Ülvi BABASOY - Paylaşmaq mədəniyyəti

Hər bir millətin genetik kodunda konkret dəyərlər mövcuddur. Almanlarda mənitiqi təfəkkür aparıcıdır. Yaponlar dəqiqdirlər. Ermənilər saxta, yalan bir şeyi həqiqət kimi təqdim etmə məharətinə malikdirlər. Azərbaycan xalqı isə ən çox fədakarlığı ilə seçilir.

Ülvi BABASOY

 

Ülvi BABASOY

 

Filip Rotun "Arzu professoru" romanının qəhrəmanı Kepeş keçmişlə indi arasında çapalayır. O, ənənəni də, müasirliyi  də yaşaya bilmir. Keçmişlə bağlar qopub. Nə o yanlıqdır, nə də bu yanlıq. Qaçılmaz  bir durumdadır. Kepeşin ekzistensial uyumsuzluğu daha çox fərdin düşüncə dünyası ilə bağlıdır. Azərbyacan Xalq Cümhuriyyətinə qədər isə yaddaşın bütün formaları dağınıq idi. Qərarsızdı. Hüriyyətlə  bərpa olundu. Bütövləşdi. Az imkanlarla çox işlər görüldü.  Fərdi, ictimai və kollektiv fikirlər vahid amala xidmət etdi. Həqiqətə. Millətin və dövlətin mövcudluq gerçəkliyinə.

Fərd və xalq birləşdi. Bu kütləvi hadisə deyildi. Elitardı. Ziyalılıq, həqiqi bəylik və xanımlıq meyarı əsas idi. Ənənə və müasir həyat arasında əlaqə quruldu. Cümhuriyyət qurucuları qısa müddətdə sürətli və məhsuldar tarix yaratdılar. Ancaq Sovet rejimi həmin  tarixi yaddaşı pozmağa reaksiya olaraq yarandı. Arzulanan, xəyal edilən  fərd, millət və dövlət üçbucağı formalaşmışdı. Zərurət həqiqətə çevrilmişdi. Hamısı alt-üst edildi. Bəs bunun əsas səbəbi nə idi? Tarixi şərait? Niyə uzun müddət özünəqayıdış mümkün olmadı? Çünki əqidə və sağlam düşüncə əldən alınmışdı. Aradan götürülmüşdü. Hürr fikir və şəxsiyyət yox idi.  Bu o demək deyil ki, sovet dövründə  heç bir dəyər mövcud deyildi. Ancaq şüur və təfəkkür dəyişdirildi. Repressiyalar şəxsiyyət və dəyərlərin məhvinə yönəldi.

Hər bir millətin genetik kodunda konkret dəyərlər mövcuddur. Almanlarda mənitiqi təfəkkür aparıcıdır. Yaponlar dəqiqdirlər. Ermənilər saxta, yalan bir şeyi həqiqət kimi təqdim etmə məharətinə malikdirlər. Azərbaycan xalqı isə ən çox fədakarlığı ilə seçilir. Genetik səviyyədə fədakarlıq var millətin əqidəsində. Ancaq ənənənin kökü kəsilməyə çalışıldı sovet dövründə. Fədakarlıq müasir və modern tarixdə cümhuriyyəti yaradanların adı ilə bağlıdır. Fədakarlıq geniş mənalar ehtiva edir. Ailə daxilində fədakarlıq. Öz işini vicdanla görmək və başqa əməllər, amallar. Paylaşmaq mədəniyyətinə sahib olmaq isə hamıda olmur. Özündə olanı başqasına vermək duyğusu geniş və böyük ürək  tələb edir. Bilik və maarif paylaşılanda çoxalır. Ətrafı gözəlləşdirir. Ancaq maddi gəliri paylaşmaq daha nadir bir duyğudur. Çətindir axı. Cümhuriyyəti yaradanlar bu keyfiyyətləri ilə də fərqlənirdi. Hər birində məxsusi dəyərlər mövcud idi. Onlardan birini yada salmaq bəs edir ki, özümüzlə söhbət edə bilək. O dəyərli hisslərdəm bizdə nə qədər qaldığını aydınlaşdıraq. Özümüzü, ancaq və ancaq özümüzü sorğu-sual edək. Daha sonra başqa şəxslər və problemlər barədə danışmaq və sorğulamaq haqqı yarana bilər.

Nəsib bəy Yusifbəyli Cümhuriyyyət dönəmində maarif, maliyyə, dini etiqad və daxili işlər naziri vəzifələrində çalışır. Dördüncü hökumətin isə baş naziri olur. Atasına yazdığı məktub hər kəsə məlumdur. Ancaq bunu bilmək nəyisə  dəyişdirirmi? Tarixin nadir səhifələrindən biridir. Baş nazir atasından pul istəyir. Çünki müəllimlərə maaş verə bilmək üçün nazirlər əmək haqqı almır. Ata isə oğluna deyir ki, uşaqlıqdan bütün ehtiyaclarını qarşıladım. Xaricdə təhsil aldın yenə məndən asılı oldun. İndi isə bir ölkənin baş nazirisən və yenə mən? Ata öz növbəsində haqlıdır. Ancaq düşünmək lazımdır: Repressiya təkcə fiziki məhv etmə prosesi deyildi. Əqidənin məhvinə yönəlmişdi. Fədakarlığın, paylaşma mədəniyyətinin yerini şəxsi mənafe aldı. Şəxsi gəlir millətin mənafeyindən üstün tutuldu. Nəsib bəylər hər dövr üçün nümunəyə çevrildi. Onlara baxmaqla öz kimlik və mahiyyətimizi sözün hər mənasında görmək imkanı yarandı. Nəsib bəy fərdi, şəxsi məsələlərdə də fədakar idi. O, Bakının işğalı zamanı keçmiş həyat yoldaşı Şəfiqə xanımın yanına gedir. Cibində olan son pulu masanın üstünə qoyur. Şəfiqə xanımdan xahiş edir ki, övladlarını qorusun. Ancaq özü faciəvi şəkildə həyatla vidalaşır. İndi, hürriyyətin yüzüncü ilində belə bir sual verirəm özümə. Əslində, bu sual tarix və zamanın özündən doğur. Bu əxlaq və əqidədə olan insanlar qalsa idi necə olardı?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!