Frans Kafka - Gündəliklərdən - Zakir Abbasın tərcüməsində

Özü-özünü təhlil edən təcrübəli analizdən zəhləm gedir. Mən dünən beləydim, eləydim, nə bilim necəydim. Ona görə ki... Bu gün isə beləyəm, eləyəm, ona görə ki... Bütün bunlar yalandır, istərsə beləsi ol, istərsə də eləsi. Gərəkdir ki, özünü sakit, təmkinlə çək-çevir edəsən, nəticə çıxarmaqda tələsməyəsən. Lazım olduğu kimi yaşa, it öz quyruğu ətrafında fırlandığı kimi yaşama...

 

...Ədəbiyyatın xidmət sahəsi çox genişdir: zəkaların oyanması, çox vaxt real həyatda fəaliyyətsiz və daim enməkdə olan milli şüurun, özü də daxil olmaqla düşmən əhatəsində olan millətin tarix boyu əxz etdiyi qürur və dözümün qorunub saxlanması kimi yüksək amallar uğrunda usanmadan, yorulmadan mübarizə səngərində dayanan əsgərdir  ədəbiyyat. Tarixən xalqın gündəliyini bədii boyalarla, hadisələrə mənbələrdə olduğundan daha ayıq, obyektiv və fərqli yanaşaraq həqiqəti yazıb göstərən salnaməçidir ədəbiyyat. Nəticədə, daha sürətli, eyni zamanda  hərtərəfli inkişaf naminə tənqidi qiymətləndirən, bütün maneələrə rəğmən ictimai həyata hərtərəfli nüfuz edən, millətdə ruh yüksəkliyi yaradan müdrik başçıdır ədəbiyyat. Səhlənkarlıq, tənbəllik və biganəlik ucbatından yarana biləcək qəfil xətalardan insanları agah edən, onu yaxasından tutub silkələyən, bəşəriyyətə düzgün yol göstərən xeyirxah mələkdir  ədəbiyyat. Bütöv bir xalqın bəla ilə üz-üzə dayandığı bir anda xeyir verə biləcək narazı qüvvələrin ümumi işə cəlb olunmasını, millətin diqqətini öz şəxsi problemlərindən daha yüksəkdə dayanan ümummilli məsələyə yönəldə bilən mahir siyasətçidir ədəbiyyat.

