Şeirdə şahmat oyunu... - Cavanşir YUSİFLİ

Elə şairlər var ki, bəxti gətirir, haqqında bütün ədəbi nəsillər yazır, düşünür, illər keçəndən sonra məlum olur ki, əslində heç nə yazılmayıb. Bütün yazılanlar bir ucdan pozulub, ya da qalaq-qalaq yığılaraq onun düz yolunun üstünə tökülüb. Xəzər Universitetində Məmməd  Arazaın 85 illiyinə həsr edilən yekun tədbirdə çıxışların biri buna əyani misal ola bilərdi. Səməd Vurğundan başlayıb Məmməd Araza keçid edən çıxışçı bu mövzuda son nötqəni qoydu.

Təhlillərdə mövzu-mətləb ətrafında bir xeyli danışdıqdan sonra şairdən misallar gətirilir, şübhəsiz ki, deyilən fikrin "düyməsini" bərkitmək üçün, çünki əks halda şərh "dizaynı" yöndəmsiz görünəcək. Nümunəyə baxıb, onu oxuyub deyirsən: bu misralar niyə yazılıb, mətləb nədir, onun yazılmasına qaynaq olan, şübhəsiz ki, irreal mətləblər necə olub ki, min il... dövr etdikdən sonra bu şeirin intonasiya-ritm sistemində qərar tutub? Bundan sonrakı yolçuluğu haradır? Hansı qədim, ya ortaçağ mətnlərinin uçuq tikililərindən, xarabalıqlarından keçib günümüzə gələn, ayaq açan nəfəs müasir, yaxud ultra-müasir libasda necə görünür. Fikrimizcə (mətnlərarası virtual əlaqələrin gücünə-!), bir ucdan yaradılan mətnlər həm də dağıla-dağıla, uçula-uçula gedir, çünki yerində sapsağlam duran, bircə qəlpəsi də düşməyən mətnlər sadəcə yox olub gedir və bitir, ancaq onlar dağılmalıdır ki, yenilərində özünü tapsın, beləcə milyon illərin xatirəsi ən modern sevgi şeirinin misraları arasındakı cazibə sahəsindən keçərək dirilir, yeni ideya, yeni hiss-duyğu oyadır, insanlara qədimlərlə heç bir təması olmayan ən modern nümunə kimi görünür. Şair (Məmməd Araz) qupquru qayaların döşündə keçmişin iztirablarını görür, insanın içini dağıdaraq, onu "adam edərək" bir quru qaya döşünə iz salan iztirab bəlkə də kiminsə eşqlə çağlayan divanıdır... 

Məmməd Araz şeiri deyilən bir anlayış - kateqoriya var. Bu şeirin bütün incəliklərini ard-arda bilmək və öz nəfəsin kimi hiss etmək üçün onu oxumaq lazımdır, hətta oxumaq əksər təsadüflərdə o kateqoriyanı gizlətməyə xidmət eləsə belə. Onun şah misraları var, şeirdən-şeirə adlayan, özünün qoşa hecasına bənzəyən qafiyə sistemi, ritm və intonasiya modelləri var və bütün bunları yalnız və yalnız filoloji aspektdə incələmək lazımdır. Məmməd Araz şeirinin ritmində xalq musiqi melodiyalarının çeşidli izlərinə rast gəlmək mümkündür, ancaq bunlardan ən önəmlisi həmin şeirin bütövlükdə yallı melodiyalarından qaynaqlanmasıdır, bu səbəbdən bəzən onun qafiyə sistemində yallıdakı "irəli-geri hərəkətlərin" şırımları da əlbəəl hiss edilir.

Yenə dağ döşündə dənərləndi qar,

Yenə zirvələrin həsrətində qal...

Yaxud:

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya...

Məmməd Arazın şeirindən görünən gerçəkliyə-dünyaya diqqətlə nəzər salmaq mümkün olsa (baxıb o mənzərəni bir anlıq dayandıra bilsək...) orada, əvvəla,  hər şeyin - bütün komponentlərin güclü bir effekti almaq, əldə etmək niyyətinə xidmət etməsi, sonra, məna aşırımlarından keçirib mətni, necə deyərlər təbiətin üzündən oxumaq, qar uçqunlarının başladığı, şəlalənin dağdan dərəyə endiyi anı göstərmək ehtirasının şeirdən-şeirə keçməsi... diqqəti ilk cəlb eləyən məqamlar olacaqdır. Ritmin - "hərəkətə sıçrayış anı"nın necə şəkillənməsi bu şeirdə dar keçidlərdən, yarğanlardan keçib durulmaq ehtirasını bəlləyir. Ritm haqqında məlum-məşhur şərhlərdə belə bir ayrıntı var ki, şair artıq formalaşmış qafiyə sisteminin elementlərindən hər bir mətnində olduğu kimi istifadə edə bilər, ancaq məhz hərəkətə sıçrayış anı elə bir poetik keyfiyyətə malikdir ki, bu, hər bir şeirdə təkrarsız özəllik qazanır və onu təkrarlamaq bir daha mümkün olmur. Şeirdəki bədii təkrarlar, təkrirlər, bütün poetik fiqurlar əslində bu "təkrar olunmayacaq" yeganə anı görükdürmək, ordan dünyaya baxa bilmək üçündür.  Mayakovski yazırdı: "...Poetik əsərdə ona başlamaq anlamında yalnız bir neçə ümumi qayda-qanun var. Və bu qaydalar da xalis şərtilikdən başqa bir şey deyildir. Şahmat oyununda olduğu kimi. İlk gedişlər ümumidir, eynidir, hamının bildiyi şeylərdir. Ancaq növbəti gedişlə siz yeni hücumu, yeni həmləni düşünməli olursunuz. Ən dahiyanə gediş növbəti partiyanı oynayarkən eyni vəziyyətdə təkrarlana bilməz. Rəqibi məhz gözlənilməz gediş devirir, mat qoyur. Bəli, şeirdəki qəfil qafiyələr kimi".

