Funda Acar: "Nazim Hikmət olaq bu gün..." - Aqşin Babayev yazır

Türkiyədə nəşr olunan "Masa" adlı mədəniyyət, incəsənət və ədəbiyyat jurnalının son sayı türk dünyasının böyük sənətkarı Nazim Hikmətə həsr olunub. Üz qabığında şairin portreti verilib. Son illərinin fotolarındandır. O vaxt  Nazimin mavi gözləri çox söz deyirdi. Deyirdi ki, şeirlər yazıram, Türkiyəmdə çap olunmur, çap olunacaq amma! Bir məktub gözləyirəm müjdəli. Bəlkə də, öldüyüm gün gələcək, gələcək amma! Onu da deyirdi ki, mən bilirəm ölümümdən sonra Türkiyədə əsərlərim də çap olunacaq, pyeslərim də səhnə üzü görəcək. Ona görə də ölmək zorundayam...

Bəzən ölüm insanı daha böyük faciələri görməkdən xilas edir. Nazimin tək övladı Mehmet də əlvida dedi bu dünyaya. Mehmet atası Nazim Hikməti tabutda görmüşdü. 1963-cü ilin 3 iyununda. O, anası Münəvvərlə gəlmişdi Moskvaya. Mehmet isə Nazimin gözlərində körpə kimi qalmışdı. Bu körpə böyüyəndən sonra Türkiyədə dar kafalıların tənələrinə dözməli olmuşdu. Bəziləri ona "Vətən xaininin oğlu" demişdilər. Sonralar Fransada yaşadı, yenidən Türkiyəyə qayıtdı. "Adalar"da ömür sürdü bir müddət. Adının yanındakı  "Nazim" kəlməsi son nəfəsinə qədər onunla oldu. O, rəssam Mehmet Nazim kimi tanınırdı. 67 il ömür sürdü. Atasından 6 il çox yaşadı.

Kimi insan otların,

        kimi insan balıkların çeşidini bilir

                                     Ben ayrılıkların

Kimi insan ezbere sayar yıldızların adını

                                    Ben hasretlerin

"Masa" jurnalında verilmiş bu misralar şairin taleyini, ömrünü necə də dəqiq əks etdirir. Jurnalın redaktoru Funda Acar ilk səhifədə oxucularına belə müraciət edir:

"Nazim Hikmət olaq bu gün... Yanacağımızı bilsək də. Var ola bilmək üçün, yox olmağı da göz önünə alaq, işıq olaq. Yaşamadığımız  günləri ömrümüzün ən gözəl günləri hesab edək. Elə hesab edək ki, avaz-avaz deyəcəyimiz ən gözəl sözləri hələ söyləməmişik. İmkansızlığı da sevək, amma əsla ümidsizliyə qapılmayaq. Nazimin kəlmələri olaq bu gün!..".

Funda Acarın bu sözləri Nazim Hikmətin aşağıdakı misralarına işarədir:

En güzel deniz:

henüz gidilmemiş olandır.

En güzel çocuk:

henüz büyümedi.

En güzel günlerimiz:

            henüz  yaşamadıklarımız.

Ve sana söylemek istediğim en güzel söz:

henüz söylememiş olduğum

sözdür.

Nəfis şəkildə çap olunmuş "Masa" jurnalında Nazim Hikmətlə təmasda olan, onun sənətinə böyük rəğbət bəsləyən türk aydınlarının xatirələri, ürək sözləri verilmişdir.  Nazimşünas Qəmzə İyemin "Nə gözəl şey xatırlatmaq Səni: Nazim Hikmət Ran", Orxan Karavelinin "Başı dik bir türkün hekayəti", Haydar Ergülenin "Bir Nazim, çox Hikmət", Hayati Asılyazıçının "Nazim Hikmət və yaşamaya dair", Hıfzı Topuzun "Nazim Hikmətin Sabahəddin Əliyə bir məktubu" və sair yazıları oxuduqca gözlərim önünə 1961-ci ilin unudulmaz günləri gəlir. Moskvadayam. Nazim Hikmətin yaxın dostu, tərcüməçisi, həmyerlimiz Əkbər Babayevin köməyilə şairlə görüşmüşəm. 1957-ci ildə Universitetdə uzaqdan-uzağa gördüyüm Nazim Hikmətlə üzbəüz oturmuşam. Şəndir, fərəhlidir.  Amma  bu görüşlərin sayı artıqca əsl Nazimi tanıyıram. Mavi gözlərinin dərinliyində kədər var. Vətən həsrəti var. Elə bu kədərlə, bu həsrətlə də köçdü dünyadan...

