Ülvi BABASOY - İyerarxiyanın ölümü - Futliteratura

Orta dövr Fransa ədəbiyyatında ümumxalq dilinin gündəlik danışıq variantı Rablenin üslubunda əks olunur. Polifonik roman dilin zəngin naturasından yaranır. Dil və üslub oxucuda maraq oyadır. Qəhrəmanın dünyaya gəlişi və dialoqların dinamikası, temperamenti laqeyd oxucunu da romanı oxumaq üçün özünə sarı çəkir. "Qarqantua və Pantaqruel" roman janrının xüsusiyyətlərini tam olaraq daşımır. Çağdaş Avropa romanı Servantesin "Don Kixot" əsəri ilə başlayır. Yenə də janrın ilkin imkanları, dil, üslub və təsvirin epik-psixoloji vüsəti formalaşır. Rable Servantesdən əvvəl roman sənətinə keçid üçün münbit və əvəzsiz şərait yaradır. Yumor və gülüş əsasında estetik şənlik, karnaval yaradır. Rable bunun üçün əvvəlcə insanın fizioloji quruluşunu və bioloji ehtiyaclarını böyük epik lövhələrlə canlandırır. Rableyə qədər nə Avropa renesans ədəbiyyatında, nə də Şərq mənzum romanlarında bu qədər çılpaq və təfsilatlı təsvirlər olub. Qarqantua nəslinin genetikasından tutmuş, gündəlik məişət problemlərinə qədər təfərrüat maraq doğurur. Çünki alleqorik, satirik, yumoristik söz karnavalında oxucu yorulmur. Əlbəttə ki, Nizaminin "Xəmsə"sində obrazların fiziki və mənəvi vəziyyəti, Şekspir dramlarında daxili və xarici disharmoniyanın harmoniyası, Bokaççonun "Dekameron"undakı həyatın naturası danılmazdır. Ancaq Rable çoxsəsli poetik karnaval təsiri bağışlamır.

Ülvi BABASOY

 

Keyfin ən şirin yerində təzə doğulmuş oğlunun kəskin çığırtısı Qranquzyenin qulağına dəydi.

Uşaq: Su! Su! Su! - deyə qışqırırdı.

Ürəyiaçıq Qranquzye:

- Ke qran tü a - deyə səsləndi. Sənin nə yaman böyük udlağın var!

Qonaqlar:

- Düz sözə nə söz - dedilər, - Qoy atasının birinci sözünə görə bu uşağın adı Qarqantua qoyulsun. Bu ad Qranquzyenin çox xoşuna gəldi. Körpə bir az dincəlsin deyə, atası ona doyunca üzüm şərabı verdi".

