Muhsin Kadıoğlu - Türklük anlayışı və türk olmaq

"Əziz və cəlil olan Allah buyurur ki, "mənim bir ordum vardır, adını Türk qoydum və onları Şərq ölkələrinə yerləşdirdim. Hər hansı bir qövmə qəzəbləndiyim zaman türkləri onların başına musallat edərəm". - Hz. Məhəmməd (S.A.V)

 

Mahmud Kaşgarlı,

"Divanu Luğat-it-turk"

Türk olmaq dünənlə öyünürkən bu gününü dəyərləndirmək, sabahlara hazırlanmaq deməkdir. Orxon yazılarında Göytürk; Kültigin abidəsində Bilgə Xaqan; Bilgə Xaqan abidəsində özünü tapmaq deməkdir. Türk olmaq tarixi ilə qürur duymaq deməkdir. Türk olmaq atasını tanımaq, Türkün və Türklüyün atasına hörmətdə qüsura yol verməmək deməkdir...

Türk olmaq Bozqurd səsi ilə Ergenekondan çıxmaq, Kürşadın nərəsiylə Tanrı Dağlarından enmək, Attilanın qılıncı ilə azğınları diz çökdürmək, Sultan Mehmedin daşıdığı fateh ruhuna sahib olmaq, Sultan Süleymanın qanunnamələrinin ruhunu qavramaq deməkdir...

Türk olmaq Alp Ər Tonqanın qisasını almaqdır. Türk olmaq qala divarlarında Ulubatlı Həsən, cəng meydanında Malkoçoğlu, fəthdə Sultan Mehmed deməkdir. Mete xandan, Teymurdan, Baburdan, Osman bəydən, İldırım Bəyaziddən, Fatehdən, Yavuzdan, Qanunidən, Atatürkdən xəbərdar olmaq, onlardan ilham almaq deməkdir...

Türk olmaq haqsızlığın qarşısında dəmir pəncə, məzlumun yanında şəfqət əli olmaq deməkdir. Türk olmaq döyüşdə mərdlik deməkdir. Türk olmaq bütün şərtlər altında qorxusuz savaşmaq, Alparslanın kəfənini daimi olaraq kürəyində daşımaq deməkdir...

Türk olmaq yaylaya aşiq olmaq, Tanrıya yaxın olmaqdır. Türk olmaq gah ozan, gah şaman olmaqdır. Süleymaniyyədə neçə min dalğalı "təkbir"lə tək bir səs olmaq, Səlimiyədə rəhmət qapılarını dua ilə açmaq, Kəbədə Haqq eşqiylə təvaf etməkdir. Türk olmaq Yavuz kimi peyğəmbərlərinin əmanətinə xeyirxah olmaq, Fateh kimi "digər"lərinin atalarının xəyal belə edə bilmədiklərinə sahib olmaqdır.

Türk olmaq dost olmaqdır, dostuna sadiq olmaqdır. Dostluqdan zövq almaqdır. Türk olmaq Pir Sultan Abdal kimi "bir dost tapa bilmədim, gün axşam oldu" deyənlərə səs olmaqdır.

Türk olmaq sevgi demək, şəfqət demək, yaxşılıq demək, gözəllik deməkdir. Türk olmaq "Yaradandan ötrü" yaradılanı sevmək deməkdir. Türk olmaq Nəsimi kimi hər gözəllikdə türkü görməkdir...

Türk olmaq kiçiklərinə sevgi, böyüklərinə sayğı göstərmək deməkdir. Türk olmaq alicənab olmaq deməkdir... Türk olmaq qazisinə, əngəllisinə, yaşlısına, qadınına, qızına yer vermək, "lütfən, öndən buyurun" deyə bilməkdir... Türk olmaq çöldə çılğınca at sürmək, yaşılına vurğun olmaq, tıxacda "sağ" zolaqlı olmaq deməkdir...

Türk olmaq könül qurmaqdır. İşi asan etməkdir. Tanış olmaqdır. Türk olmaq "Bir kəs könül yıxdın isə, bu qıldığın namaz deyil..." deyə bilməkdir. Sümmaninin "Bir könül qurmaq yüz min həcc olur" deyişinə könüldən inanmaqdır.

