Zırrama... - Əyyub QİYAS - hekayə

 

- Zəhmət olmasa, bir az kənara çəkilin...

- Buyurun...

Zəhləmi aparmaq istəyən adamın kimliyinə varmadan kənara çəkildim, daha doğrusu, kənara çəkildim, ya ortaya, dəqiq yadımda deyil, amma yerimi dəyişdim. Arabir yağış çiləyirdi, nə üçünsə zəhlətökən skamyaya dırmaşmışdı. Ona fikir vermirdim, bir də fikir verib nə edəsiydim? Parkda adamlar gəzişir, mənimsə böyrəklərim sancırdı, fikirləşirdim ki, bir münasib yer tapıb özümü boşaldım. Zəhlətökən az qala mənə dırmaşmaq istəyirdi. Böyrəklərimi sıxıb özümü güclə saxlamışdım, məqam gözləyirdim. Gədə çiynimə toxundu, başımı qaldırmadan:

- Eşidirəm, - dedim.

- Zəhmət olmasa, bir az da kənara çəkilin...

Ona dedim ki, böyrəklərim sancır, yerimdən tərpənsəm, özümü saxlaya bilməyəcəm. O, məni eşitmirmiş kimi ərklə bildirdi:

- Zərər yoxdur, istəmirsən yerindən tərpənmə, amma əzizim, bu şəraitdə ayaqlarımı sənin dizlərin üstə qoymağa məcburam.

Cavab vermək istəmirdim, sancı kələyimi kəsmişdi, özümü sıxa-sıxa:

- Burda, bu boyda parkda başqa skamya yoxdur? - soruşdum.

Cavab vermədi. Ayaqlarını dizlərim üstə qoymağa hazırlaşırdı, tərpənə bilmirdim, ona görə də susmağa məcbur oldum, o da utanmaz- utanmaz dizlərim üstə çıxdı. Mən partlayırdım. Nə isə... Özümü birtəhər ələ alıb, maraqsız-maraqsız başımı qaldırdım. Hərəkətlərini görmək istəyirdim. Ona baxır, etdiklərinə göz qoyur, amma heç nə anlaya bilmirdim. O, hər iki ayağı ilə dizlərim üstə çıxıb mil dayanmışdı, başı, daha doğrusu, başımız, ya da ki, nə bilim, başlarımız üstdəki küknar ağacının budaqlarını yoxlayırdı. Gözlərimi ondan yayındırmaq istəyəndə yoldan keçib maraqla bizə (bəlkə, ona, ya da ki, mənə, kim bilir) baxan adamları gördüm. Camaat bizə birtəhər baxırdı, elə mən özüm də bu zırramanın duruşundan baş çıxarmırdım.

- Əə, neyləyirsən?

- Sənə nə var neynirəm?

- Heç nə. Ufff... - Yenə böyrəklərim sancdı, gözlərim yaşardı.

- Bilirsən, neynirəm?

- Bilmirəm, off, heç bilmək də istəmirəm.

- Niyə?

- Sənə nə var, niyə? Bir az tez elə, qurban olum, özümü saxlaya bilmirəm.

- Özünü niyə saxlamaq istəyirsən?

- Heç. Elə- belə... Ufff... offf... İşində ol.

Onun ayaqları ilə bir yerdə qarnımı qucaqlamağa məcbur olmuşdum, sancı məni doğrayırdı. Parkdakı adamlar yavaş-yavaş seyrəlirdi, ağaclardan birinin yanına cumub rahatlanmaq üçün əsl məqam idi, amma deyəsən, bu heyvərə məndən əl çəkmək, qucağımdan düşmək istəmirdi. Nə isə... Gün hayandan çıxdı belə? O, yerə düşdü, səmaya baxdı və donquldana-donquldana:

- Bu yağış da nə yağan kimi yağır, nə də dayanan kimi dayanır, - dedi.

Əsəbləşdim:

- Bura bax, bircə yağışa ilişməyin qalmışdı? Bir də ki, yağış özü bilər, istəyər yağar, istəyər yağmaz.

Deyəsən, mənə qulaq asmır, nə barədəsə fikirləşirdi.

- Eşidirsən, - dedi, - bəlkə, kəmərin olar?

- Var, - boğula-boğula cavab verdim, - kəməri neynirsən?

- Hiss eləmişdim ki, sən yaxşı adamsan. Zəhmət olmasa, kəmərini mənə ver.

- Elə niyə?

- Ona görə ki, kəmər mənə lazımdır, sən də yaxşı oğlansan, başa düşdün?

