"Xəzər təzkirəsi" - Kənan Hacı yazır

Kənan HACI

 

"Təzkirə" zikr sözündən yaranıb, yada salmaq deməkdir. Şərq ədəbiyyatında təzkirəçilik ayrıca bir janr kimi səciyyələnir və bir növ, ensiklopedik xarakter daşıyır. Ədəbiyyat tariximizi, elmi-fəlsəfi, ədəbi-estetik, dini-mənəvi inkişaf yolumuzu izləmək üçün biz əsasən ötən əsrlərin təzkirələrinə üz tuturuq, ən etibarlı mənbə kimi həmin təzkirələrə söykənirik. Dövrün, zamanın, tarixi şəxsiyyətlərin, hökmdarların bioqrafiyasını yazan təzkirəçilərin özləri də həmin o tarixi şəxsiyyətlərlə, hökmdarlarla birlikdə adlarını tarixə yazmış oldular. Bir sözlə, təzkirə Şərq ədəbiyyatı şəbəkəsinin ən vacib bir çeşnisidir.

Qədim dövrlərin təzkirələrilə az-çox, tanışıq. Amma ötən əsrn 80-ci illərində çoxdan unudulmuş (sovet ideolojisinin sıradan çıxartdığı) bu ənənə görkəmli tədqiqatçımız Cəfər Rəmzi tərəfindən xatırlandı. Əlbəttə, bu sahədə böyük salnamənəvis Qulam Məmmədlinin ölçüyəgəlməz xidmətlərini xatırlamasaq, günaha batmış olarıq. Qulam müəllim əsasən, teatr salnaməçisi idi. Amma ədəbiyyatımızın əruz qolunu yaşadanlar tədricən unudulurdu. "Deyilən söz yadigardır" ikicildliyi ədəbiyyatın bu "ögey" balalarına da sözün vətəndaşlığı haqqını qaytardı. Qəzəli ədəbi düşüncə sistemimizdən çıxdaş etmək istəyənlər unudurdular ki, əruz düşüncənin ornamental əksidir, ruhun ritm halında sözə yansımasıdır. Biz Şərq insanıyıq və düşüncəmizin alt yapısında dəvə karvanının ahəngi var. Bizim arxetiplərimiz irfani düşüncənin məhsulu idilər və buna əsasən də həmin irfan nəzəriyyəsi təbii olaraq Şərq şairlərinin ilhamını qidalandırıb. Qətran Təbrizidən, Nizamidən üzü bəri Seyid Əzimə, Sabirə qədər əruz poeziyamızda dominantlıq edib. XX əsrdə də bu klassik ənənəni davam etdirənlər oldu. Hələ XIX əsrin 30-cu illərindən başlayaraq Azərbaycanın müxtəlif bölgələrində ədəbi məclislər yaranırdı. Bu məclislərdə yetişən şairlər (Qasım bəy Zakir, Seyid Əzim Şirvani və b.) lirikayla yanaşı, dövrün ictimai bəlalarını da nəzmə çəkirdilər.

XX əsrdə niqabi-qeybdən rüxsarını göstərən söz Əliağa Vahidin qələmiylə əruzun oynaq bəhrlərində cilvələnməyə başladı. Vahidi qəzəl dünyasının sonbeşiyi adlandırırdılar. Amma zaman göstərdi ki, qəzəl də bayatılarımız kimi ölməzdir, yaşarıdır, muğamatın danışan dilidir. Sözlə (qəzəllə) muğamın vəhdəti həm də zamanlar arasında rabitəni qırılmağa qoymur. Bu mənada qəzəl həmişə yaşayacaq. Yeni əsrimizdə qəzəlin yeni libasda, modern üslubda görünməsində İlqar Fəhminin əməyi çox oldu. O, sanki qəzəlin damarlarına yeni qan verdi, onu ərəb-fars izafətlərindən təmizlədi, qəzəldə əruzun kanonlarını pozmadan formaca yeniliklər, eksperimentlər etdi. Sözün əruzdakı plastikasında orijinal təşbih və metaforalar yarandı.

