Güvənmək naminə... - Şəfa Vəli

 

Şeirlərimin birində demişdim:

Xatirənin ardınca

Düşmüşəm məhlə-məhlə...

Yazın ilk günlərindən birində sevdalandım ona... Bir gecə ovuclarıma qonmuşdu şahanə ləçəkləri... Xəfif, incə toxunuşun əks-sədası idi sükut. Və o sükutun içindən mənə həzin bir səs çatmışdı... Kimsə ürəyimin içindəcə pıçıldamışdı: Ərgüvən...

***

Yuxudan oyanandan sonra bu adı çox axtardım. Heç kim tanımırdı o ləçəkləri. Əlac yenə görkəmli folklorşünas Sədnik Paşa Pirsultanlının miras kimi qoyub getdiyi yazılarına qaldı. Əmindim ki, yurdumun bir daşına, bir parça torpağına, çiçəyinə, otuna biganə olmayan insan bu cür gözəllikdən yan keçə bilməz!

Əminliyim, güvənim tam idi; bu tamlıq tezliklə özünü doğrultdu. "Xalq cəbhəsi" qəzetinin 5 avqust 2010-cu il sayında Sədnik Paşanın "Sirli-sehrli Azərbaycan əfsanələri (II yazı)" məqaləsi yayımlanıb. Həmin məqalədə folklorumuzun ustadı Ərgüvən ağacından məhəbbətlə bəhs edib:

"Gəncənin Xan bağında, Nizami kinoteatrının ətrafında Ərgüvən ağacının, Göy göl meşələrindəki bəzək ağacı Doqquzdonun, Qarabağdakı Xarıbülbül və Xanımsallandı çiçəyinin həzin və lirik rəvayətləri mövcuddur. Hətta, Ərgünəş dağı ilə Ərgüvən ağacı arasında sevgi macərası var. Ərgüvən nadir ağacdır. Yazda təkcə yarpaqları yox, bədəni, qolları (gövdəsi və budaqları) yaqutabənzər muncuq kimi topa-topa qırmızı çiçəklərlə bəzənir və sanki ətrafdakı ağaclara deyir:

- Ərim gəlsin, məni görsün.

Odur ki, adı Ərgüvən qalıb".

Bu kiçik qeydi oxuyandan sonra yerimdə durardımmı?! Elə qaçdım... Elə yüyürdüm... Özümü bir bahar sabahı Ərgüvənə çatdırdım... Eynən yuxumdakı kimiydi ləçəkləri... Eynən sevgi doluydu duruşu... Ərgüvənin önündə heyrətim səcdədəydi...

Tanrım! Gözlərimdən axan yaşları görürdü Ərgüvən... Ona olan heyranlığımı duyurdu Ərgüvən... Adı "özünə güvənən" anlamına gələn ağaca mən də güvənmişdim o ilk görüşdə. Bütün hisslərimi, dünyaya üsyanımı ona etibar etmişdim, acizliyimi, ağlaya bildiyimi ondan gizlətməmişdim.

Ərgüvən yarpaqdan əvvəl çiçək açan nadir ağaclardandır. Budağına əl uzadanda ilk hədiyyəsi çiçəkləri olur. Eşq qoxulu, gözəlliyindən əmin, min bir fərəhlə doğmasını gözləyən ağacdır Ərgüvən...

Hindularda gözəllik anlamı sağlamlıqla vəhdətdəymiş. Kim daha sağlamdırsa, o, gözəl sayılarmış. Ərgüvənin gözəlliyinə bir anlam da onun müxtəlif ağac xəstəliklərinə qarşı dözümlü olması qatır.

Ərgüvən ortaq türk folklorunda "işıq ağacı" kimi də məşhurdur. Yox, Ərgüvən ətrafa işıq saçmır. Onun nuru, ziyası bir başqa özəllikdir. Kim Ərgüvənin çiçəklərini görsə, onun gələcəyə ümidi işıqlanır, həyata baxışı aydınlanır, ruhunun bərraqlığı artır... Bax, buna görə Ərgüvən "işıq ağacı"dır.

Cənubi Afrika və Qərbi Asiyada daha çox yayılan Ərgüvən aprelin sonu-mayın əvvəli öz məsum bəzəyilə dünyaya naz edir. Ana təbiətin qoynunda xumarlanaraq insanlara sevginin ölməzliyindən, bir sonrakı səhifənin açılacağından danışır. O səhifə "ana olmaq"dır... Ərgüvən ilkinliyin simvollarından biri kimi öz çiçəklərini yarpaqlarından əvvəl təqdim edir. Sonra isə yarpaqlarını cücərdir... Hər çiçək bir yarpağın müjdəçisidir Ərgüvəndə...

