Nigar Rəfibəylinin çiçək dünyası... - Vaqif YUSİFLİ yazır

Nigar xanım Rəfibəylini ömrümdə bircə dəfə gördüm. 1980-ci ilin 1 mart günündə. "Azərbaycan" jurnalından mənə tapşırıq vermişdilər ki, böyük şairimiz Rəsul Rzanın may ayında 70 yaşı tamam olur, onun yaradıcılığı ilə bağlı bir müsahibə hazırla. Qapını döydüm. Nigar xanım idi qapını açan və "Buyurun, oğlum, Rəsul sizi gözləyir". Kiçik bir otaqda bir neçə dəqiqə Rəsul müəllimi gözlədim. Gəldi. XX əsrin böyük şairi ilə mənim aramda cəmi bir metrlik məsafə... Heç nə soruşmadı, yalnız adımı, familiyamı öyrəndi. Mən müsahibə üçün hazırladığım sualları Rəsul müəllimə təqdim etdim. Bu zaman Nigar xanım çay gətirdi. Və mən bir anlıq gənclik təbəssümü, gözəllik nuru illərin sərt sınaqlarında belə üz-gözündən çəkilib getməyən Nigar xanımı daha yaxından gördüm. Bir il sonra - aprelin 1-də Rəsul Rza vəfat edəcək, Nigar xanım isə iyulun 9-da dünyasını dəyişəcək. Mən Nigar Rəfibəylinin vəfatından az sonra onun həyatı və yaradıcılığı ilə bağlı "Həzin xəyal" adlı bir yazı yazdım. Bu ad onun bir şeirindəki misralardan doğmuşdu...

 

Demirəm dünyadan köçüb gedəndə,

Vətəndə şöhrətli bir adım qalsın.

İstəyirəm bircə həzin xəyalım

Bir də uçmaq istəyən

İki qanadım qalsın.

Nigar xanım Rəfibəylinin yaradıcılığı, əlli beş illik şeir-sənət yolu barədə ciddi bir tədqiqat əsəri qələmə alınmayıb. Halbuki, onun lirikası, sənət dünyası özünəməxsus fərdi, bənzərsiz xüsusiyyətləri ilə seçilir. Şeir aləminə 13-14 yaşında qoşulan Nigar Rəfibəyli həyatındakı şəxsi faciələri - atası Xudadat bəy Rəfibəylinin güllələnməsini (atası Müsavat hakimiyyətinin liderlərindən idi), bir ailənin taleyin ümidinə qalmasını unuda bilməzdi. Lakin Nigar xanım fitri istedadını, qandan və gendən gələn sənət yanğısını taleyin ümidinə buraxmadı. Doğrudan da, indinin özündə də adamı heyrət bürüyür. 13-14 yaşlı bir qız uşağı Bakıya gəlir, çox tezliklə buranın ədəbi-mədəni mühitinə qoşulur, ilk şeirlərini mətbuatda çap etdirir, hətta onun əleyhinə hücum kompaniyası başlayanda da özünü itirmir (Bolşevik lideri Əliheydər Qarayev və onun əleyhinə yalan-iftira ilə dolu bir yazı çap etdirmişdilər, guya Nigar xanım "günəşin parlaq şəfəqlərinə dözə bilmir, Müsavat və kapitalist dövlətinin bərpasını arzulayır". Nigar xanım isə artıq yeni quruluşu tərənnüm edən şeirlər də yazırdı, o zamankı mətbuatda Mirvarid Dilbazi ilə yanaşı, gənc sovet şairləri kimi etiraf olunurdu. Və həyatındakı ən böyük hadisə isə onun Rəsul Rza ilə evlənməsi oldu. Sonralar, onların oğlu - xalq yazıçısı Anar yazacaq ki: "Heç bir şey, nə qubernator qızının "xofu", nə otuzuncu illərin ədəbi döyüşləri, nə 37-ci il, nə də Moskvadakı təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağrı-acılı günləri Rəsul Rza ilə Nigar Rəfibəylini bir-birindən ayıra bilmədi".

Sevgi ilham kimidir:

Təmiz, yüksək, müqəddəs...

xoşbəxtdir,

Məhəbbət duyğularıyla

Könüldən-könülə

bağlanan hər kəs.

