Postmodernist ədəbiyyatın parlaq ulduzu - Con Apdayk - “Valter Briqqs” hekayəsi

Amerika ədəbiyyatında “Post-War and Post-Modern literature” (müharibədən sonrakı - II Dünya müharibəsi nəzərdə tutulur - və postmodern ədəbiyyat) adlanan bir ədəbiyyat var. Onun əsas yaradıcıları Jerom Selincer, Cek Keravek, Con Apdayk, Con Bart və Ken Kizidir. Bu yazıçıların hər birinin yaradıcılığı olduqca maraqlı və diqqətəlayiqdir. Lakin bir məqalədə onların nəinki hamısından, hətta birindən də ətraflı danışmaq mümkün deyil. Odur ki, biz də Con Apdayk barədə qısa məlumat verməklə bərabər, oxuculara onun “Valter Briqqs” hekayəsini təqdim edəcəyik. Lakin belə yerdə deyilir: “Sən saydığını say, gör fələk nə sayır.” - Həqiqətən, postmodernizmdən, özü də amerika postmodern ədəbiyyatından söz açıb Con Bartdan yan keçmək, onun adını çəkməmək mümkün deyil.

Postmodern ədəbiyyatın tipik nümayəndəsi hesab olunan yazıçı Con Bart yeni ədəbiyyatın yaradıcılarından biri olmaqla  bərabər, eyni zamanda həm də postmodernizmin nəzəri  əsaslarını işləyib hazırlayırdı. İndiki zamanda  postmodernizmdən yazan mütəxəssislərin yekdil fikri  belədir ki, XX əsrin 60 - 70-ci illərində postmodernizm barədə deyilməsi mümkün olan nə varsa, hamısı deyilib və faktiki olaraq nəsə yeni bir söz demək artıq mümkün deyil. Bu mənada onlar əsasən Con Barta, ilk öncə də onun 1967-ci ildə yazdığı “Halsızlıq ədəbiyyatı” adlı məqaləyə istinad edirlər. Həmin məqalədə C. Bart yazır: “Mənim bildiyimə görə, əsl postmodernist yazıçı öz atalarını - XX əsr yazıçılarını təqlid etmir, öz babalarını - XIX əsr yazıçılarını da inkar etmir. Əsrin birinci yarısını o, belində yox, qarnında gəzdirir, çünki macal tapıb həzm eləyə bilməyib. O, bəlkə də, masskulturaya aludə olmuş kəmsavadlar barədə danışıb Ceyms Miçenerin və İrvinq Uollesin pərəstişkarlarını ayıltmaq istəmir... İdeal postmodernist roman realizmlə irrealizmin, forma ilə məzmunun, təmiz sənətlə dəvət olunmuş sənətin, elitar proza ilə geniş kütlə üçün yazılmış nəsr arasında gedən çəkişmənin məhsulu olmalıdır.”

Həmin vaxt ədəbiyyat aləmində baş verənləri Amerika mətbuatı diqqətlə izləyirdi; qəzetlər yazırdılar ki, müasir dövrdə Amerika yazıçıları arasında ən istedadlı yazar, şübhəsiz ki, Con Apdaykdır.

Con Apdayk 1932-ci ildə Pensilvaniya ştatının kiçik bir şəhəri olan Şillinqtonda anadan olub. Harvard və Oksford universitetlərində təhsil alıb.

Yaradıcılığa şeir, hekayə və tənqidi məqalələrlə başlayan Apdayk 1957-ci ildə işlədiyi jurnalı tərk edərək ancaq yazıçılıq fəaliyyətiylə məşğul olur.

1963-cü ildə məşhur “Kentavr” romanını yazır. Roman yazıçıya şöhrət gətirdi. Tənqidçilər Apdaykın yaradıcılığını diqqətlə izləyir, onu Amerika ədəbiyyatı səmasında parlayan ən parlaq ulduz, Amerika söz sənətinin ümid yeri adlandırırdılar.

Con Bart da Apdaykın yaradıcılığını yüksək qiymətləndirir, onu postmodernist yazarlardan biri və birincisi hesab edirdi.

