Boksçu Heminquey, şahmatçı Nabokov - Azər Qismət yazır

Azər QİSMƏT

 

Ernest Heminquey. "Qoca və dəniz" qədər möhtəşəmliyi ilə dünya yazıçıları arasında seçilən nasirin damağında siqar, əlində içki badəsi tutmuş haldakı fotolarını az görməmişik. Dahi yazıçının müxtəlif məşğuliyyəti olub. Şir ovundan tutmuş torla balıq tutmağa qədər. Onların sırasında boks xüsusi yer tutur. O, hələ gəncliyindən boks məşqlərinə gedib. Məhəllə münaqişələrində özünü bu idman növü ilə müdafiə edərmiş. Valideynləri bunun əleyhinə çıxsa da, sonralar məlum oldu ki, yazıçı özündən asılı olmadan həyatını vaxtsız ölümdən sığortalayırmış. Elə yaxşı ki, vaxtında məşqlərə gedib. Məşqlərə gedərkən  gənc Ernestin dəfələrlə burnu əzilib, ağır zərbələrə məruz qalıb.Valideynləri onu həvəsdən salmaq üçün boksun beyni tərpətdiyini, nəticədə vaxtından əvvəl şizofreniya xəstəliyinə tutulacağını deyərmişlər. Ernest isə onların xəbərdarlığına qulaq asmayıb. Belə məşq onu ölümdən xilas edib. Birinci Dünya müharibəsində aldığı güllə yarasından ölməməsi də yüksək fiziki hazırlığına, orqanizminin güclülüyünə görə olub. Heminqueyin boksla bağlı növbəti əhvalatı müharibədən sonra baş verib. 1920-ci illərdə məşhur peşəkar boksçu Cek Dempsi Heminqueylə döyüşməkdən imtina edib. Jurnalistlər səbəbini soruşduqda, Dempsi bildirib ki, getdikcə məşhurlaşan yazıçının biabırçı şəkildə məğlubiyyətə uğramasını istəməyib. Ancaq yazılanlara görə Cek Dempsi Heminqueyin yoğun biləklərindən və rinqdəki diribaş taktikasından, fiziki görkəmindən çəkinib. Hər halda bunlar deyilənlərdir. Ancaq xüsusilə vurğulanmalıdır ki, Heminqueyin idmançı görkəmi qadınları valeh edərmiş. Qeyd edək ki, idmançı yazıçıların əksəriyyəti boksla məşğul olublar. Onların sırasında peşəkar boksun bütün sirlərinə yalnız Ernst Heminquey yiyələnib.

Alber Kamü. Panamasının yaraşması ilə nəinki yaraşıqlı kişilər, o cümlədən, görkəmli yazıçılar sırasında özünəməxsus yer tutan Kamü futbolla məşğul olub. Günlərin birində yaxın dostu ondan nəyi seçdiyini soruşub: teatrı, yoxsa futbolu. Yazıçı düşünmədən "futbol" - deyib. Gənc Alber futbolla ciddi şəkildə məşğul imiş. O, Fransanın yeniyetmələrdən ibarət "Racing Universitaire d'Alger" komandasının qapısını qoruyurmuş. Komanda yoldaşlarının xatirələrinə görə onun qoruduğu qapıdan top keçirmək heç də asan məsələ deyilmiş. Kamünün güclülər dəstəsinə keçirilməsi üçün hazırlıq işlərinə başlayarkən, gənc Alber vərəm xəstəliyinə tutulub. Bununla da idman karyerasına son qoyub. Ancaq həyatının sonuna qədər futbola azarkeşliyindən əl çəkməyib. Fransa milli komandasının oyununa tamaşa etmək üçün hətta bir dəfə biletə 1000 frank ödəyib.

Vladimir Nabokov. Tennis, boks, futbol və şahmat. Nabokovu birmənalı şəkildə ötən əsrin idmançı yazıçısı adlandırmaq olar. Heminquey kimi onun da burnu rinqdə əzilib, Kamü kimi komanda qapısını da qoruyub. Bütün bunlarla yanaşı, yalnız iki idman növü ilə ciddi şəkildə məşğul olub: tennis və şahmatla. Hətta tennis dərsinə görə çörəkpulu da qazanıb. Almaniyada ikən İdman Nazirliyinə müraciət edib. Ona ürəyi istəyən qədər tennis müəllimliyi ilə məşğul olmaq qadağan edilməyib. Şahmat oynamağına gəlincə, o illərin məşhur qrossmeysterləri Nabokovu güclü rəqib hesab ediblər. Elə "Lujinin müdafiəsi" kitabının inandrıcı çıxması da, müəllifin ciddi şahmat oynaması ilə bağlı olub.

Cek Keruak. Amerika futbolu ilə məşğuliyyətinə peşman olmayıb. O, istedadlı futbolçu imiş: qıvraq, güclü, cəsarətli. Yerli məktəb komandasının ulduzu kimi ad çıxarıb. Meydandakı uğurundan sonra ona idman təqaüdü kəsilib və Kolumbiya Universitetinə qəbulda belə üstünlük rol oynayıb. Bir dəfə amerikan futbolu oynayarkən ayağı sınıb, məşqçisi ilə mübahisə edib, nəticədə təqaüdü kəsilib. Müvəqqəti depressiyaya düşən Cek Kruak əvvəlcə ticarətlə məşğul olub, sonra ABŞ-ın hərbi-dəniz donanmasına gedib. Vərəm xəstəliyi Kamünün idman karyerasına son qoyduğu kimi Keruakın şəxsi həyatındakı sarsıntı da sevdiyi futboldan ayırıb.

Virciniya Vulf. Kriketlə məşğul olub. Ümumiyyətlə, mərhum yazıçının xarici görünüşünə baxdıqda, düşünmək olar ki, dərdin əlindən yalnız evin küncündə oturub qalır. Lakin kriketlə məşğulluğunu çoxları bilməyib. O, qardaş və bacılarını da yaxşı mənada kriketə yoluxdurubmuş. İllər keçdikcə yaş özünü göstərib. Daha kriketə qayıtmayıb.

Tolstoy və Murakami. Dünya şöhrətli yazıçılar konkret idman növü ilə məşğul olmayıblar. Lev Nikolayeviç hər gün evdən çıxaraq neçə kilometr piyada gəzərmiş. Bəzən səhər erkən yola düzələn yaşlı yazıçıdan nigaran qalıb xeyli axtararmışlar. O, isə qaranlıq düşəndə yenidən imarətinə qayıdarmış. Belə fiziki əzab həm sağlamlığına, həm də əsərlərinə müsbət təsir göstərib. Murakami isə yalnız xarici görünüşünə görə qoca görünür. Əslində isə çox sağlamdır, hələ zarafatla çox yaşayacağını deyir. Hər yeni gün təbiətdən enerji toplayır, sağlam qalır.