Orta dövr Fransa ədəbiyyatında ümumxalq dilinin gündəlik danışıq variantı Rablenin üslubunda əks olunur. Polifonik roman dilin zəngin naturasından yaranır. Dil və üslub oxucuda maraq oyadır. Qəhrəmanın dünyaya gəlişi və dialoqların dinamikası, temperamenti laqeyd oxucunu da romanı oxumaq üçün özünə sarı çəkir. "Qarqantua və Pantaqruel" roman janrının xüsusiyyətlərini tam olaraq daşımır. Çağdaş Avropa romanı Servantesin "Don Kixot" əsəri ilə başlayır. Yenə də janrın ilkin imkanları, dil, üslub və təsvirin epik-psixoloji vüsəti formalaşır. Rable Servantesdən əvvəl roman sənətinə keçid üçün münbit və əvəzsiz şərait yaradır. Yumor və gülüş əsasında estetik şənlik, karnaval yaradır. Rable bunun üçün əvvəlcə insanın fizioloji quruluşunu və bioloji ehtiyaclarını böyük epik lövhələrlə canlandırır. Rableyə qədər nə Avropa renesans ədəbiyyatında, nə də Şərq mənzum romanlarında bu qədər çılpaq və təfsilatlı təsvirlər olub. Qarqantua nəslinin genetikasından tutmuş, gündəlik məişət problemlərinə qədər təfərrüat maraq doğurur. Çünki alleqorik, satirik, yumoristik söz karnavalında oxucu yorulmur. Əlbəttə ki, Nizaminin "Xəmsə"sində obrazların fiziki və mənəvi vəziyyəti, Şekspir dramlarında daxili və xarici disharmoniyanın harmoniyası, Bokaççonun "Dekameron"undakı həyatın naturası danılmazdır. Ancaq Rable çoxsəsli poetik karnaval təsiri bağışlamır. "Qarqantua və Pantaqruel"də dramatizm, həyəcan, adrenalin, fantaziya, çirkinlik və gözəllik gülüşlə asan həzm edilir. Romanın əvvəlində müəllif oxucuya müraciət edir: Dostum oxucu, bu kitabı oxudunmu - Qəlbin hikkəsini at bir kənara; Səpməz içinə o, qəzəb toxumu, Onda nə acıq var, nə boş masqara. Mükəmməllikdən uzaq olsa da, bil ki, Güldürəcək səni ürək dolusu. Sevincə yadsansa, kədərə həmdəm, Mən başqa bir təklif bilməm, doğrusu. Ağlayıb yazmadım, gülərək yazdım, Gülməyi xoşlayır bəşər övladı". Şeiriyyətli giriş gülüşü, yumoru kəşf edir. Mixail Baxtin deyir ki, "Qarqantua və Pantaqruel" romanında gülüş iyerarxiyanı öldürür. Karnaval roman da belə yaranır. Bəs nədir karnaval roman? Bayramlarda bir iyerarxiya var idi. Kilsə və krallıq iyerarxiyanın başında dayanırdı. Ən kiçik məmurlardan krala qədər iyerarxik quruluşa əməl olunurdu. Bayram, əvvəla, onların idi. Daha sonra sıravi, sadə xalq gəlirdi. Karnavallar iyerarxiyanı dağıtdı. Hər kəs bərabər hüquq qazandı. Yaşından, başından və vəzifəsindən asılı olmayaraq hamı karnaval iştirakçısı adını qazandı. Rütbə və sosial status aradan qalxdı. Hamı karnavalın tərkib hissəsinə çevrildi. Rablenin yumor və kinayəsi karnaval yaratdı. Gülüşün sərhədsiz karnavalını.

Futbol da iyerarxiyanı aradan götürür. Hərçənd ki, meydanın VİP tribunalarında əyləşənlər də olur. Onlar xüsusi qayğı və ehtiramla qarşılanır. Ancaq bu hal futbol prosesinə daxil deyil. Futbol izləyərkən heç kim azarkeşlik statusundan kənara çıxa bilmir. Lap ölkə başçıları da. FİFA prezidenti belə. Bu məsələ aydındır. Belə də olmalıdır.

Tolstoy və Ronaldo

Bir də futbolçulara, komandalara aid iyerarxiyanın pozulması qanunu var. Və bu qanun özünü ən çox hazırda Rusiyada keçirilən futbol üzrə dünya çempionatında göstərməkdədir. Mundialın ən prestijli yığmaları belə açıq-aşkar sərbəstlik və üstünlük nümayiş etdirə bilmir. Nisbətən A qrupunda Uruqvay və Rusiya millisi turu rahatlıqla keçdilər. Misir və Səudiyyə Ərəbistanı yığmalarında qətiyyət və təcrübə əksikliyi Rusiyaya 6 xal qazandırdı. Əks halda ev sahibləri belə asanlıqla qrupdan çıxa bilməzdilər. Güclü Uruqvay yığmasına 0-3 hesabı ilə uduzan Rusiyanın oyun imkanları bir qədər konkretləşdi. B qrupunda sonuncu Avropa çempionu Portuqaliya və güclü İspaniya millisi İran və Mərakeş qarşısında çətinlik çəkdilər. 1/8 finala çıxmaq asan başa gəlmədi. Amma və lakin Ronaldonun oyunu və tükənməyən enerjisi onu "futbolun peyğəmbəri" adlandırmaq imkanı verir. Ədəbiyyatın elçisi Tolstoyun vətənində bir daha sübut etdi ki, nələrə qadirdir. İspaniya ilə oyunda het-trik etdi. İspaniyanın üç qoluna, elə üçcə qolla da cavab verdi. Hardasa İspaniyaya qarşı təkbaşına mübarizə apardı. Hərçənd ki, Portuqaliya millisi kollektiv oyunda ən yaxşı nümunədi.