Con Apdaykın müxtəlif illərdə yazdığı “Dovşan, qaç”,  “Kentavr”, “Dovşanın sağalması”, “Dovşan varlandı”, “Rocerin versiyası”  və s. romanlar yazıçıya dünya şöhrəti gətirmişdir; o,  ABŞ-ın və Fransanın ədəbiyyat üzrə ən yüksək mükafatlarına  layiq görülmüşdür.

 

Valter Briqqs - Hekayə

 

Bostondan qayıdanda Cek balaca uşaq arabasında uyuyan körpə oğlunu öz yanında - qabaq oturacaqda yerləşdirmişdi.

Klara isə arxa oturacaqda oturub onların iki yaşlı qızı Cozefinaya mahnı oxuyurdu.

- Piroqun üstü açılan kimi quşlar neylədi?

- Kral,- uşaq dedi.

- Necə bilirsən, bəyəm bu ləzzətli yemək...

- Kral!

- Yaxşı, sən deyən olsun.

 - Quşların cikkildəməsini oxu.

 - Quşların cikkildəməsini oxuyum? Mən quş kimi cikkildəyə bilmirəm. Quş kimi sən cikkildəyirsən. Bunu necə eləmək olar?

- Necə eləmək olar?

- Mən səndən soruşuram. Quş kimi cikkildəməyi sənə kim öyrədib? Bəlkə, Miss Dyuni öyrədib?

Cozefina anasının zarafatına güldü; “Miss Dyuni” əvvəllər onun öz ağzından çıxmış sehrli söz kimi bir ifadəydi və indi o soruşdu: “Miss Dyuni kimdi?”

- Mən bilmirəm Miss Dyuni kimdi. Miss Dyunini ancaq sən tanıyırsan. Quş cikkiltisini sənə nə vaxt öyrədib o?

- Quş cikkiltisi; cik, cik, cik,- balaca qız oxudu.

- Nə qəşəng mahnıdı! Kaş ki, Miss Dyuni məni də öyrədəydi.  

- Qaratoyuq mahnısının ikinci bəndidi,- Cek dedi,- Qaratoyuq yerə enib dimdiyini qaldırır.

- Mən heç vaxt o mahnını bu uşağa öyrətməmişəm,- Klara and-aman elədi.

- Amma sən o mahnını bilirsən. Bu sənin genindədi.

On dəqiqədən sonra qız yatdı,- səfər əlli dəqiqə davam etdi.

Yatmış uşağı dizinin üstündə rahlayandan sonra Klara qayğıkeş ana rolundan çıxıb öz ərinin arvadına çevrildi: çənəsini qabaq oturacağın arxasına - Cekin çiyinlərinə lap yaxın qoydu və nəfəsini sağ tərəfdən onun boynuna verdi.

- Qonaqlıqda ən çox kim xoşuna gəldi? - Cek soruşdu.

- Düzü, bilmirəm. Çətin sualdı. Amma, hər halda, Lanqmoru deyərdim; çünki o, Şerman Adams barədə mənim fikrimi anlayırdı.

- Sənin fikrini hamı anlayırdı; hamı bilirdi ki, bu, bir səhv olub.

 - Yox, elə deyil.

- Səncə, kim yaxşıdı,- Cek soruşdu,- Lanqmor, yoxsa Foksi?

Kim yaxşıdı?  - Bu, bir oyun idi, onlar birlikdə vaxt keçirəndə oynayırdılar onu. Çox sadə bir oyunda iştirak etmək, yarışmaq Ceki hərəkətə gətirib ayıltmaq üçün lazım idi.

  - Məncə, Lanqmor,- Klara bir qədər fikirləşdikdən sonra dedi.

- Yazıq Foksinin kürəyinə bıçaq saplayır... Amma səni çox sevir.

- Yaxşı adamdı. Mənim özümdən zəhləm gedir. Eh, kim yaxşıdı: Foksi, yoxsa gözləri kömək uman, kəsikçənə oğlan?

- Gözləri kömək uman oğlan,- Cek tələsik cavab verdi.- O dəhşətdi. Adı nədi onun?

- Krauli? Kra... Krakers?

- Nəsə elə bir adı var. Qrem Krakers. Onun bənd olduğu yekəqulaq qızın adı nə idi?

