Rüstəm Kamal - Mirzə Cəlilin tanatoqrafiyası

Ölüm onun həyatını müəyyənləşdirən, gündəlik düşüncələrini məşğul edən ən sirli və qorxulu bir hadisədir. Ölüm psixikasının simvolik dili olub, onun psixoloji həyatını qeyri-şüuru olaraq modelləşdirir. Məsələn, psixoanaltik səviyyədə Qurbanəli bəyin axurda gizlənməsini tabuta girməsi kimi, simvolik ölümü kimi mənalandırmaq mümkündür: "Axurun içində kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı... Qurbanəli bəy yerindən heç tərpənmədi" ("Qurbanəli bəy").

Rüstəm KAMAL

 

Mirzə Cəlil Azərbaycanın ən böyük tanatoqrafıdır (Tanatos yunanca "ölüm" deməkdir). Tanatoloji motivlər və obrazlar onun xatirələrinin, yuxularının və əsərlərinin əsasını təşkil edir. Söhbət təkrarlanan və bir tipoloji qrupda birləşən elementlərdən gedir.

Ölüm onun həyatını müəyyənləşdirən, gündəlik düşüncələrini məşğul edən ən sirli və qorxulu bir hadisədir. Ölüm psixikasının simvolik dili olub, onun psixoloji həyatını qeyri-şüuru olaraq modelləşdirir. Məsələn, psixoanaltik səviyyədə Qurbanəli bəyin axurda gizlənməsini tabuta girməsi kimi, simvolik ölümü kimi mənalandırmaq mümkündür: "Axurun içində kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı... Qurbanəli bəy yerindən heç tərpənmədi" ("Qurbanəli bəy").

Bəlkə də ölümdən gizlənmək üçün onu kinayə ilə xatırlayırdı? Düşünürəm ki, kinayə bədii modus və estetik kontekst kimi yaradıcılığında bu qədər güclü olmasaydı, onu eksistensializmə şamil etmək olardı...

"Ölülər"də ölüm sakral hadisədən gündəlik, ironik hadisəyə çevrilir. İrəvanın müsəlman toplumu qəbristanlıq, ölülər dünyası kimi təsəvvür edilir. Yas törənini, ölüm aktını kinayə dili ilə yuxu sferasına daxil etməklə içindəki ölüm qorxusunu çıxartmaq və ya ölüm xofunu boğmaq istəyirdi?

Ölümə qarşı kinayəsi, istehzası və yumoru o dərəyəcə çatır ki, personajlar yuxularında mərhumları, ya da kiminsə öldüyünü görürlər: "Mən özüm, doğrusu, yuxuya heç o qədər də inanan deyiləm: amma o gecə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib" ("Nigarançılıq"); "Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik məni çox istərdi..." ("İranda hürriyyət").

Həmidə xanım xatirələrində yazır ki, "Mirzə Cəlil yuxuya inanmazdı, lakin mayın 18-də şəhər yerindən pəjmurdə durmuşdu. O, dəhşətli yuxu görmüş və bundan çox ağır mütəəssir olmuşdu. Yuxuda o, çoxlu ölən, can verən və qan görübmüş.

Həmin gün axşam qızım Minanın yanına getmək istəyirdim (axır zamanlar o çox bədbin idi, çünki böyrəyinin ağrıları ona çox əziyyət verirdi. Qorxduğu üçün operasiyaya razı olmurdu), ancaq nədənsə yubandım. Birdən qapı açıldı. Minanın on bir yaşlı oğlu Rəşid təlaşlı vəziyyətdə içəri girib dedi ki, anam özünü güllə ilə vurub öldürüb.

Mirzə Cəlili dəhşət bürüdü... "Sən demə o, Minanın ölməyini də yuxuda görübmüş". 

Mirzə Cəlil ölümü oyun stixiyasına daxil edir. "Kamança"da qədim qurbanlıq ayini "oynanılır". "Kişmiş oyunu"nun süjeti arxaik "ölü oyunu"nu xatırladır. İki erməni Zurnalı kəndinə, bəydən borcunu almağa gəlir. Guya ki, bir dəvə karvanında kişmiş qarət edərkən dəvəçiləri öldürmüş zurnalıları ələ verər adıyla kənddən qaçırtmaq üçün "kişmiş oyunu"nu oynayırlar: "Biz elə bildik ki, bu da kişmiş tayıdır, amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi". 

Yazıçının xatirə yaddaşı sanki "bu qaranlıq dünyanın" proeksiyası idi, "bu dünyanı" vaxtsız tərk etmiş insanların tarixçəsi idi. "Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. Və səbəbsiz yerə başladı təzə övrətini döyməyə az keçmədi ki, dəliliyi şiddət elədi və axırda öldü getdi" ("Xatiratım"). Amma "Xatıratım" da nədənsə ağır xəstə olan həyat yoldaşını Tiflisə gətirməsini təsvir etsə də, onun ölümündən danışmır...