Türk olmaq qonşusu ackən tox yatmamaqdır. Türk olmaq "acları doyurmaq, çılpaqları geydirmək" deməkdir. Türk olmaq müsafirinə "baş üstündə yer" vermək, "Türkə salam ver, sən yeyəcəyini düşünmə" sözlərini söylədənləri, söyləyənləri yad etməkdir.

Türk olmaq şirin yeyib, şirin danışmaqdır. Türk olmaq yeməyə şükürlə başlamaq, yeməkdən şükürlə qalxmaqdır. Türk olmaq "artsın əskilməsin, daşsın tökülməsin. Tanrı Bayandır xan bərəkəti versin duasını etməkdir. Türk olmaq "az yeyən mələk olur. Çox yeyən həlak olur" deyə bilməkdir. Türk olmaq Yunus kimi "hər kim mənə düşməndirsə, Haqq Tanrı yar olsun ona" deyə bilməkdir.

Türk olmaq dəyər bilməkdir. Dəyər verməkdir. Türk olmaq Seyranın "Süleymandır quş dilini söyləyən. Hər Süleyman dil qədrini nə bilsin?.." sualına cavab verməkdir.

Türk olmaq sevmək, sevilməkdir. Türk olmaq xanımına duyulan sevgidə Mümtaz Banu Begüm, sərhəd tanımayan eşqdə Leyli və Məcnun olmaqdır. Türk olmaq qadınını baş tacı etməkdir. Qonşusunun, dostunun qadınını, qızını bacı kimi görməkdir.

Türk olmaq Baciyan-i Rum olub əri ilə, ailəsi ilə çiyin-çiyinə olmaqdır.

Türk olmaq üçlər, beşlər, yeddilər, qırxlar əlindən badə içərək "əlinə, belinə, dilinə" sahib olmaqdır. Türk olmaq Mevləvi ayinlərini, Bektaşi "deyim"lərini və "semah"larını bilməkdir. Türk olmaq ilahilərə "nəfəs" verməkdir. Duvaz "demək"dir.

Türk olmaq şeir, mani oxumaqdır. Təkərləmə bilməkdir. Türk olmaq semai, sarsağı söyləməkdir. Türk olmaq Qızıl Alma hədəfi verən laylalarla dastan yazacaq nəsillər böyütməkdir.

Türk olmaq şair ruhlu olmaq deməkdir. Türk olmaq qoşma bilmək, gözəlləmə yazmaq, qoçaqlama söyləməkdir. Türk olmaq Yunis Əmrə kimi, Pir Sultan Abdal kimi, Koroğlu kimi, Dadaoğlu kimi, Qaracaoğlan kimi, Ərzurumlu Əmrah kimi, Derdli kimi, Aşıq Veysəl kimi söz ustadı olmaqdır.

Türk olmaq Dadaloğlu kimi "Fərman padişahınsa, dağlar bizimdir... Ölən ölür, qalan sağlar bizimdir" deyə bilməkdir.

Türk olmaq Qaracaoğlan kimi həyatı anlamaq və -

"Neçə sultanları taxtdan endirdi.

Neçəsinin gül üzünü soldurdu.

Neçələrin gəlməz yola göndərdi.

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm"

- deyə bilməkdir.

Türk olmaq Koroğlu kimi düşmənin canına qorxu salmaqdır. "At kişnəməsindən, mizraq səsindən" dağlardan səda duya bilməkdir.

Türk olmaq Ercisli Əmrah kimi gözəlin haqqını vermək,

"Bu gün mən bir gözəl gördüm.

Sallandı bağçaya girdi.

Çiçəklər salama durdu.

Mor bənövşə boyun burdu.

Gül qızardı hicabından..."

- deyə bilməkdir.

Türk olmaq Dərdli kimi,

 

"Havalanma telli durnam.

Uçub getmə yelə qarşı.

Zülflərin tel-tel olmuş.

Töküb getmə yelə qarşı..."

- deyə bilməkdir.

Sevgisini qısqananlara

"Gözəl sevər deyə söylərlər,

Mənim Haqqdan özgə sevdiyim varmı?"

