Heydər Əliyev və Azərbaycan kinosu - Əyyub QİYAS

 

XX əsr dövlətçilik baxımından Azərbaycan üçün şərəfli tarixdir. Bir əsrdə iki dəfə müstəqillik əldə edən və bununla da dünya dövlətləri sırasına inamla qoşulan Azərbaycan hər sahədə olduğu kimi milli mədəniyyət faktoru kimi  də kifayət qədər uğur qazana bilib.

 

XX əsr bizə dünya şöhrətli alimlər, musiqiçilər, rəssamlar, ədiblər bəxş edib. Lakin inamla deyə bilərik ki, bu tarixin ən zəngin və parlaq dövrü məhz ulu öndərimizin, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanla bağlıdır. Bu böyük şəxsiyyət ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətimizin, incəsənətimizin, elmimizin və ədəbiyyatımızın hamisi olub, milli dəyərlərimizin dünya çapında tanınması üçün əlindən gələni edib, mədəniyyət və incəsənət xadimlərimizin təbliğ olunmasına şərait yaradıb. Heydər Əliyev haqqına söz düşəndə, onun ömür yolu və fəaliyyəti tədqiq olunanda bir daha şahidi oluruq ki, bu unudulmaz şəxsiyyət bütün həyatını Azərbaycan xalqına həsr edib.

İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun da inkişafında H.Əliyevin xidmətləri danılmazdır. Amma qeyd etmək lazımdır ki, kinomuz bu qayğını və dəstəyi ulu öndər hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb.

Ötən əsrin 70-ci illəri milli kinomuzun ən parlaq dövrlərinə təsadüf edir. Həmin illərdə kino-studiyamızda bir-birindən maraqlı filmlər istehsal edilir, tamaşaçıların ixtiyarına verilirdi. Bu filmlərdən biri də hər zaman maraqla qarşılanan "Bir cənub şəhərində" bədii filmidir. Kinorejissor Eldar Quliyevin bədii kinoda ilk işi Bakı həyatından, köhnə məhəllələrin birində yaşayan insanların gündəlik yaşam görüntülərindən bəhs edirdi. Filmin əsas ideyası yeni ictimai quruluşda özəl düşüncə tərzi ilə yaşayan bütöv bir insan cəmiyyətini əks etdirirdi. Sovet rejiminin ən qatı vaxtlarında ekrana köhnəfikirli sovet adamı obrazı gətirmək, feodal düşüncəsi, kapitalist fikri ilə yaşayan qəhrəmanı təbliğ etmək, tamaşaçıya dövrlə bağlı seçim imkanı saxlamaq və bütün bunları sovet təbliğat maşınına qəbul etdirmək asan məsələ deyildi. Yaradıcı heyətin böyük zəhmət və sevgiylə ərsəyə gətirdiyi film daxili baxışdan sonra Moskvadakı "Qoskino" (Dövlət Kinematoqrafiya Komitəsi) adlanan qurumda ciddi tənqid edilir, filmin kütləvi nümayişinə qadağa qoyulur. O ərəfədə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin olunur. Filmin "aqibəti"ndən xəbər tutan ulu öndərin bəlkə də bu vəzifədə ilk işlərindən biri "Bir cənub şəhərində" kimi möhtəşəm ekran işini tamaşaçıya qaytarmaqla başlayır.

Sovet dönəmində mərkəzi hakimiyyətdən asılılıq bəlkə bütün müttəfiq respublikaların boynuna düşən ağır yük idi, mərkəzdən xəbərsiz hansısa dövlət əhəmiyyətli tədbir keçirmək, nəsə ciddi bir qərar qəbul etmək çox çətin idi. Belə məsələlər birmənalı şəkildə müttəfiq respublikalara rəhbərlik edən şəxslərin nüfuzu və bacarığı sayəsində həll olurdu. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdi, çünki hər sahədə onun problemlərini diqqətə çatdıracaq gücə və nüfuza qadir rəhbəri vardı.

Kino tariximizin maraqlı bir məqamı da Azərbaycan kinosunun təşəkkülü ilə bağlıdır. Bu tarixi saxtalaşdırmaq təşəbbüsü də mərkəzin iradəsi ilə olmuş və nəticədə, milli kinomuzun yaşı 17 il geri atılmışdı.

1976-cı ildə Azərbaycan SSRİ Dövlət Kino Komitəsinin sədri Məmməd Qurbanov milli kinomuzun ilk qaranquşu hesab edilən "Neft və milyonlar səltənətində" filminin 60 illiyi münasibətilə respublika əhəmiyyətli tədbir keçirməyi, bu münasibətlə müttəfiq respublikalardan və xaricdən qonaqlar dəvət etməyi planlaşdırır və yuxarıda qeyd edilən asılılığa görə SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədri ilə telefon əlaqəsi yaradır. Bu təklifi eşidən komitə sədri ikrah hissilə Azərbaycanda kinonun təşəkkül dövrünün Rusiya kinosunun təşəkkülü dövründən əvvələ aid olduğunu qətiyyətlə rədd edir və deyir ki, Qafqazda, Orta Asiyada kino oktyabr inqilabından sonra formalaşıb, milli kadrların olmaması üzündən bu missiyanı rusiyalı mütəxəssislər həyata keçiriblər. Bir sözlə, M.Qurbanov Moskvadan rədd cavabı alır və ümidsizlik içində respublikanın birinci katibi H.Əliyevə müraciət etmək qərarına gəlir. M.Qurbanovu qəbul edən birinci katib təşəbbüsü bəyənir və tədbiri 1976-cı ilin dekabrında keçirilməyi təklif edir. Beləliklə, nəzərdə tutulmuş vaxtda unudulmaz bir törən baş tutur və Heydər Əliyevin müdaxiləsi bu dəfə də öz nəticəsini verir.

