Mehman Qaraxanoğlu - Vətənin hər yerindən görünən adam...

 

Məhərrəm Qasımlı haqda yazmaq istəyirəm. Amma haradan başlayım, bilmirəm. Deyəsən, "başlanıb..." axı...

Təkadamlıq kameraya işıq yalnız bir yerdən düşür. O işıq səni həm də təcrid olunduğun dünyaya bağlayan yeganə ipdir. Amma unudursan ki, altşüurunda assosiasiya doğuran o ip də yalandır, Ariadna da, o labirint də! Sən məhz dünyaya  "bağlanmadığına" görə burdasan. "Mən burdayam, İlahi!". (V.Səmədoğlu)

Biz təkcə qaranlıqdan deyil, həm də işıqdan qorunuruq. "Qorxuruq" da oxumaq olar. Hər dəfə Məhərrəm Qasımlı ilə görüşəndə üstümə düşən işıqdan gözlərim qamaşır, "özünüqoruma" instinkti hərəkətə gəlir və... Və nə?! Bu mətn məhz "və"dən sonra gələn o üç nöqtəni doldurmaq üçün yazılır. Doldura bilərəmmi?! Bu, özün öz gorunu doldurmaq kimi bir şeydir. (Bildinizmi, klassik mətnlərin axtarışına niyə çıxırıq? Bilmək istəyirik - o mətn - o gor bizə qədər açılıb, ya yox?)

Məhərrəm müəllimlə dostluğumuzun tarixçəsi çox qədimdir - işığın tarixi qədərdir. Onunla ilk dəfə bölgə universitetində görüşdük, səhv eləmirəmsə, 2001-ci ildə. Qısa zaman sürəsində nadir bir tapıntıya - qızıl külçəsinə rast gəldiyimi anladım. Və o vaxtdan bugünə kimi fikrimdə qətiyəm. "Qızıl" da yaza bilərdim. Amma yox, o, qızıl külçəsidir. Qızılın dəyəri əyarı ilə ölçülür. Külçə isə əyarsızdır, bütövlükdə ona qiymət vermək müşkül bir məsələdir.

Aylı gecədə Xəzəri seyr etmizinizmi?! Ay, suların üstündən sonsuzluğacan işıqlı bir yol salır sanki! Hamar, asfalt bir yol! Əgər yanında uşaq olarsa, səni o yola dartacaq. Amma... Nə etmək olar, biz "böyümüşük!". Məhz belə məqamlarda Məhərrəm müəllimin "böyümədiyini" - uşaq olaraq qaldığını əminliklə deyə bilərəm. Məhərrəm müəllim o uşağın (əsl həqiqətdə, içərisindəki uşağın) arxasınca sorğu-sualsız düşüb gedəcək. Haraya?! Fərq eləməz! Səksən üç yaşlı ağbirçək anasının onunla görüşü zamanı həyata keçirdiyi mistik ritual dediyimizin təsdiqi deyil, bəs nədir? Qarı ağır xəstəlikdən duran kimi yanına qaçan oğlunu bağrına basıb hökm edir: "Dur burda!". Və başlayır balasının başına dolanmağa. Sonra əlindəki əsa ilə kürəyinə ərklə vurub: "Uşaqsan, harda qoymuşam, orda da dur, - dedi". (Məhərrəm Qasımlı - Orxan paşa "Taleyimdən və ürəyimdən keçənlər" kitabından) Biz o gözəllər gözəli ağbirçək ananın ruhunu muştuluqlayıb deyirik: Rahat uyu, əziz ana, oğlun qoyduğun yerdədir - haman Uşaqdır ki, var!

Məhərrəm Qasımlı Azərbaycan filoloji elminin ən ədəb-ərkanlı, həyalı və əvəzolunmaz işıqlı sütunlarından biridir. O, elmimizin etibarnamələrindən birisidir - desək yanılmarıq. Məhz belə fərdlərin - təklərin sayəsində Azərbaycan elminin pak kəsiminə və gələcəyinə inanırıq.