Əsəbdən titrəməyə başladım, birdən yadıma düşdü ki, mənim vacib işim var, qalxıb ağac dibinə yüyürdüm, işimi qurtaranda gördüm ki, zırrama diqqətlə mənə baxır, qəzəbləndim.

- Bura bax, cavan oğlan, nə gözlərini marıtlayıb baxırsan?

- Əzizim, sənə yox, kəmərinə baxıram, xahiş eləyirəm, onu mənə ver.

- Axı niyə mən öz kəmərimi sənə verməliyəm? Lap tutaq ki, verdim, şalvarım əynimdən düşəcək.

O, başını qaşıyıb ətrafa baxdı, haradansa bir parça məftil tapıb mənə uzatdı:

- Gördün ki, bu dünyada ölümdən başqa hər şeyə çarə var. Götür bunu şalvarına bağla, kəməri isə mənə ver.

Ona əhəmiyyət vermədən qayıdıb bayaq əyləşdiyim skamyada oturdum. Gəlib mənimlə yanaşı əyləşdi. Başını yuxarı qaldırıb arabir yerə düşən ilıq damcılarla oynamağa başladı.

- Bəlkə, tanış olaq, - dedi.

Cavab vermədim, o isə deyəsən, adını, soyadını, hətta iş yerini də söylədi. Ona qulaq asmaq istəmirdim. Günorta içdiyim pivə böyrəklərimə divan tuturdu, mən də həmişəki kimi özümü söyürdüm, daha pivə içməyəcəyimə söz verirdim, deyirdim pivə içənin... Amma bildirdim ki, xeyri yoxdur, özümü nə qədər söysəm də, yenə pivə içəcəkdim, çünki pivəsiz yaşaya balmirdim, lap pivə məni öldürsəydi belə, içəcəkdim, pivə mənim həyatım idi...

- Hə, tanış da olduq, - dedi.

- Mən heç səninlə tanış olmaq...

- Bunun məsələyə dəxli yoxdur, indi bir kəmər nədir ki, onu öz dostuna vermək istəmirsən?

- Lap atam da xortlayıb gəlsə, kəmərimi heç kəsə verən deyiləm.

- Verərsən... Bura bax, səncə, özümü hansı budaqdan assam yaxşıdır, yəni hansı budaqdan asılmaq daha şərəflidir?

Gözlərimi bərəldib ona baxdım, o öz aləmində idi. Mənə elə gəldi ki, onun başı bir az çatmır, sözün düzü, başı yerində idi, ancaq nəsə çatışmırdı. Nə isə...

- Məncə, çıxıb evə getsən daha yaxı olar, nəinki, burda...

- Yox əşşi... sən nə danışırsan? Səhər tezdən evdə iradəmi yoxlamaq istədim, su borusunu yerindən qopartmışam, indi qonşularım suda üzür...

- Get sən də üz... Get evə.

- Üzə bilsəydim nə vardı ki? - deyib, köks ötürdü. Sonra nəsə fikirləşib şalvarıma əl atdı, mən çaşdım, süpürləşməyə başladıq, o güclə şalvarımı əynimdən çıxartdı, kəməri götürüb şalvarı üstümə atdı.

- Götür geyin...

Cavab vermədim, kəmərsiz şalvar mənim nəyimə gərək idi. Yağış bir az da güclənmişdi. Skamya altına girib, gizləndim, o isə skamyaya qalxıb kəməri ağaca bağladı, halqa kimi bir şey düzəldib boynuna keçirtdi, sonra da gülə-gülə mənə dedi:

- Dostum, əgər böyrəklərin xəstədirsə, yerdə uzanma. Mənsə, getdim...

Kəməri bərkidib, skamyadan kənara sıçradı, budaqdan asılmış vəziyyətdə sağa-sola yellənməyə başladı. Xoşbəxt adama oxşayırdı, rəngi yavaş-yavaş göyərirdi. Səsi çıxmırdı, harada olduğu məlum deyildi, sifəti heç nə demirdi. Ümumiyyətlə, o, adama oxşamırdı. Mənsə, skamya altında büzüşüb, budağın nə vaxt qırılacağını gözləyirdim. Gözləyirdim ki, kəmərimi götürüb, gedəm. Yağışsa daha da güclənmişdi, damcılar başıma damırdı, deyəsən, lap bu zırramanın qonşularının gününə düşmüşdüm. Tez-tez budağa baxırdım, budaq isə belə tez qırılana oxşamırdı. O isə doğrudan da xoşbəxt idi...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!