanmayıb, o, əzabların pandora qutusudur, ədəbiyyatsa həmişə əzabları yenməsində ona yol göstərən olub. Sovet sistemi dağılandan sonra biz bu fikri də tarixin qalıqları altından çıxarıb, bir az da postmodernist dalğanın ardınca gətirdiyi revanşist ədanın təsirinə düşərək ona özgə məzmun, mündəricə verməyə çalışdıq: Ədəbiyyat insan tərbiyə eləmir! O zaman ədəbiyyat nəyə xidmət edir? Hansı amala, hansı məfkurəyə, hansı düşüncəyə? Əgər çağın insanı onu gündəlik sarmış olan hər cür mənəvi‐ ruhsal‐ psixoloji deqradasiyadan, maddi‐sosial anomaliyalardan qurtuluş üçün ədəbiyyata sığınmayacaqsa, orda öz hüzurunu tapa bilməyəcəksə, o zaman bədii sənətin qayəsi hardan başlanıb harda bitir? Əgər dur ma dan ar tan kitablar, yazılan əsərlər sonucda insana yönəlik söz deməyə hasilə gəlmirsə, o zaman bəşəriyyət niyə hər zamanın qəhrəmanını yaratmağa çalışır, onunla öz dilində, düşüncəsində danışmağa çaba göstərir?!

Eko yazır: "Bütün dünya mədəniyyəti bir şeyi istəyir – sonsuzluğu əlçatan etmək". Biz dünyanın, dünya mədəniyyətinin bir parçasıyıq. Sonsuzluğa qarışmaq bizim də qayəmiz olmalı… Amma bu olacaqsa, baş tutacaqsa, yalnız və yalnız istisnalardan gələn İşığın və Sevginin gücü ilə gerçəkləşəcək…

...və yazısı

ADİL MİRSEYİD – BU ADAM QARA SEVDALI BİR ŞAİR...

Ramiz Rövşən şeirlərinin birində yazır: “Ömrümü qab kimi saldım əlimdən / çox sınmayan şeylər sınası oldu”. Mərhum şairimiz Adil Mirseyidin də poeziyasında geriyə boylanış da çilik‐çilik olmuş həyatın qırıqları gözə dəyir,

yaşanmış, yaşanacaq bütün sevdalarım

balıq kimi sürüşüb çıxır əlimdən

– deyə təəssüfün harayı oxunur. Amma bu, qulaq deşən haray deyil, həzin pıçıltıdır, səssiz baxışdır, içinə tökülən göz yaşıdır. Bu, Tale işləklərinin gətirib çıxardığı sonluq, keçilmiş yola vurulan yekundur. Görünür, şair ömrü hansısa məqamda boşluğun qaçılmaz əzabını yaşamağa müncərdir. Adil Mirseyid də son iki poeması – “Bürkü” və “Uniomistika” da içinin qaçılmaz əzabını, təklik sıxıntısını misralara hörür, ömür bioqrafiyasını özü anlatmağa çalışır. İndiyədək onu təhlil edən və etməyən, yaradıcılığını çözə bilən və bilməyən bütün düşüncələri yarıb öz taleyinin şeirini yazmağa qərar verir.   Ona görə yox ki, şairin əsərləri təhlil predmetinə çevrilməyib. Sadəcə, bu poeziya ona toxunanı sirli qapılar önünə gətirib, onları labirint düşüncələr içrə buraxıb yozumlar həm də yozumu olmayan mübhəmliklərə vəsilə olub. Belə olan halda şairin üsyanı başlayıb, amma ətrafla deyil, öz içi, öz dünyası, öz sevdaları ilə. Portretini cızmağa qərar verib, amma qeyrilərinə deyil, özünə, öz aləminə, bugününə. Düşmən olub, amma başqalarına deyil, yenə də özünə, taleyinə, yaşamına…