 Odur ki, ədəbi fəaliyyətlə məşğul olanlara, bəşəriyyətin dərdini öz içində daşıya bilən yazıçılara hörmət hissi bir an da olsa səngiməməlidir. Müasir yazıçı da yetişməkdə olan gənc nəslə insanlara sevgi hissini aşılamalı, onlarda öz bəhrəsini verən yüksək bəşəri hisslərin yaranmasına çalışmalıdır. Ədəbi fəaliyyətlə məşğul olan kəs öz yaradıcılığı ilə dövrün problemli, ən maraqlı ictimai-siyasi proseslərinə müdaxilə etməyi bacarmalı, neqativ təzahürlərin aradan götürülməsinə xidmətini əsirgəməməlidir. Bitməyən mövzu olan atalar və oğullar arasındakı əksliklərin müzakirəsi üçün imkan yaratmalı, onlara mərhəmət və bağışlamaq hissini aşılamalıdır. Milli çatışmazlığın aradan qaldırılmasında öncül mövqedə dayanmalıdır. Bu məqsədlə kitab ticarətinin canlanması, kitaba olan ehtiyacın artması, onun əhəmiyyətini anladan ədəbiyyat yaratmağa nail olmalıyıq. Hətta görkəmli, istedadlı yazarların, eləcə də geniş imkanların olmadığı təqdirdə belə, ədəbiyyat bu müqəddəs missiyanın öhdəsindən gəlməyi bacarmalıdır. Bu halda ədəbiyyatın fəaliyyəti hətta istedadlarla zəngin olan ədəbi mühitdən daha böyük əhəmiyyət kəsb edir. Çünki burada elə bir yazıçı yoxdur ki, onun istedadı əksər skeptikləri susmağa vadar etsin. Odur ki, burada ədəbi mübarizə özünü tam mənada doğrultmuş olur. Böyük istedadları olmayan ədəbi mühitə biganələrin daxil ola biləcəyi çıxıntı yoxdur. Əhəmiyyətinə görə belə ədəbiyyat daha çox diqqət çəkir və özünü doğruldur. Oxşar ədəbi mühitdə ayrı-ayrılıqda hər bir yazıçının sərbəstliyi daha yaxşı təmin olunur. Əlbəttə, bu məsələdə milli hüdudların gözlənilməsi əsas şərtdir. Belə şəraitdə ədəbiyyat sahəsində milli avtoritetlərin olmaması ədəbi yaradıcılıq qabiliyyəti zəif olanların ədəbiyyatda qalmasını təmin edir.  Lakin bu o demək deyil ki, zəif qabiliyyətli yazar xarakterik xüsusiyyətdən məhrum olan, amma hökmranlıq edən yazıçıların,  yaxud başqa millətlərin yazıçılarının təsiri altına düşməlidir. Əksinə, onlar ədəbiyyatda öz yerlərini tapmağa çalışmalıdır. Yad ədəbiyyatı yamsılamaqla milli ədəbiyyatı inkişaf etdirdiklərini güman edənlər yanlış fikirdədirlər. Bunu zəngin və böyük yazıçıları olan alman ədəbiyyatının timsalında görmək olar. Burada öz milli nümunələrini yamsılayan bacarıqsız yazıçılar da çoxdur. Ədəbiyyatın yaradıcı və xilaskar gücü özünü yuxarıda adı çəkilən istiqamətlərdə daha səmərəli şəkildə büruzə verir. Lakin onun ayrı-ayrı nümayəndələri vəfat etmiş yazıçıların tarixi ədəbi reyestrini tərtib etməklə məşğul olduqlarından ədəbiyyata şərəf gətirmirlər. Bəzən oxşarlıq və təkrarçılıq o dərəcəyə çatır ki, zəif yazıçının əsərini istedadlı yazıçıların yaradıcılığı ilə səhv salınır. Sonuncu haqda danışıb, birincini nəzərdə tutursan, və yaxud əksinə, birincini oxuyub sonuncunu görürsən. Belə halda təsir göz qabağında olduğundan, yenilik görünmür. Ədəbiyyat tarixi öz fəaliyyəti tarixində dəyişilməz olaraq  dəbin az ziyan verə biləcək inam buketini təqdim edir.

Kiçik millətin yaddaşı böyük millətin yaddaşından daha böyükdür. Buna görə də o, əldə olan materialı daha yaxşı mənimsəyir. Doğrudur, sıraları az olsa da  ədəbiyyat tarixilə məşğul olanlar var, əslində ədəbiyyat tarixilə məşğul olmaq millətin işidir. O öz təmiz formasında olmasa da, inamla qorunur. Çünki kiçik millətin milli şüuru hər bir kəsdən bunu tələb edir. Onu qorumağa, daşıyıcısı olmağa, nəsildən-nəslə ötürməyə, hətta ən pis halda, ədəbiyyatın onun payına düşən hissəsini bilməyə  məcbur edir.

Köhnə yazılar çoxlu şərhlərə səbəb  olsa da, bunlar kifayət qədər səy tələb etsə də, təəssüf ki, bu sahədə iş ötəri, zəif materiallarla ötüşür. Əslində bu iş yüksək məsuliyyət və enerji tələb edir. Həmin yazıların mahiyyətini açmaq üçün ədəbiyyat xadimi böyük elmi əmək sərf etməklə məxəzlərə dərin hörmətlə yanaşmalıdır ki, naşılar ora asanlıqla daxil ola bilməsinlər.  İş vicdanla görülsə də, heç vaxt onu tərk etməyən qorxu hissilə qorunsa da, kiminsə “yüngül əlilə” çox uzaqlara yayılır. Nəticədə cəsarətsizlik nəinki gələcəyi görməyə, həm də hadisənin mahiyyətinə varmağa, dərinliklərinə baş vurmağa mane olur ki, sonda bütün  irəli sürülən mülahizələrə başdan-başa kölgə salır.