Maradonanın ürəyi

C qrupunun favoriti Fransa qrupdan lider olaraq çıxdı. Ancaq Avstraliya və Peru ilə oyunlarda yaxşıca tərlədi. Qrup ikincisi Danimarka ilə qolsuz heç-heçə etdi. Dünyaca məşhur heyətə sahib Fransa millisi qol vurmaqda çətinlik çəkir... D qrupunda favorit şəksiz ki, Argentina millisi idi. Ancaq Xorvatiya yığması 3-0-lıq qələbə ilə Argentinaya futbol dərsi keçdi. Argentina son dəqiqələrdə vurduğu qolla Nigeriyanı məğlub etdi. Dördcə xalla birtəhər 1/8 finala getdi. Futbol əfsanəsi Dieqo Maradona ölkəsinin sistemsiz, pərakəndə oyunlarına tamaşa edərkən çox həyəcan keçirdi. Futbol dahisi özündən getdi. Həm mənəvi, həm də fizioloji ürəkgetmə idi bu. Xorxe Borxesin vətəni Avropada tarix yazmaq istəyir. Argentinanın baş məşqçisi Xorxe Sampaoli uğurlu start heyəti ilə çıxmalıdır. Axı əlində imkanlar da var. O da Borxes kimi tarix yaza bilər. Kor Borxes avropalıları öz intellekti ilə heyrətləndirmişdi. Sampaoli taktiki gedişləri ilə. Üç dünya çempionatıdır ki, ard-arda kubok avropalılara qismət olur. 1/8 finalda Argentina Fransa ilə qarşılaşacaq. Argentina çətin Fransa səddini keçə biləcəkmi?! Lap Latın Amerikası və Avropa ədəbiyyatı arasındakı şirin və nadir rəqabət yada düşdü.

E qrupunda Brazilya İsveçrə və Kosta Rika milliləri ilə oyunda zülm çəkdi. Artıq Brazilyanın aşkar üstünlüyü, böyükhesablı qələbələri ərşə çəkilib. Çünki futbolda güclü və zəif sərhədləri itməkdədir. Peşəkarlıq və təcrübəsi sayəsində qrup lideri oldu Brazilya. Qrup ikincisi İsveçrə, 1/8 finala gedə bilməyən Serbiya və Kosta Rika əzmkar oyunları ilə yadda qaldı. F qrupu barədə çox danışıldı və bu söz-söhbət davam edəcək. Çünki sonuncu dünya çempionu Almaniya millisi qrupda qaldı. Meksika və İsveç isə qrupdan çıxdı. Cənubi Koreya yığması Almaniyanı məğlub etdi. Özü də əsas vaxta əlavə edilən 6 dəqiqə ərzində 2 qol vuraraq. C.Koreya qrupdan çıxmasa da, ölkəsinə böyük təsəlli verdi. Həm də bu qələbə 2002-ci ildə C.Koreyada keçirilən dünya çempionatındakı məğlubiyyətin revanşı idi. 2002-ci ildə yarımfinalda Almaniyaya uduzan koreyalılar qismən də olsa, revanşı almaqla futbolsevərləri keçmişə apardı.

G qrupu Belçika yığmasının baxımlı oyunu ilə yadda qaldı. İngiltərə Tunis millisi üzərində çətin qələbə qazandı. Panamanı qol yağışına tutdu. İngiltərə və Belçika finallara vəsiqə qazandı. H qrupunun favoriti Markesin vətəni Kolumbiya idi. Ancaq ilk oyun uğursuz oldu. Yaponiya ilə görüşün 3-cü dəqiqəsində Sançesin penaltiyə səbəb olaraq qırmızı vərəqə alması işləri korladı. Kolumbiya Seneqal və Polşa ilə oyunlarda qələbə qazandı. Finallara Kolumbiya və Yaponiya getdi.

Xarakter, xarakter, xarakter...

