Rüstəm Kamalın doğum gününə - Böyük sirrin yenidən oxunuşu

Professor Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığının təhlil sferasına simvolizm firavanlığı gətirdi. Hadisənin - mətnin, sözün, işarənin sakral, ezoterik, metafizik qatına endi. Mixail Baxtinin nitq janrları konsepsiyasını "Dədə Qorqud"un poetikasına tətbiq etdi.

Nizami Cəfərov 

Miqyaslı və obyektiv

Heç bir şübhə yoxdur ki, bu gün Azərbaycanda onun ən azı min beş yüz illik tarixi olan ədəbiyyatını bütün ideya-estetik zənginliyi ilə (və dünya ədəbiyyatı tarixi kontekstində) dərk etməkdə çətinlik çəkməyən mükəmməl bir ədəbiyyatşünaslıq var. Və bu ədəbiyyatşünaslığın ən mühüm cəhətlərindən biri də  öz predmeti üzərində dərindən düşünə-düşünə həmin dərinlikdə qeyb olmaması, özünün obrazını da kifayət qədər parlaq bir şəkildə  təqdim etməyi bacarmasıdır.

Görünür, bugünkü Azərbaycan ədəbiyyatşünasının ən səciyyəvi obraz təzahürlərindən biri (mənim qənaətimcə,  ən səciyyəvisi!) Rüstəm Kamaldır. İlk növbədə ona görə ki, Rüstəmin  yaradıcı şəxsində (şəxsiyyətində!) təkcə müasirləri deyil, Firidun bəy Köçərlidən üzü bəri, demək olar ki, bütün sələfləri birləşir. Lakin  unutmaq olmaz ki, bu, mexaniki, yaxud sintetik birləşmə deyil; bu, üzvi olduğu qədər də  polemik birləşmədir.

Rüstəmin yaradıcı təfəkkürü  ədəbiyyatın (və ədəbiyyatşünaslığın ən mürəkkəb) problemlərini ətrafdakılarla yox, öz-özü ilə  polemikada həll edəcək qədər miqyaslı, məhsuldar və obyektivdir...

 

Azər TURAN

Böyük sirrin yenidən oxunuşu

Bu gün Azərbaycan ədəbiyyatşünaslığında bir Rüstəm Kamal fenomeni var.

Ənənəvi (aşınmış) ədəbi tənqidin çərçivəsini dağıdan, eyni zamanda, modernitenin də xam xəyallarına qapılmayan Rüstəm Kamal filoloji təhlilin məntiqi ilə esseist təxəyyülün azadlığını simbioz etməyi bacardı.

Rüstəm ədəbi faktın, mətnin qarşısına öz müstəsna təfəkkür tərzi ilə çıxdı.

