Yazıçı dostlarımızın nəzərinə - Nəriman Qasımoğlu

Nəriman QASIMOĞLU

 

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu orfoqrafiya qaydaları layihəsini ictimai müzakirəyə təqdim etmişdi. Müzakirələr bitməyib.

Narahatlıq yaradan əsas məqam layihənin 22, 37 və 69-cu maddələridir:

"22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət, maliyyə - maliyə, üslubiyyat - üslubiyat və s.

69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət..."

Bu təkliflər ziddiyyətli məqamlarla yüklüdür.

Mənbə dili (maddə 22) əsas götürəcəksənsə, başqa sözlərə də keçərsən və dildə elə bir xaos yaradarsan ki, ədəbi dilimizdən əsər-əlamət qalmaz. Belədə vaxt gələr "məntiqin" fəvvarə vurar, "mübahisə", "müharibə"dəki "ü"ləri "u"ya, "mücadilə"dəki "ü"nü "u"-ya və "a"-nı da "ə"-yə çevirərsən, "kitab"ı da edərsən "kitəb". Minlərlə belə söz var, ərəbcədən alınmalardan bir neçəsini yazdım. Hələ Avropa dillərindən aldıqlarımızı qoyuruq bir kənara.

Nəsimişünas alim Səadət Şıxıyeva 22-ci maddədə qeyd olunan sözləri nəzərdə tutaraq həmin təklifin qəbul olunacağı təqdirdə "Azərbaycan dilinin təbiətinə - cingiltili samitlərə meyilliliyə" xələl gələcəyini qeyd edir. Mümkün deyil razılaşmayasan.

Qoşa "yy" samitli sözlərin bir "y" ilə yazılması təklifi (37-ci maddə) Azərbaycan ədəbi dilinə, sadəcə, qəsddir. Söhbət tələffüzün əsas götürülməsindən gedir. Fəlakətli perspektiv - ədəbi dilimizin danışıq ləhcələrinə uyğunlaşdırılması perspektivini vəd edən təklifdir. Qarşısı hökmən alınmalıdır. Ciddi mütəxəssislər bu təklifin mənasızlığını yetərincə sübuta yetiriblər. Bircə bu sitatla kifayətlənim: "...Yazıda qoşa cingiltili "y" samiti ilə yazılan söz ifadə tələblərinə görə, bəzən tələffüzdə də ikiləşir. Bu, xüsusən, nəzm əsərlərində, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli çıxışlarda, insana xas hiss-həyəcanın dolğun ifadəsində, nitqin təsir gücünün artırılmasında özünü göstərir. C.Cabbarlının "Ana" şeirinin ilk misrasındakı "bəşəriyyət" sözünü misal qismində göstərmək olar: "Əgər bütün bəşəriyyət ədüvvü-canım ola…". Burada nəzm tələblərinə görə tələffüzdə qoşa "y" hərfinin birini ixtisar etmək mümkün deyil. Yəni qoşa "y"-nın ikisi də tələffüz olunur" (professor İdris Abbasov).

Layihədəki bu təklifi ədəbi dilimizin Türkiyə türkcəsinə yaxınlaşması perspektivi kimi təqdir edənlərin nəzərinə iki məqamı çatdıraq.

Birincisi, yaxınlaşma təbii proses olmalıdır, süni yox və özü də təbii olunca, ikitərəfli qaydada baş verir. İkincisi, Türkiyə türkləri ilə ortaq abidəmiz "Kitab-i Dədə Qorqud"un dili Azərbaycan türkcəsi ilə bağlıdırsa, ortaq nəhənglərimiz Füzuli, Nəsimi və b.-nın türkcə əsərləri bizim türkcədədirsə, bu abidələrin dəmi redaktəsinə girişməliyik? Səadət xanımın bu narahatlığını diqqətə necə almamaq olar: "Azərbaycan bədii mətnində, xüsusilə şeirdə ayrıca bir yeri və müəyyən bir çəkisi olan bu ifadələrin yazılış və deyiliş şəklinin dəyişdirilərək, -iyət, -iyat şəklini alması mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri və s.-də ancaq və ancaq problemə yol açacaq."

