Azərbaycan Xalq Cümhuriyyətindəki Litva konsulunun Şərq mövzulu əsəri
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında
Milli İcmalar Şurasının üzvü
Tərcüməçidən ön söz
Vintsas Kreve-Mitskəviçyus (1882-1954) XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarından biridir, eyni zamanda, görkəmli ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəni xadim olaraq tanınıb. O, Kaunas və Vilnüs universitetlərinin professoru (1922-1943), həmçinin, Litva SSR Elmlər Akademiyasının ilk prezidenti olub (1941). Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı isə Mitskəviçyusdur.
Vintsas Krevenin ədəbi irsi Litva ədəbiyyatı qızıl fondunun çox mühüm bir hissəsini təşkil edir. Bu irsin bir qismi indiyədək Litva məktəblərində tədris proqramlarına daxil edilir və müntəxəbati əsərlər kimi tədris olunur. Litvalı ədəbiyyatşünas və tənqidçi, professor Vitautas Kubilyus (1926-2004) yazır ki, "...V.Kreve öz yaradıcılığında Avropa universallığını və janr müxtəlifliyini çoxvektorlu və polifonik şəkildə əks etdirən, milli idealizm yönlü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən ilk Litva yazıçısı olaraq, ən məşhur milli psixoloji surətlərin və milli ədəbi üslubun yaradıcısıdır..."
V.Kreve, həmçinin, çoxəsrlik Litva-Azərbaycan ədəbi-mədəni və ictimai-siyasi əlaqələri tarixinə yeni səhifələr yazmış, xalqlarımız arasındakı münasibətlərin inkişafına qiymətli töhfələr vermiş, Azərbaycan mədəniyyəti qarşısında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub.
Litvalı yazıçı 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator Universitetini bitirdikdən sonra - 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib, həmçinin, Bakıda ictimai-siyasi və mədəni xadim kimi fəaliyyət göstərib.
Həmin illərdə Bakı 1-ci realnı məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən böyük pedaqoq və yazıçı Abdulla Şaiqlə (1881-1959) V.Kreve dostluq və yaradıcılıq əlaqələri saxlayıb. A.Şaiq 1957-ci ildə V.Kreve haqqında yazdığı xatirələrində minnətdarlıq hissilə qeyd edir ki, Litva yazıçısı onun "...ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməsində böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
V.Kreve 1917-1918-ci illərdə Bakı şəhər Dumasının deputatı olaraq fəaliyyət göstərib. O, eyni zamanda, 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri təməlinin qoyulmasında və ölkələrimizin beynəlxalq aləmdə de facto tanınmasında önəmli işlər görüb. Belə ki, V.Kreve 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olaraq çalışıb (V.Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınıb. - M.H.).
V.Krevenin həyat və fəaliyyətinin Bakı dövrü bir yazıçı və dramaturq kimi onun yaradıcılığında ən məhsuldar və dəyərli illər hesab olunur. O, Litva ədəbiyyatının qızıl fonduna daxil olmuş bir sıra məşhur əsərlərini - "Şarunas" dramını, "Skirgayla" və "Kürəkən" pyeslərini, "Daynava diyarı qocalarının rəvayətləri" kitabını, "Küləşlə örtülmüş dam altında" hekayələr toplusunu, "Səma və Yer oğulları" roman-epopeyasının böyük hissəsini və digər klassik əsərlərini məhz Bakıda yaradıb.
Şərq fəlsəfəsi, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti, Bakının qaynar ictimai-siyasi mühiti və o dövrdə burada baş vermiş coşqun hadisələr V.Krevenin ədəbi, elmi və publisistik yaradıcılığına güclü təsir göstərib. Xüsusilə qeyd etmək lazımdır ki, V.Krevenin Bakıda Şərq mövzusunda yaratdığı əsərlər onun ədəbi irsində müstəsna yer tutur və nüfuzlu kreveşünas alimlərin fikrincə, sənətkarın bütün yaradıcılığının ideya-fəlsəfi açarı hesab olunur. Bunu litvalı yazıçının Azərbaycan mövzusunda yaratdığı əsərlər ("Azəristan ölkəsi", "Qartal haqqında nəğmə", "Çarpışan qüvvələr" və "Bolşeviklər") barədə də demək mümkündür. Həmin əsərlər Litva ədəbiyyatına əvəzsiz bədii incilər, bənzərsiz surətlər, yeni məzmunlu bədii təsvir və ifadə vasitələri, əsrarəngsiz təşbeh və metaforalar sistemi, lirik-fəlsəfi duyğular dünyası və xüsusi bir Şərq zənginliyi gətirib.
