Azər QİSMƏT - Nasirlər necə yazıb? Yaxud fiziki əzab yazıçını daha yaxşı yazmağa vadar edir

Azər QİSMƏT

Həmişə ürəyimizdən keçən kitabları oxuyarkən, pərdəarxası səhnələri də düşünürük. Xüsusən də yazıçının əzablı gecələrini, hər sətir üzərində necə çalışdığını, qələmi dişləri arasında sıxıb dəqiqələrlə gözlərini bir nöqtəyə dikməsini. Görəsən, böyük əsərlər necə yaranıb? Görəsən, Nabokov "Lolita"nı necə yazıb? Aqata Kristi hansı masada əyləşib belə detektiv macəralar düşünüb? Heminquey iş rejimini necə təşkil edib? Bəzilərini bu çətinlikdən muzalar xilas edib. Amma muzalar da etibarsızdır, həmişə gəlmir. Bəzilərini isə situasiya qurtarıb. Həyatında hansısa kədərli, yaxud sevincli hadisə. Məşhur nasirlər yazmaq üçün elə üsullardan istifadə ediblər ki... Bəziləri yazmazdan əvvəl xeyli göz yaşı töküb...bəziləri isə kilometrlərlə piyada gəzib, mayallaq aşıb. Nəzərə alsaq ki, bütün bunlar əsərin yaxşı alınması üçün olub, onda bağışlamağa dəyər.

 

1. Aqata Kristi. Onlarla kitabın müəllifi. O, anketdəki "məşğuliyyətiniz" sualına "evdar qadın" yazıb. Ayrıca yazı kabineti və masası olmayıb. Bəzən yataq otağında, bəzən əl-üz yuyulan çanağın üstündə də yazıb. Evdəkilər naharını bitirən kimi tez həmin masanın arxasına keçib. Böyük detektiv romanlar ustası xatirələrində yazırdı: "Ev işləri o qədər çox olurdu ki. Bircə arzulayırdım ki, həmin işləri qurtarım və rahat yazım". Aqata Kristinin heç vaxt yazmaq üçün asudə vaxtı olmayıb. Yəni, əksər yazıçılar kimi yazı kabinetinin qapısını bağlayıb, bir stəkan pürrəngi çay, yaxud qəhvə buğu altında yazmaq imkanını heç vaxt qazanmayıb. Buna imkanı olmayıb. Amma buna baxmayaraq, onlarla əsər yazıb ki, hələ də milyon nüsxələrlə dərc edilir. Deməli, məntiqlə belə çıxır ki, əsas istək yazmaqdır. Məqbul şərait olmasa da olar.

 

2. Frensis Skott Fitserald. O, ilk romanını kağız istehsalı üzrə müəssisənin ərazisində yazıb. Təlimlərə dair ciddi rejimi pozaraq bir kölgəlik axtarıb tapar və düşündüklərini qələmə alarmış. Nahara qədər yatar, hərdən 

işləyər, axşamlar isə barlarda avaralanarmış. Ancaq yazmaq mərhələsində aktivlik başlayanda, bir dəfəyə 8000 söz yazarmış. Bu uzun hekayə üçün yetərlidir. Fitserald "İncə gecə" əsərini yazarkən cəmi-cümlətanı 3-4 saat özünü ayıq vəziyyətdə saxlayıb. Nəşriyyatın direktoruna bildirib ki, "alkoqollu içkiləri qəbul etmək qədər yaradıcılığa heç nə pis təsir etmir".

3. Qustav Flober "Xanım Bovari" əsərini 5 ilə yazıb. İş o qədər ağır gedirmiş ki, Flober bütün günü deyinirmiş: "Bovari" ağır yazılır. Bir həftəyə iki səhifə. Özümü yumruqla vurmağa səbəbim var". Flober səhər 10-da oyanar, məktubları və qəzetləri oxuyar, siqaret çəkər, anası ilə söhbət edərmiş. Sonra hamama girib saatlarla çimər, səhər və nahar yeməyini eyni vaxtda yeyər, gəzintiyə çıxarmış. Gəzinti bitən kimi kresloda oturub axşam 7-ə qədər kitab oxuyarmış. Şam yeməyindən sonra yenidən anası ilə ordan-burdan danışarmış. Nəhayət, gecələr "Xanım Bovari" əsərini yazarmış. Neçə il sonra Flober yazacaqdı: "Xanım Bovari"ni yazan zaman anladım ki, həyatda iradə böyük qüvvədir".

