Haqqında az yazılan, az tədqiq olunan, poeziyası ərəb-fars izafətlərindən yoğrulmuş çətin anlaşılan dilin şairidir Hadi. Amma çətinlik bunlarda deyil, əlbəttə. Hadi yaradıcılığı bütün parametrləri ilə XX əsr dünya poeziyasının ölçülərinə adekvatdır. Onu bu ölçülər daxilində araşdırmaq, bu yöndən tədqiq etmək müəyyən estetik səviyyəyə yetmək tələb edir müəllifdən. Və tək onu yox, XX əsrin birinci yarısında yaşayıb-yaratmış əksər sənət fədailərimizin irsini.
Məhəmməd Hadi sovet rejiminin qurbanlarından biri oldu. Bu cür vətən sevdalı şairi, dövrün Osmanlı mətbuatını belə lərzəyə gətirən, açıq və üsyankar yazılarına görə barəsində ölüm hökmü kəsilən nəhəng bir sənətkarı sovet hökuməti sərxoş, sərgərdan biri kimi tanıtdı bizlərə. Taleyin hökmümü deyək buna, ya göy qübbəsinin altında heç nəyin boşuna axıb getməməsimi adlandıraq, bilmirəm, hər halda böyük gələcək onların xeyrinə işlədi. İndi budur, Cümhuriyyətin yüzüncü ildönümünü qeyd edirik, bu söz ardınca bir qism ad gətirir. Vaxtilə sovet rejiminin silməyə, yox etməyə çalışdığı bir qism ad... Bu onların haqqıdır. Çünki Azərbaycan Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi. 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti də əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi, seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu. O da maraqlıdır ki, bizdə heç vaxt intellekt və emosiya potensialı o dönəmdəki kimi toplu şəklində üzə çıxmadı - vahid ədəbi-estetik qayəyə xidmət mənasında yəni. Cümhuriyyət ədəbiyyatının tədqiqatçısı Alxan Bayramoğlu yazır ki, "… nisbətən üzdə olub qabarıqlığı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqlaliyyət arzusu və idealından irəli gələn vətənpərvərlik hissinin bədii əksi dövrün poeziya və nəsrində özünün dolğun bədii əksini tapmış, hətta poeziyada tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur".
Bu intellekt və emosiya potensialının ehtiva olunduğu ən yaxın ünvan Məhəmməd Hadidir. Tək yaradıcılığı ilə yox, bütünlükdə tərcümeyi-halı ilə...
Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?
Könüldəki əməlim millətin səadətidir...
Ey Vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
Hadi vətəni sevməyi imanına çevirdi. Vətən haqqında ən gözəl şeirlərin müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiyə qədər sevgi obrazının bütün çalarları işlənmişdi ədəbiyyatda. Bütün dərinlik ölçülərində gətirilmişdi poeziyaya. Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmağa. Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya. Hadi toplumdan millətə aparan yolun şairi kimi doğuldu, bu amal uğrunda yaşadı, bu ideya yolunda ömrünü var etdi. Yaşar Qarayev yazır ki, "Hadinin könül verdiyi və ömrünün sonuna qədər "məyus olmadığı" bir "vüsali yar" həsrəti, əbədi nakam qaldığı, fəqət yolundan heç vaxt dönmədiyi bir vüsal intizarı da var idi. Bəs o, nə idi?" Burda Cəlil Məmmədquluzadənin müqəddəs üçlüyü düşür yada: "Vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!". Amma Hadi daha çox vətən dərdlərinin poeziya yaddaşına çevrilməsinə yol açan şair kimi daha öndədir. Abdulla Şaiq yazırdı: "Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır... hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir". XX əsrin narahat fikir burulğanlarında yaranan poeziyada Məhəmməd Hadinin yeri və rolu da məhz bu həqiqətdədir. Onun Hürr aşiqi, Cümhuriyyətə gedən yolun şairi olmaq statusu daşımasında...
