Bu gün Ümummilli Liderin anım günüdür - Dədə Heydər türbəsinə el gələr...Elxan Qaraxanlı - şeir

Dədə Heydər türbəsinə el gəlir,

Yatan birdir, yatan birdir, yatan bir.

Od ölkəsi göy altında dururkən,

Bu tən birdir, bu tən birdir, bu tən bir.

 

Arı dildə közərən söz ilahdı,

Tanrı özü bizə verdi bu taxtı.

Pozulmayan törəmiz var, ocaqdı,

Çatan birdi, çatan birdi, çatan bir.

 

Turan xirqə, Xəzər uduq piyalə,

Savalanda qurd ulayır hilala.

Xətaini yadına sal, ay bala,

Xətan birdir, xətan birdir, xətan bir.

 

Balasına qulaq açdı Tanrıdağ,

Yol başında ordu durub qurdsayaq,

Bir kəz qalxdı, daha enməz bu bayraq,

Tutan birdir, tutan birdir, tutan bir.

 

Xəqan getdi, türk budunu sayrudur,

Ayrılığın namazına ayrı dur.

Uyquda da demə Təbriz ayrıdır,

Vətən birdir, Vətən birdir, Vətən bir.

 

Şükür olsun bu millət var, Vətən var,

Torpaq altda saya gəlməz yatan var,

Nə qədər ki, bayrağını tutan var,

Atan birdir, atan birdir, atan bir.