bu adam qara sevdalı sürrealist bir şair

bir az sufi bir az abdal bir az şaman və sair

bu adama düşmənəm mən bu adam da

mənə düşmən

90‐cı il lərdən başlayaraq şerimizdə daha çox epik başlanğıc güclənməyə başladı. Şairlər həyati müşahidələrini, bəzən hədsiz dərinlərə işləyən şüur oynaqlıqlarını təhkiyə elementlərinin gücü ilə verməyə çalışdılar. Bu elə, bəlkə, həmin səbəbdən hasilə gəlirdi, şairlərin daha çox həyatın dərinlərinə, bütün qatlarına baş vurma çabalarından. Yazılan şeirləri içdə yaşanılan ideyaların bədii təcəssümünə çevirməyə çalışırdılar və təsadüfi deyil ki, bu cəhd əsərlərin poetik strukturunun fərqli olması ilə nəticələnirdi. Zənnimizcə, müstəqillik dövrü şerində nəzm və nəsr hissələrinin növbələşməsi məsələsi də məhz bu ayrıntı ilə bağlıdır. Çünki bədii mətn də ideya axtarışları kəskin ləşdikcə, daha doğrusu, dərinləşdikcə əsər daha çox öz forması ilə danışmağa

üstünlük verir. Əlbəttə, şeir izah edilməməlidir, daha çox izah etməlidir. Öz təsir gücü ilə, şüuraltının işlədiyi və işlətdiyi dərin(lik)lərə qədər bizə məlum dünyanı darmadağın edib yeni dünyalara yol açmalıdır. İnsanın Tanrı, dünya, ölüm, həyat, yaradılış, sevgi ilə bağlı təsəvvürlərinin ərazilərini genişləndirməlidir. Bu, artıq misralara sığışmaqdan çıxıb “hadisə”(ni) bəlirtməyə gücü çatan nümunələr qismində mümkündür. Baxmayaraq ki, şeir söhbətlərdən deyil, misralardan hörülür, yaxud hörülməlidir. A. Mirseyidin poeziyasında misraların hörgüsü bir‐birinə elə bağlanır ki, onları açmağa bəzən şairin özündən başqa kimsənin əli, əzmi çatmır.

Bu mənada, A. Mirseyid addım‐addım gəldiyi yaradıcılıq yolundakı görünən bütün sirləri aşmağa çalışır. Poemalarında A. Mirseyid həm öz qarışıq rənglərdən ibarət dünyasını yazan şair, həm də bu dünyanın bütün mübhəmliklərini ortaya qoyan yozumçu, öz poeziyasının ən yaxşı təhlilçisidir. Şeirlərinə verdiyi bədii‐fəlsəfi yozum da şair üslubunun bütün fərqli ədalarını görmək olur. Maraqlıdır ki, onun hətta başqa yaradıcı şəxsiyyətdən bəhs etdiyi yazılarında belə, əslində, öz tablosunu çəkdiyini görməmək mümkün deyil. Məsələn, sürrealizmin banilərindən biri olan Salvador Dali haqqın da bəhs edərkən yazır: "Sürrealist fantaziyalar gerçəkliyə çevrilir. Salvador Dali sənəti XX əsrin metaforasıdır. Dali üfüqə qədər görünən dünyanın deyil, üfüq arxasında qalan dünyanın rəsmini çəkirdi". Adil Mirseyidin öz şeirlərində də üfüq arxasında qalan, görünməyən, öz rəngi, çəkisi, dadı, qoxusu olan dünyanın rəsmi görünür. Özü də bunun fərqində idi, yəqin. Yoxsa yazmazdı: “Öz rəsmlərimdən çıxmış bir adam kimi / yaşayıram ömrümü”. Şairin son iki poeması şair ömrünə yenidən qayıdış üçün imkan yaradır.