Hadi və romantizm. Məhəmməd Hadi şeirinə dünya ədəbi cərəyanlarının təsiri danılmazdır. Bu dövrdə bir tərəfdən türk şeirinin, digər tərəfdən Avropa şeirinin milli poeziyamızda təzahürü həm dövrün bir çox sənətkarlarının Türkiyə və Avropa təhsili görməsindən, oranın ədəbi-ictimai mühiti, yenilikçi şairləri (Türkiyədə divan-təriqət şeirinin çərçivələrini dağıtmış N.Kamal, Ə.Hamid, T.Fikrət, R.Tofiq, Avropada Höte, Şiller, Bayron, Rusiyada Puşkin, Lermontov, Blok, Yesenin, Bednı, Mayakovski) ilə tanışlıqlarından, həm də tərcümələr vasitəsilə təsirlənmədən doğurdu. Ədəbiyyatşünas Əziz Mirəhmədov "Məhəmməd Hadi" monoqrafiyasında Hadinin məşhur "İmzasını qoymuş miləl övraqi-həyatə,/ Yox millətimin xətti bu imzalar içində..." beytini nəzərdə tutaraq yazır ki, "Azərbaycan şairinin bu mübaliğəli, həyəcanlı hökmünə də Lermontovların, Nekrasovların, Çernışevskilərin dərin vətən sevgisinin, vətəni daha qüvvətli, daha gözəl, daha uca mərtəbədə görmək arzusunun xüsusi bədii ifadəsi kimi baxmaq lazımdır". Zənnimizcə isə, Məhəmməd Hadi poeziyasındakı bu təsir daha çox türk poeziyasına aid edilməlidir. Bu yöndə ədəbi fikirdə münasibətlər haçalanır. Şairin daha çox türk şairi Namik Kamalla bədii-estetik ruh yaxınlığından bəhs edənlər də var, bu müqayisə ilə barışmayıb etiraz edənlər də. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərində oxuyuruq: "Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə türk öyrətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal Məhəmməd Hadini, Əbdülhəq Hamid Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər". Bu mübahisəli fikrə reaksiyaya çağdaş dövrümüzün bir çox tədqiqatçı alimlərinin - Vaqif Sultanlının "Azadlığın üfüqləri", "Azərbaycan mühacirət ədəbiyyatı" kitablarında, Əli Saləddinin "Əhməd Cavad", İslam Qəriblinin "Məhəmməd Hadi və mətbuat (1905-1920)" monoqrafiyalarında, Qara Namazovun məqaləsində və s. kimi əsərlərdə rast gəlirik. Məsələn, gənc tədqiqatçı Tural Hüseynlinin "Azərbaycan obrazı müasir Türkiyə romanında" kitabında mövzu ilə bağlı belə qənaətlər səsləndirilir:
"Namiq Kamal (1840-1888) Məhəmməd Hadini (1879-1920) oğulluğa necə qəbul edə bilərdi? N.Kamal vəfat edəndə M.Hadinin 9 yaşı var idi. M.Ə.Rəsulzadənin haqqında söhbət gedən fikri müqayisə səciyyəsi daşıyır, zənnindəyik. Yəni, bu o deməkdir ki, N.Kamal yolunu M.Hadi, Ə.Hamidin yolunu H.Cavid, M.Ə.Yurdaqulun yolunu isə Ə.Cavad davam etdirmiş, birincilər ikinciləri oğulluğa yox, əksinə, ikincilər birinciləri mənəvi atalığa qəbul etmişlər". Burdan məsələnin ikinci məqamına diqqət çəkmək lazım gəlir. Bu təsirlə razılaşmayanların mövqeyinə. Bu etiraz dalğası ədəbiyyatşünas Azər Turanın "Əli bəy Hüseynzadə" monoqrafiyasından gəlir: "Tədqiqatçılar Hadini bəzən Namik Kamalın haləsində görürlər. ... Amma Namik Kamal hər nə qədər böyüksə, Hadinin lirikası ondan geri qalmaz. Hadi ədəbi fikrin yeniliklərə meyli baxımından Namik Kamaldan sonradır. Ancaq onun yazdıqlarında estetik feyz, yaxud mənəvi füyuzatın püskürdüyü ruhi enerjinin estetikası Namik Kamalda yoxdur". Zənnimcə, də Məhəmməd Hadi yaradıcılığı poetik siqlət, düşüncə hüdudsuzluğu və milli məfkurə aydınlığı baxımından fərqli hadisədir, ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklikdir. Bu mənada, demək olar ki, "XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu... demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (MY.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır" (Yaşar Qarayev).
