Bütün yaradıcılığı ilə azərbaycançılığa xidmət edən böyük ziyalı - Telman Vəlixanlı

 

80 illik yubileyini qeyd etdiyimiz görkəmli müasirimiz, yazıçı  Anarla bağlı respublikamızın bütün mətbu orqanlarında, bir sıra nüfuzlu xarici qəzet və jurnallarda geniş yazılar verilir, dövlət və hökumət xadimləri, ən müxtəlif peşə sahibləri onu yubiley münasibətilə təbrik etməyi özünə borc bilirlər. Müasir ədəbiyyat və mədəniyyət tariximizin canlı əfsanəsi sayılan bu böyük ədibin çoxşaxəli fəaliyyəti, ölçüyəgəlməz maraq dairəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrə həssas münasibəti, yaradıcı insanların ədəbi taleyinə diqqəti onu hamıya yaxın, əziz həmsöhbətə, həmfikrə, bəzən isə uzaq, barışmaz opponentə çevirir. Hər gün qəzet və jurnallarda məqalələrini, əsərlərini oxuduğumuz, müsahibələrini, xarici mətbuatda yaradıcılığını izlədiyimiz, televiziya verilişlərində həmsöhbət olduğumuz - bir sözlə, hər gün rastlaşdığımız bu ziyalını həm də təsəvvürlərimizdə heykəlləşmiş bir bütöv kimi qavrayırıq. O varsa, o danışırsa, o mübahisə edirsə, bəzən emosional, bəzən sakit tərzdə kiməsə, nəyəsə fikir bildirirsə, deməli, istinad və ya etiraz ediləcək nüfuzlu bir məqam və mənbə var. Hamıya sirli olan bu məqamı ilə o, daima gündəmdədir, o hər birimizlə həmfikir, həmsöhbətdir, sözümüzə, zəkamıza, azad, müstəqil, təəssübkeş  düşüncəmizə yol açandır, cəmiyyətimizin ən müxtəlif  fikirli insanlarını bir araya gətirən, sonda o, hamı tərəfindən qəbul olunan, fəxr və ümidlə qeyd edilən söz və fikir adamıdır.

Anar müəllim hər kəsə yaşıl işıq yandırmağa, xeyirxah münasibət bildirməyə hazır olan ağsaqqal ziyalımızdır. Yaradıcılıqla bağlı şəxsən öz  taleyimdən keçən məqamları yada salmaq istəyirəm. 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyində "Mütərcim" ədəbi-bədii və tərcümə jurnalının təqdimat gecəsini xatırlayıram. Bədii tərcüməyə diqqətin azaldığı və bu sahədə ədəbiyyatımızda müəyyən boşluq yarandığı bir zamanda müstəqil dövlət və ədəbiyyatımız üçün olduqca vacib olan bu sahənin inkişafına dəstək verən hər hansı ciddi addıma böyük diqqət və maraq göstərən xalq yazıçımız, Birliyin sədri kimi "Mütərcim"in birillik fəaliyyətinin, çap edilmiş saylarının müzakirəsini keçirtdirdi. Moskvada nəşr olunmuş "XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri" kitabımın Beynəlxalq Türksoy mükafatına təqdim edilməsinə və sonradan Ankarada Atatürk Kültür, Dil və Tarih Yüksek Kurumu tərəfindən "XV-XVII Yüzyıl Rus Edebiyatında Türkler" adı altında nəşrinə məndə maraq yaratdı. Məhz Anar müəllimin tövsiyəsi ilə dahi rus nasiri və filosofu Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanını ilk dəfə dilimizə çevirdim. Tərcümə Azərbaycan Yazıçılar Birliyində müzakirə edildi və Tofiq Bayram adına mükafatla qiymətləndirildi.

