Xuraman Hüseynzadə - Doğulmadan ölən istedad - Xuraman HÜSEYNZADƏ

Xuraman HÜSEYNZADƏ

 

Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Klimancaro 5890 metr hündürlüyündə dağ massividir. Suaxili dilində "parıldayan dağ" mənası verdiyi güman edilən "klimancaro" sözünün yaranması haqqında xeyli rəvayət var. Həmin rəvayətlərin bəzilərində "kilimancaro" sözünün "klima" və "ncaro" hissələrinə ayrıldığı deyilir. "Klima"nın suaxili dilində "təpə, alçaq dağ", qədim suaxili dilində isə "ağ", "parıldayan" demək olduğu bildirilir. Digər bir rəvayətə görə, sözün "ncaro" hissəsi kiçaqqa dilində "caro"- "karvan" mənasını verir. Bunlar fərziyyədir təbii ki.

Bu adın verildiyi "Klimancaro qarları" hekayəsindən danışacağıq. Ernest Heminqueyin ilk dəfə 1936-cı ildə işığa çıxan bu hekayəsi zəngin həyatın çətinliklərindən, zəhmət çəkmədən varlanmağın acı nəticələrindən, can üstdə olan bir yazarın yaşadığı xəyal qırıqlığından bəhs edir. "Klimancaro qarları"nda oxucu doğulmadan ölən istedadın faciəsini görür. Hekayənin qəhrəmanı Harri kübar və zəngin bir xanımla evlidir. Harri yazmaq istəyən, amma yaza bilməyən, istedadını pula qurban verən bir yazıçıdır. Canı ilə çarpışdığı, ölümün gəlib sinəsində oturduğu vaxt anlayır ki, yanında olmasını istədiyi qadın indi yanında olan qadın deyil. Artıq gecdir. Qatar çoxdan gedib...

Harri həyat yoldaşı ilə Afrikaya səyahət zamanı Klimancaroya ov etməyə gedir. Gözlənilmədən baş verən qəza onun həyatını təhlükəyə atır. Kolluğa təpilən antilop sürüsünün şəklini çəkmək üçün cəngəlliyə girdikləri vaxt tikan onun dizini cızıb qanadır. Ekstremal şəraitdə olduqlarından Harri dizinə yod, spirt və başqa məhlul sürtüb infeksiyanın qarşısını ala bilmir. Antilop sürüsü ona fotoaparatın düyməsini basmağa imkan vermədən qaçıb dağılışır. Bundan sonra Harrinin ayağı qanqrena verir və o, yatağa düşür...

İstedadın maddiyyata

məğlub olması...

İnsan nə vaxt arzularından əl çəkir? Hansı maneə onun arzularının qarşısında səddə çevrilir? Yəni arzuya qadağa qoymaq, onu reaallaşdırmaq istəyindən əl çəkmək olarmı? Heminquey deyir ki, olar. Yazıçının arqumenti də var: pul buna qadirdir! Elə bu hekayədə də o, oxucuya insanın maddiyyatın əsirinə çevrilməsindən bəhs edir. Pulun əsirinə çevrilərək tərtəmiz arzularından vaz keçən insanın həyat hekayəsindən nəticə çıxarmağı yazıçı, oxucuların öz öhdəsinə buraxıb... Ernest Heminquey Harrinin timsalında istedadına, düşüncələrinə sadiq qalmayanların əksəriyyətinin aqibətini göstərir. İstedadını maddiyyata qurban verən Harri ömrünün son saatında daxili aləminin sərt ittihamları ilə üz-üzə qalmalı olur. O, yaşadığı illər ərzində həyatın ona verdiyi zəngin materialdan bir yazıçı kimi istifadə etmək ümidilə yaşayır. Zəngin və kübar xanımla ailə quran qəhrəman bütün vaxtını müşahidə və əyləncələrə həsr edir, əsas məqsədini, arzularını reallaşdırmağı isə hansısa müəmmalı gələcəyə saxlayaraq sonda yazmağın daşını birdəfəlik atır. Yazıçı, bu hekayədə öz arzularına sadiq qalmamağın faciəvi sonluğundan bəhs edir... Zamana ümidli olmaq hardasa Klimancaro zirvəsində Harrinin taleyini yaşamağa bənzəyər-qəfil ölüm adamı zirvədə də haqlaya bilər...