Əziz Mirəhmədov Məhəmməd Hadini "Azərbaycan romantizminin təşəkkül tapıb inkişaf etməsində və dünya romantizmi ilə qovuşmasında başlıca simalardan biri" hesab edirdi. "XX əsr Azərbaycan romantiklərinin geniş poetik vüsətli və sosial miqyaslı hürriyyət manifesti Məhəmməd Hadinin poeziyası ilə başlayır. Onun 1906-cı ildə yazdığı "Nəğmeyi-əhraranə" ("Hürriyyət nəğməsi", "Azadlıq nəğməsi") şeiri bu "Hürriyyət romantizminə" həqiqi bir proloq oldu" - Vəli Osmanlı da tədqiqatında bu məqama xüsusi həssaslıqla yanaşır.
Hadi XIX əsrin sonları, XX əsrin əvvəllərində dünya reallığının fəci nəticələri - maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süquta uğradığı dönəmin şairi idi. Qərbin tərəqqisi və Şərq xalqları üzərində hökmranlığı Hadi kimi qeyrətli şairə təsirsiz ötüşmürdü. Poeziyasında daim bu qata vurğulu idi, onlar müəyyən iqtisadi, siyasi-ictimai şərtlərdən, insanın daxili narahatlığından, özünü azad ifadə etmək, dünyanı dəyişmək arzusundan, keçmişə, ənənəçiliyə qarşı revanşist ovqatdan meydana çıxırdı. O zaman, XX əsrin ilk onilliyində yaranan əksər cərəyanlar dövrün siyasi durumuna reaksiyanın ifadəsi kimi meydana çıxmışdı. Hadinin romantiklərin yanında qərar tutması və ədəbi-estetik düşüncə istiqamətinə görə romantik şair kimi tanınması təsadüfi deyildi. Romantiklər real dünya ilə barışmayaraq öz subyektiv "məni"ni, idealını ona qarşı qoyurdular. Başlıca məqsədi istismarçı cəmiyyətə etiraz, həyatı istədikləri şəkildə görə bilməməyin acısından doğan xəyal aləminə yuvarlanma gerçəkliyi idi. Hadinin şeirlərində əksini tapmış milli insan böhranı, milli varlığın real durumunda həm də XX əsr məzmununun parametrlərini, qlobal miqyaslı ümidsizliyin təsirlərini görə bilirik. I Dünya müharibəsinin fəsadları, insanlığa qarşı yürüdülən amansız qərarlar onun yaradıcılığına təsirsiz ötüşmürdü və şairin lirikasında insanın psixoloji yaşamları boşluq, təklik, son problematikası ilə müşayiət olunmağa başlayırdı.
Təbəssüm istəməm artıq,
bükayə şövqüm var,
Bərabər ağlayaq,
ey çeşmi-giryəzayi-vətən.
M.C.Cəfərov "Azərbaycan ədəbiyyatında romantizm" kitabında yazır ki, "Ümumiyyətlə, "məhkum Şərqin", o cümlədən də Şərq ölkələrindən biri olan Azərbaycanın əsrə görə, irəli getmiş xalqlara görə mədəni-siyasi və iqtisadi cəhətdən geridə qalması, azad və yüksək mədəniyyətli bir həyatın gec-tez mümkün olacağına inanan və həmişə bu barədə çox düşünüb-danışan romantikləri çox narahat edirdi. Onlar irəli gedən xalqların mədəni, iqtisadi-mədəni inkişafını görürkən, şübhə etmirdilər ki, Azərbaycan da belə bir yolda inkişaf edə bilər. Odur ki, o zamankı vəziyyəti Azərbaycan üçün dözülməz sayırdılar".
M.Cəfər bu fikri deyərkən romantik şairlərimizin daha çox əsrin birinci onilliyindəki şeirlərə istinad edir, onların həqiqət, əsarətdən qurtuluş, səadət axtarıcılığı yönündə meydana qoyduqları mətnləri nümunə gətirirdi:
Zülmün küləyi əsdi də soldurdu yanağın,
Eyvah ki, pamalü xəzan oldu da bağın.
Şahbaz kimi, söyləməm ülviyyətimiz yox,
Kuçik kəpənəkcə belə hürriyyətimiz yox.
"Həqiqət acımı, dadlımı" şeiri, 1909
***
Kəndim vətəndəyimsə də, qürbət elindəyim,
Ey hikmətaşina! Bunu anlat ki, qürbətim -
Kəndi elim, kəndi yerimdir bu gün bana,
Qürbətdəyəm, vətəndə
dururkən müqimətim!..