- İki dünya bir olsa da, fərqi yoxdu, qız hökmən qaraçı üzüklərinə oxşayan iri üzüklərini taxırdı, eləmi?

- Öz qulaqlarına görə utanmır. Əksinə, qürrələnir. Hesab edir ki, çox gözəl qulaqları var. Onların hansısa biriydi - sevimli qız  idi. Təsəvvür et ki, nə müddətdi mən onu görə bilmirəm.

- Onun adında “o” hərfi var idi.

- Orlando. Oh-oh, Orlando, sabun köpüyündən kraliça.

- Özünə görə deyil.

Faraların işığı avtomagistralda ağ piramida əmələ gətirmişdi, motorun səsi rəvan deyildi, hərdən də maşının içinə benzin iyi dolurdu. “Yanacaq nasosudu “, - Cek öz-özünə dedi. Dərhal da tezalışan, partlayıcı maye axınının qızmış metalın üstünə necə töküldüyünü təsəvvürünə gətirdi. Atasının köhnə Buikində də yanacaq nasosunun içi həmişə çirklə dolurdu, ona görə də maşın benzinə bulanır və çox vaxt qarajda yatıb qalırdı.

“Deyəsən, bu maşın tezliklə bizi xərcə salacaq”, - Cek dedi, lakin cavab almadı. Çünki arvadı  maşını satmaq, yaxud dəyişmək barədə danışmağı yersiz sayırdı; dörd il əvvəl alınsa da, ona yaxşıca əl gəzdirib əyər-əskiyini düzəltmək isə hələ ki, mümkün olmurdu. 

- İyirmi üç min mil yol gedib, bizi gəzdirib, - Cek sürətölçənə baxıb dedi. Sonra əlavə etdi: - Quş cikkiltisi: cik, cik, cik.

Klara qəflətən güldü, - o, öz aləmindəydi, nə barədəsə fikirləşirdi və birdən nəsə ona gülməli gəldi.

- Arrou adasındakı kök kişinin adı nə idi? Yadındadı, bütün yayı hər gecə bric oynayırdı, həmişə nimdaş paltarda gəzər, başına da əzik balıqçı şlyapası qoyardı?

Klaranın o kişini yada salması Ceki də güldürdü. Beş il əvvəl, ilk evlilik dövrünün üç ayını Nyu Hempşir gölündəki adada - ailə çadırında yaşamışdılar. Cek qeydiyyat məsələlərinə baxır, Klara isə təchizat işləriylə məşğul olurdu.

- Valter,- Cek əminliklə dedi.- Sonra birhecalı söz gəlirdi. 

Yadımdadı, həmişə də kişi çadırlarının cərgəsi tərəfdə balıq tuturdu. Biz gələndə görürdük ki, artıq o ordadı. Biz gedəndən sonra da getmirdi - ləngiyir, dalğaqıranı yığışdırmaqda adamlara kömək edirdi.

Cek danışır, danışdıqca da o kişi gəlib gözünün qarşısında  dayanırdı: hiyləgər pişik təbəssümü, başın arxa tərəfindən yuxarı qalxmış saçları, hempşirlilərə xas olan qarnı, gödəkqol, zolaqlı köynəyi, sanki matəm mərasimləri üçün nəzərdə tutulmuş qaytanlı, qara ayaqqabıları...

-Yaxşı, sən mənə de görüm missis Younqun adı nədir? - Klara dedi.

Siqareti siqaretin oduna yandıran Younqun görkəmində nəsə bir özünəinamsızlıq var idi, o da düşərgədə yaşayırdı; onun arvadı sərvaxt-mavi gözlü, kvadrat sifətli, yoğun və qısa boyunlu, bütün yaxşı kişilərin arvadları kimi, kifayət qədər acıdil bir qadın idi. Bir dəfə o, uşaqlarının ekskursiyasıyla əlaqədar olaraq materikdən zəng vurmuşdu və həddən artıq yorğun olan Cek bu xəbəri nahar yeməyilə məşğul olan xidmətçi oğlana çatdırmağı unutmuşdu. Gözüyaşlı uşaqlarıyla birlikdə materikdə gözləyən qadın bir saatdan sonra yenidən zəng vuranda isə çox pis işləyən telefonla (sualtı kabel sıradan çıxmışdı) danışan Cek səsi yaxşı eşidilsin deyə, bərkdən qışqırıb “Ah, nə dəhşətdi!” demişdi. Bu hadisədən sonra o qadın Cekə ad qoymuşdu: Ah, Nə Dəyşətdi.* Hər dəfə ofisə gələndə “Bizim köhnə dostumuz Ah, Nə Dəyşətdinin kefi necədi?” deyib zəhləsini tökürdü. Cek dinmir, rəng verib, rəng alırdı.