O, yaradıcılığa şair kimi başladı. Məhz bu cümlədə "şair" sözünün alnından öpməyə hazıram. Şair Orxan paşanın (Məhərrəm Qasımlının) simasında şairlik klassik anlamını saxlamaqla yanaşı, həm də ozan-aşıq ədəbiyyatından - Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Abbas Tufarqanlı, Dədə Ələsgərdən... üzübəri gələn ecazkar və məhrəm bir məna ilə doldu, ali bir məqama ucaldı. Obrazlı desək, İsmi Pünhan məqamına! O, öz davranış və əxlaqında, maneralarında, dil, intonasiya və bütövlükdə dünyabaxışında oturuşmuş etnomədəni sistemin göstəricilərini təcəssüm etdirən unikal bir ziyalıdır:

Yerində saymaqmış, ay ömrüm, günüm,

Necə ki yol gəlmişik indiyə qədər.

Yerində saymaq! Bu ifadənin modern qatı bütün gələnəklərlə özünə, soykökünə, milli kimliyinə bağlanışı simvollaşdırır. Hətta sevgidə də bu etnopsixoloji an qorunub saxlanmalıdır. Düşünək, sevdiyimiz andan sonrakı yolçuluğumuzun ömrü nə qədər olur ki? Elə ilk an qədər! Beləcə, "yerində saymaq" ifadəsi şairin dilində yeni bir status qazanır.

Orxan Paşa yağmur qoxusunu hiss edəcək birisidir. Təsadüfi deyildir ki, şeir kitablarından biri "Yağmur qoxusu" adlanır. O, qədərindən çox həssasdır. Həssas oxucu da "işin nə yerdə olduğunu" əla duyur:

Uzaqdan gözəldi dünyada hər şey,

Yarpağın yaşılı, günün şəfəqi.

Uzaqdanca boylan, uzaqdanca sev,

Qönçə olsun, çiçək olsun, nə fərqi!

O qönçənin, o çiçəyin arxasından bir qadının təbəssüm göstərdiyini hiss etmədinizmi?! Biz çox abırlı bir poeziya ilə baş-başayıq...

Məhərrəm Qasımlı elmlə bədii təfəkkürün sintezini ortaya qoyan qeyri-adi bir şəxsiyyətdir. Elmdə əsl ruh adamıdır. Amma bədii yaradıcılığın elmi yaradıcılıqdan çox ağır olduğunu özü də etiraf edir: "Çoxlarına belə gələ bilər ki, elmi yaradıcılıq bədii yaradıcılıqdan daha çətin bir işdir. Mən bu iki sahənin hər biri ilə məşğul olduğumdan açıq şəkildə hiss edirəm ki, elmi yaradıcılıqla müqayisədə bədii yaradıcılıq daha çətin, daha əzablı bir işdir. Əlbəttə, söhbət əsl bədii yaradıcılıqdan və onun heç nəylə müqayisə olunmayacaq əzablarından gedir".

Orxan paşa üçün şeir özünü və İlahi harmoniyanı dərk etməyin bir yoludur. Bu düzənə toxunan öz qarşısında qəzəbli bir şair görəcəyini göz önünə gətirməlidir:

Dəymə, dəymə

dünyanın düzəninə -

lənət sənə

posmodern sərxoşluq!

Əgər bu misraları ümumi kontekstdən ayırsaq, şairi poetik mühafizəkarlıqda suçlamalı olarıq. Amma və lakin... Məhərrəm Qasımlını tanıyan hər bir şəxs onun yeniliyə nə qədər açıq olduğunu birmənalı olaraq təsdiqləyər. Bəs nə baş verir? Bu sualı cavablandırmaq üçün xeyli əvvələ qayıtmalıyıq.