Gözlərimin qabağında, təbiri caizsə, mənim israrlarım, ricalarımla qələmə aldığı və üz qabığından Rene Margitin sürrealist "Göz"ünün baxdığı "Güzgü günü" kitabını iyirmi beş il əvvəl yazıb və dörd Kamala - atasına, oğluna, Kamal Talıbzadəyə və Kamal Abdullaya həsr etdiyi "Oğuz ruhu: bərpa və yozum" kitabının davamı kimi oxuya bilmədim. Niyə? Çünki Rüstəm nədən yazırsa, nə yazırsa YENİDİR. Azərbaycanda mətnin psixoanalitik təhlili yeni-yeni vüsət tapanda Dədə Qorqud mətnlərinə ontoloji təhlil tətbiq edən və ilk dəfə "ontoloji poetika" istilahını filoloji dövriyyəyə daxil edən Rüstəm Kamal o zaman "psixoanaliz köhnəlib" deyə gözlənilməz hökm vermişdi. Amma indi "Mirzə Fətəlinin həyatı və yaradıcılığı psixoanalizin obyekti ola bilərdi" deyə sözə başlayır. Mirzə Fətəlinin mətnlərindən, məktublarından onun ömür mətnini (və ömrünün mənasını) oxuyur. Hər bir halda yenə də Rüstəmin təfəkkür yaddaşı ontoloji poetikanın izini tərk etmir. Tutaq ki, Yusif Vəzirin təbəssümündən, Mirzə Cəlilin ağrısından, yaxud bir başqasının yarasından yola çıxaraq mətni təhlil edir. Amma bütün hallarda, yəni iyirmi il əvvəl olduğu kimi indi də Rüstəm yenini yazır və yenidən yeniyə meyil edir. Professor Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığının təhlil sferasına simvolizm firavanlığı gətirdi. Hadisənin - mətnin, sözün, işarənin sakral, ezoterik, metafizik qatına endi. Mixail Baxtinin nitq janrları konsepsiyasını "Dədə Qorqud"un poetikasına tətbiq etdi. Rüstəm özü də tanıdığım o nadir alimlərimizdən biridir ki, hətta könül söhbətlərimizdə belə nitqinin janrı hər zaman elmi olub. Rüstəm mətnlərdən yazıçının, yaxud obrazın taleyini oxuyan bir ədəbiyyat münəccimi (və kahini) təsiri bağışlayır. Bunu bu gün Azərbaycanda Rüstəmdən başqa kim yazar ki, "İstənilən şəhərin səma kodu olur. Mistiklər, ezoteriklər inanırlar ki, yer üzündə elə bir şəhər yoxdur ki, onun səmada "oxşarı" olmasın. Svedenborq güman edirdi ki, təkcə Səmavi Qüds deyil, Səmavi London da mövcuddur. Şuşanın da səmada mütləq "oxşarı" var - Səmavi, İlahi Şuşa var... Yer üzündəki Şuşa tarixin içindəydi, elə tarixin də, xəyanətlərin və cinayətlərin qurbanı oldu. Amma Səmavi Şuşa bəşər tarixinin, zamanın hüdudları dışındadır: Onu ruhlar və Tanrı qoruyur..." Mətn Rüstəmin yazılarında sanki Yuxuya çevrilir. Rüstəm həm də elmin şairidir. İyirmi beş il əvvəl demişdi ki, "Dədə Qorqud" obrazlarının dilini tapan alimi çəkinmədən simvolist şair adlandırmaq olar. Elə isə, Azərbaycan ədəbiyyatındakı obrazların dilini tapan, yaxud obrazlarla dil tapan Rüstəm Kamal çoxdandır ki, simvolist şairdir. Poeziyamızın səmasında uçuşan metaforaları Rüstəm Kamaldan soruşun. Hətta oxuduğu mətndəki üç nöqtələrə (...) yazı həsr etməyi özünə borc bilən əziz dostumu mənim üçün əziz qılan başlıca səbəb isə ürəyinin çiçək üzü kimi təmiz və zərif olmasıdır. Rüstəmlə otuz ildir dostam. Bu otuz ildə aramızda otuz saniyə də olsa soyuqluq, inamsızlıq yaşanmadı.

 

Tehran Əlişanoğlu

Rüstəm Kamal haqqında xəyalat

Fraqment

...Rüstəm Kamalın ən çox da bu sözündən xoşlanıram: "Azərbaycan ədəbiyyatının alternativ tarixi yazılmalıdır..." Əslində, bu, hər bir dəyərli ədəbiyyatşünasın fikrində, xəyalatında, içində gəzdirdiyi sözdür və hardasa öz gizli küncündə kullanıb, hamıdan xəbərsiz, xəlvəti həmin alternativliyə məşğuldur...

Mən Rüstəm Kamalı 1990-cı illərin əvvəlləri yazılarından tanıyıram; hələ o zaman Azərbaycan ədəbiyyatı barəsində necə düşünüb yazırdısa - bir az qəfil, gözlənilməz, akrobatik gəzişmələrlə, amma üzdə(n) çox çətin seziləsi (xəyalatındakı) mətnə son dərəcə sədaqətlə; elə bugün də o sayaq: bir az daha kamil, artistik, sehrbaz, başdan-ayağa (içindəki) mətnin özüdür...