- Corcina,- Cek dedi.

- Düzdür,- Klara dedi.- Onların iki qızı vardı.

- Birinin adı Maffiydi, çox da sözəbaxan qız idi. O birinin adı...

- Bilirəm.

- Bir dəqiqə. Maffiylə həmqafiyə adı var idi. Maffi və Toffi.

- O qızın qabaq dişi düşmüşdü.

- Çox yaxşı. Gəl indi o kök kişi barədə fikirləşək. Onun familiyası “b” hərfiylə başlayırdı. Beins, Bodds, Bayron.

Onların hamısı bir yerdəydi, birini yadına salan kimi o birilər də gəlib onun yanında dayanırdılar. Valter Bah... Bah, - bu ki, səfehlikdir. Elə deyil?

- Bayron daha inandırıcı səslənir. Yadındadı, taxta dairələrlə oynamaqda necə mahir idi? Özü də hər axşam yarış keçirirdi.

- Axşamlar zalda kart oynayırdı. İndi də gözümün qabağındadı: zaldakı qəhvəyi rəngli, yığılıb-açılan, polad kresloda oturub.

- İlin qalan vaxtlarını Floridada yaşayırdı. Elədirmi? - Klara soruşdu, həm də gülməyi tutdu ki, işə bax: kimsə az qala bütün il boyu vaxt keçirməyə yer axtarır, başqa birisi də baş sındırıb yada salmaq istəyir ki, o tənbəl, özündənrazı adam kim idi, bəlkə, adı Valterdi, familiyası da, Allah bilir, nədi?

 - Özü də həmişə santexnika və çilingər ləvazimatı satırdı,- Cek təntənəylə dedi.- O adam işləmirdi, təqaüdə çıxmışdı.- Amma bu küçə də o birilər kimi, səhv istiqamət idi və kök kişinin adı gizlənən yerə apara biləcəyi şübhəliydi.- Mən onların sənətini, hansı işlə məşğul olduqlarını yada sala bilərəm, adlarını bacarmaram, - Cek belə dedi, eyni zamanda həm də həyəcanlandı ki, bu oyunda arvadı onu xeyli üstələyir.- Mən onların hamısını yada salmalıyam,- Cek davam elədi: - Hamısının adını lənətə gəlmiş karta yazmışam.

- Düzdü, sən yazmalıydın. Yadındadı, orda bir qız da var idi, sonra adanı tərk etməli oldu, çünki adamlara daş atmağa başlamışdı.

- Ay Allah, düzdü. Çox qəşəng bir qız idi, amma ağlı çaşmışdı. Heç vaxt da dinib-danışmırdı.

- Həmişə ağacın altında dayanıb fikrə gedirdi.

- Younq o qıza görə necə həyəcanlanırdı! Başqa bir əlamətdar hadisə: o kim idi həmişə qatarla geri qayıdıb deyirdi ki, onun Sprinqfilddəki qardaşı ödəyəcək hesabı, hətta xüsusi fond da yaradılıb və bütün bu işlər məxsusi olaraq onun üçündür...

- Şahmat oynamağı çox sevirdi. Oyunçular. Mənə elə gəlirdi ki, sən onlara şahmat öyrədirsən.

- Taxta üzərində nə göstərirdim fərqi yox idi, o kişi həmişə “Nə gözəldi, necə dəqiqdi”, ya da “Siz çox çeviksiniz, çox da güclü adamsınız” - deyirdi.

- Hər dəfə sən nəsə deyəndə ona elə gəlirdi ki, qeyri-adi söz  deyilibdi və dərhal şaqqanaq çəkib isterik bir gülüşlə bərkdən gülürdü. Bizi çox sevirdi, çünki biz özümüz ona hörmətlə yanaşırdıq.