Birgə fəaliyyət göstərən insanlar olmadığından, birgə ədəbi fəaliyyət də yoxdur (Hər hansı hadisə dərinliyə doğru hərəkət etdiyindən, onu yüksəklikdən müşahidə etmək üçün gərək yuxarıya qalxıb onunla bərabər səviyyədə öz yerini müəyyənləşdirəsən). Əgər başqa bir məqamda hər hansı təzahür sakitcə dərk olunduqda, onunla eyni tərkibli hadisənin hüdudlarını müəyyənləşdirmək çətin olur. Amma siyasətə münasibətdə çox vaxt hüdud müəyyənləşir, hətta hadisə baş verməzdən qabaq onu görmək üçün cəhdlər göstərilir, mahiyyətinə varıb hüdudları hər yerdə axtarmağa çalışırlar. Məkanın darlığı baxımından, sonra da sadəliyə və bərabərliyə nəzər etdikdən sonra, nəhayət, bu qərara gəlinir ki, ədəbiyyatın daxili müstəqilliyi ilə siyasətlə olan xarici əlaqəsi təhlükəsizdir. Bütün deyilən mülahizələrin nəticəsində ölkədə ədəbiyyatın siyasi şüarlarla möhkəm əlaqəsi sayəsində onun geniş yayılması başlayır.

Ümumiyyətlə, böyük həcmli olmağa səlahiyyəti çatan, diqqəti cəlb edən və müzakirə obyektinə çevrilə bilən kiçik mətnli ədəbi işlərlə daha həvəslə məşğul olurlar ki, az heyranlıq yaransın, çünki onların mübahisəyə səbəb olan perspektivləri və dayaqları var. Bədii yozumlu təhqirlər ünvanına çatmadan, yenidən geri qayıdır. Ətrafda isə daha coşqun ehtiraslar qaynayır. O şeylər ki, böyük ədəbiyyatlarda binanın zirzəmisini xatırladan aşağılarda baş verir (zirzəmisiz keçinmək mümkün olduğu halda),  burada tam aydın, açıq şəkildə baş verir. Orada bir dəqiqəlik canlanma əmələ gətirən məsələ, burada ən azı, hamının olum və ya ölüm məsələsi kimi ortaya çıxarılır.

25 dekabr 1911

“Hökm” hekayəsini mən birnəfəsə, ayın iyirmi ikisindən iyirmi üçünə keçən gecə, axşam saat 10-da başlayıb, səhər saat 6-da yazıb qurtardım. Keyimiş ayaqlarımı  yazı stolumun altından zorla çıxara bildim. Hekayədəki hadisələrin gərdişindən yaranan dəhşətli gərginlik və sevinc hissi sel kimi məni alıb aparırdı. Bu gecə mən öz çəkimi dəfələrlə çiynimə alıb daşıdım. Demək olar ki, hamı üçün, ən qəribə fantaziya üçün yandırdığım tonqalda onlar ölüb-dirilirdilər. Səhərin alatoranlığı pəncərəmi döyürdü. Yelkənli yük qayığı üzüb getdi. İki kişi körpüdən keçdi. Saata baxdım. Əqrəblər ikini göstərirdi. Xidmətçi ilk dəfə eyvana çıxanda mən axırıncı cümləni yazırdım. Günəşin işığı lampanı söndürdü. Ürəyim yüngülcə atlandı. Gecə yarısı məndə yaranan yorğunluq ötüb keçdi. Tibb bacısı otaqda görünəndə tüklərim qabardı. Ucadan oxuyurdum. Buna qədər xidmətçinin qarşısına keçib dedim: “Mən bu vaxta qədər yazırdım”. Yatağım olduğu kimi qalmışdı, elə bil indicə gətirmişdilər. Romanımı yazmaq üçün mənim giriftar olduğum inam söz quraşdıran adam kimi məni uçuruma itələyirdi, yalnız bu cür yazmaq olar, yalnız bu vəziyyətdə yazmaq olar, yalnız öz ürəyini və cismini açmaqla yazmaq olar. Nahara qədər yatağa uzandım. Amma gözlərim açıq idi. Yazdığım zaman məndə yaranan hiss, çoxsaylı əzablar gözümün qarşısında idi.                                                         

23 sentyabr 1912

Özü-özünü təhlil edən təcrübəli analizdən zəhləm gedir. Mən dünən beləydim, eləydim, nə bilim necəydim. Ona görə ki... Bu gün isə beləyəm, eləyəm, ona görə ki... Bütün bunlar yalandır, istərsə beləsi ol, istərsə də eləsi. Gərəkdir ki, özünü sakit, təmkinlə çək-çevir edəsən, nəticə çıxarmaqda tələsməyəsən. Lazım olduğu kimi yaşa, it öz quyruğu ətrafında fırlandığı kimi yaşama.

9 dekabr 1913

 

Tərcümə edəni: Zakir Abbas

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!