Bəli, "... mən özümlə oynadığım şahmata güldüm..."

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm...

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Şairin bütün ömrü, yaradıcılığı boyu şöhrət, şair taleyi, insan xisləti... haqqında yazdıqlarının içindən keçən əsas əlamətlər bu şeirdə bir yerdə, sanki həmin hisslərin konsentrasiyası kimi büruzə verir. Şeirində belə deyək, "yüzümüz bir dahi deyilik hələ", şöhrət yazıçını məhv edir... kimi deyimləri dəfə-dəfə işlədən, təkrar edən müəllifin "mən özümlə oynadığım şahmata güldüm" deyimi diskurs səviyyəsində gerçəkləşir, onun daim qaçdığı şeyin hənirindən xilas ola bilməməsi, şöhrətin qar uçqununun altında qalıb da özünün son nəfəsinə isinmək ehtiyacını dərindən-dərinə hiss etməsi mətndən ona qarşı duran struktur kimi keçir. Burada şair sözünü, şübhəsiz ki, bir ümumi obraz kimi alırıq.

Məmməd Araz şeirinin poetikasında bir cəhət xüsusilə önəmlidir: sərt yallı keçidləri ilə süslənmiş dünyada bu sərtliyin divarlarını döyəcləyən sular kimi qəlbin nisgili, dərdin, iztirab və nalənin şairin dediklərini və demək istədiklərini bir kənara tullayıb danışması, səsin, şairin daxilindən gələn dəruni səsin sına-sına getməsi, şairin ömrünə dəyib çiliklənməsi, bir poetik "mən"in bir neçə libasda meydana çıxması, daxili ehtiras və üsyanın şahə qalxdığı anda onun özünü, daxildən gələn ahı və nəfəsi parça-parça etməsi... hər halda yazılmayanların, yazıya, ifadəyə çevrilə bilməyən deyimlərin nə qədər qüdrətli olmasını bir daha sübut edir.

Baxın, bu nisgil o qədər sarsıdıcı və həzindir ki, ana yurdun dərdlərini də özündə cəmləyir və onun dilsizliyini poetik əlifbaya, və yaxud xəritəyə çevrir:

Qoca atam kimi xəyala dalan

Dağlar da kövrəlib dalımca baxdı.

Mənim gedişimdən xəbərsiz balam

Göygol oyananda ağlayacaqdır.

Yaxud:

Dağlara qar düşdü, uyudu dağlar,

Dağlar həm qocaldı, həm ucaldılar.

Mələyə-mələyə quzu bulaqlar

Daşların altında yetim qaldılar.

Bu keyfiyyət daha çox onun "Ata ocağı" şeirində qabarıq hiss edilir. Bu mətndə əbədi, hər bir fərdi düşündürən qayğılar, suallar önə çəkilir, əsas sevməkdisə, ondan da önəmlisi sevdiyin torpağın üstündə izin, ləpirinin qalmasıdır. Qala biləcəkmi? Bunun üçün şərəflə yaşamaq da bəzən kifayət etmir. Ocaq korun-korun yanır, obrazlar, mətni, bütöv bir deyimi əyirə-əyirə gedən obrazlar, közün dərində olması, çırpının göz yaşı axıtması... mənzərəni bütün detalları ilə göz önündə canlandırır, belə bir metonomik ayrıntı (metonimik mənzərənin metaforaları məna rəflərinə düzməsi...), daş, qaya, torpaq, meşə və sair məkanların bir-iki cizgi ilə tam, bütöv mənzərə kimi göstərilməsi fərdi üslubun daim təkrarlanan cəhətləridir. Məmməd Araz şeirində bu "təsvir" ən önəmlisi, necə deyərlər "açar" əlamətlərin mətnin alt qatında yaradılmasına xidmət edir, orada həmin "göz"dən qopan obraz qəlpələri ixtiyari şəkildə toplanır, dilsiz-ağzısız nəsnələrin bir yerdə qərarlaşması əslində üst qatdakı lövhələrə oppozisiya yaradır. Və bu üst qatda da insanın qəlbini bir anda yuxaya döndərə bilən mətləblər çözülür.