Azərbaycan şeirinin əruz qanadının yaşamasında Hacı Mail, Həkim Qəni, Ələmdar Mahir, Rüstəm Samit uzun illər əmək sərf ediblər, onların yaratdığı ədəbi məclislər həm də bir məktəbə çevrildi. Bu və ya digər dərəcədə istedadı olan, müəyyən səbəblərdən təhsil ala bilməyən gənclər bu məclislərdə klassik şeirimizin, əruzun incəliklərinə bələd oldular, irfan nəzəriyyəsi haqda bilgilər əldə etdilər. Onlar dilin tarixi təcrübəsini əxz edərək, indiyə qədər yazılmışları kənara qoymadan, həmin zəngin irsə söykənib yeni söz yaratdılar. Bu gün o ənənələri səylə yaşadan, təbliğ edən söz ustası, AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı "Xəzər təzkirəsi"ni tərtib edərək oxucuların ixtiyarına verib. Arif  əruzun energetikasını öz canından, ruhundan keçirərək sözə çevirməyi bacaran qələm sahibidir. O, uzun illər idi ki, Məcməüş-şüəra" ədəbi məclisinə rəhbərlik edirdi, o məclisdə yetişən, püxtələşən gənclər bu gün Xəzər bölməsinin ən fəal üzvləridir. "Xəzər təzkirəsi" onların yaradıcılığından ibarət bir topludur. Kitaba toplanmış qəzəlləri oxuduqca hiss edirsən ki, yeni nəsil qəzəlxanları Seyid Əzimdən, Vahiddən bəhrələnsələr də qətiyyən onları təkrar etmirlər. Onlar ağlın və hissin yeni hüdudlarına yetmək, dünyanı dərkin üfüqlərini genişləndirmək üçün təmiz ana dilimizə üz tuturlar, gücü doğma dilimizdən alırlar. Qəzəllərin kompozisiyası, struktur elementləri yenidir və bu nümunələrdə məzmun baxımından da XXI əsr insanının təfəkkürü öz əksini tapıb.

Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,

Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.

 

Dünənin qəhqəhəsiylə - Bu günün naləsi eyni,

Gülüşün ağlamağınla - Arası bircə qarışdır.

Məni yorma, sənə qurban,

Bu yağış saxta yağışdır...

İlqar Fəhmi

 

Yaxud:

Sənsiziliyə tab eyləyə bilsəydi bu könlüm,

Məcnun kimi gündüz- gecə çöllərdə gəzərdim,

Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.

 

Qəlbimdə əgər bilsəydim vəslə güman var,

Köksümdəki hər bir ucalan dağı çapardım,

Köksümdəki hər dağı çapardım və tapardım.

Arif Buzovnalı

 

Daha bir nümunə:

Qəlb ismin əzizlər, necə ki, mavi dənizlər

Sahildəki boz qumları oxşar və əzizlər.

 

Hicran uzun olduqca, əzizim, bizim evdə

Üst-üstə şeirlər yığılır, sizdə cehizlər.

 

Gəzsən çəməni valeh olar hüsnünə güllər,

Əlvan kəpənəklər səni kölgən kimi izlər.

Kamal Hüseynzadə

"Xəzər təzkirəsi" artıq qəzəlin də zamanla ayaqlaşaraq modernləşdiyinin göstəricidir. Əlbəttə, kitaba daxil edilən qəzəllərin hamısı haqqında bu sözləri demək olmaz. Amma kitabda müstəsna istedadı ilə seçilən gənclər çoxdur. Kamal Hüseynzadə (onun haqqında İlqar Fəhmi "Ədəbiyyat qəzeti"ndə qısa bir tanıtım yazısı yazmışdı), Tərlan Sadiq, Vəlixan Abdullayev və digər diqqətçəkən imzalar məmnunluq doğurur. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu kitaba müxtəlif yaş kateqoriyasına aid olan şairlərin şeirləri daxil edilib. "Xəzər təzkirəsi"ni həm də mərhum tədqiqatçımız Cəfər Rəmzinin "Deyilən söz yadigardır" ikicildliyinin davamı kimi də dəyərləndirə bilərik. Qəzələ qadağa qoyulduğu o çətin illərdə Cəfər müəllimin fədakarlığı olmasaydı, o qiymətli xəzinədən məhrum olacaqdıq. Ümumiyyətlə, kitab tərtibatı hər zaman fədakarlıq, işinə sonsuz sevgi, diqqət tələb edən bir işdir. "Xəzər təzkirəsi"nin araya-ərsəyə gəlməsi Arif Buzovnalının fədakarlığının bəhrəsidir.

Təzkirələr zamanın sözünü sabahlara daşıyan ən etibarlı mənbələrdir. Bu söz əsrləri aşıb üzü gələcəyə doğru gedir və onu yaradanları da yaşadır. Heç şübhə yoxdur ki, "Xəzər təzkirəsi" də bu gündən daha çox sabaha ünvanlanıb; ona görə ki, varislik ənənəsi davam etsin, Nizami, Nəsimi, Füzuli əmanəti olan sözümüz əbədi yaşasın.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!