V.Krevenin Şərq mövzusunda yaratdığı əsərlərin bir qismi onun ilk dəfə 1930-cu ildə Kaunasda çapdan çıxmış məşhur "Şərq hekayətləri" adlı kitabında toplanıbdır. Bu kitaba Baltik xalqları ədəbiyyatı tarixində ilk dəfə olaraq İslam, Buddizm, Zərdüşt və Yəhudi dinləri mövzusunda yazılmış beş dini-fəlsəfi əsər - "Pratyekabudda", "Kralın ən yaxşı şərabını saxladığı qab", "Azəristan ölkəsi", "Çarpışan qüvvələr" və "Qadın" adlı hekayətlər daxildir.
V.Krevenin Bakıda yaratdığı Şərq mövzulu məşhur əsərlərdən biri də "Qartal haqqında nəğmə" rəvayətidir. Əsər ilk dəfə müəllifin 1912-ci ildə Vilnüsdə buraxılmış "Daynava diyarı qocalarının rəvayətləri" kitabında çap edilib. Kitaba doqquz rəvayət daxildir. Romantik ruhda qələmə alınmış bu rəvayətlər eyni zamanda həm milli, həm də bəşəri ideyalarla zəngindir.
Tanınmış Litva ədəbiyyatşünasları Yonas Lankutis (1925-1995) və Albertas Zalatoryusun (1932-1999) fikrincə, V.Kreve "Daynava diyarı qocalarının rəvayətləri" toplusunda bədii üslubun elə parlaq ifadə formasını yaradıb ki, müasir oxucular və ədəbiyyat araşdırmaçıları Litva folklorunun poetikası haqqında mülahizələr yürüdərkən, çox zaman qədim folklor nümunələri əvəzinə bu əsərlərə istinad edirlər. Sözügedən rəvayətlər özündə "nazlamalara", "əzizləmələrə" aid çoxlu sayda orijinal epitetlər, Litva folkloru üçün xas olan rasional məzmunlu metafor və təkrirlər qalereyasını ehtiva edir. Bir sıra parçalarda isə, hətta Litva poeziyasının ən gözəl şeir nümunələrinin melodikliyindən belə geri qalmayan həmahənglik və incəlik hiss olunur.
Bütün bunlarla bərabər, kitaba daxil olan rəvayətləri - ələlxüsus, "Qartal haqqında nəğmə" əsərini oxuyarkən Şərq motivlərini aydınca sezmək mümkündür. Həm də ki, Qartal surəti Litva folkloru və ədəbiyyatı üçün səciyyəvi hal deyildir. Sözgəlişi qeyd edək ki, digər Şərq xalqlarının ədəbiyyatları ilə yanaşı, Azərbaycan folklorunda da "Qartal haqqında nəğmə"yə bənzər bir sıra ədəbi nümunələr mövcuddur. Odur ki, əsərdə, həmçinin, Azərbaycan folklorunun izini və ab-havasını, Azərbaycan dağlarının əyilməz əzəmətini duymaq çətin deyil. Bütün bunlar bir daha V.Krevenin öz yaradıcılığında həm də Azərbaycan ədəbiyyatı və ümumən Şərq folkloru qaynaqlarından faydalandığını göstərir.
"Qartal haqqında nəğmə" rəvayəti mənsur şeir formasında yazılmış əsər olaraq, Azadlığa və Müstəqilliyə oxunan möhtəşəm bir Himn kimi səslənir. Rəvayət Litva ədəbiyyatının ümumi mənzərəsinə çox təbii şəkildə daxil olub və ədəbi ictimaiyyət tərəfindən elə məhəbbətlə qəbul edilib ki, V.Kreve ədəbi istedadının ən sadiq pərəstişkarları "Qartal haqqında nəğmə" əsərindən bir çox parçaları bu gün də əzbərdən söyləyirlər.
Əsərin birbaşa orijinaldan edilmiş tərcüməsini dəyərli oxuculara təqdim edirik.