Sevənlərin xətrinə

Dəyməyin, insanlar.

Sevgi

insan ömrünə

insan ümidinə

gətirir bahar.

Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa lirika üstündə köklənmişdi. Onun lirik şeirləri - bu şeirlərin aşıladığı hisslər - onların forma və məzmunca özünəməxsusluğu barədə əsl yazılar hələ yazılmayıb. Mən Nigar Rəfibəylini ömrümdə bircə dəfə görsəm də, onun lirikasında Azərbaycan şeirin Nigarını gördüm. Onun ən adi bir mövzuya yanaşma tərzinin orijinallığı məni özünə cəlb etdi. "Yazı stolum" - şairlərimizin bir çox şeirlərində yazı stolu az qala inqilabi tribunaya çevrilir. Amma görün Nigar xanım nə yazırdı:

Üzərinə sarı xəzan yarpaqları tökülən

Soyuq bir xiyabana bənzəyir stolum.

Toxunanda qolum

Yazda meşədən gətirdiyim

Vələs budağı

Saldı həzin-həzin,

Yazı masama axırıncı sarı yarpağı.

Şairlərimizin hər birinin lirikasında Təbiətdən nəsə var, Təbiət Azərbaycan lirikasına ta əzəldən qaynayıb-qovuşub. Amma mən Nigar xanımın müasiri olan heç bir şairdə güllərə, çiçəklərə bu qədər vurğun ikinci şair görmədim. "Qərənfil", "Qərənfillər", "Zanbaq çiçəklər", "Güllərim", "Xərabədə bitən çiçək", "Hollandiya çiçəkləri", "Çiçəklər", "Lalə", "Nərgiz gülləri", "Ağ çiçəklər", "Yasəmən", "Güllər" - baxın, onun poeziyasının bu çiçək sərgisinə (hələ başqa şeirlərində də çiçəklərdən, güllərdən söz açır). Natəvandan sonra deyərdim ki, qərənfilə aid ən yaxşı şeirləri Nigar xanım yazıb. "Qərənfili sevir könlüm çiçəklər arasından. Elə bil iki damla qan sızır ürəyimin yarasından". Hər bir çiçək şeirində də özünəməxsus poetik rəng, naxış görürsən. Lalədən çox yazıblar, Nigar xanımın laləsi isə onun poetik təxəyyülündən doğa bilərdi:

Səni kim yaratdı böylə alyanaq?

Kiçik yarpağında incəliyə bax!

Sənin rəngindədir sevdiyim bayraq

Sən ilk salamlarsan baharı, lalə!

"Nərgizgülü" şeiri isə məncə, Nigar xanımın nə qədər həssas, həzin təbiətli, özünü təbiətdən, təbiəti özündən ayırmayan bir şair olduğunu yekcümlə təsdiqləyir:

Mən dağlardan nərgizgülü gətirdim,

Şaxta vurdu, nərgizlərim dondular.

Yuvasından ayrı düşən quş kimi

Həzin-həzin sinəm üstə qondular.

 

Ürəyimdə nə hərarət vardısa,

Mən bu solan çiçəklərə bağladım.

Şaxta vurub nərgizlərim donanda

Mən dözmədim, sakit-sakit ağladım.

 

Hər dərdimi dərin-dərin gizlədim

Gizlin dərdim gözlərimdən oxundu:

Nadan gördüm, sərt nəfəsi şaxtatək

Ürəyimin nərgizinə toxundu.

Görəsən, güllərə, çiçəklərə bu qədər məftunluq hardan gəlirdi? Əlbəttə, burada nəsə bir səbəb axtarmağı düşünmürəm. Güllərə, çiçəklərə vurğun olan şairin özünün daxili dünyası zərif çiçək kimiydi. Nigar xanım 1964-cü ildə - onda ki, yaşı əllini təzəcə keçmişdi - "Mətbəx şeirləri"ni yazdı. "Ürəyim bu mətbəx aləmində yaman darıxır, Mən bir azca da şairəm axı" - deyirdi. Amma sonra o, qab-qacaqla, yer-yeməklə dolu olan mətbəxin özündə də bir şeiriyyət görürdü.