Atam doluxsunub, baxıram ona,

Kişi uşaq olub səksən yaşında.

Bu nə ayrılıqdır, ata yurduna

Əlvida deyirəm ocaq başında.

Ata ocaq başında istinin, isti yuvanın tərk edilmə faciəsindən danışır, başqa sözlə: kişi yer üzündə od qoruyandır //  kişi ona görə kişi adlanır. İçdə o qədər yanğı var ki, gözün yaşını qurudur və ocağın işartısı, bütövlükdə özü insan ömrünün dar keçidlərini göstərən güzgüyə dönür. Məmməd Arazın əksər şeirlərində belə "güzgü effekti", mətləbi güzgülərdən göstərmək poetikası mövcuddur. Bütün əhvalatlar deyilib (özü də sükut içində, həmin o "tüstülü" güzgünün qarşısında) qurtardıqdan sonra alt qata yığılan pıçıltılar yavaş-yavaş sözə, heca tumurcuqlarına çevrilir, dünyaya ilk gələn uşaq dilindən səslənirmiş kimi bir nisgil dil açır:

Yaşıl kənd üstünə boz pərdə salır -

Aranır, daranır tüstü telləri.

Əlvida, atamın tüstü-dəsmalı,

Əlvida atamın tüstü-əlləri.

Şeirdəki peyzaj belə deyək, sadəcə peyzaj deyil. Bu mənada bu şeirlərin yaradıcısını XIX əsr holland rəssamı Koster Everhadusla müqayisə etmək olar. Rəssam hər dəfə sanki eyni təsvirdəki, görüntüdəki eyni detalların üzərinə gəlir, hər dəfə onu bir iynə ucu boyda genişləndirir, bu tıəsadüfdə işıq görünəcək tərəf - dərinlik perspektivi elə fırçanın ucundaca yox olub gedir. Peyzajların birində meşədə ağacların arasından görünən işıq artıq o dərinliyin üzə çıxması, dənizin, çayın, ölkənin - dövlətin gücünün zühur etməsi anlamına gəlirdi. Məmməd Arazın da ocaq, yurd, dağlar... kimi mövzularda yazdığı şeirlərdə oxşar mətləbin "yelkəni" məhz bu şəkildə açılır.

Başqa bir cəhət də var. Bu şeirlər Məmməd Arazın gümanının, həsrətinin, sevincinin, həyatı və taleyinin qırıldığı yerlərdir. Nə mənada? Həmin qırılma yerləri olmasaydı, dünyadan, gerçəklikdən ayrılıb, sərf-nəzər edib daxildəki işığı, milyonların möhtac olduğu "bir zərrənin işığını" göstərmək mümkün olmazdı. Yuxarıda "semiotik xəritə" anlayışını işlətdik. Birbaşa təbiətin vəsfi ilə bağlı olmayan bədii mətnlərdə məkan hər dəfə müxtəlif proyeksiyalarda və mövqelərdə vizuallaşır. Ayrı-ayrı vəziyyətlərdə, insan psixikasının fərqli dönüş anlarından "çəkilən" bu görüntülərdən məqsəd ana yurdu parça-parça təsvirdən keçirib bir ovuc içində göstərməkdir. Bu mənada onun bütün şeirlərində dünyanın bütün guşələrindən keçib, keçilən, keçilməz yerərini tanıyıb ana yurda sığınmaq, canı və qanıyla hiss etdiyi, sinə gərdiyi iztirab və faciələri bu xəritədə nişanlamaq başlıca istiqamətlərdir. Ana yurdum hər daşına üz qoyum / hər dərəndə çaldığım saz yaşayır// kimi sənin çiynində/// sən kiminin//şöhrətini yaşadan az yaşayır...   Bu mənzərəryə "semiotik xəritəşünaslıq" nöqtəsindən yanaşsaq şairin zəngin, bəzən çoxmərtəbəli metafora və epitetlərinin əsasında danışan dilin iki kontekstdən ibarət olması bəllənər. Bu xəritənin dilində iki lay var: birinci ən müxtəlif obyektlərin yerləşməsi, şərti işarələrlə təsvirini, məkan formalarını, ikincisi isə daxili strukturunu ifadə edir.

Son anımda qəlpələnmək istərəm -

Araz boyu səpələnmək istərəm,

Gözünüzdən od ələnə, istərəm

Sizə yetim deyən olsa, qızlarım!

 

... Demək, günəş yer üzünə qarğıyıb,

Demək, sənə, Vətən eşqim, qar yağıb.

Demək kardı Azərbaycan torpağı -

Sizə yetim deyən olsa, qızlarım!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!