Vintsas KREVE
Qartal haqqında nəğmə
Rəvayət
Çox-çox uzaqlarda, gündoğan tərəfdə dağlıq bir ölkə vardır. O qədər gözəldir ki, bu ölkə, onu bizim diyarın adamları hətta, yatıb yuxuda belə görə bilməzlər. Bu ölkədə dağlar ucadır. Elə ucadır ki, bu dağlar, onların ağsaçlı zirvələrinə nə insan ayağı dəyir, nə vəhşi heyvan qalxır, nə də adi quş uçub qona bilir. Yalnız buludlar bu zirvələrdə gecələyir, təkcə bəm-bəyaz donlu qış burada özünə əbədi yuva salır, ancaq azad, vüqarlı qartallar bu zirvələrdə bala çıxarır, böyüdüb qanad açmağı öyrədirlər...
Sinəsi hər tərəfdən sıldırım və çıxılmaz qayalarla əhatə olunmuş uca dağ zirvəsindəki yuvada bala Qartal böyüyürdü. O nə qədər ki, balacaydı, tüklənməmiş qanadları zəif idi və onu hələ səmalara qaldıra bilmirdi, başı üzərindəki göy ənginliklərə baxır, uca zirvələrdən çox-çox yuxarılarda səssizcə süzən güclü, qocaman qartalları həsədlə seyr edirdi. Və onda bala Qartalın ürəyi böyük arzu duyğuları ilə döyünürdü:
- Böyüyüb qüvvətlənəndə, mən də qocaman qartallar kimi göylərin ən uca qatlarında qanad çalıb süzəcəm.
Qartalın ürəyindən belə qanadlı arzular axdıqca o, sevinirdi ki, məhz Qartal doğulubdur və mavi yüksəkliklərə - insan əlinin çatmadığı, zəif quşların uçub qalxa bilmədiyi göyün ənginliklərinə baş vuracağı günü böyük səbirsizliklə gözləyirdi.
Çox illər keçdi, Qartalın qanadları möhkəmləndi... Və Qartal qıy vurub pərvazlandı, mavi səmanın sonsuz dərinliklərinə şığıyıb süzməyə başladı, harada ki, yalnız qocaman qartallar qanad çalmadan səssizcə süzürdülər. Amma Qartal artıq sevinmirdi ki, göyün ənginliklərinə qovuşub süzə bilir, harada ki, digər qartallar da əzəmətlə süzürdülər... O, hər dəfə qüdrətli dağın dümağ qarlı zirvəsinə qonanda, güclü qanadlarını getdikcə daha tez-tez geniş açıb uzadaraq, çox-çox uzaqlarda qızıl telli günəşin hər səhər oyanıb qalxdığı üfüqlə qovuşan və ucu-bucağı görünməyən mavi səmaların sonsuz ənginliklərini vurğunluqla seyr edirdi.
Və ürəkdən belə arzulayırdı:
- Qanadlarım qocaman qartalların qanadları kimi möhkəmlənəndə və səmalarda yorulmadan süzməyi öyrənəndə elə yüksəkliklərə qalxacam ki, orada hələ heç bir qartal süzməyibdir. Mən səmaları yara-yara elə ənginliklərə baş vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan etməyibdir, mən yer üzündən ucsuz-bucaqsız göylərin sonsuz dərinliklərinə aparan yolu tapacam.
- Bax, onda hamı heyrətə düşəcək və biləcək ki, belə bir Qartal var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi fəth etdi ki, oraya indiyədək heç bir qartal qalxa bilməmişdi, - o Qartal ki, yerdən ən yüksək göylərə təzə yol açdı.
- Və onda bütün canlı varlıqlar yanıma gəlib baş əyəcək və təmənna edəcəklər ki, onlara həmin yolu göstərim...
Belə arzulayırdı Qartal və bu cür yüksək arzularla yaşadıqca sevincindən çığırırdı, sinəsini getdikcə qabardan qüdrət duyğuları və durmadan ürəyinə axıb dolan cəsarət hissləri sezirdi özündə...
Eh, dünyada elə qüvvə yoxdur ki, ona Qartalın cəsarəti çatmasın. Qartallar Qartalının!
***
Qartalın yaşadığı dağlar məkanında bir dağ vardı ki, bütün dağların ən ucasıydı. Qartal qartallar Qartalı olduğu kimi, həmin dağ da bu ölkədəki bütün dağların dağıydı. Onun ağappaq qar örtmüş zirvəsi üfüqdən boylanan günəşin qızılı şəfəqlərində bərq vurub par-par parıldayanda, ətrafdakı bütün dağlar şəffaf nura boyanıb apaydın görünərdi. Heç yerdə nə bir bulud topası, nə də nazikcə duman duvağı belə görsənməzdi, dağların dərinliklərində gecələyən duman-çən isə qayalıqlar arasında, dibsiz uçurumların qaranlığında gizlənərdi...