- Robert...

 - Roy, əzizim. Necə olub ki, Royu unutmusan? Orda hələ bir Peq Qreys də var idi.

 - Hə, Peq Qreys. Çox iri gözləri var idi onun.

 - Amma napnazik, uzun burnu var idi, burun pərələri də balıq üzgəcinə oxşayırdı,- Klara dedi. - Bəs de görüm, o qızın dostu, xəstəsifət oğlanın adı nə idi?

- Saçları mum rənginə çalan sarışın oğlan. İlahi. Heç cür inana bilmirəm ki, onun adı yadıma düşəcək. Düşərgədə vur-tut bir həftə qaldı.

- Göldə çimib qayıdanda olduğu kimi yadımda qalıb: uzun ağ bədəni var idi, çimərlik paltarını da balaca, qara çamadana yığırdı; çox cazibədar görünürdü. O-oh.

- Ağ idi, amma pis adam deyildi. Keçmiş zamanda,- Cek dedi.- Mətbəxdə işləyən qıvrımsaç oğlandan başqa, mən onların hamısını sevirdim; qıvrımsaç alman ağıllıydı, epilepsiyaya meyilli yanaqları var idi.

- O oğlan həmişə mənə baxırdı deyə, sənin ondan xoşun gəlmirdi.

- Sənə baxırdı? Hə, düzdü, baxırdı. Amma buna baxmayaraq, mənim incikliyimə səbəb oydu ki, bir dəfə oyun vaxtı məni bərk vurdu. Perulu oğlan da onu vurdu, yaxşı da vurdu.

 - Eskabor.

- Mən onun adını bilirdim. Həmişə də çalışırdı basketbolu başla oynasın.

- Barbara adlı birisi də var idi; ərindən boşanmış, şən bir qadın idi.

- Valter Barbara. Valter, Ba, Be, Bi, Bo, Bu. Yayın axırına yaxın onun ayağında çox böyük hesab var idi.

Klara kök kişini gözləmirdi artıq, baş tərəfdə rəqs edirdi o, uzaq keçmişin toz basmış təcrübəsini əlvan, geniş meydana səsləyirdi: italyan ailəsini içib boşaltdığı pivə şüşələriylə birlikdə dəvət edirdi, ətrafda gəzib-dolaşan və çılpaq ayaqlarının dərisini gündoğan tərəfdəki cığırın çatlarına sürtüb yaralayan hündürboy, lal-kar kişini, avqust ayının ölümcül yağışları başlayanacan risk eləyib yanan tonqalı, adada yaşayan, lakin heç kimin görmədiyi maralı çağırırdı. Maral o yerlərə qarlı qış günü gəldi, yazın ilıq havası ona tələ qurdu. -  Ceki həyəcanlandıran bu idi, Klaranın canlı xatirələr ehtiyatıydı: axşamçağının alatoranında anasının “Beril, Beril” deyib çağırmağı, qarqantua dondurmalarının konusu, Murrey ekipajında özlərinə xidmət edən oğlanlar... Amma Klara öz zəngin xəzinəsində elə sürətlə hərəkət edirdi, onları elə ləyaqətlə təqdim edirdi, təklif olunan hər yeni sifət və hər səhnə Ceki gülməyə məcbur edirdi, çünki hamısı xatirəydi və onları bir yerə toplayan gənc ər-arvad idi, digər tərəfdən o, həm də xoşbəxt idi ki, maşınla yol gedəndə vaxt keçirmək üçün belə bir oyun kəşf etmişdilər və mövcud şəraitdə başqa bir oyun mümkün deyildi.

Maşın artıq doğma yerlərin tanış yoluyla gedirdi. Cek qəsdən ətrafı dolanır, çalışırdı ki, səfərin vaxtı bir az da uzansın. Evə çatan kimi uşaqları götürüb birbaşa yatağa apardılar,- kağız kukla kimi zərif, körpə oğlanı Klara götürdü, artıq böyüyüb ağırlaşmış, qırmızıyanaq qızı Cek qucağına aldı. Atası aşağı əyilib qızı çarpayıya uzadanda uşaq qaranlıq otaqda gözünü açdı.