1993-cü ildə özəl Tərcümə mərkəzinin və 1996-cı ildə bədii tərcümə dərgisinin təsis edilməsi, 2005-ci ildən başlayaraq rus dilində tədris aparılan Azərbaycan məktəbləri üçün "Ədəbiyyat" proqramının və dərsliklərin yazılmasında iştirakımız, moskvalı  həmkarlarımızda "Ən yeni rus ədəbiyyatı" antologiyasının ana dilimizdə və "Ən yeni Azərbaycan ədəbiyyatı" antologiyasının rus dilində (hər biri iki cilddə) nəşri, beynəlxalq layihə çərçivəsində Almatıda ali məktəb tələbələri üçün hazırlanmış "Ən yeni xarici ədəbiyyat" tədris vəsaitində postsovet dövr ədəbiyyatımız barədə fəslin yazılması bizə Anar müəllimi ən yaxın məsləhətçilərimizdən və xeyirxahlarımızdan biri kimi görmək imkanı verdi. Bu yaxınlaşmada mərhum ədəbiyyatşünas-alim, gözəl və səmimi insan Arif Əmrahoğlunun rolunu xüsusi qeyd edirəm. Səmimi olaraq deyim ki, bizim nəsil filoloqlar və pedaqoqlar məhz Anar müəllim kimi böyük ziyalılarımızın çıxışları, ideyaları, müstəqil Azərbaycanda dil və ədəbiyyat, mədəniyyət və mənəviyyat, təhsil və elm məsələlərinə münasibətlərini ayıq şəkildə dəyərləndirməyə çalışırdıq.  Düzdür, mənim də müəllimlər və məsləhətçilər cəhətdən bəxtim gətirib, universitetimizdə həmişə gözəl ziyalı mühiti olub, amma Anar müəllim kimi dahi bir müasirimizlə mütəmadi ünsiyyəti olan yaşıdlarıma həmişə qibtə etmişəm.   

Yubiley yazılarında yazıçı, tərcüməçi, ictimai xadim, fikir adamı kimi Anar müəllim ən müxtəlif tərəflərdən müsbət xarakterizə edilir, onun 60-cı illərin  lap əvvəllərindən başlanan yaradıcılıq yoluna işıq salınır. Təbii ki, bu, ədəbiyyat və fikir tariximiz üçün uzun, məhsuldar və məsuliyyətli bir dövrdür. Bizi milli kimliyimizin dərkinə, ana dilimizin tərəqqisinə, musiqi, incəsənət və ədəbiyyatımızda təsdiqinə, azərbaycançılıq ideyalarının canlanmasına aparan ağrılı bir yoldur. Bu yolun yolçusu, təəssübkeşi, cəfakeşi, ilhamçısı olmuş yazıçı Anar, fikrimizcə, 60-cı illərdə "Molla Nəsrəddin - 66", 70-ci illərdə "Dədə Qorqud" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" pomanı ilə, 80-ci illərdə "Sizsiz"lə və  AYB-nin rəhbərliyinə gəlişi ilə, 80-ci illərin sonu - 90-ci illərdə müstəqillik mücadiləsində fəal iştirakı, "Kitabi-Dədə Qorqud"un 1500 illik yubileyinin keçirilməsi təklifi, "Min beş yüz ilin oğuz şeiri" və "Azərbaycançılıq ətrafında düşüncələr"i ilə, 2000-ci illərdə Azərbaycan, rus, dünya ədəbiyyatı incilərinin latın qrafikası ilə nəşri, milli ədəbiyyatımızın ən yaxşı nümunələrinin rus və ingilis dillərinə çevrilməsi və nəşri üzrə təklif və təşəbbüsləri, rus poeziyasından, xüsusən də Gümüş dövr ədəbiyyatından tərcümələri, ümumiyyətlə, nüfuzlu bir ictimai təşkilat kimi Azərbaycan Yazıçılar Birliyini qoruyub saxlamaq, yaşlı, orta və gənc nəsillərə mənsub ədiblərin bu təşkilat ətrafında birliyinə, ədəbi orqanlarımızın nəşrinə dövlət dəstəyinə nail olunması və onların yüksək professionallıqla buraxılması, "Ağ qoç, qara qoç", "Göz muncuğu" və s. əsərlərilə yadda qaldı. O, mahir esseist və publisist kimi də onilliklərdir ki, ictimai və ədəbi-bədii fikrimizə səf çəkən bir müəllif və sözün həqiqi mənasında böyük Azərbaycan ziyalısıdır. Onun bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə Mahmud Qaşqarlı və "Divani lüğəti-it türk" haqqında qeydləri, "525-ci qəzet"də Nəvaidən bəhs edən "Üç Leyli, üç Məcnun" məqaləsi müasir türkoloji araşdırmalar üçün olduqca vacibdir. "Divani lüğət-it türk"ün ilk türkoloji mənbə kimi dəyərləndirilməsi Azərbaycanda son illər türkoloji tədqiqatları sistemləşdirmək və onların elmi-metodiki istiqamətini müəyyənləşdirmək cəhdi üçün atılan ciddi addımdır. 

