Şahmat da bir sirr kitabıdır - Kənan Hacı yazır

Kənan HACI

 

Deməli belə. Yəqin siz də zamanlararası səyahəti xoşlayırsınız? Amerika kinorejissoru Vudi Allenin "Parisdə gecəyarısı" filminə yəqin ki, çoxlarınız baxmısınız. Filmin qəhrəmanı keçmişə səyahət edir və 20-ci illərin Paris mühitinə düşür. Orda Heminquey, Fitscerald kimi dahilərlə görüşür, bu onun dünyagörüşünə fərqli təsir göstərir. Fransız yazıçısı Qreqori Samakın "Sirr kitabı" romanı da keçmişlə gələcək arasında tarixi bir marşrut cızır. Amma bu mətndə fləşbək bəşəriyyətə fəlakətlər gətirmiş Hitleri yetişdirən bir topluma fokuslanır.

Yazıçı bu romanı italyan yazıçısı Dino Bussatinin "Kolombr" hekayələr toplusuna daxil olan "Balaca zavallı oğlan" novellasına hörmət əlaməti olaraq yazıb. Boynuma alım ki, Bussatinin adıçəkilən novellasını romanın mütaliəsini bitirəndən sonra tapıb oxudum. Xoşbəxtlikdən həmin kitab mənim kitabxanamda var imiş.

Dəhşətli novelladır. Əslində Qreqori Samak italyan yazıçısının novellasını romana çevirib. Novellanın baş qəhrəmanı Dolfi adlı mağmın, çəlimsiz, əfəl bir uşaqdır, anası onu parka aparır, Dolfinin tay-tuşları parkda oynayırlar, bir-birlərinə qaynayıb-qarışırlar. Dolfini isə özlərinə yaxın buraxmırlar, onu ələ salır, təhqir edirlər. Üstəlik, ona "Kahı" ləqəbini qoşurlar. Dolfinin ayaqları sısqa, çöp kimidir, qaçışda "dostlar"ından geri qalır. O biri uşaqların tüfəngləri, oxları, yayları var, Dolfininsə oyuncaq tüfənginə şəbədə qoşurlar. Dəstənin başçısı ona yaxınlaşıb "nə qəşəng tüfəngin var, gəl səni yüzbaşı qoyaq" - deyir və onu Valterin ordusuna yüzbaşı təyin edirlər. Dolfi sevincindən uçur, həvəslə öz işinə başlayır. İki dəstə arasında savaş başlanır, dəstənin başçısı yüzbaşı Dolfiyə "hücum!" əmrini verir, Dolfi bir anlıq özünü itirsə də cəsarətlə tüfənginə sarılıb irəli atılır... Bu dəm arxadan vəhşi bir qəhqəhə qopur, sən demə, onun ayağını iplə dirəyə bağlayıbmışlar. Üzüstə yerə yıxılan Dolfini vəhşicəsinə döyürlər. Parka anasının yanına qayıdanda pal-paltarı cırılmış, üz-gözü qan içində idi. Anası onun bu halını görüb dəhşətə gəlir, bu mağmınlıqla oğlunun gələcəkdə necə yaşayacağı haqqında əndişəyə qapılır. Parkda gəzişən başqa bir qadın da uşaqlardan gileylənir: "Ah, bu uşaqlar necə də nadincdirlər! Sağlıqla qalın, xanım Hitler!".

Artıq uşağın kim olduğu sizə bəlli oldu, əziz oxucu. Uşaqlığın davamlı travmaları onun içində vəhşi, qaniçən bir heyvan yetişdirdi və bu uşaq böyüyüb bəşəriyyətin ən qanlı diktatorlarından biri oldu. İnsan uşaqlığını başqalarından gizlədir, onu qaranlığa gömür, çünki uşaqlıq onun ən zəif nöqtəsidir. Bəli, Bussatinin hekayəsindəki zavallı oğlan gələcəyin qanlı diktatoru, hay-küyçü alman "apostol"u Adolf Hitlerdir. Hərçənd Hitlerin bioqrafları onun uşaqlıqda heç də aciz, fağır olmadığını, ağlı, zəkası ilə yaşıdlarından seçildiyini vurğulayırlar. Onun həyatıyla bağlı indiyədək mübahisəli qalan, mifə çevrilmiş məqamlar çoxdur, amma fakt budur ki, Hitler oxuduğu məktəblərin heç birində təhsilini tamamlamayıb, istedadsızlığı üzündən Vyana Rəssamlıq Akademiyasına da qəbul ola bilməyib. Bu uğursuzluqların təfərrüatlarını onun bioqrafı Verner Mazer "Adolf Hitler. Həqiqət, mif, əfsanə" kitabında qələmə alıb.

Qayıdaq "Sirr kitabı"na. Romandakı hadisələr Hitlerin doğulduğu Braunau-am-İnndə də cərəyan edir. Təqaüd yaşına çatmış tənha, müdrik Elias Ayn bundan sonrakı ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş vücudunun nəhayət ki, ona xain çıxacağını və ölümün yetişəcəyini gözləmək üçün bu şəhərdə özünə ev alır və ora köçür. Təzə evində o, nəhəng yeraltı kitabxana kəşf edir və bundan sonra sakit, yeknəsəq həyatı qeyri-adi hadisələr burulğanına düşür. Elias bu kitabxanada "Sirr kitabı"nı tapır və bu kitabdan insanların gələcək taleyini oxuya bilir, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir.