"Dün axşamın ilahi tamaşası" şeiri,
1914
Bütün poetik ehtiraslara, vətənlə bağlı coşğulu xitablara rəğmən Hadi də milli intibah ideyalarının tərənnümündən dolayı pessimizmə qapılmış, bu bədbin əhval-ruhiyyə onların fərdi dünyaduyumunun bir hissəsinə çevrilmişdir. Tədqiqatçı Ə.Əsgərli "XX əsr Azərbaycan şeirinin poetikası" kitabında M.Hadinin "Facieyi həyatımızdan bir pərdə", "Təxəttürimazi", "Dad istibdaddan", "Dilənçi", "Ey zavallı bəşər" və s. şeirlərini nəzərdə tutaraq iztirab, əzab çalarını onların səciyyəvi xüsusiyyəti kimi qabardır və bunun ümumən Kantın, Nitsşenin, Şopenhauerin, ümumən dekadentlərin fəlsəfi fikrində əxlaqın bünövrəsində dayanan amil olduğunu vurğulayaraq Hadi yaradıcılığına da bu prizmadan nəzər yetirməyi məqbul hesab edir: "M.Hadinin 1905-1919-cu illərdə yazdığı şeirləri ifrat fərdiyyətçiliyin, dekadent fəlsəfi düşüncənin bariz nümunəsidir. ... Bu məntiqlə Ə.Hüseynzadə, S.Mənsur, M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq poeziyası arasında həm oxşar bağlar, subyektiv idealist dəyərləndirmə və fərdiyyətçi poetik fikir və düşüncə sistemi görmək mümkündür. Onların dünyagörüşü Şərq və Qərb fəlsəfi fikri müstəvisində (tərcümə, ədəbi görüş və düşüncə ümumiliyi) olduğundan onları fəlsəfi cərəyanlar qovşağında təqdim etmək mümkündür. Bu oxşar bağların, düşüncə ümumiliyinin olmasına rəvac verən nə idi? Məsələ bundadır ki, Ə. Hüseynzadə, S.Mənsur, M.Hadi, Ə.Cavad, A.Səhhət kimi Azərbaycan romantizminin yaradıcıları şeirlərində milli intibah ideyalarının tərənnümündən dolayı pessimizmə qapılmış, bu bədbin əhval-ruhiyyə onların fərdi dünyaduyumunun əsas hissəsinə çevrilmişdir. Bu bədbinlik təbii ki, ilk növbədə romantizm hərəkatının aparıcı simvolu sayılan "həqiqət"lə bağlı üzə çıxırdı. U.Foxt yazır ki, "...müəyyən ictimai şəraitdə məhz romantik tipikləşdirmə gerçəkliyin daha düzgün inikasına imkan qazanır, nəinki realist". Milli romantizmin əsas qüvvələri həqiqəti söyləməyi yaradıcılıqlarının əsas qayəsinə çevirirdilər və həmin obraz onların vətən mənzərələrinin seyrinə dalırkən daha qüvvətli bir əməl cizgisi kəsb edirdi. Ə.Hüseynzadə "Hali-vətən" şeirində yazırdı:
Ucundadır dilimin,
Həqiqətin böyüyü,
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi
Eyni uslub və məzmunu Ə.Hüseynzadənin müasiri Ə.Cavad 1919-cu ildə yazdığı "Mən kiməm" əsərində sərgiləyirdi:
Soranlara mən bu yurdun
Anlatayım nəsiyim:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyim.
S.Mənsur müxtəlif ictimai-siyasi hadisələrin baş verdiyi 1917-1918-ci illərdə yazdığı "Hepsi rəngidir" şeirində yaşadığı cəmiyyətə, dünyaya küskün bir nəzər salmış, hər şeyin rəng - yalan, riya üzərində dayandığını sərgiləyirdi:
Tapmadım aləmdə bir həmdəm ki,
olsun biriya,
Görmədim heç kəsdə bir niyyət,
qəzəbdən maəda,
Külli-əbnayi bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görərsə,
hər bəla, hər macəra
Məsləkə isnad edər,
məslək, dəyanət rəngidir.