Rüstəm Kamal deyəndə ki: XIX əsr Azərbaycan ədəbiyyatı yoxdur, yox kimidir, bekara şeydir, - çox da yaxın buraxmayın, bir növ, gözlərdən (tarixi) pərdəni götürmək üçün deyir... Deyir ki, bir azdan Molla Pənahdan, general İsmayıl Qutqaşınlıdan, Mir Möhsün Nəvvabdan və həmincə, Mirzə Fətəlidən götürüb-gəlib onu necə var mətnlərdən (güzgüdən-karmadan-mistikadan-filandan) "bərpa" eləsin...

Rüstəm Kamal fərz qılanda ki: Azərbaycan hekayəsinin bircə yetkin (bitkin) modeli var, o da Mirzə Cəlil hekayəsidir, - onu da ürəyinizə salmayın çox; bir azdan Əbdürrəhim bəydən, Yusif Vəzirdən, Seyid Hüseyndən, "Uca dağ başında" Şuşanın landşaftından, hesab dəftəri-"həbsiyyə"-teleqraf.com-stomatoloji yuxular-repressiya lüğəti-vida dəftərinəcən... - özü bu "yarımçıq" hekayətin detallarını tamamlayası, tamını da (modelini) "bərpa" edəsidir... 

Rüstəm Kamal qəfil "sehrbaz çubuğu"nu tuşlayıb Azərbaycan romanını ümumən şübhə altına alanda da heç darıxmayın; demək, o, həmin konuda hələ düşünür... Azca keçəsi, yenə bu (xəyalatındakı) romanı "bərpa" eləyənlərdən birincisi elə Rüstəm Kamal özü olasıdır; Yusif Vəzirdən, Yusif Səmədoğludan, İlyas Əfəndiyevdən, İsa Muğannadan, Mirzə İbrahimovdan, Maqsud Şeyxzadədən Anar fəzasınacan; təbəssümdən-buluddan-qeyb aləmindən-nitqi tərk etmiş səslərdən Təbrizə səyahətəcən...        

Ən çox sevdiyi sözlərdən birisi "bərpa"dır; post-tarix dövründə o, hələ də tarixin şaqul(i) oxuna sallanıb görünməz diblərə boylana-boylana qalanlara heyrətini gizləmir də... Və (xəyalatındakı) "tarix"i göz önündəcə (üfiqi) çoxsaylı mətnlərdən, mətnlərdə gizlənmiş çoxsaylı kodlardan, işarələrdən, eləcə obraz, detal, təfərrüat sırasından "bərpa" eləməyə üstünlük verir: qəbirüstü yazı - Vurğun gülüşü - fonoqraf - saat çıqqıltısı - telefonda səs - pilot qardaş - şair əlləri - Əli Kərim təbəssümü - Məmməd Arazın "Qılınc və qələm"i - Nüsrət Kəsəmənli nağılları - Nizami Cəfərov dastanı - yaddaşın ekologiyası - pələng ovu - şahmat oyunu və s. və s. gizlinlərəcən...

...Və az qala otuz ildir Rüstəm Kamal öz (alternativ) tarixini yaradır, Azərbaycan ədəbiyyatı tarixini. Dostumuz Nizami Cəfərovun tərzində desək: Rüstəm Kamal mütəfəkkir ədəbiyyatşünasdır; mükəmməl Avropa təhsili var və (xəyalatındakı) çoxsaylı kodlarla/kodlarda Qərb təfəkkürünü Şərq mətnlərinə daşıyır, üsulluca gəlişdirir. Mənimcə: Rüstəm Kamal qəlbində-ruhunda sağalmaz  Ədəbiyyat (Füzuli) sevdası, Mirzə Fətəli yolunun dönməz davamçılarındandır. Belə.