Gərəksiz tərif də yuxuya bənzər,

Uyudar qələmi iş üstündə də.

İstedad elə bir toxuma bənzər,

Göyərər bir quru daş üstündə də.

 

Xalq şairi Məmməd Arazın istedada verdiyi gözəl qiymət...

Harri daş üstündə göyərən istedadının qədrini bilmir. Zirvəyə qalxmaq istəsə də zirvədə ölüm onun başının üstünü kəsdirir...

Zəngin insanlardan

yazmaq istəyi

Heminquey Harrinin öz istedadına necə qənim çıxmasına belə aydınlıq gətirir: "Öz istedadını o, özü məhv etmişdi, hər şeyi qadının üstünə yıxmaq indi nəyə lazımdı? Qadının günahı yalnız onda idi ki, onun həyatı üçün şərait yaratmışdı." Yazıçı, qəhrəmanının öz istedadını barışıq üçün heç bir ümid yeri qoymadan və özünə, öz əqidəsinə xəyanət etməklə məhv etdiyini deyir. Sərxoşluq, tənbəllik, avaralıq, şöhrətpərəstlik, təkəbbür onun hissiyyatını korşaldaraq həyatını puç edir.

Harri haçansa zəngin insanlardan mütləq yazacağını deyirdi. O, özünü onların tayfasından hesab etmir, bu düşərgədə bir casus olduğunu deyirdi. Nə vaxtsa həmin düşərgədən çıxacağını və onun barəsində yazacağını düşünürdü: "Özü də bu, nə haqda yazdığını bilən bir insan tərəfindən həyatda ilk dəfə yazılmış bir yazı olasıdır. Di gəl ki, həmin işdən yapışmağa özünü heç cür məcbur edə bilmədi, çünki özündən iyrənə-iyrənə yaşadığı, tam rahatlıq və eyş-işrət içində keçirdiyi günlərin hər biri onun yazmaq səriştəsini kütləşdirir, işləmək meylini zəiflədirdi; axırda da yazmağın daşını biryolluq atdı."

Ailədə, ictimai işlərdə, təsərrüfatda, yaradıcılıqda... ərinə arxa-dayaq olan, kömək edən nə qədər qadınlar var. Ailə qanunlarından biri də məhz elə budur. Lev Tolstoy Sofiya Bersin dəstəyi ilə "Hərb və sülh", "Anna Karenina" romanlarını yazıb. Böyük yazıçının gənclik illərindən qalan vərdişlərini - içki içməyi, qumarbazlığı və qadın düşkünlüyünü Sofiya unutdurub. Tolstoyun Yasnaya Polyanada yerləşən mülkündəki  kasıb həyatı, məişət tərzini-yatacaqsız çarpayıları, köhnə qab-qacağı, uçub-dağılan, təmirsiz otaqları görən Sofiya kənddəki mülkü bərpa etdirir. Sofiya Lev Tolstoya həm ana, həm də həyat yoldaşı kimi qayğı göstərir. Özü bu barədə danışarkən ərinin ona ən böyük ərməğanının öz yaradıcılığına verdiyi fayda olduğunu deyib. Sofiya, Lev Tolstoyun həyat yoldaşı olmaqla yanaşı həm də əsərlərinin üzünü köçürməkdə ona yardımçı idi. O, "Hərb və sülh"ün tam mətninin üzünü  7 dəfə köçürmüşdü. Sofiya, ərinin işlərini bacardığı qədər irəli çəkməyə çalışırdı. Böyük yazıçı heç vaxt belə -  azad şəkildə intellektual və mənəvi gücünü hiss etmədiyini yazırdı...