M.Hadinin də bu dövr şeirlərində qatı tünd boyalar üstünlük təşkil edir, dünya, bəşər kədərin, iztirabın, göz yaşının mənbəyi kimi mənalandırılırdı. "İnsanların tarixi faciələri, yaxud "Əlvahi-intibah" poemasında həqiqətin yoxa çıxdığı, yerini məzlumlara, haqqa qarşı təzyiqin, gücün tutduğu dünyanı şair haqlı olaraq matəmgaha bənzədərək yazırdı :
Həyatın səsləri guşumda
həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır
və lakin yad şəklində.
Bu torpaq qanlı avlaqdır
bəşər səyyad şəklində,
Ədavət daima vardır
məhəbbət ad şəklində.
...Baxışlar kölgəli,
üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş
sürurabad şəklində?
Məhəmməd Hadinin "Zümzümatı-təhəssürat, yaxud qarışıq xəyallar" şeirinin yaranması da estetik idealla gerçəklik arasındakı uçurumun olmasından qaynaqlanırdı:
Fikrim yaşayır məniyi-ranalər içində,
Ruhum uçuyor cənnəti-ülyalər içinde.
"Lal ol, demə, qanma, gözünü kur elə" derlər,
Gözlü nasıl ömr eyləsin əmalər içində?!
...İmzasmı qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində!
"Qumu..." səsi iyqaz edir əbnayi-cəhani,
Millət hələ xabidə bu zövzalər içində.
Məhəmməd Hadi dünyada yaşayıb dünya proseslərindən kənarda qalmağın, Qərbin inkişaf sürətindən geriliyin ağrısını ifadə edirdi, Əli bəyin əsr öncə söylədiyi "əgər biz dünyanı (Qərbi) həzm etməsək, o özü bizi mədəsində həzm edəcəkdir" - nigaranlığının bütün çalarlarını - fəlsəfi dramatizmini, sosial-ictimai dərinliyinin izlərini milli ədəbiyyatımıza gətirirdi. Hadini və dövrün başqa münəvvərlərini fərqli edən də məhz bu məqamdır! Dünya proseslərinə ayıq və oyaq reaksiya, bu proseslərin milli ədəbiyyatda dərki və idrakı səviyyəsi! Hürriyyətin inadlı vəsfi, coşğulu tərənnümü. Toplumun, cəmiyyətin, xalqın XX əsr ölçülərinin axtarılması meyilləri, ona nəzərən dəyərləndirilməsi məqamları: "Yox, millətimin xətti bu imzalar içində"...
Buna baxmayaraq, Hadi poeziyasında qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri nəzərə çarpmır. Hadi sonadək vətən imanlı, vətən sevdalı şair olaraq qalır. Vətən eşqi bütün eşqlərdən ucada dayana bilir Hadi poeziyasında. Bu mənada Hadi irsinin hələlik son sistemli tədqiqatçısı İslam Qəriblinin bu fikri ilə razılaşırıq ki, "M.Hadinin coşğun xəyalında bir ümidsizlik əhval-ruhiyyəsi hiss olunur, lakin bu ümidsizlik keçicidir". Hər halda bütün acılara rəğmən oxucuya aşılanan məğrurluq dərsinin müəllifi də Məhəmməd Hadidir poeziyamızda:
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.
"Ümid ilə yaşayın!" adlı məqaləsində də M.Hadi eyni fikri aşılayırdı xalqına: "Hər bir siyasi dövr dəyişəndə insanlarda bir pəjmürdəlik, qarışıqlıq yaranır. Ümidsizlik yasdarlıq gətirir. Ümidlə yaşayın ki, problemləri həll etmək əzmi yüksək olsun".
Cümhuriyyət şairi. Hadinin bioqrafiyasının coğrafi əraziləri genişdir - 1910-cu ildə Hadi İstanbula gedir, 1913-cü ildə fars dilinə tərcümə olunan "Fünun və maarif" şeirnə görə həbs edilib Salonikə sürgün olunur. 1914-cü ildə vətənə dönür. 1915-ci ildə Qafqaz ordusunda feldşer işləyir, daha sonra Avstriya cəbhəsinə, Karpata gedib müsəlman əsgərləri alayında alay mollası kimi fəaliyyət göstərir. Lakin bütün hallarda istiqlalçı ruhunu qoruyub saxlayır Hadi. Təsadüfi deyil ki, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyəti sevincini şeirlərində ifadə edir, Cümhuriyyətin ana dilində rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetində dövrün ən alovlu, ən coşğulu şeirlərini yazır, üçrəngli bayrağımızı, Milli Ordunu tərənnüm edir. Cümhuriyyətin qurulması sevinci Hadinin "Əhrarlı təranələr"ində əksini tapır. 1918-ci il sentyabrın 15-də qəzetin ilk sayında Məhəmməd Hadinin "Türk nəğməsi" şeiri çap olunur.