Nəhayətdə, 1/8 finala 16 komanda qaldı. Ədəbiyyatın vətəni Rusiyada daha dinamik və dramatik final oyunları keçiriləcək. Belçika, Fransa, İspaniya, İngiltərə, Brazilya, Xorvatiya, Argentina, Kolumbiya və Meksikanı favorit komandalar hesab etmək olar. Uruqvay, İsveç və ev sahibi Rusiyanı da nəzərdən qaçırmaq olmaz. Ancaq iyerarxiyanın ölümü sürpriz nəticələrin olacağını ifadə edir. Hər nə olursa-olsun, etik və estetik oyunlar arzulayır həqiqi azarkeşlər. Eynilə ədəbi əsərlərdə olduğu kimi. Axı futbol da ədəbiyyat kimi estetik hadisədir. Zövq işidir. Kimsə üçün qara bazar, kirli pulların yuyulduğu arena və başqaları ola bilər. Ancaq Oynamaq da, tamaşa etmək də zövq verir. Həmin an başqa duyğular ikinci plana keçir. Başıma gələn bir əhvalatdan bir məqam: Adətən, xüsusi bir işim çıxmadığı halda hər həftə futbol oynayıram. Bu yaxınlarda topu rəqib oyunçudan alıb sürətlə cərimə meydançasına daxil oldum. Ancaq rəqib oyunçu çiyni ilə mənə toxundu. Tarazlığı saxlaya bilməyib yıxıldım. Aqressiv halda ayağa qalxıb penalti tələb etdim. Rəqib oyunçular israrla penaltinin olmadığını desələr də, razılaşmadım. Əslində isə hər şey qaydalar çərçivəsində idi. Penalti yox idi. Zorakılıqla əldə etdiyim penaltidən qol vurdum. Ancaq oyunun son 5 dəqiqəsində 2 qol buraxaraq məğlub olduq. Özüm-özümdən utandım. Axı futbol gözəllik duyumudur. O, cığallığı qəbul etmir. Həm də xarakter məsələsidir. Oyun zamanı futbolçular öz xarakterlərini ortaya qoyurlar. Təmkinli və dürüst olmaq şərtdir. Bəzən hakimlərin haqsızlığı, bəzən də futbolçuların aqressiyası vəziyyəti dəyişə bilər. Professional oyundan küçə futbolunacan bu belədir. Ancaq həqiqət və işin xarakteri gec də olsa, öz yerini tapır. Rusiya 2018-də videotəkrarın tətbiq edilməsi futbolda ədalət prinsipini möhkəmlətdi. Bir neçə komandanın taleyini həll etdi. Rablenin Orta dövr Fransasından Rusiyada keçirilən futbol üzrə dünya çempionatına gəlib çıxdıq. Ədəbiyyat da, futbol da diaxron hadisədir həm də. Milan Kundera deyir ki, Orta dövrdə kilsə ağalığında musiqi, heykəltəraşlıq, rəssamlıq öz gözəlliyindən heç nə itirmədi. Çünki onlar radikal, despot bir rejimdə də inkişaf edə bilir. Söz sənəti ədəbiyyat isə Rable və Servantesə qədər bayağı və cılız vəziyyətdə idi. Rable gülüşü kəşf etdi və hər şey başqalaşdı. Futbol insanlarda təbəssüm və xoş ovqat yaradır. Dərdləri unutdurur. Kimlərinsə təsəllisi, ümid, güman yeri olur. Baxıram sosial şəbəkələrə və ətraf mühitə, uğursuz komandaları lağa qoyurlar. Radikal yanaşmadır. Dar düşüncədir. Almaniyanın qrupda qalmağını, Argentinanın Xorvatiyaya məğlub olmasını və bir çox başqa əməllər və amalları. Bu hal futboldan kənar dedi-qodulardır. Mozaxist və mutant təfəkkürün göstəricisidir. Hələ qabaqda bizi maraqlı oyunlar gözləyir. Etik və estetik qələbə də, məğlubiyyət də anlamlıdı. Gözəldir. Qəbulediləndir. Məhəmməd Salahlı Misir yığması mundialı xalsız tərk etdi. Ancaq çempionatda olmağın özü də özəl və gözəldir. Neymarın Brazilyası çətin anlar yaşadı. Ronaldo bütün mükafat və titullara sahibdir. Bircə dünya çempionluğu çatışmır. Bütün bunlar futbola aiddir. Ədəbiyyat kimi sərhədsiz gözəllik və zövq aşılayır. Sevindirir, kədərləndirir, əyləndirir, düşündürür. Ən əsası hiss etdirir. Varsan, yaşayırsan. "Qarqantua və Pantaqruel" romanında deyilən kimi - Düz sözə nə söz. Futbol, nə yaxşı ki, var. Yaşamaq qovğasında elitar və kütləvi duyğuları birləşdirir. Ədəbiyyat, təsəllimiz, sığınacağımız. Duyğuların sözə çevrilən məkanı. Bir nəğmədə deyildiyi kimi, sanki kəşf edilməyən qitələr qədər bir-birinə uzaqdır futbolla ədəbiyyat. Ancaq bir nəfəs kimi yaxındırlar. Onların yaxınlığını və uzaqlığını, doğmalığını və ögeyliyini qucaqlayan, ifadə edən bir kəlmə düşünürəm öz-özümə. Tapdım. Futliteratura. Ayaqla yazılan ədəbiyyat. Futbolun ədəbiyyatı, ədəbiyyatın futbolu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!