Anar sovet və postsovet dövrlərində xaricdə ən çox çap olunan Azərbaycan yazıçısı və fikir adamlarındandır. "Literaturnaya qazeta"dakı yubiley məqaləsində yazıçımızın "dünya miqyaslı ziyalı" adlandırılması və bu yubileyin təkcə Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün deyil, bütün dünya oxucusu, ədəbi və elmi elitası üçün bayram olduğunun vurğulanması sözümüzə və bütövlükdə ədəbiyyatımıza verilən yüksək  qiymətdir.

Anar müəllim qədim və klassik ədəbi irsimizin, müasir ədəbiyyatımızın ən fəal təbliğatçısı kimi böyük işlər görür. "Min beş yüz ilin Oğuz şeiri" ilə yanaşı, onun rəhbərliyi ilə həyata keçirilmiş və rusca nəşr olunmuş 3 cildlik "Azərbaycan poeziya antologiyası" layihəsini xüsusi qeyd etmək istərdim. Antologiyaya yazılmış 75 səhifəlik ön sözdə o, Odlar yurdunu əsl azərbaycanşünas kimi təqdim edir, "Kitabi-Dədə Qorqud"dan tutmuş bugünkü ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrimizi, şair, yazıçı və dramaturqlarımızı xarici auditoriyaya ustalıqla təqdim edir, hər kəsə və təhlil etdiyi hər bir əsərə böyük maraq yaradır.

Anar müəllim sadəcə yazıçı deyil, o, böyük filoloqdur, ədəbiyyatımızı və filoloji fikir salnaməmizi tarix kontekstində şərh və təqdim edən bir ədəbiyyat adamı və kulturoloqdur. Ədəbiyyat və elm həmişə müqayisələr və paralellər aparmağı sevir. "Kitabi-Dədə Qorqud"a yeni nəfəs verdiyinə, mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin ekologiyası uğrunda yorulmaz mübarizəsinə görə mən Anar müəllimi akademik Dmitri Lixaçovla müqayisə etməkdən çəkinmirəm. Bir vaxtlar biz rusların "İqor polku hekayəti"ni necə həssaslıqla özünküləşdirməyə cəhd etdiklərini görür, redaktor-kompilyatorlar tərəfindən dəfələrlə üzü köçürülərək orijinal variantdan fərqli hala gətirilmiş bu və onlarla digər rus-poloves, rus-türk, rus-tatar abidəsində türk izlərini şərh etməyə və tarixi həqiqəti bərpa etməyə çalışan Oljas Süleymenovu öz "səhvlərini etirafa dəvət edən" rus elmi və akademik dairələrinin iddialarını ideoloji buxovlar ucbatından cavabsız qoyduğumuzu zənn edirdik. Məncə, Orta əsrlər qəhrəmanlıq eposlarının ilki, ideya-mövzu dərinliyinə,  süjet-kompozisiya xüsusiyyətlərinə, dini-mifoloji zənginliyinə və təsəvvürlərinə, tarixi-coğrafi masştabına, folklor motivlərinə və bədii məziyyətlərinə görə onların hamısından mükəmməl görünən Azərbaycan oğuzlarına məxsus "Kitabi-Dədə Qorqud"un elə 70-ci illərdə Anar tərəfindən ssenariyə alınması "İqor polku hekayəti" ilə müqayisədə türk-oğuz eposunun daha qədim olduğuna və ovaxtkı geniş Böyük Çöl-Qədim Rus tarixi-mədəni arealında izlər buraxdığına, həm də ortaçağ dövr Avropa qəhrəmanlıq eposlarına ciddi təsir etdiyinə yaxşı işarə idi. Fikrimizcə, xalqımızın və ədəbiyyatımızın böyük dostu, qazax şairi Oljas Süleymenovun Azərbaycana nəhayətsiz sevgisinin kökündə duran başlıca amil elə budur.