"Anamın kitabı" pyesi Zəhrabəyimin ölümü ilə bitir. Zəhrabəyim ona əsərin bədii məkanına ruh kimi daxil olub, ruh kimi də oranı tərk edir: "Mirzə Məhəmmədəli anasının əllərini soyumuş və can üstə görüb, qalxır durur övrətin başının üstündə və başlayır fatihə surəsini oxumağa".

Mirzə Cəlildə nigarançılıq ölümlə bağlı yaşantı prosesidir, ölüm təcrübəsinin gerçəkləşdiyi təhtəlşüur aktıdır. Nigarançılığın üfüqündə həmişə bir ölüm gözləntisi var.  Mehmanxanada dörd nəfərin nigarançılığı qara, bəd xəbərdən (ölüm xəbəri) qaynaqlanır. "Üç il, ya bəlkə dörd ildi, yoxsa yadımda deyil, bizim Baxşəli bəy gedirdi Gəncəyə. Apardım vağzala, bileti aldım və yola saldım getdi. O günün sabahısı Tiflisə xəbər gəldi ki, dəmir yolda bir maşın uçub dağılıb və miniklərdən bir neçə nəfəri şikəst olub və neçəsi də ölüb. Mən bunu eşitcək, dəxi ölüm getdim" ("Nigarançılıq").

Öz ölümünə münasibəti də dünyagörüşünə uyğun gəlirdi, ona görə də onu sakrallaşdırmaq istəmirdi.

Əslində elə ölümlər var ki, bilavasitə öz ölümünə işarə və ya bərabər idi: Mirzə Fətəlinin ölümü ilə bağlı xoşagəlməz hadisəni də unuda bilmirdi.

Sabirin vaxtsız ölümü onu yandırmışdı. Əliqulu Qəmküsarın qətli bərk sarsıtmışdı. Onlara həsr etdiyi anım yazıları bu şüuraltı ağrının ifadəsidir.

Mirzə Cəlildən musiqi "ölülər dünyası" ilə əlaqə saxlama imkanıdır. Bütün pyeslərinin sonunda musiqi çalınması bu üzdəndir. Spiritual-magik seansa çağırılmış ruhlar kimi, axırda aktyorlar da "bu dünya"nı musiqi sədaları altında tərk edirlər.

Baxşının kamançası Qəhrəman yüzbaşıya ermənilərin öldürdüyü Heydərin obrazını xəyalında canlandırır: "Qaraş, sən öləsən, biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, vay!" ("Kamança")

Mirzə Cəlil də ölümündən bir neçə gün öncə kamança çalıb "o dünya" ilə əlaqə saxlayır. Həmidə xanım  xatırlayır: "Dekabrın 30-da uşaqlar evdə yox idi. Mirzə Cəlil öz otağında uzanıb istirahət edirdi. Mən yemək otağında nə isə tikirdim. Bu zaman o yerindən durub əl-üzünü yuyub, Midhətin otağına keçdi və kamançasını götürüb öz otağına gəldi... Oturub kamança çalmağa başladı. O elə gözəl və yanıqlı çalırdı ki, mən qeyri-ixtiyari olaraq işi buraxıb ona qulaq asırdım. Çaldığı son hava o dərəcə təsirli və yanıqlı idi ki, adamın ürəyini yandırırdı. Kamançanın naləsini eşitdikcə ixtiyarsız olaraq ağladım. O, çalıb qurtardıqdan sonra ayağa qalxıb kamançanı öz yerindən asdı.

Bu, onun son dəfə kamança çalması idi". 

Tanatos (ölüm obrazı) daim izləməkdə davam edib - təhtəlşüur həmişə öz "işində olub". Ona görə də Mirzə Cəlil "Başqasının ölümü"nü öz ölümü kimi sinxron yaşayırdı: "Dekabrın axır günləri idi. Mirzə Cəlil və mən oturub çay içirdik. Mən ona mərhum atam haqqımda bəzi söhbətlər etdim, onun sətəlcəm olub çox əziyyətlə ölməsini danışdım. Sonra atam haqqında yazdığım xatirənin bir dəftərini ona oxudum. Xatirəni maraqla dinlədi və yazıb davam etdirməyi məsləhət gördü".

Mirzə Cəlilə görə, Həmidə xanım atasının ölümünü deyil, onun ölümünü yazmışdı. Ona görə də soruşur: "Nə üçün dəftərin axırında imza qoymursan?" Bu sözləri deyib dərin nəfəs aldı və dedi: "Mən qəfildən öləcəyəm. Heç kəsi narahat etməyəcəyəm".

Artıq real ölülər və virtual ölülər arasında sərhəd o qədər şəffaflaşır ki, özünü də orda görür: "Yanvarın 3-də Mirzə Cəlil qənd almaq üçün Fioletov küçəsindəki əmanət kassasından pul götürməyə getmişdi... İki saatdan sonra geri qayıtdı və kassadan götürdüyü pulu mənə verib dedi: "Bu gün bir neçə dəfə dəfn mərasiminə rast gəldim. Yaman çox adam ölür..."

Bu, Mirzə Cəlilin sonuncu tanatoqrafı Həmidə xanımın xatırlamasıdır...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!