Bəzən yüksək məclislərdən

daha parlaq, daha təmiz olur

adi mətbəxlər.

Bir kiçik mətbəx pəncərəsindən

İlin dörd fəslini görürəm.

Ürək geniş olarsa,

xəyal dərin olarsa,

Könüldə bir işıq

bir atəş varsa,

Balaca bir mətbəxdən də

böyük bir dünya görünür.

Nigar Rəfibəylinin Azərbaycan sevgisi haqqında ayrıca danışmaq olar. Onun bu sevgisi şablon, ritorik ifadələrlə "süslənməmişdi". O, bircə Xəzər istisna olunmaqla, Azərbaycanın konkret olaraq heç bir dağından, rayonundan, meşəsindən söz açmayırdı, amma dağdan, meşədən, çöldən, çəməndən yazanda sənə tanış olan dağı da, meşəni də, çölü də görə bilirdin. Azərbaycandan bir az uzaq düşəndə isə Vətən sevgisi bütün varlığını titrədirdi: "Bakıdan beş gün ayrılanda, yuxuma Xəzər girir. Həm şad gündə, həm tufanda Alagözlü gəlin Göy gölümü düşünürəm" - deyirdi.

Nigar Rəfibəyli haqqında düşünəndə bir də onun lirikasındakı mahnı ahəngini xatırlayırsan. Ayrılıq haqqında elə bir şeir yazıb ki, bu şeiri əsrlər boyu Ayrılıq şeirlərinin bayrağına həkk etmək olar. Bu şeirdə - bu qəmli, kövrək mahnıda Füzulidən gələn "badi-səba"nın nəfəsini hiss edirsən:

Alagözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçını yolur, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var,

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

Nigar Rəfibəyli poetik istedadı etibarilə də dolu şair idi. Hecada da, sərbəstdə də, əruzda da eyni istedadla yazırdı. Rəsul Rza ilə bir evdə, bir sevgi cazibəsində yaşayasan - bu bir amil, amma istedad insanın özündə varsa, əsas budur. Bu istedad Nigar xanımın təkcə orijinal yaradıcılığında deyil, həm də bədii tərcümələrində də şəffaflığı ilə əks olunurdu. İngilis yazarı E.Voyniçin "Ovod" romanı mükəmməl tərcümə olunub - tərcüməçi Nigar xanım idi. Amma o, daha çox poeziya əsərlərini tərcümə edirdi. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əlişir Nəvai, Puşkin, Lermontov, A.Mitskeviç, Ş.Petefi, R.Berns, Şelli, V.Nezval, A.Axmatova, M.Svetayeva və b. şairlər N.Rəfibəylinin doğma dilində danışdılar. Mən bu tərcümələr içərisində Məhsəti Gəncəvinin rübailərini daha çox bəyənirəm. Yəqin oxucular da bu fikrimə şərik olarlar ki, həmin rübailəri ikinci dəfə bu kamillikdə bir kimsə tərcümə edə bilməz:

Xərabatdan çıxan bir Ay ucaldı,

Fələyin damında bir çadır saldı.

Qəflətən ucaldı hatifdən bir səs:

"Bu dünya bir saman çöpünə dəyməz?"

 

Toxunma könlünə biçarə gülün,

İncitmə qəlbini avarə gülün;

Səbanın eşqiylə olmuşdur, ey dost,

O qanlı köynəyi sədparə gülün.

Nigar Rəfibəylinin xanım-xatın, sevgili, vəfalı həyat yoldaşı kimi obrazını Rəsul müəllim silsilə şeirlərində yaratdı. Heç bir izahata ehtiyac duymadan bu yazını da elə Rəsul müəllimin misraları ilə bitirirəm:

 

Çox gözlərə baxdım

səmavi, siyah,

qonur gözlərindən qəşəng

görmədim.

Çox qumaşa baxdım,

atlasa baxdım,

qumral saçın kimi ipək

görmədim.

Ürəklərə baxdım,

bir sərraf oldum,

qəlbin kimi böyük ürək

görmədim.

Yer salıb könlümdə sağalmaz izi,

varmı bir qüvvət ki,

ayırsın bizi?

 

 

Vaqif Yusifli

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!