Yaşar Qarayev təbəssümü: yaxından və uzaqdan - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Akademik Nizami Cəfərov hərdən mənə zarafatla sataşır:  nə qədər savadlı olmalısan ki, dünyanın o başında (Rusiya) universitetdə Y.Lotmanın mühazirəsini dinləyəsən, axırda gəlib ucqar bir kənddə müəllim işləyəsən... - Bir ildən sonra kəndə-kəsəyə sığışmayıb gizlicə ("tutar-tutmaz" prinsipilə) özümu verdim Bakıya. Sənədlərimi Ədəbiyyat İnstitutunun elmi katibi, ömürlük xeyirxahım Arif Səfiyev qəbul etdi. Yaşar müəllimin otağında onun böyük səbrindən sui-istifadə edib "Avropa" səviyyəmi  göstərmək istədim...

İmtahanları uğurla verib aspiranturaya qəbul olundum. Yaşar müəllim təbəssümlə:  "Təbrik edirəm, özüm də sənin elmi rəhbərin olacam. Razısan?" - dedi... 

Aradan illər keçib, onun kədərli gözlərini indi də unuda bilmirəm.

Bəlkə də, Yaşar Qarayev həyatda gördüyüm ən kədərli təbəssümü olan alimlərdən biriydi. Üzündə, gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik işığında daha da gözəl və halal görünürdü.

Ancaq onun mutluluq məqamları da yadımdadır...

Ənənəvi akademik  üslubu mükəmməl bilən bu böyük insanın gözlənilməz fikirdən, obrazlı ifadədən, aforistik deyimdən Sokrat alnı işıqlanırdı, üzü-gözü nurlanırdı.

Təbiəti seyr etməyi, xüsusən yayda ata yurdunda - Şəkidə olmağı çox sevərdi. Şəhər tünlüyü, məmurluğun yeknəsəqliyi və yaradıcılıq intensivliyi ona bu imkanı vermirdi. O, Kiş çayının pünhan bir yerində tənhalığın, mutluluğunu yaşayırdı, bu zaman içindəki şairliyi boy verirdi. Məhz təbiətdə içindəki sükutun və hüzurun səsini eşidə bilirdi, fikirlərin ehtiraslı nəfəsini duya bilirdi.

Bir dəfə Marxalda ağacların üstüylə sürünən dumanı mənə göstərib nəyə bənzədiyini soruşdu. Gözlənilməz suala tələsik nəsə uydurub dedim.

Yaşar müəllim: "Yaxşı bax, uşağın iməkləməsinə bənzəmirmi?" - dedi.

Yaşar Qarayev filoloji təhkiyəmizi və üslubumuzu "bənzərsiz bədii ədası" ilə zənginləşdirmişdi. Mənə hərdən elə gəlir ki, Bəxtiyar Vahabzadənin poetik priyomları hardasa Yaşar Qarayevin filoloji düşüncə məntiqi və yazı üslubu üçün də işləkdir. Fəlsəfi antinomiyalar, ritorik suallar, fəlsəfi ümumiləşdirmələr Yaşar Qarayevin də yazıları üçün səciyyəvidir. Yaşar müəllim inanırdı ki, yazıda fikir, deyim "nə qədər poetikdirsə, bir o qədər də inandırıcıdır" (Novalis).

Onun ifadə üslubunu, yazı sintaksisini bu gün də yamsılamaq mümkünsüzdür, istənilən istedadı bu yolda acı məğlubiyyət gözləyir.

O, keçmişi də mütləq bu günə, "indi" müstəvisinə keçirirdi, yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün şəkillərdə olduğu kimi, epik zamanın, epik keçmişin əks olunması onun əsərlərində bədii zamanın təşkilinə də təsirsiz ötüşmürdü. Xatırladığım bir-iki örnəyi gətirim. Məsələn, Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyir: "Lakin tarixi faktlar sübut edir ki, İraqdan İstanbula və Ankaraya Füzuli ilk dəfədir ki, bu gün 500 yaşında gəlir"; İlyas Əfəndiyevin pyesi ilə bağlı bir məqaləsində yazır: "...dramaturq tarixi obrazları da öz müasir əxlaq və mənəviyyat aləminin güzgüsündə əks etdirir. Təkcə tarixdəki Natəvanı yox, ölümündən sonrakı tarixdə (milli-mənəvi yaddaşda!) yaşamaqda davam edən Natəvanı bizə göstərir".