Xristianlıqda Ərgüvən tamam başqa rəvayətlə anılır. Həmin rəvayətdə deyilir ki, Ərgüvənin çiçəkləri əvvəl ağ imiş. İsaya xəyanət edən Yəhuda özünü bu ağacdan asandan sonra ağ rəngli çiçəklər utanclarından çəhrayı rəngə dönüblər.

Nədənsə, bu rəvayət məni inandıra bilmədi. Ərgüvən öz çiçəklərinə, belə demək olarsa, öz bəzəyinə o qədər əmindir ki, o, heç vaxt çiçəklərinin rəngini dəyişməzdi... Onun əminliyi, güvəni heç nə ilə ölçülməz. Xəyanət isə heç vaxt ölçü vahidi olmayıb!

Ərgüvən ağacı bütün dövrlərdə ruhu işıqlı adamların ilham qaynağı, dərd ortağı olub. Osmanlı tarixində Ərgüvən şənlikləri öz romantikası ilə seçilib. XV əsr bu şənliklərin daha geniş şəkildə keçirilməsi ilə tarixə keçib. Orta əsrlərdən bəri bu ağac İstanbulun rəmzi sayılır...

Niyə də sayılmasın ki?! İstanbul rəngli sevdaların şəhəri deyilmi?! İstanbul bu gündən sabaha boylanan ümidlərin boy atdığı məkan deyilmi?! İstanbula nə şeirlər yazılıb, nə mahnılar bəstələnib... Dolayısı ilə, hamısı Ərgüvənin güvəninə ünvanlanmayıbmı?!

İstanbul hələ Konstantinopol olduğu vaxtlarda Ərgüvən bu şəhərə sevdalanmışdı... Onun çiçəklərinin rəngi yalnız Bizans hökmdarlarının libaslarında istifadə edilə bilərdi. Dövrün dünyagörüşündə, Ərgüvən çiçəkləri təbiətin ən elit rənginə sahib idi.

Hələ Türkiyə tarixində Ərgüvən budaqlarından düzəldilən əsaya sahib olmağın özünəinam göstəricisi olduğu faktı da var...

Ərgüvənin gözəlliyi elə onun özünə olan inamından qaynaqlanır. Bir növ tibbdə olan təlqin kimi... Bu ağac öz gözəlliyindən o qədər əmindir ki, işığı sönmür. Payızda, qışda belə, bu ağacın nurunu, insan ruhuna ərməğan etdiyi aydınlığı hiss etmək olur.

Ərgüvən çiçəklərinin ətri yoxdur... Bu gözəlliyə baxanda heç onun ətirsizliyi yada da düşmür. Türkiyədə olan bir deyim var: "Ərgüvənə ətir lazım deyil, özünəinamı bəsdir, iki gözəllik birdən olmaz!".

Mən onunla keçirdiyim dəqiqələrdə Ərgüvəndən məhz o güvəni istəmişdim... O mənə bu güvəni damla-damla ötürəcəyini vəd etmişdi... Bütün xəstəliklərə sinə gərəcəyim, ruhumu hər gün bir az öldürən dərdləri bircə-bircə məğlub edəcəyim günə az qalıb deyə pıçıldamışdı o çəhrayı çiçəklər, çiçəklərin başındakı taca bənzəyən yarpaqlar...

Mən Ərgüvənə hələ şeir yazmamışam... Amma Harika Ören yazmış:

Sən quru budaq sanarsan,

            çəhrayı çiçəklər açar,

                        heyrətlənərsən...

Onun rəngində gizlidir həyatlar

            və sevdalar... Heyrətlənərsən!

Hər ləçəkdə bir şair ürəyi,

            hər çiçəkdə min şeir var,

Sirri tarixdə gizli, işığı daim yanar...

            Elə gözəl heyrətlənərsən...

İstanbulun Ərgüvəninin şəninə düzənlənən festivallarda neçə belə şeirlər tökülür onun çiçəklərinin üstünə...

Ərgüvən... Mənim kimi özünə güvənə bilməyənlərin, nənəm demiş, "canından çəkənlərin" güvən yeridir. Gəncədə, daha bir yayın son günlərində aylardır içimdəki duyğuları həzin-həzin yazdım onun adıyla... Özü sevdaları anladan ağaca sevdalanmaq da bir titrək qadın ruhuna məxsusmuş, Tanrı bunu bilirmiş!

Gəncə, 2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!