Adil Mirseyidin avtobioqrafik səciyyə daşıyan “Uniomistika” (“Ulduz” jurnalı, 2014, N‐7) və “Bürkü” (“Azərbaycan” jurnalı, 2014, N‐7) poemaları yüksək poetik məziyyətləri, ürfani dəyəri ilə seçilir. “Uniomistika” poemasındakı bir fikir hər iki əsərin qayəsini, estetik mündəricəsini dəqiq xarakterizə edir: “bəzən özündən qaçdığı zaman / yenə öz qarşısında dayanır insan”. Poemalar bütün həyatı boyu fərdi dünyası ilə baş‐başa qalan sənətkarın öz qarşısında da yanıb verdiyi hesabatı ifadə edir. Bu hesabat “məndən aşağı kimsə yox, ondan da yuxarı” (M.Şəhriyar) nisbəti ilə Yaradana müraciətin yeni, təzətər duyğularını yaradır. Bütün həyatı boyu “ayna” simvolikasına sadiq qalan və dünyaya aynaya baxırmış kimi baxan A.Mirseyidin keçmişinə, uşaqlıq xatirələrinə dönüşü belə onun kimsəylə deyil, məhz Tanrıyla paylaşmaq istədiyi məqamlar kimi mənalanır. Bu poeziyada şair ‐ Tanrı birgəliyinə üçüncü kimsənin qarışmağına ehtiyac qalmır.

ilahi bir zamanlar mən də

xoşbəxt olmuşam

bir zamanlar bu dünyada

mənim də anam vardı

gülüm vardı sonam vardı

biləyini kəsdi xatirələr

bəndənizi qan apardı

Adil Mirseyidin “Bürkü” poemasını şairin son sözü, duası, arzusu, dərdləşməsi, pıçıltısı kimi almaq olur yalnız. “Bir avqust bürküsü içrə” düşüncələrini yazan şair bir iyul bürküsü içrə bizləri tərk etsə də, son əsərləri müəllifinin iç vuruşlarını, təlatümlərini meydana qoymaqdadır. Bu poemada şair öz taleyini yazıb sanki. Əsərdə şairin öz ömür yoluna poetik səfəri, yaşanmış illərin müdrik bədii təhlili var. Müəllifin, demək olar ki, bütün şeirlərində ehtiva olunan duyum və ifadə çalarları, müxtəlif məzmunlu anımlar lirik‐fəlsəfi düşüncələrin qanadında bədii siqlət qazanır. Adil Mirseyid öz dünyasına sığınır, öz içindəki dünyanı tərənnüm edir, “mən öz röyalarımdan çıxmış adam kimi/ yaşayıram ömrümü” – deyərək heç kəsə bənzəməyən dünyanın sakinlərinə qucaq açmada davam edir.

insan gözüylə görünməyən

başqa bir dünyayam mən

ən məsud anlarımda birdən

ölümü düşünürəm həmən

burda başqa bir zaman içindəyəm

mənim vaxtım sizin vaxtla uzlaşmır

bir zamanlar orda sizin dünyada

yaşadığıma peşman deyiləm

mən əhv etmişəm sizi

heç kimə düşman dey ləm

burda nə zalım nə zülm var

burda nə ayrılıq nə də ölüm var

burda yalnız gerçəkləri göstərir aynalar

öz rəsmlərimdən çıxmış bir adam kimi

yaşayıram ömrümü

“Bürkü” nostalji hislər, melanxolik duyğular, təklik ovqatının həzinliyi içrə yazılmış əsərdir. Müəllifinin “impressionist poema” adlandırdığı bu əsər tünd rənglərin qarışığını, həyatın dibində olan “qara sevdalı” şair həyatını şeirə gətirir. Yuxu ilə reallıq, arzu ilə ümid, təbiət və Tanrı münasibətlərinə bir başqa, bir az ürfani, mistik, bir az da dünyəvi yozum verən bu poema dərin şair ahının, şair kədərinin başlanğıc götürdüyü məqamlara həssasdır. “Bürkü”nün semantik stixiyası sirli, təhtəlşüur dünyadan xəbər verir. Həm şairin fərdi dünyasına, yaşamına məxsus cizgilər, notlar, həm də kosmik başlanğıc, dünya kontekstindən təhlilə gələn məqamlar poemada vahid bədii məkanı təşkil edirlər. Bu universumda Adil Mirseyid poeziyasının fərqli çalarları bütün incəlikləri ilə təsvirə gəlir.

