"Vətən ayrısı Rəsulzadələr" kitabı haqqında bir neçə söz - ANAR

 

Nəcibə Bağırzadənin "Vətən ayrısı Rəsulzadələr" kitabı istiqlal şairəmiz Ümgülsümə həsr edilib. Ümgülsüm xanım Cümhuriyyətin 100 illiyində xatırlanmağa haqqı olan yazı adamlarındandır. O, həm də 1937-ci ildə repressiya qurbanı olmuş yeganə xanım şairimizdir. Müəllifin qeyd elədiyi kimi:"O, Azərbaycanda müstəqil dövlət quran, bayraq ucaldan Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, Cümhuriyyət dövründə Parlamentin üzvü, "Müsavat" partiyasının yaradıcılarından olan Məmmədəli Rəsulzadənin bacısı, yazıçı Seyid Hüseynin həyat yoldaşıdır". Kitabda Məmmədəli Rəsulzadə haqqında da ilk dəfə üzə  çıxan arxiv sənədləri var. Məhəmməd Əmin Rəsulzadənin ədəbi və bədii yaradıcılığına yaxından bələd olan müəllif onun əsərlərindən çıxış edərək M.Ə.Rəsulzadənin portretini də yaratmağa çalışmışdır.

Kitab Ümgülsüm xanımın ilk gəncliyindən ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. Şəxsi məktublar və arxiv sənədlərində Ümgülsüm xanımın bütün həyat və yaradıcılığı izlənilir. Ümgülsüm xanım oxucunun gözü qarşısında zərif duyğularla yaşayan güclü bir qadın kimi canlanır. Təzadlı görünsə də istiqlal şairimiz Ümgülsüm xanımın gerçək obrazı belədir. Müəllif onu rus poeziyasının gümüş dövrünün şahzadəsi sayılan Anna Axmatova ilə müqayisə edir. Yeri gəlmişkən, Ümgülsüm xanımın həyat yoldaşı yazıçı Seyid Hüseyn də 1937-ci ildə Bakıda güllələnmişdi. Ümgülsüm xanımın həyat hekayəsini anladan müəllif sonda bu iki yazıçının İçərişəhərdə yaşadığı evin qapısında bir lövhəcik belə vurulmadığından gileylənir. Gileyində haqlıdır. Cümhuriyyətin 100 illiyində yeganə xanım istiqlal şairimiz olan Ümgülsüm və yazıçı Seyid Hüseynin xatirəsinin əbədiləşdirilməsi bütün xalqımızın ürəyincə olar.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!