4. Ernest Heminquey ömrü boyu tez oyanıb. Hətta gecə 3-ə qədər içib sərxoş halda çarpayısına uzansa da, səhər 6-dan gec oyanmazmış. Heminquey günortaya qədər yazarmış. Çox sadə taxta masada. Karandaşlarla kiçik qeydlər apararmış ki, bu gün neçə səhifə yazdı, sabah üçün plan nədir. Heminquey yazırdı: "Hər bir əsəri qurtarandan sonra sanki boşalırsan. Yeni həvəsi doldurmaq həvəsi gəlir".

5. Ceyms Coys özü barədə yazıb ki, onun həyatı heç bir qrafikə sığmır. Səhər 12-ə qədər yatar, çarpayısında qəhvə içərmiş. İngilis dilini tədris etməklə və piano çalmaqla pul qazanarmış. "Uliss" kitabını 7 il ərzində fasilələrlə yazıb. Bu müddət ərzində 8 dəfə xəstələnib, üstəlik, İsveçrə, İtaliya və Fransanı gəzib. Deyib ki, səyahət etməsəydim, "Uliss"i 

qurtarmağa səbrim çatmayacaqdı.

6. Haruki Murakami. Digər yazıçılardan fərqli olaraq, səhər 4-də oyanır. Və 6 saat dayanmadan yazır. Yazı prosesi bitəndən sonra qaçır, üzür, mütaliə edir, musiqiyə qulaq asır. Axşam 9-da isə yatır. Murakami hesab edir ki, yaradıcı şəxs tez yatmalıdır. Halbuki, o, vaxtilə oturaq həyat tərzi keçirər, gündə 3 qutu siqaret çəkərmiş. Şəhər həyatını kənd həyatına dəyişəndən sonra balıq və tərəvəzlə qidalanıb, siqareti tərgidib, 25 ildir ki, qaçışla məşğuldur. Yeganə çatışmayan cəhəti ictimai mühitdə özünü tənha hiss etməsidir. Buna görə də bütün dəvətləridən imtina edir, dostlar da inciyir. O, yazır: "Oxucular üçün maraqlı deyil, mənim sutkalıq rejim qaydalarım necədir. Gözləyir ki, yeni kitabım əvvəlkindən daha sanballı çıxsın".

7. Vladimir Nabokov. Çox qəribə yazı tərzi varmış. Məsələn, "Lolita" əsərini avtomobilin arxa oturacağında yazarmış. Deyərmiş ki, bura səs-küylü deyil, həm də beynimə yaxşı fikirlər gəlir. Nabokov heç vaxt nahar yeməyindən sonra əsər yazmayıb. Çünki yuxusu gələrmiş. Günortadan sonra futbol oyunlarını izləyər, şərab içər və kəpənəklərin ardınca qaçarmış. Hətta bir dəfə kəpənəyin ardınca düz 25 kilometr qaçıb.

8. Ceyn Ostin. "Emma", "Hiss və hissiyat" kimi məşhur romanların müəllifi. Ceyn anası, bacısı və 3 qulluqçu ilə yaşayıb. O, qonaq otağında əsər yazarmış. Qonaqlar gələndə ordan çıxarmış. Yazıçı Ostinin də qəribə məziyyətləri varmış.

 Əsəri xırda hərflərlə kiçik kağız parçalarında yazarmış. Otağın qapısının cırıltısı eşidilən kimi tez səbətlərdən birinə atarmış ki, kimsə nə yazdığını görməsin. Ceyn yazıb: "Bəzən yazmağım yemək qoxularının əhatəsində baş tuta

rdı. Heç vaxt yazı üçün sakitliyim olmayıb".

9. Marsel Prust. "İtirilmiş zamanın axtarışında" romanının müəllifi. Marsel əsər yazarkən adamlardan gizlənərmiş. Ona elə gələrmiş ki, adamlar onun nə düşünməsindən xəbər tutub oğurlayar. Həm də adamların fikirləri ilə yüklənər, əsər üçün öz düşüncələri kənarda qalar. Əsasən, gecələr yazarmış. Günorta saat 3-4-ə qədər yatarmış. Yuxudan oyananda yalnız südlü qəhvə və kruasanla qəhvəaltı edərmiş. Dəftəri dizinin üstünə qoyaraq yazarmış. Yuxuya getməmək üçün balıncı hündür edər, kofein tərkibli həblər udarmış. Belə hesab edib ki, fiziki əzab yazıçını daha yaxşı yazmağa vadar edir.