Heca vəzninə təkcə şeir vəzni kimi baxmaq doğru deyildir. O həm də xalqımızın harmonik yaşam tərzini simvollaşdırır. Qarışıq, qəliz, pırpızlı və tikanlı dünya hecada həlimləşir, mülayimləşir və quzuya dönür. Hecada ilahi bir şükranlıq vardır. Məhərrəm Qasımlı - Orxan paşa da heca mühitində dünyaya göz açıb və uşaqlığı da heca ritminə uyğun olan "ağır oturuşlu-duruşlu, söz-söhbətlərindən xeyir-dua əskik olmayan, çöhrələri nur içində olan, sözlərinin sahibi, el-obasının baş bilənləri" sayılan köhnə kişilərin arasında keçib. Mükəmməl ailə tərbiyəsi, vətənçi orta və ali məktəb müəllimlərindən əxs etdiklərini də bura əlavə etsək, onun "posmodern sərxoşluğ"u niyə lənətləməsinin kiçik səbəbi üzə çıxar. Başlıca səbəb isə dünya düzəninə qarşı çevrilən istənilən devrimçi, dağıdıcı addımları lənətləməsidir. Fərqi yoxdur, bu, reallıqda, yoxsa ədəbiyyatda baş verir. Görün, çox sevdiyi Nazim Hikməti hansı şeirində "yaxalayır": "Ey axmaq, sənə üç telində üç sısqa bülbül oxuyan üç telli saz yaramaz! ... Üçtelli saz dağlarda - dalğalarda kütlələri irəli aparmaz!..."  "Yox, bu, şair Nazim Hikmətin sözləri deyil. Kommunizm xülyasına qapılmış gənc və təcrübəsiz Nazim yoldaşın utancverici çığır-bağırıdır". ("Taleyimdən və ürəyimdən keçənlər" səh: 71) Zərif ironiyanı sezdinizmi, Nazim yoldaş?

Üçtelli saz! Bəlkə, üçtelli durna?! Kim bilir, bəlkə Məhərrəm Qasımlı da durna teli gətirməyə gedən "Koroğlu" qəhrəmanlarının içərisində olub? Kim bilir?! Saza olan bu cür mistik bir sevginin kökündə nəsə bir bilinməzlik, sehr və ovsun olmalıdır. Kim bilir?

İllər öncəsi o, "Bulaq" verilişində çalışdı. İki yüzdən çox mətn yazdı. Qəribə görünsə də, sazla "Bulaq" arasında çox sirli bir əlaqə vardır. O, əvvəlcə öz dilini saza köklədi. Ozansayağı... (Ruhun şad olsun, Zəlimxan Yaqub! O da bu çabada ilk bulunanlardan idi) Gənc Məhərrəm Qasımlı dünyaya açıq bir mesaj verdi: Dilini sazlamadan sazı bunca sevə bilməzsən! Bəlkə, doğru deyil? Dilimizi ilkin çağlarda geniş meydanlara çıxaran ozanlarımız olmayıbmı? Epos mədəniyyətimizin başında dil durmurmu? Bax, məhz bu həqiqəti Azərbaycanda ilk dərk edənlərdən birisidir Məhərrəm Qasımlı! Onun yazılı nitqindən az sonra danışacağam, şifahi nitqindən doyan varmı, görən? Bakılı, qarabağlı, borçalılı, şəkili, təbrizli, göyçəli, astaralı, zəncanlı, dərbəndli, şirvanlı, urmiyalı, ərdəbilli bacı-qardaşlarımız şablon səslənsə də, ona sevə-sevə qulaq asırlar. Niyə? Çünki Azərbaycan dilinin sazı onun köksündə çağlayır. Gerçəkdən Dədə Qorqud qopuzu da məhz o dil budağına qonur...

Saz Məhərrəm Qasımlı üçün təkcə musiqi aləti deyildir -  Vətəndir, yurddur, xalqdır, millətdir, Yerdir, Göydür və adını pünhan saxladığı bir sevgilidir. O, saz dünyasına bədən səyahəti eləmir. O, sazın tarixini yazmır, gözəgörünməyən sirli qüdrətə malik olan saz ruhuna girib onu təbliğ edir. Bilir ki, bunsuz  biz yoxuq... Və ağrılı olsa da, deyəcəyəm: Saz həm də onu bu torpağa əbədi mismarlayan əzazil Zevsdir! Canından ağrılar fışqıqır, amma o, onu mismarlayan əllərə də, o mismarlara da, o  tənha dağa da təbəssüm göstərib şükranlıq edir...

