Qəşəm İsabəyli - Uşaq şeirləri

 

Qış... yay... yaz...

Üç fəsil yaşayıram

Gündə mən.

Biri qış,

Biri yaydı,

Biri yaz -

İçində mən.

 

Babam -

Qar-yağışlı qış...

Atam -

Al günəşli yay...

Mən də ki, yaz -

Hay-haray.

 

Qış qarlayıb,

Soyuq məni vuranda,

Günəş doğur

Başım üstə o anda.

 

 

Nəzrin və yuxu...

-Çıq-çıq...

-Kimsən?

-Saatam.

-Qoymazsan bir az yatam?!

Yorulub, usanmışam,

İndicə uzanmışam!

 

-Taq... taq...

-Kimsən?

-Mənəm - İş.

-Nə var belə, görməmiş?!

Hələ Günəş də yatır...

Bu da məni oyadır!

 

-Lay... lay...

-Kimdi?

-Mən - yuxu.

-Gəl, açıqdı qapılar,

Gözüm üstə yerin var!

 

Qar

Qar yağıb, lap tək qalıb

Evimizin damında.

Yazığı gəlir adamın da.

Ay pişik

 

Ay pişik, miyoldama,

Çəkilib yana dursan!

Ay it, mırıldama, keç,

Pişiyi qorxudarsan!

O

 

-O nədir?

-Ulduz.

-Ata, dər, yeyim.

-Yeməzsən...

-Niyə?

-Yeməli deyil.

 

-O nədir?

-Bulud.

-Əl uzadıb, tut.

-Tutsam, dayanmaz,

Od vursam, yanmaz.

Yerin barıdı -

Su buxarıdı.

 

-O nədir?

-Aydı.

-Gedək Aya biz,

Ordan boylanaq

Bu dünyaya biz.

 

 

Siçan... Pişik...

-Ay pişik, yeri get yat.

-Siçan yatmayıb axı.

-Ay siçan, yeri get yat.

-Pişik yatmayıb axı.

 

Dəh-dəh

 

At sürürüəm:

- Dəh-dəh...

Anam deyir:

- Bəh-bəh!

Gül

 

Nənəm xalçaya gül əkib,

Xalçada - güllərin ləki...

 

 

Quş

Nəzrinin əlinə

Arı qonmuşdu,

Çığırdı:

-Baxın ey,

Nə gözəl quşdu!

Çəngəl-bıçaq

 

-Əlini yu.

-Yumuşam.

-Haçan?

-Səhər duranda.

-Belə oturacaqsan

Nahara oturanda?

-Necə?

-Əli bulaşıq!

-Onda nəyə gərəkmiş,

Ay ana, çəngəl-qaşıq?!

 

Günəş

-Niyə çıxırsan, Günəş?

-Oynayasan-güləsən.

-Niyə batırsan onda?

-Sən yatıb dincələsən!

 

Anarın sualı

-Ağacın balası var?

-Var. -

Budağındakı bar.

-Babam niyə dərdi bəs,

Bazara göndərdi bəs?!

Bəs

 

-Küləyin ayağı var?

-Yoxdu!

-Necə qaçır bəs?

-Küləyin  qanadı var?

-Yoxdu!

-Necə uçur bəs?!

-Küləyin gözləri var?

-Yoxdu!

- Necə görür bəs?!

-Küləyin əlləri var?

-Yox...

-Kepkamı götürür bəs!

 

Quzu

Buz kimi soyuqdu hava,

Quzuya bax, arxa girib...

-Ay quzu, ağzın üşüyər,

Dayan, gedim çay gətirim!

Yuxu

 

-Ay yuxu,  neyləyirdin?

-Ovlayıb-quşlayırdım.

Balaca dostlarıma

Yuxu bağışlayırdım.

 

Tək

Qapını küləkdi döyən,

Çöldə qalıb - təkdi, deyən?!

 

Ot... zəmi...

-Bu ot niyə saralıb,

Su içməyib, deyəsən?

Bel götürüb, ay ata,

Suvarıb, bəsləyəsən!

-Bəsləməyin xeyri nə,

Yanıb-qaralıb artıq?!

Bir də yaşıllaşmağı

Bahara qalıb artıq.

 

-Bu, zəmidi?..

-Hə...

-Oy... oy...

Hayıf  bundan - yanacaq.

Gözləməyək suçunu,

Gəl, suvaraq, ana can!

 

-Suçu verib suyunu,

Sünbülü dən bağlayıb,

Biçinçini çağıraq,

Ay oğlum, vağamlayıb!

 

Babam, arılar və mən

Babam arılarla

Vurub aramı -

Yuxulu-yuxulu

Alır başımın üstünü:

-Ağzını aç, bala! - 

Bal qoyur ağzıma.

 

Qış

Yağdı...

Amma yağış yağdı,

Yağammadı qarı - qış.

Qar üzünə həsrət qoydu

Bu il uşaqları qış.