Qəmzə İyem "Masa" jurnalındakı yazısında deyir ki, dünyanın harasına gedirsinizsə gedin, bütün coğrafiyalarda tanınan iki türk vardır: Atatürk və Nazim Hikmət. Müəllif Atatürkdən və Nazim Hikmətdən söz açaraq bu dahi şəxsiyyətlərin həyatından, taleyindən və xidmətlərindən böyük rəğbət və fəxarətlə danışır.

Türkiyənin tanınmış jurnalistlərindən Orxan Karavelinin xatirələri də maraqlıdır. Orxan 1960-cı il avqustun 9-da Moskvada Lomonosov adına Universitetdə Nazim Hikmətlə görüşünü məhəbbətlə xatırlayır. Müəllif yazır ki, həmin görüşdə Əkbər Babayev də iştirak edirdi. Sonra o, Əkbərlə olan söhbətini belə təqdim edir:

"- Siz, Orxan bəy, çox sağ olun ki, Nazimlə belə məhəbbətlə görüşdünüz, - dedi Əkbər.

Cavabında mən:

- Başqa necə ola bilərdi ki? - deyə soruşdum.

- Elə deməyin. Nazimin çıxışı ayaq üstə alqışlanarkən yerlərindən belə qalxmayan türk elm adamlarını, uzatdığı əlini havada buraxanları, onu gördükləri halda arxasını çevirənləri çox gördük buralarda. Ona  görə gəlmək istəmirdi bu toplantıya, yenidən incidilməkdən, aşağılanmaqdan ehtiyat edirdi... İnanın, zorla gətirdim onu bu toplantıya".

Bəli, Nazimin belə kədərli günləri çox olmuşdu Moskvada. Hər addımda təqib ediləndə, sovet bürokratizmini ifşa edən  pyesi repertuardan çıxarılanda, bolqar türklərini müdafiə etdiyinə görə sərt reaksiya ilə qarşılaşanda...

"Masa" jurnalında ürək sözləri verilmiş Haydar Ergülen də Nazim Hikmət  vurğunudur. O yazır:

"Nazim Hikmət Cümhuriyyət dönəmi şeirimizdə bir ulduzdur. 100 ildə bir görünən ulduz. Çoxumuzu aydınlatmış, işığı başqa ölkələrdə, torpaqlarda, dillərdə də parlamış bir ulduz... Türk poeziyasının böyüklüyü qəbul edilirsə, bu, başqa şairlərin deyil, yalnız Nazim Hikmətin yaşamı və şeirləri sayəsindədir".

Jurnalda tanınmış qələm sahibi Hayati Asılyazıçı Nazimin Vətən həsrətindən söz  açaraq yazır:  "Nə zaman Nazim Hikmətlə ilgili bir yazı yazmaq istəsəm, içim burxulur, ürəyim qan ağlayır". Onun bu sözlərinin yanında səhifə boyu bir gəmi təsvir edilib və Nazimin əl xəttinin fotosu ilə aşağıdakı misraları verilib:

Çok yorgunum, beni bekleme kaptan.

Seyir defterini başkası yazsın.

Kubbeli, çınarlı mavi bir liman.

Beni o limana çıkaramazsın...

"Masa" jurnalında Nazim Hikmətlə bağlı yazılardan biri də tədqiqatçı Hıfzı Topuzun qələminin məhsuludur. O, Nazimin 1943-cü ildə həbsxanadan məşhur yazıçı Səbahəddin Əliyə yazdığı məktubdan söz açır. Məktubda şair müasir türk nəsri haqqında mülahizələrini bildirir, Sait Faiq, Rəşad Nuri, Yaqub Qədri və Səbahəddin Əli  kimi qələm sahiblərinin yaradıcılığını yüksək dəyərləndirir.

"Masa" jurnalının Nazim Hikmətə həsr olunmuş son nömrəsi bədii tərtibatı ilə də seçilir. Nazimin rəngli şəkilləri, şeirlərinin əlyazmalarının fotosurəti jurnalı gözəlləşdirmişdir.

Jurnalı vərəqləyirəm... Nazim Hikmətin aşağıdakı misralarını, sanki onun öz səsindən eşidirəm:

Bir mektup beklerim müjdeli

            belki de öldüğüm gün gelir

                        mutlaka gelir ama.

"Masa" jurnalının Nazim Hikmətə həsr olunmuş bu sayı şairin həsrətlə gözlədiyi məktuba  bənzəyir. İlk kitabı Bakıda işıq üzü görmüş, həmişə "Bakıya gəldim, dünyalar mənim oldu" deyən böyük şairimizin ruhu şad olsun!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!