Heca harmoniyasından, sazdan, "Bulaq"dan, milli kimliyimizi bizə tanıdan gözəgörünən və görünməyən atributların içərisindən və fövqündən elmə daxil olan və onların hamısının cəmini elmə daşıyan Məhərrəm Qasımlının dissertasiya mövzusuna diqqət edin: "Şah İsmayıl Xətainin poeziyası". Deşifrə etməyə ehtiyac yoxdur, məncə! Müəllif yazır: "On altıncı yüzilliyin tarixi salnamələrindən birində Şah İsmayılın Təbrizi fəth edərək hakimiyyəti öz əlinə alması barədə poetik bir bənzətmə var: "O, Təbrizə girdi, elə bil ruh bədənə  daxil oldu". Bu bənzətmədəki milli romantika indinin özündə də vətənçi duyğunu, dövlətçi düşüncəni dimdik ayaqüstə saxlamağa qadirdir. Şah İsmayılın Təbrizə girməsinin ruhun bədənə daxil olmasına bənzədilməsi onun Azərbaycan tarixi içindəki yerinin son dərəcə dəqiq ifadəsidir". Əgər biz də: "Məhərrəm Qasımlı Azərbaycan folklorşünaslıq elminə ruh kimi daxil olub" - desək yanılmarıq. Doktorluq dissertasiyası da "Aşıq sənəti: təşəkkülü və mühitləri" mövzusunda olmuşdur. Hər iki mövzunu bir-birinə bağlayan tellər göz önündədir. Bir tərəfdə Şah İsmayıl, digər tərəfdə isə ozan-aşıq sənətimiz! Heç burada "tərəf" də yoxdur, axı... İç-içə olan mövzulardır. Vətənin tamlığı, bütövlüyü kimi!

"Aşıq sənəti" monoqrafiyası haqqında gökəmli sənət adamları - Y.Qarayev, E.Əfəndiyev, N.Cəfərov və başqaları qiymətli fikirlər söyləmişlər. "Aşıq sənəti" kitabı vaxtında həyəcan təbili çalır, milli dövlətçilik dəyərlərinin qorunmasında mənəvi-əxlaqi dəyərlərin (aşıq sənətinin) roluna diqqəti bir daha cəlb edir" (Yaşar Qarayev).

"Taleyimdən və ürəyimdən keçənlər" (Bakı - 2017) kitabı haqda da yalnız xoş sözlər eşidilir. Jül Renarsayağı qələmə alınmış mətnlər Məhərrəm Qasımlının - Orxan Paşanın hansı məfkurə və ürək sahibi olmasını ortaya qoymaqla yanaşı, həm də onun nigaran obrazını canlandırır. Məhz bu ovqatlı obrazını: "Mirzə Cəlilin hər bir yazısından vətənin və millətinin taleyi ilə bağlı nigarançılıq keçir. Hətta bir yazısının adı da elə "Nigarançılıq"dır. Bir çox əsərlərində də nigaran əhvallı ruh sıx-sıx ötüb keçir. Dünən qəbrinin üstünə gedib ustadın nigaran ruhuna üz tutdum: - Ey böyük Mirzə, heç nigaran olub eləmə, bizləri necə qoyub getmisənsə, eləcə də varıq... "

Məhərrəm Qasımlı telindən dırnağınacan azərbaycanlıdır. Azərbaycançılıq, Vətənçilik, minillərdən üzübəri gələn dövlətçilik ənənələrinə sadiqliq onun qanında, canında, ruhundadır. Sözü ilə əməli düz olan nadir bir ziyalıdır. Xoşbəxtəm ki, onun elmi rəhbərliyi altında fəlsəfə doktorluğu adını almaq üçün "Molla Vəli Vidadinin poetik irsi"nə kiçicik bir səyahət etmişəm. Bir qədər gərgin keçən müdafiəmdən sonra şəfqətlə dedi: - Heç bir banket-filan olmayacaq. Diplomu alandan sonra özüm gəlib Astarada sənə qonaqlıq verəcəyəm". O, dediyini elədi...

Dalğalar tələsirlər. Onlar həm də dənizin içindəki sonsuz işığı sahilə çatdırmaq istəyirlər. Məhərrəm Qasımlı da öz 60-na məhz bu niyyətlə yüyürür. Yürü, əziz Dost, yürü!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!