Romanda alman nasisti ilə şahmat oynayan bir uşaq var, o, yəhudidir. Bu uşaq şahmat oynamağı bacardığına görə ölümdən qurtulur. Alman zabiti həbs düşərgəsində dustaqlara belə bir çağırış edir: "Aranızda kimsə bu şahmat taxtasında mənə rəqib olmağa cəsarət etsə, ona mənim tərəfimdən azadlıq veriləcək!".

Düşərgəyə sükut çökür, təkcə balaca Sof şəhadət barmağını qaldırır. Oyunun sonunda bu cəsarətinə görə onun həmin barmağı kəsilir, özü xilas olsa da ailəsi hamılıqla güllələnir. Elias onu Braunauda əntiq əşyalar mağazasında görəndə Sof artıq ölümə hazırlaşırdı. Bu qocalardan savayı, o rəzil illəri xatırlayan çox az adam qalmışdı. Eliasın evin zirzəmisində kəşf etdiyi zəngin kitabxana mənə böyük semiotik alim, yazıçı Umberto Ekonun "Qızılgülün adı" romanındakı monastır kitabxanasını, Elias isə kitabxananın labirintlərində dolaşaraq bütün sirlərin qorunduğu kitabı axtaran Vilhemlə Adsonu xatırlatdı. Hər iki əsərin sonunda kitabxana yanğın nəticəsində (yanğını törədən səbəblər fərqli olsa da) yanıb külə dönür. Ümumiyyətlə, Qreqori Samakın "Sirr kitabı" Bussatinin novellasından təsirlənərək yazılsa da romanda bir Eko havası dolaşır. Əsər sırf fentezi janrında yazılmasa da Eliasın yeni tanışı, şahmatda partnyoru olan Sofun uşaqlığına səyahət etməsi, Gettodakı rəzalətləri, insanlığın üz qarası olan cinayətləri öz gözləriylə görməsi və yenidən bu günə qayıtması zaman və məkanda səyahət olaraq özündə fantaziya elementləri daşıyır. Əsərin mahiyyətində bir etiraz ruhu var. İnsanın talesizliyi zamana bağlı bir varlıq olmasındadır. Elias və Sof genosid zamanına düşmüşdülər və onlar nasizmin qurbanları idilər.

Romanda Marika ilə Tomas adlı iki yeniyetmənin saf məhəbbəti ayrıca bir xətt kimi işlənib. Marika şəhər merinin qızıdır, Tomas isə küçələrdə yatan bir səfildir. Hər ikisi kitab oxumağı sevir, Elias kitabxanadan ona bir kitab bağışlayır, sevgilisi Marika isə ünlü alman şairi Hölderlinin şeirləri yazılmış vərəqləri onun sığınacağına gətirir. Onlar saatlarla bir-birlərinə şeirlər oxuyurlar. Marikanın atası onların sevgisinə mane ola bilmir. Tomas cəsurdur, çevikdir, qorxmazdır, mübarizə aparmağı bacarır. Onların həyatı təhlükədə olsa belə, maksimal dərəcədə həzz, zövq almağa çalışırlar; ölümə sevgiylə meydan oxuyurlar. Jorj Amadunun "Qum dəryasının kapitanları" əsərində belə bir yer var: Bir gün azyaşlı cinayətkarların sığındığı pakhauza yetim bir qız gəlir, bu qız tezliklə səfil oğlan uşaqlarının anasına çevrilir, onların paltarlarını yuyur, yeməklərini bişirir və kapitanlardan birinə, Pedroya vurulur. Amma onların sevgisi elə bir kədərli sonluqla bitir ki, bu haqda nəsə yazmağa gücüm çatmır. Kitabı oxusanız, bu hissəyə çatanda göz yaşlarını saxlaya bilməyəcəksiniz. Düzdür, ədəbiyyatın insanı xilas etmək kimi bir missiyası yoxdur, amma mən çox istərdim ki, Amadu Doronu, ölüm anında sevgisini vurulduğu oğlana verə bilən bu fədakar qızı ölümün cəngindən xilas edəydi. Amma Amadu onu xilas etməyi bacarmadı, çünki günahkar yazıçı yox, cəmiyyət idi.

Qreqori Samakın qəhrəmanlarının faciəsi isə Hitlerin qanlı siyasətinin  günahıdır. Yazıçı obrazların diliylə zərərli ideologiyaları və onların cəlladlarını, irqçilik nəzəriyyəsini yayanları lənətləyir, bütün bu eybcərliklərin qurbanlarını ölümü üsyandan üstün tutduqlarına görə qınayır. Onlar hadisələrə affektiv reaksiya göstərirlər, çünki taleləri öz əllərində deyil, onları idarə edənlər var. "Sirr kitabı" haqda yazıçı belə deyir: "Bu əsər insanlığa öyüd vermək niyyətindən tamamilə uzaqdır. O, insanın taleyilə bağlı suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən sonra bizi nə gözləyir? Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq".

"Uşaqlarımız bizim ucbatımızdan keçmişi xatırlamayanda biz harda olacağıq?".

Yazıçı bu romanı gələcək nəsillərin keçmişi xatırlaya bilməsi üçün yazıb.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!