Amma zirvənin başını boz buludlar alıb qaş-qabağı tutulanda, qalın duman pərdəsinə bürünüb qamçılı şimşəklərlə bəzənəndə, bütün ölkə çiskinlik içində zal toranlığa qərq olardı, dağlarsa heybət doğuran bir görkəm alardı. Onda şiddətli çovğun yuxudan oyanar, hayqıra-hayqıra qalxıb hər tərəfdən qara bulud və duman laylarını qovaraq ağbaşlı zirvələrin yanından ötürüb aşağılara gətirərdi... Tufan kükrəyib qopar, dalğalar şahə qalxar və dünyada canlı nə varsa, hamını lərzəyə salıb zağ-zağ əsdirərdi. Qorxuya düşmüş insanlar, vəhşi heyvanlar və uçan quşlar təhlükədən uzaq yerdə sığınacaq tapıb daldalanardılar. Uca dağlar arasında doğulub baş qaldırmış tufan canlıların hamısı üçün günəşin üzünü örtüb aləmi zülmətə qərq etməyə çalışar, yüksək dağ tirələri arasındakı ensiz dərələrdə, dar çökəkliklərdə şiddətlə uğuldayar, dağlararası yarıqlarda ulaya-ulaya geniş açıqlıqlar axtararar, heç bir maneə görmədən coşub tüğyan etmək üçün ucsuz-bucaqsız düzənliklərə, sonsuz səhralar qədər geniş çöllərə can atardı...
Qartal həmin dağlar dağının ən uca və çıxılmaz qayasının üstündə özünə yuva yeri seçdi, sonra əbədi əriməyən dümağ qar çələngindən başına tac qoyulmuş zirvədən də yuxarı qalxdı, geniş açılmış möhtəşəm qanadlarıyla günəşin qabağını pərdələyib zirvəyə kölgə saldı...
Bu zaman dağın qaşları çatıldı, alnı qırışdı və açıq sifəti dumanlanıb tutqunlaşdı. Sifəti tutqunlaşan kimi, boran mürgüdən ayıldı, dəhşətli tufan qopdu, qara duman, qatı çən yayılıb Qartalın yolunu çulğaladı ki, o, qalxıb mavi yüksəkliklərdə süzə bilməsin, qanadlarıyla dağın zirvəsinə kölgə salmasın, günəşin qabağını kəsə bilməsin, gücüylə fəxr edib lovğalanmasın...
- Ehey, Qartal, gizlən, çovğun ulamayan, yağmur tutmayan bir sığınaq tap, tufan əli çatmayan yer seç özünə!
Qəzəblənmiş Dağ bunu deyib dəli tufanı göndərir onun üstünə.
- E-ehey, Qartal, gizlən, daldalanmaq üçün yararlı yer axtar! Görürsənmi, o biri qartallar çoxdan gizləniblər!
Məğrurdu Qartal, tufandan qorxmadı. Onun sinəsi çoxdandı ki, döyüşmək üçün susamışdı, lakin rəqibi yoxuydu. Qartal güclü qanadlarını lap geniş açdı və kükrəyib uğuldayan dalğaların, ulayan tufanların cövlan etdiyi yerə baş vurdu ki, şiddətli çovğunla kəllə-kəlləyə gəlib qurşaq tutsun, çaxan şimşəklərə sinə gərib əlbəyaxa olsun, guruldayan ildırımlarla ötkəm-ötkəm danışsın...
- E-ehey, Qartal, sən ey möhtəşəm uzunqanadlılar Hökmdarı! Apardığın mübarizə çox çətindi, olduqca şiddətlidi. Qasırğalar hamar tüklərini, lələklərini qarışdırıb pırpızlaşdırır, müdhiş burulğanlar ağırlaşmış qanadlarını burub qırır, leysan yağışlar səni aramsız döyəcləyib ağır daş kimi yerə çırpmaq istəyir...
Tufan geniş çöllərə, ucsuz-bucaqsız düzənliklərə can atırdı, böyük düzəngahlar axtara-axtara Qartalı da özüylə uçurub oralara aparırdı...
Dəli tufan elə hey hayqırırdı... Çöllərin, dəryaların, ormanların üzərindən gurultu ilə ötüb keçirdi... Qızmış köhlənini dördnala çapdıqca Qartalı da öz ağuşunda uzaqlara aparırdı...