Anarın "Azərbaycançılıq haqqında düşüncələri" əlahiddə bir mövzunun söhbəti olsa da, burada onun üzərində xüsusi dayanmağın öz məntiqi var. O, tarix boyu bütöv və böyük Azərbaycan ideyasına, bugünkü müstəqilliyimizə uzanmış və uzanan əlləri və xəyalları qamçılayır, azərbaycançılığı mövcudluğumuzun, bütövlüyümüzün fəlsəfəsinin, həyat və düşüncə tərzimizin, xalqımızın və Vətənimizin özünüqoruma immunitetindən doğan bir təfəkkür kimi dəyərləndirir.     

Anar azərbaycançılıq amalını beş sözlə (Azadlıq, Müstəqillik, Bərabərlik, Qardaşlıq, Dostluq) ifadə edir. O yazır: "Azadlıq sözünü mən ilk növbədə insan azadlığı kimi dərk edirəm... Azadlıq isə - insanın yalnız hüquqi haqları deyil, həm də düşüncə hürriyyətidir. Yəni, mənim fikrimcə, azad insan yalnız öz hüquqlarını dərk etmiş insan deyil, o həm də fikir, fantaziya  sərbəstliyinə yetmiş insandır. Düşüncənin, təxəyyülün, fantaziyanın hüdudsuz azadlığı olmadan nə elmdə, nə sənətdə, nə siyasətdə, nə istehsalatda, ümumən, həyatın heç bir sahəsində heç bir önəmli uğur qazanmaq olmaz. Hər hansı bir xalqı da, ümumən bəşəriyyəti də irəli aparan işlər görməyə yalnız azad insan qadirdir.  Stereotiplərin, standartların, qəliblərin əsiri olmayan insan...

...insan azadlığı olan ölkə qeyri-müstəqil ola bilməz. Çünki Azad insan öz ölkəsinin də azadlığı və müstəqilliyi uğrunda mübarizə etmək və qələbə çalmaq imkanını bulur."

Anar müəllim üçün azərbaycançılıq amalını səciyyələndirən beş sözdən ikisi: Qardaşlıq və Dostluq barədə düşüncələri aşağıdakı fikirlə yekunlaşdırılır: "Azərbaycan türk dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir.

Və inanıram ki, bu vətənin övladları əl-ələ verib çiyin-çiyinə, ürək-ürəyə, beyin-beyinə gələcəyin - XXI əsrin - Üçüncü Minilliyin Azad, Müstəqil ölkəsini, Bərabərliyin, Qardaşlığın və Dostluğun hökm sürəcəyi xoşbəxt Azərbaycanı quracaqlar".

"Ağ qoç, qara qoç" roman-utopiya və antiutopiya Məlikməmməd haqqında Azərbaycan xalq nağılından götürülmüş reminissensiyalar üzrəində qurulmuşdur ("O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən."). Tariximizin məsuliyyətli bir dövründə yazıçı cəmiyyətin mümkün inkişaf perspektivləri barədə düşüncələrini yüksək bədii təxəyyüllə ifadə edir. O, bizi "qara qoç"un ata biləcəyi qaranlıq dünyanı təsvir etməklə yaddaşı pozulmuşları böyük bir ümidlə "ağ  işığ"a bürünəcək Azərbaycan obrazının sehrinə dəvət edir: "İndi Azərbaycan əhalisi rifah səviyyəsinə görə Ərəb Əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı.

Uzaq illərin qanlı Qarabağ hadisələri, ölkənin ovaxtkı ağır iqtisadi durumu indi yalnız xatirələr aləmində qalmışdı. Qarabağ demişkən, Məlikin yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü.

Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi idi, qızı Burla ədəbiyyat müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə.

Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik edirdi...".

Yazıçı Anarın bu süjet xətti Azərbaycan vətəndaşı kimi xəyallarımızın və ruhumuzun yol xəritəsidir, bizi xəyal qırıqlığından, ruh düşkünlüyündən, natamamlıq kompleksindən sığortalayan yol xəritəsi. Heç şübhə yox ki, dövlət başçısının təsdiq etdiyi İqtisadiyyatın inkişafı üzrə "Yol xəritəsi" bu postmodernist yazıçı xəyalını - onun "yol xəritəsi"ni reallaşdıracaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!