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik ateşi-dehhase duveldən.
Bir zərrə belə qorxmayırız desti-əcəldən,
İstərsə cahan çevrilə tərsinə təməldən
Türkün üzü çevrilməyəcək səmti əməldən.
Hadinin "Əsgərlərimizə, könüllülərimizə" şeiri də "Azərbaycan" qəzetinin 1919-cu il 23 aprel sayında çap olunmuşdur:
Qorxutmamalı bizləri yollardaki əngəl,
Məfkurəyə doğru yürü,qoş, durma, çapıq gəl!
Millət tikəcək namına ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl!
Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,
Bir məqsədi-əkməl və bir ümmidi-müncəl.
Amalımıza doğru şitaban olalım, gəl!
Millətlə Vətən rahinə qurban olalım, gəl!
Azərbaycan Cümhuriyyəti ilə bağlılıq dövrünü şairin milli azadlıq romantikası dövrünün üçüncü mərhələsinə aid edirlər. 1918-ci ildə Bakıda baş vermiş qanlı mart hadisələri, kütləvi müsəlman qırğınları, erməni-rus tərkibli "Bakı kommunası" və s. kimi fəci yaşantılar Hadinin poeziyasında yeni oyanışın təməlini təşkil edir.
***
"Əfəndim, diliniz xəvassə", aristokratiyaya, kəlam aristokratiyasına məxsusdur... Sizin ifrat savadınızı camaatımızın təqdir edəmiyəcəyi aşkardır!..". Bu sözləri Məhəmməd Hadiyə ünvanladığı məktubunda Əli bəy Hüseynzadə yazırdı. Hadinin parlamasında, üzə çıxarılmasında, ədəbi taleyinin mətbuatla bağlılığında rolu olan, şairi "Füyuzat"ın redaksiya heyətinə salan və burada ona bütün mövzularda özünüifadə imkanları açan Əli bəy Hüseynzadə... Onlar "Həyat" qəzetinin, "Füyuzat"ın ətrafında eyni əməl, amal və məfkurə dostları kimi birləşmişdilər. Rusiyanın millətçilik, "parçala, hökm sür" siyasətinə qarşı türklük və islam əxlaqını, ideallarını qoyur, milli şərəf və ləyaqətin, "milli mən" duyğusunun qorunması məsələlərini qabardırdılar.
"Məhəmməd Hadi Əli bəy Hüseynzadənin bir parçasıdır. XX yüzilin əvvəllərində baş vermiş romantik fikir zəlzələsinin Şamaxı torpağının təkindən, yerin altından ədəbiyyat Olimpinə tulladığı şeir titanı Məhəmməd Hadi, sonra Karpat dağlarında müsəlman alayında molla Məhəmməd Hadi... sonra Bakı küçələrində şeirlərini kağıza yazıb satan Məhəmməd Hadi. Sonra da 41 yaşlı Hadi - kimsə deyir, 1920-ci ildə xəstəxanada dünyasını dəyişib, kimisi də ruslara qarşı üsyanda şəhid olduğunu söyləyir. Ən dürüstünü isə Fuad Köprülü demiş: "Parasızlıq və səfalətlə keçən macəralı bir həyatdan sonra əsrarlı bir sürətdə yox olub gedən" Məhəmməd Hadi!" (Azər Turan).
Olsun, dilərsə, öz vətənim dari-qürbətim,
Ölməz, ilahidir, vətəni bir məhəbbətim.
Əhli-vətən unutsa bəni, bən unutmaram,
Bu millətə vəqf edilibdir müvəddətim...
M.Hadini yurduna aşina bir şairə çevirən onun susmayan vüqarının səsi idi. O, Azərbaycanın yüksələn bayrağının əbədi olacağına, bütün Şərq aləminin oyanışına təsir edəcəyinə inanırdı. Odur ki, millətin və vətənin səadəti yolunda ölüm və əzablarla iç-içə dayansa belə idealındakı Hürriyyət amalına doğru getməkdən usanmadı. Nə sürgündə olanda, nə qəriblik həyatı yaşayanda, nə də səfalət içində boğulanda Vətən adlı imanından dönmədi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!