Sabir Bəşirovun xatirəsinə... - ANAR

İstedadlı alim, müəllim Sabir Bəşirovun ölüm xəbəri məni çox kədərləndirdi.

Sabirlə qiyabi tanış olmuşduq. Səksəninci illərin sonunda Yazıçılar İttifaqına mənim adıma bir paket gəlmişdi. Tanımadığım bir müəllifin mənim barəmdə monoqrafiyasının əlyazması idi. Oxudum və şit tərifsiz, mübaliğəsiz sırf peşəkar təhlilin səviyyəsindən çox razı qaldım. Müəllifə təşəkkür məktubu yazdım. Bir neçə il sonra isə Sabirin özüylə tanış olduq.

1994-cü ildə öz hesabına "Anar" adlı monoqrafiyasını Bakıda nəşr etdirmişdi. Bu nəşr mənimçün çox əzizdi bir də ona görə ki, haqqımda yazılmış və çap olunmuş ilk kitab idi. Şəxsən tanış olduqdan sonra Sabirin savadı, təvazökarlığı və təmənnasız ədəbi fədakarlığı ona rəğbətimi və hörmətimi daha da artırdı.

Sabir 1956-cı ildə Yardımlının Peştəsər kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində unudulmaz dostumuz, tənqidçi Arif Əmrahoğluyla bir kursda təhsil alıb. Dissertasiya müdafiə edərək Filologiya Elmləri namizədi olmuşdu. Bakıda Sabir Rüstəmxanlı haqqında, Əlabbas haqqında monoqrafiyaları, "60-cı illər nəsrinin etik problemləri" adlı kitabı nəşr edilmişdi. Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüşdü və... ömrünün sonuna qədər doğulduğu Peştəsər kəndində orta məktəb müəllimi kimi işlədi. Halbuki Bakıya gəlib daha yüksək elmi mənsəblərə çata bilərdi. Sabirin bu davranışı mənə zərdabilərin, mirzə cəlillərin, böyük adaşı mirzə ələkbərlərin kiçik əyalət şəhərlərində, qəsəbələrdə, ucqar kəndlərdə maarif işığını yaşatmalarını xatırladırdı.

Sabir bütün varlığıyla ədəbiyyata bağlı idi, həyatını həqiqi ədəbi dəyərlərin təbliğinə və təhlilinə həsr etmişdi və ömrünün sonuna qədər şərəfli kənd müəllimi adını layiqlə daşıyaraq dünyasını dəyişdi.

Allah Sabir Bəşirova qəni-qəni rəhmət eləsin.

ANAR

18 oktyabr 2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!