69-cu bənddə ifadə olunan təklifin də zərərli olduğu, sözlərin deyilişinə əngəl yaratdığı üzdədir. Layihə müəllifləri vaxtilə apostrofla yazılan Quran sözünün sətirdən sətrə keçirilməsini "Qur-an" deyil, "Qu-ran" kimi təklif edirlər. Deyilişə bir zərbəni vaxtilə apostrofun ixtisarı vurub. İndi də bu təklif ki, keçərsə, məcbur olacağıq müqəddəs Kitabımızın orijinal adını  sadəcə feili sifət qəbilindən sözcük olan "quran" kimi tələffüz edək...

Bu yanlışlığı da dilçilərimiz rəsmiləşdirmək istəyir: qarşılığı təklif edilən sözlərin siyahısında "mesaj"ın "ismarıc"la əvəzlənməsi var. "İsmarıc" sözü  ötən əsrin son onilliyinə gedib çıxır və KİV-də möhkəmcə kök salıb. Aydındır ki, "ismarış" olmalıdır, "ismarıc" yox. İlk dəfə hansısa TV kanalında yanlış səslənməyə başladı və bu yanlışlığı ilə də dillərə düşdü. Sözün feli kökü "ismarlamaq"dır - isimləşəndə olur "ismarış". Vurmaq - vuruş, görmək - görüş, söymək - söyüş, anlamaq - anlayış və s. və i. kimi. Məsələn, "anlayıc" nə qədər yanlış və qəribə səslənirsə, "ismarıc" da elə. Sadəcə bu sonuncunun yanlışlığı ona görə qulaqlarımızı deşmir ki, çoxumuz "ismarlamaq" felinin mənasını bilmir. Atalarımız-babalarımız isə biliblər və işlədiblər. Dillər əzbəri "Əsgər marşı"nda olduğu kimi:

Vətən məni yetişdirib, bu ellərə yolladı,

Bu torpağa qurban deyib,

                                 Allaha ismarladı.

"İsmarlamaq" da ədəbiyyatımıza sözdüzəltmənin məntiqi və qanununa görə "ismarış" kimi keçib.  "İsmarış"ı M.Müşfiq, Ə.Cavad, A.Şaiq də işlədib. "Koroğlu" dastanında da var: "Aşıq sazla dediyi kimi sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi". Nağıllarımızda da: "Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir sümüyü bərkisin, gələr onda..." Sözün haqqı özünə qayıtmalıdır. Soruşa bilərlər ki, bəs "c" hərfinin işlənməyi də var bəzi sözlərdə: qaxınc, bilinc, güvənc və s. kimi. Amma bu sonuncularda "c"-nın önünə bir "n" hərfi də əlavə edilir...

Qayıdıram təklif edilən layihənin 37-ci maddəsinə. Heç kimin haqqı yoxdur qoşa "y"-dan birini ixtisara salmaqla divan ədəbiyyatımıza divan tutsun. Eləcə də son iki əsrin görkəmli ədiblərimizin əsərlərini "orfoqrafik" redaktəyə məruz qoysun. Bunu bildirəndə israrla iddia edirlər ki, guya ədəbi abidələr, klassiklərin əsərləri çap ediləndə heç bir redaktəyə uğramayacaq. Bəs belə olduqda imla xaosundan necə, qurtulmaq mümkünmü olacaq?

Narahalığımız (elə bilirəm bir çoxlarının da narahatlığı!) o sarıdandır ki, son onilliklərdə ədəbi dilimizin işləkliyi ilə bağlı müşahidə etdiyimiz ləhcələşməsi (bunun əlamətləri üzdədir: min bir sınaqdan, eləcə də görkəmli yazıçılarımızın qələmindən püxtələşib çıxmış Azərbaycan ədəbi dilinin gözəl və musiqili avazı əvəzinə bəzən rəsmi xitabət kürsülərindən belə qulağımıza hansısa bölgə ləhcəsinin, yaxud ləhcələrinin avazı gəlir; TV-lərdə "c" və "ç" samitlərinin "d" ilə "z"nın qarışığında, yaxud ruscada "ü" olan hərfin səslənişində və bəzən artıq tanınmış adamların dilindən də tələffüzü artıq adi hala çevrilib; və bu qəbildən onlarla sairələr!!!) qarşısı alınmaz prosesə çevrilər. Bununla necə barışasan?!