Vay-vay, zavallı Qartal uca dağlardan getdikcə uzaqlaşıb çox uzaq düşmüşdü, artıq insan yaşayan vadilərin üzərindən uçub keçirdi. Olduqca yorğun idi, üzülüb əldən düşmüşdü Qartal, azacıq yorğunluğunu almaq üçün taqətsiz halda yerə endi. İnsanlar Qartala tor qurub tutdular və qızıl suyuna çəkilmiş böyük, gözəl bir qəfəsə saldılar.
***
Beləliklə, insanlar Qartalı qəfəsə salıb bağladılar, qəfəsi çoxlu ev və çöl quşları saxlanan yerə qoydular.
Həmin yerdə cürbəcür quşlar - kəklik, toyuq, qaz, hinduşka və başqa quşlar vardı...
Qartal olan qəfəsi ən gözəl yerdə qoydular. İnsanlar sevinirdilər ki, Qartal tutublar, qartallar Qartalını və onun qabağına ən dadlı yeməklər qoyur, tərtəmiz bulaq suyundan tökürdülər... Amma Qartal nə sudan içir, nə də yemək yeyirdi, yalnız özünü qəfəsin divarlarına çırpır, caynaqlarıyla elə hey məftilləri didir, dimdiyilə təkrar-təkrar zərbələr endirir, qanadlarıyla sütunları vururdu...
Çatladı Qartalın dimdiyi, caynaqları qopdu, sinəsi yaralanıb al qana batdı, qanadları əzilib qırıldı, amma qəfəsdən azadlığa qurtulmaq savaşını dayandırmadı Qartal!
O, qəfəsdə də insanların köləsi olmaq istəmirdi... Onu öz qoynuna səsləyən mavi səmanın genişliklərinə can atırdı...
O biri quşlar insanların Qartala necə böyük qayğı göstərdiyini, Qartalınsa bu qayğıya biganə qalmasını görürdülər, görüb təəccüblənir və Qartalı heç cür anlaya bilmirdilər.
- Gör, necə nankordur, - deyə Qaratoyuq dilləndi. - Əgər insanlar mənim qeydimə elə qalsaydılar, gecə-gündüz onlar üçün nəğmələr oxuyardım.
- Axı, ona daha nə lazımdır? - deyə Ördək danışdı. - İnsanlar ona arzu etdiyi hər yeməyi verirlər. Əgər özünü bu qədər qürrəli aparmasaydı, insanlar onu heç qəfəsdə saxlamazdılar. Deyirlər, o, dağlarda yaşayıb. Məgər, orada güzəran insanların güzəranından daha yaxşı keçir? Məgər, orada burada olduğu qədər qurbağa balaları tapa bilərmi?..
- Güman etmirəm ki, başqa bir yerdə buradakı peyinlikdən daha yaxşı peyinlik olsun! - deyərək Xoruz səsləndi. - Baxın, onun o cür sivri caynaqları, iti mahmızları ki var, gör peyinlikdə necə rahat eşələnə bilərdi. Və nə qədər orada yaxşı şeylər tapardı! Eh, ağılsız quş, öz xoşbəxtliyinin nədə olduğunu anlamır...
- Qa-qa-qa! - Qaz da dilə gəldi. - Axı, o, bundan artıq nə istəyir? Göylərdə nə tapacaq ki? Bizim insanların otlaqlarındakı zəngin bataqlıqlardan daha heç yerdə yoxdur. Mənim bacılarım, hansı ki, insana məxsus deyillər, hər il yayda uzaq ölkələrdən uçub bura gəlirlər.
- İnsanlar deyirlər ki, o dağlarda hava soyuq olur, qış orada əbədi cövlan edir. - Qaranquş lap alçaqdan uça-uça incə səsini çıxardıb danışdı; o, çox-çox uzaqlara səyahətlər etmiş, çox yerlərdə olmuş və çox şeylər görmüşdü.
- Axı, niyə o, özünü belə şişirdib yuxarı dartır, təkəbbürü yerə-göyə sığmır, nəyilə fəxr edir ki? - Bu arada Hindxoruzu söhbətə qarışdı. - Heç olmasa, dimdiyi mənim dimdiyimin üstündəki xortumcuq kimi al-qırmızı mərcanlarla bəzənsəydi, dərd yarı olardı.
- Və ya, heç olmasa, mənimki kimi əlvan quyruğu olsaydı! - deyərək Tovuzquşu lovğalandı.