Zaman kateqoriyası Yaşar Qarayev fəlsəfəsinin təməl dəyərlərindən biriydi. Kim onun kabinetində olubsa, yəqin ki, masasının üstündəki bir lövhəni yaxşı xatırlayır: "Vaxt sərvətdir". Onun yaşam dünyasında, düşüncə sistemində zaman məkandan üstün mövqeyə, üstün dəyərə malik idi, hətta mən deyərdim ki, məkan ikinci dərəcəli əhəmiyyət daşıyırdı.

Klassik mətnlərə də indiki zaman kontekstində məna və qiymət verirdi. Klassik mətnlərin ("Xəmsə", "Kitabi-Dədə Qorqud", "Kəmalüddövlə məktubları", "Molla Nəsrəddin", "Füyuzat", "Hophopnamə"...)  tarixdə dövriyyəsi ona "mədəni miqrasiyanı" anlamağa kömək edirdi.

O, tarixi, sadəcə, olmuş hadisələrin və faktların toplumu, keçmişin xronoloji ardıcıllığı kimi deyil, milli-mənəvi, əxlaqi yaddaş kimi qəbul edirdi. "Tarix" və "mənəvi yaddaş" anlayışlarını eyniləşdirdi. Onun üçün tarix milli-mənəvi sərvətlərdən biri idi: "Təkrarsız milli-mənəvi sərvətimiz təbiətlə yanaşı, həm də tarixdir. O keçmişə yox, bizə məxsusdur. O özü dünənə çevriləndə yox, biz onu unudanda tarix olur. Tarixin əbədi-mənəvi diriliyi onun fasiləsiz əxlaqi tərbiyə və təsir qaynağı olmasındadır. Tarixdən istifadə etməyən yeraltı sərvətindən, təbii enerji ehtiyatlarından, meşələrindən və çaylarından istifadə etməyən xalq kimi köməksiz və yoxsuldur".

Ana dilinə "ən müqəddəs sərvət" kimi baxırdı. Əlifbamızın, dilimizin problemləri ilə bağlı bir neçə məqalə də yazmışdı. "Tarix: yaxından və uzaqdan" kitabında bir fəsli belə adlandırmışdı. "Dildə daşlaşan və yaddaşlaşan tarix: xalqın soyadı, ana dili, baba yazıçı".

Ona görə də ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi və əxlaqi dəyərlər kontekstində qiymət verməyin tərəfdarıydı. "Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın cismləşməsi, etnik dəyərin maddi vücud kəsb etməsidir" - deyirdi.

O, Azərbaycan ədəbiyyatını ömrünün və millətin ən ali mənəvi sərvəti hesab edirdi. Onun fikrincə, ədəbiyyatşünasın müqəddəs borcu bu sərvəti toplumun ruh tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir və ədəbi tənqid və ədəbiyyatşünaslıq bu borcu nə qədər tez dərk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman və millət qarşısında məsuliyyəti o qədər artar.

Yaşar müəllimin lüğətində  "şəxsiyyət" çoxmənalı sözdür. Hətta yazılarının və kitabının birini belə adlandırmışdı: "Şəxsiyyət meyardır". "Vətəndaş", "şəxsiyyət" və "ziyalı" məfhumlarını bir çox hallarda sinonim kimi işlədirdi. "Vətəndaş narahatlığı" Yaşar müəllimin sevdiyi ifadələrdəndir. Fikir vermişdim: zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə vurmayan bu müdrik kişi cəmiyyətdə, ədəbiyyatda gedən proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlığını gizlədə bilmirdi.

90-cı illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi: "Cəsarət sərvətdir". Mütəfəkkir alim ümid edirdi ki, zamanların kritik məqamlarında şəxsiyyət mifi yaranır və yalnız şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu topluma çatdırmaq istəyirdi.

90-cı illərdə Milli Elmlər Akademiyasında qafalarını Qorbaçovun "demokratiya, yenidənqurma" havası ilə doldurmuş bir  qrup "cəsarətli" küncdə-bucaqda böyük alimin dalınca danışır, ona qarşı "oyunlar" qururdular. O isə sakitcə başını aşağı salıb klassik məqalələrini yazırdı. Səhv etmirəmsə, "Tarix: yaxından və uzaqdan" kitabını da nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin yeddi cildliyi üzərində düşünürdü.

Müdrik, kədərli təbəssümü də nurlu çöhrəsində...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!