Fərqlilik həmişə maraq doğurur, həyatın bozluğundan, adiliyindən qurtulub yeni dünya düzəninin varlığına daha artıq inandırır insanı. Fikir vermişəm, fərqli insanlar bir az da tərki‐dünya olurlar, öz dünyaları, öz mənəvi məkan ları olur sanki. Bu məkanı özləri yaradırlar, buranın suyu və suy nun dadı, havası və havasının mehi, ağacı və ağacının ucalığı, çiçəyi və çiçəyinin ətri bir başqa olur. Daha çox lirizm və emosionallıq, hissin, duyğunun psixoloji ladda gərginliyi, lirik xarakterin faciə ilə sonuclanan həyat tərzi kimi əlamətlər Adil Mirseyidin şeirlərində əsas üslubi keyfiyyətlərtək özünü göstərsə də, onun tənhalığının əlaməti kimi səciyyə qazanır. Bu iki poemanın əsasında da şairin yaşadığı ömrün anları, real həyat faktı durur: günəşi batmış insan, harmoniyası pozulmuş şəhər, nizamı itmiş təbiət obrazı. Şair maraqlı metafora polifoniyası yaradır, fərqli, təzadlı görüntülərə orijinal, məcazi yük, məna siqləti, simvolik çalar verə bilir:

bilməm nədir ruhumu bu havaya oynadan

sevdalı bir qadın baxır aynadan

pərişan bir qadın boynu bükülü

bəyaz güldanda beş ayrılıq gülü

beş durna uçur, beş qərib durna

nişan alıb öz könlümü vururam ana

“Boynu bükülü pərişan qadın, “beş ayrılıq gülü”, “beş qərib durna” – hər biri ayrı‐ayrılıqda və birlikdə şair tənhalığının göstəricisi kimi səciyyələnirlər. Bəlkə, ona görə şair öz könlünü nişan alır, heç kimin və heç nəyin ovuda, tənhalıqdan qurtara bilmədiyi könlünü hədəf seçir. Adil Mirseyidin bütün şeirlərindən keçən yol anlayışına burda da yer var. Bu poemalarda yol, insanın xatırlamaqla unutmaq arasında olan zaman məsafəsini bəlirtir. Düşünürsən, yolun, yoxuşun xatırlayıb unutmağa nə dəlaləti ola bilər axı? Amma və lakin... Deyəsən, axı var... Yollar həyatdır, yaşamaqdır, hələ üzü dağa gedən yollar dirilikdir, demək. .. Enişlər kimsəni xatırlamağa imkan verməyə bilər, amma dağlar heç unutmağa qoyarmıki?! Bu elə Sizif çabasıdır ki var... faydasız əməyə mübtəla olmaq dır. Sən unutmaq istəyirsən, amma mümkün deyil, o daşı qaldırmağa məhkumsan artıq. Xatırlamaqla unutmağın arasında var‐gəl etməyin nəticəsiz əməyinə məhkumsan. ..

Bir də unutmaq haqqında düşünürsənsə...demək, xatırlanmağa həmişə kimsə var.

Adil Mirseyidin “Uniomistika” poeması formanı özünə əsir edən məzmun yenilikləri ilə zəngindir. Bu məzmun bəzən o qədər detallı, psixoloji nüans səhihliyi ilə şeirlərə gətirilir ki, formal olan bütün zahiriləri unudursan, eləcə mənaya varmağa, zövq almağa çalışırsan. Bunun adı, olsun ki, elə poetik yaşamdı...

Adil Mirseyidin poeziyası büsbütün poetic yaşamdan doğan sənətdir. Bütün qəribliyi, tənhalığı və ağrısı ilə birlikdə. Çünki bu adam qara sevdalı bir şair...

“Ulduz” jurnalı №09 (592) sentyabr 2018