- dəyə hayqıra bilməkdir.

Türk olmaq Ərzurumlu Əmrah kimi

"Birin bilir, birin bilməz.

Bu dünya kimsəyə qalmaz..."

- deyə bilməkdir.

Türk olmaq türkcə çalmaq, türkcə söyləmək, türkcə dinləmək, türkcə yazmaqdır. Türk olmaq "Divanu Luğat-it-turk"də Mahmud Kaşgarlı olmaqdır. "Qutadqu-bilik"də Yusuf Xas Hacib, Əlişir Nəvai timsalında türk dilini zənginləşdirməkdir.

Türk olmaq Mahmud Kaşğarlıdan türkcəni, Hoca Əhməd Yəsəvidən inancı, Karamanoğlu Mehmet bəydən dili, Mövlanadan tolerantlığı, Yunusdan doğruluğu, Füzulidən təsəvvüfü, Mehmet Akifdən Çanaqqalanı və istiqlalı, Yahya Kəmaldan Süleymaniyyəni, Nəcib Fazildən Sakaryanı öyrənmək deməkdir.

Türk olmaq Əhməd-i Dai, Qazi Bürhanəddin, Şeyxi olmaqdır. Əhməd paşanı, Necatini, Mərcimək Əhmədi, Aşıqpaşazadəni, Sinan paşanı tanımaqdır. Türk olmaq Füzuli, Baki, Bağdadlı Ruhi, Nəbi, Nəfi, Nədim, Şeyx Qalib, Evliya Çələbi, Katib Çələbi, Veysi, Nərgizi olmaqdır.

Türk olmaq Namiq Kamal oxumaqdır. Ömər Seyfəddinin "Çəhrayı incili kaftan"ıyla Qızıl Almanı aramaqdır. Mehmet Akiflə "İstiqlal" marşını hayqırmaqdır. Türk olmaq Qaspıralının "dildə, fikirdə, işdə birliy"inə tərcüman olmaq, Əli bəy Hüseynzadə ilə "türkləşmək, islamlaşmaq, müasirləşmək", Atsıza ad vermək, Yazğana yazdırmaqdır.

Türk olmaq Molla Nəsrəddin olub gah güldürüb, gah düşündürməkdir. Nağıl olub doqquz divi yox etməkdir. Türk olmaq uşaq qarşısında gəlincik, xalq qarşısında məddah, mizahda, həcv və daşlamada Karagöz olmaqdır.

Türk olmaq yakutlara oyun, oğuzlara ozan olmaqdır. Qopuz çalmaqdır. Türk olmaq Qara dənizdə kamançaya, İstanbulda qanun və tambura, Azərbaycanda tara, Anadoluda bağlamya, Türküstanda qopuza səs verməkdir. Söhbətlərdə dəf çalmaq, küdüm vurmaqdır.

Türk olmaq hər Qurban bayramındakı "Segah"da, müqəddəs əmanətlərin ziyarətində Segah Sal-at-ı Ümmiyədə, Mayedə, Dilkeşhaveranda İtrini anlamaqdır. Taksim, peşrev və saz semaisindən keyf almaqdır.

Türk olmaq Hamamizadə İsmail Dədə Əfəndiylə

"Zülfündədir mənim baxt-ı siyahım,

"Könlümü vermişəm sənə almam geriyə..."

- deyərək ağlamaq; "nigah-ı məstinə canlar dayanmaz" deyərək Hacı Arif bəylə "dümtək" olmaqdır. Egedə Zeybək, Anadolu çöllərindəki uzun incə yollarda Veysəl olmaqdır. Telli durnaya salam söylətmək, Haydara ağlamaqdır. Qara dənizdə kamança olmaq, üzdəki yaşmağa türkü deməkdir.

Türk olmaq Qlüka, Motsarta, Bethovenə ilham verən mehtərlə cəngə girməkdir.

Türk olmaq örf, adət və ənənə bilməkdir. Hıdırellezdə Hızır olmaq, Novruz çiçəyi olub Türk elində açmaqdır. Türk olmaq toy-düyündə keşkək və pilov, doğum evində şərbət və şəkər, yas evində un halvası paylamaqdır. Türk olmaq əllərini buxur suyu ilə yumaqdır. Əllərində öd ağacı, mişk, sandalağacı və çiçək suyu qoxuları daşımaqdır. Türk olmaq gəlininə xına yaxmaq, könül sevgisiylə bəzənməkdir.