- Ya da caynaqları... Bir onun caynaqlarına baxın hələ! Mənimkilər onunkindən heç də əskik deyil. Yaxud mən al pipiyimlə fəxr edə bilmərəm ki? Heç kəsin belə pipiyi yoxdur... Quq-qulu-qu!
- Yoxdu, yoxdu, yoxdu, - toyuqlar xorla qaqqıldaşdılar və aşiqanə-aşiqanə xoruza nəzər saldılar...
- Baho, pipik! Nə matah şeydir ki, sənin pipiyin... Banlayanda da elə qışqırırsan ki... Bəlkə mənim kimi fışıldaya bilirsən, hə? Yoxsa boynun mənim boynum qədər incə və çevikdir? - deyərək Erkək qaz qeyzlə səsini çıxartdı.
- Düzdü, düzdü, düz deyirsən, - dişi qazlar gur səslə qaqqıldaşaraq onun bu sözlərini hamılıqla təqdir etdilər.
- Sözün düzünü danışın! Əgər, daha gözəl, daha gözəgəlimli olsaydınız, insan sizi məndən yaxşı yemləməzdimi?! Mənisə insan hamınızdan çox xoşlayıb sevir ki, həmişə təzə südlə yemləyir! - Hindxoruzu lovğa-lovğa danışaraq dimdiyinin üstündəki xortumcuğu və köksündəki al-qırmızı mərcanları salladıb şeşələndi, quyruğunu təkəbbürlə yelpik kimi açıb hərlədi. - Məndən itlər də qorxurlar! Mən hamınızdan cəsuram...
Beləliklə, quşlar bir-birilə bəhsə girdilər, sonra möhkəmcə sözləşməyə başladılar, mübahisələri getdikcə qızışıb az qala əməlli-başlı savaşa dönəcəkdi... Lakin nagahdan insan gəldi və onlara dənli yem səpdi. Bütün quşlar mübahisə və çəkişmələri unudaraq sevincək halda dən dənləməyə qaçdılar. Doyunca dənlədikdən sonra yenə Qartal olan qəfəsin başına yığışdılar və onu məzəmmət etməyə davam etdilər ki, əbəs yerə qürrələnib özünü çəkir. Əgər özünü yaxşı aparsaydı, insan onu qəfəsdən azad buraxardı... Lakin əvvəlcə qanadlarını qısaltmaq lazım gələrdi, qaratoyuğun gödək qanadları kimi... Caynaqlarını da kəsmək lazım olardı, məgər elə caynaqlarla yaşamaq olar?!.
Lakin Qartal onların sözlərinə qulaq asmırdı. O, nə yeməyə toxunur, nə də suya baxırdı. Getdikcə zəifləyib taqətdən düşürdü, qanadları artıq ona qulaq asmırdı. Qəfəsin bir küncündə qəmgin-qəmgin büzüşüb oturmuşdu, yaralanmış sinəsindənsə qan axırdı...
...Öldü Qartal... Azadlığı əlindən alınandan sonra həyatını da itirdi. Qoy insanlar bilsinlər ki, azad doğulmuş Qartal qəfəsdə də azad ölə bilər, amma heç vaxt insanların quluna dönməz. Baxmayaraq ki, vücudu qəfəsdəydi, əsarətə alınmışdı, lakin kim onun Qartal əzəmətini qırıb alçalda bilərdi, kim onun möhtəşəm ruhunu məhv edə bilərdi?! Qartal qəfəsdə də çox yüksəklərdə uçurdu, hətta onun öz qanadlarıyla qalxa bilmədiyi yüksəkliklərdən də yüksəklərdə!..
Öldü Qartal... Dağları, Günəşi arzulaya-arzulaya... Ətrafında toplaşıb onun haqqında danışan quşları - toyuqları, qazları - Qartal nə gördü, nə də dediklərini eşitdi.
- Ey insanlar, qəddar insanlar, axı, niyə məhv etdiniz Qartalı?!.
- Azad doğulmuş, azad böyümüş Qartal təkcə bir şeyi - çətin əldə olunan azadlığı sevirdi...
- Ona nə qədər yaxşı yeməklər versəniz də, xalis qızıldan düzəldilmiş gözəl qəfəsə salsanız da faydası yoxdur - Qartal heç zaman insanlara qul olmayacaq: onun fikri-xəyalı həmişə yüksəklərdə uçur...
- Ey insanlar, qəddar insanlar, axı, niyə Qartala əzab verib öldürdünüz, niyə məhv etdiniz qartallar Qartalını?!.
Litva dilindən tərcümə edən: Mahir HƏMZƏYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!