Məti OSMANOĞLU

Ruhun tarixi

Rüstəm Kamal dünya ədəbi təcrübəsinə yaxından bələd olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını da köklü şəkildə bilir, dilimizin və milli təfəkkürün stixiyasının incəliklərindən usta səriştəsi ilə baş çıxardır. O, bədii mətndəki bizə tanış obrazın daşıdığı məna yükü, fəlsəfi miqyasları, ovqatyaratma keyfiyyətləri kimi xüsusiyyətləri fərqli "oxuyur" və bizə də yenidən "oxudur".  Rüstəm Kamalın "oxuduğu" və "oxutduğu" - şeirin, nəsrin gözə görünən mətnindən dərində baş verən və ya mövcud olan, yalnız sənətdə reallaşan mistik hadisənin, bədii sözün sehrli dünyasının müəyyənləşdirilib üzə çıxarılmasıdır. Özü də ciddi qanunauyğunluqlara malik bir sistem kimi, gözlə görülən əyani mənzərə kimi.

R.Kamalın bədii ədəbiyyatda qədimdən mövcud olan obrazlar haqqında müəyyən ilkin elmi-nəzəri qənaətləri var. Bilir ki, ata, ana, qadın, kişi, tale, uşaqlıq, yuxu, ev, yol, ad, keçmiş, gələcək, güzgü, əl, dağ, bağ, təbiət ...  bədii mətndə, yaxud insanların şüurunda və ya təhtəlşüurunda bir obraz olaraq hansı vəzifənin (vəzifələrin) daşıyıcısıdır. Lazım gələndə bunu sitatla, mötəbər dəlillərlə sübuta yetirməyə hazırdır və yetirir də. Ancaq bu heç də konkret mətnə münasibətdə öncədən "hökm oxumaq" mənasına gəlmir. R.Kamal hər yazısında mətnin və sözün o biri üzündəki gerçəkliyi - sənət adlanan möcüzəni kəşf edir, insanların və bədii ədəbiyyatın yaddaşında mühüm yer tutan anlayışların əsərdə necə reallaşmasını, hansı formada "ehya olmasını", hərəkətə gəlib canlanmasını özünəməxsus boyalarla əyaniləşdirir. Rüstəm əvvəlcədən tanıdığı yol, tale, vaxt, yuxu kimi obrazların sorağı ilə oxucunu mətnin içindəki gözlənilməzliklərlə qarşılaşdırır və gözlənilməz qarşılaşmaların yaratdığı qısa qapanmaları oxucuya yaşada bilir...

Rüstəm Kamal obrazın poetik tarixini açıb göstərə-göstərə bizi bədii mətnin başlandığı yerə - ruhun, mənəviyyatın tarixinə aparır. Əsl ədəbiyyatın və əsl ədəbiyyat adamının (şairin, nasirin, dramaturqun, tənqidçinin, nəzəriyyəçinin, esseistin) uca Yaradan  tərəfindən müəyyənləşdirilmiş ali missiyası da elə bundan ibarətdir...

Əlabbas

Ədəbi tənqidin  Rüstəm Kamal formatı

Rüstəm Kamal  öz imicini  illərlə gözümüzü yağır, qulağımızı döyənək eləyən tənqidi məqalə tiplərindən imtina bacarığı ilə ortaya qoydu.  Ənənəvi yazıları yığcam və yüksək kondisiyalara malik esselərə çox ustalıqla dəyişə bildi və bəxti də onda gətirdi ki, bu, ədəbi tənqiddəki ciddi boşluqların olduğu ilə bir vaxta düşdü, dərhal da ədəbi elitanın diqqətini öz üzərinə çəkmiş oldu. Mirzə Cəlil demiş, burdan ona işarə eləmirəm ki, o yazılar həm nəzəriyyəbazlara ibrət dərsi, həm də "Azərbaycan ədəbi tənqidi" dərsliyidi, amma vaxt gələcək palazqulaq yazıların əvəzinə, ədəbi tənqid məhz Rüstəm Kamalın təqdim etdiyi formatda olacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!