Türk olmaq Artvində Ardanuç, Maraşta kərpiç və tandir istifadə etməkdir. Türk olmaq xalı, kilim toxumaqdır. Çini bişirmək, qızıl, mis işləməkdir. Türk olmaq iynədə, toxuculuqda, naxışda, məkikdə hörmə hörməkdir.

Türk olmaq düşünmək, düşündürmək deməkdir... Türk olmaq "oxu, oxu, oxu..." əmrinə uyaraq oxumaq, oxutmaq, oxumağa təşviq etməkdir. Türk olmaq avtobusda, metroda, tramvayda, çimərlikdə oxuyan adam olmaq deməkdir. Adam başına oxunan kitab sayı, qəzet sayı ilə öyünmək deməkdir...

Türk olmaq dünyanın fırlandığını xatırladığında Biruni, hər səyahətdə Evliya Çələbi, hər havada Hazerfen Əhməd Çələbi, dəniz altında İbrahim əfəndi, hər vərəm xəstəsində Kambur Vesim, hər qeyri-səlis nəzəriyyədə Lagari Hasan Çələbi, kosmosa hər baxışında Uluğ bəy, Biruni olmaq, Əli Kuşçu, Əhməd İbn Kesir olmaq deməkdir. Türk olmaq hər səsdə Fərabi, hər meyildə Fərqani, hər xəstədə İbn Sina olmaq deməkdir.

Türk olmaq hər zəlzələdə Məsudi, hər körpüdə, hər hamamda, hər camidə Mimar Sinan olmaq deməkdir. Hər dənizdə Piri Rəis, hər dəniz qulduruna qarşı Barbaros, hər düşmənə qarşı Qılıc Əli olmaq deməkdir.

Türk olmaq hər camini Həbibi-Həccar görmək, Süleymaniyyədə bayram namazı qılmaq, Selimiyədə Sinanı, Tac Mahalda Şah Cahanı anmaq deməkdir. Türk olmaq hər çinidə İznik olmaq, hər minyatürdə Matrakçı Nasuhu, Baba Nəqqaşı, Nigarini, Nakşını, Şah Qulunu xatırlamaqdır.

Türk olmaq idmanı sevmək, idmançını sevməkdir. Türk olmaq kürəyi yerə dəyməyən idmançı olmaqdır. Türk olmaq ox atmaqdan yüksəkliyə tullanmağa qədər hər idman növünə maraq göstərməkdir.

Türk olmaq çalışdığı hər sahədə, sadəcə ölkəsinin deyil, dünyanın ən başarılı insanı olmaq üçün Bilgə Xaqanın izində "gecə uyumadan, gündüz oturmadan" çalışmaq deməkdir. Türk olmaq idarə etmək deməkdir... Türk olmaq türklüyünün fərqində olmaq, Tanrının türkə yüklədiyi missiyanı bilmək, o missiya üçün çalışmaq deməkdir.

Türk olmaq "Türkəm, müsəlmanam, siviləm" deyə bilməkdir. Türk olmaq "Türkəm, Türkçüyəm" deyə hayqıra bilməkdir.

Türk olmaq türk doğulmaqla öyünmək, türk olaraq doğulmayanlara şəfqət göstərməkdir. Türk olmaq "Türk olduğuma xoşbəxtəm" deməkdir. Türk demək türkcə danışmaq, türkcə söyləməkdir.

"Nə xoşbəxt ki, yaradılışımdakı ən böyük fövqəladəlik Türk olaraq dünyaya gəlmək" deyə bilməkdir.

Türk olmaq Bakıda Hüseynzadə Əli Turan, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topşubaşov, Məhəmməd Əmin Rəsulzadə olmaq deməkdir.

Türk olmaq Əlişir Nəvai kimi "mühakimə" etmək və şairi, alimi ilə türkcə yazmaq, türkcə oxumaq və türkcə düşünməkdir.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:   Bəsirə Əzizəli

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!