- Evimizdəyik,- atası dedi.

- Bəs palçıq? - qız dedi.

Onların evinin yaxınlığından keçən yeni yolun çəkilişi üçün torpağı buldozerlə qazmışdılar, qız o tərəfdə gəzməyə aparılanda torpaq qalaqlarına baxmağı xoşlayırdı və indi də onu soruşurdu.

- Palçıq sabah olacaq,- Cek dedi və Cozefina atasnın təklifiylə razılaşdı.

Ərlə arvad aşağı mərtəbədəki soyuducudan pivə götürüb əyalət televiziyasıyla gecə yarısı verilən xəbərlərə baxırdılar, Xruşşovla Nasirdən yuxarıda arxiyepiskop Kaşinq və qubernator Farkolo tutqun şəkildə görünürdü. Sonra onlar tələsik yatmağa getdilər ki, uşaqlar rahat yata bilsinlər. Uzun sürən qonaqlıqdan sonra Klara dərhal yuxuya getdi.

Cekə elə gəlirdi ki, təəssürat qənaətbəxş olmayıb. Bundan əvvəlki səfər daha canlıydı və Klaranın çox xoşuna gəlmişdi. Arvadının xatırladığı bəzi şeylər, ələlxüsus da alman oğlanın Klaraya baxmağı onu qıcıqlandırırdı. Bu cür fikirlər tədricən ona gətirdi ki, Cek  o vaxt Klaranın necə olduğunu xatırladı: qısa, yaşıl şalvar geyinib, günəşdən yanaraq qəhvəyi rəngə çalan ayaqları gözünün qabağına gəldi, səhərlər kottecdən çıxıb səhər yeməyinə getdikləri vaxt olduğu kimi, Cekin əlindən tutmuşdu və onlar cip təkərlərinin açdığı tozlu, qoşa cığır boyunca gedirdilər. Lal-kar kişi kimi, Klara da çox vaxt ayaqyalın gəzirdi və indi də o, iki cığırın arasındakı alaq otlarının üstüylə gedirdi; Cekdə yaratdığı təəssüratın müqabilində onun boyu və əli çox balaca görünürdü. Səhər yeməyinə səsləyən zəng uzaqda səslənsə də, Klara həmişə onu eşidirdi. Onların kotteci mərkəzdən o qədər aralıydı ki, onun tənha işığı zəif şam işığı kimi işarırdı. Hər axşam (cümə axşamından başqa - o gün Cek futbol oynayırdı) iş ilə şam yeməyi arasndakı yarım saat ərzində Klara içəridə yır-yığış eləyir, o isə həyətdəki taxta stulda oturub azalmaqda olan günəş şüalarının işığında “Don Kixot”u oxuyurdu. Yay ərzində oxuduğu da ancaq bu kitab oldu və sentyabrda o yerə çatdı ki, Sanço öz ağasına yalvarıb ölüm yatağından qaldırır, onlar yeni axtarışa başlayırlar və yəqin ki, tezliklə hansısa divarın dalında cır-cındır geyimdə olsa da, əsl kraliça kimi gözəl görünən Dulseniya xanımı axtarıb tapırlar.

Onların qaldığı kottecin pəncərəsi yox idi,- pəncərəni cırıq tor əvəz edirdi. Dörd bir yanda isə şam ağacları kükrəyib elə yüksəyə qalxmışdılar, sanki, onlar uzun illər boyu daha hündürə qalxmaq üçün biri-birilə yarışmışdılar. Girəcəyə çatmamış Cek ayaq saxladı, qapının ağzı tərəfdən tökülüb yeri zibilləmiş çör-çöpün və söyüd çubuqlarının arasında nə axtardığını, axır ki, anladı; dirsəklənib qalxdı və arvadını səslədi:

- Klara,- Cekin səsi zəif idi, bilirdi ki, arvadı onsuz da oyanmayacaq, amma yenə dedi: - Briqqs, Valter Briqqs. 

 

Amerika postmodernizmi barədə yazını hazırladı və Con Apdaykın “Valter Briqqs” hekayəsini ingilis dilindən tərcümə etdi:

Ramiz ABBASLI 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!