Eyni səadət Nabokova da nəsib olmuşdu. Onun Amerikada ən sakit yerin maşın olduğunu deməsi kifayət etmişdi ki, Vera sevgisini yenə sübut etsin. O, ərinin sürücüsü kimi onu sıx meşələrə aparır və yazmaq üçün tək qalmasına şərait yaradırdı. Nabokov, Vera olmasaydı bir kitab belə yaza bilməyəcəyini deyirdi. Əgər əlyazmaları zibillikdən xilas edilməsəydi, "Lolita" məhv  olacaqdı. 

Anna Dostoyevski də ərinin yaradıcılığına biganə qalmayan, onu pis vərdişlərdən uzaqlaşdıran həyat yoldaşı kimi tarixə düşüb. Fyodorun haqqında 2 bioqrafik kitab ("Anna Dostoyevskinin gündəliyi 1867"və "Anna Dostoyevskinin xatirələri") yazan Anna ərinə "Qumarbaz"ı tamamlamağa kömək etmiş, naşirin iddia etdiyi əsərlərin müəllif  hüquqlarının qorunub-saxlanmasına nail olmuşdu. Anna xatirələrində Dostoyevskiyə ürəyində sonsuz mərhəmət hissi olduğunu yazırdı: " Mən əsərlərinin vurğunu olduğum insana kömək etmək istəyirdim".

Qumarbaz Dostoyevski Avropada da şakərindən əl çəkmir. Annanın daş-qaşını və pal-paltarını girov qoyan yazıçının bu vərdişini arvadı xəstəlik kimi müalicə edirdi. Hətta o, bir dəfə özlərinin son ümidi olan pulu da yazıçıya vermişdi. Həyat yoldaşının belə səmimi davranışları nəticəsində Dostoyevski anlayır ki, Anna onun düşündüyündən də güclü və zəkalı qadındır. Pullarını itirən yazıçı arvadına heç vaxt qumar oynamayacağına və onun xoşbəxtliyinə çalışacağına söz verir və bu vədlərə sadiq qalır.

Harrinin qarşısına Sofiya, Vera, Anna kimi qadın çıxsaydı, o, başqa cür həyat yaşayar, istedadı məhv olmazdı. Heminquey bu əsərdə pula hərisliyin fəsadlarından, pulun istedadı necə məhv etməsindən danışsa da oxucu qəhrəmanın həyat yoldaşının laqeydliyinin də şahidi olur.  

Klimancaronun zirvəsi

əvəzinə ətəyi...

           

Oğlu hava qəzasında həlak olandan sonra məşuqları ilə əlaqəni tamam kəsən qadın tənha qalır. Onun Harri ilə tanışlığı həmin vaxta təsadüf edir.Harrinin kitablarını çox sevən qadının sevimli yazıçısına sahib olmaq istəyi hər gün bir az da çoxalırdı. Nəhayət, bu, baş verir. Gözəl və varlı olan bu qadın həm də çox səxavətliydi. Beləcə Harri yaradıcılıqdan uzaqlaşıb pulun hökmranlıq etdiyi həyata qucaq açır. İndi isə Harrinin zənginliyə qucaq açan həyatı sona yetmək üzrə idi. Bu həyatın bitməsilə qadının yenidən qurduğu həyat da sona çatırdı.

Harri təəssüflənirdi. Afrikanın ən uca zirvəsi olan Kilimancaroda bu hiss onu yaxalamışdı. Kaftarların, goreşənlərin əhatəsində Harri xəyala dalır, həyatını vərəqləyirdi... Çoxları kimi o da zirvəyə qalxmaq istəyirdi. Lakin istedadına xəyanət edən Harri indi özünü Klimancaronun zirvəsində deyil, ətəyində hiss edirdi...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!