Ulu öndərin respublikaya rəhbərik etdiyi dövrdə neçə-neçə tarixi filmin çəkilişi gerçəkləşmişdi və bu filmlərin büdcəsi sovet dövründə çəkilən filmlərin büdcəsindən kifayət qədər artıq olurdu. Təkcə xalq qəhrəmanı Babəkə həsr edilən "Babək" filminin çəkilişləri üçün ümumittifaq büdcəsindən ayrılmış vəsaitdən əlavə indiki məzənnə ilə hesablansa 4-5 milyon dollar pul ayrılmışdı və çəkilişlərlə bağlı Moskvanın ortaya atdığı bütün maneələrə H.Əliyevin müdaxiləsi ilə son qoyulmuşdu. H.Əliyev filmin yaradıcı heyəti ilə görüşündə onlara ürək-dirək verir və hər yerdə: "Gənclərə yol açmaq lazımdır, onlara kömək etmək, onları ruhlandırmaq lazımdır", - deyirdi. Beləliklə, 1979-cu ildə 2 seriyalı "Babək" filmi ekranlara çıxdı və bütün sovet respublikalarında, xaricdə nümayiş olundu.

H.Əliyevin respublikaya rəhbərik etdiyi dövrdə tarixi filmlərdən "Ulduzlar sönmür" (1971), "Nəsimi" (1974), "Dədə Qorqud" (1975) və "Nizami" (1982) filmləri ekranlaşdırıldı.

H.Əliyev kino tariximizin araşdırcılarına kinomuzun tarixi ilə ciddi məşğul olmağı tapşırmışdı. Sanki bu dahi insan milli kinomuzun tarixi ilə bağlı içində olan şübhələrdən qurtulmaq istəyir, bu tarixin daha əvvələ aid olduğunu hiss edirdi. Bundan ilhamlanan kinoşünaslarımız arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də 1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma tarixindən cəmi iki il yarım sonraya  - 1898-ci ilə aid olduğunu sübut edə bildilər və işdə böyük əməyi keçən mənəvi müəllimim və dostum Aydın Kazımzadənin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bəli, ilk milli kino nümunələrimiz 1898-ci ildə lentə alınmışdı və Parisdəki "Qran-Kafe"də nümayiş edilən hərəkətli fotolar Bakıda nümayiş olunmuşdu. Bu barədə 2 avqust 1989-cu il tarixli "Kaspi" qəzetində elan da var və qəzet əlavə olaraq onu da yazır ki, Bakıda yaşayan fotoqraf A.M.Mişonun Parisdə keçiriləcək ümumdünya sərgisi üçün hazırladığı "Orta Asiya və Qafqazın canlı fotoları" da Bakıdakı teatr-sirkdə göstərildi. Bu tarixi faktlar öz təsdiqini tapandan sonra ulu öndərin təxminən 20 il əvvəl uzaqgörənliklə dediyi fikirlər də öz yerini aldı. 1998-ci ilin 2 may tarixində, Azərbaycan kinosunun 100 illiyi ilə bağlı baş tutan "Festivallar festivalı"nda ümummilli liderimiz böyük fəxrlə dedi: "Bu gün biz bir kəşf etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır, onun 100 ili tamam olur. Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını əgər belə demək olarsa 10 il, yaxud, neçə il artırmaq ümumən heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib…"

Beləliklə, Azərbaycan kinosunun təşəkkül dövrünün 1898-ci il tarixini dəyərləndirən ulu öndər "Azərbaycan kinosu gününün təsis edilməsi haqqında" tarixi sərəncam imzaladı və həmin vaxtdan etibarən 2 avqust ölkədə milli kino günü kimi qeyd olunur. Kino haqqında fikirlərini bir cümlə ilə ifadə edən Heydər Əliyev "Kino bizim xalqımızın salnaməsidir", - deyirdi. 

1993-2002-ci illər arasında respublika Prezidenti olan H.Əliyev 405 nəfər elm, incəsənət və mədəniyyət xadimini ölkənin nüfuzlu mükafatları, orden və medalları ilə təltif etdi. Onlardan 16 nəfəri "İstiqlal" ordeni, 70 nəfəri "Şöhrət" ordeni, 2 nəfəri "Tərəqqi" medalı, 1 nəfər fəxri fərman, 7 nəfər xalq yazıçısı, 5 nəfər xalq şairi, 3 nəfər xalq rəssamı, 30 nəfər xalq artisti, 29 nəfər əməkdar artist, 8 nəfər əməkdar memar, 28 nəfər əməkdar incəsənət xadimi, 21 nəfər əməkdar mədəniyyət işçisi fəxri adları, 86 nəfər fəxri təqaüd, 6 nəfər gənc istedad isə xüsusi təqaüdlə təltif olundu. Bu siyahıya ulu öndərin 2000-ci il 18 dekabr tarixli "Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında" tarixi fərmanını da daxil etmək lazımdır. Belə ki, həmin fərmanla 5 nəfər kino xadimi "Xalq artisti", 3 nəfər "Xalq rəssamı", 11 nəfər "Əməkdar artist", 16 nəfər isə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görüldü. Azərbaycan kino tarixində təxminən 380-ə qədər film istehsal olunub ki, onlardan 104-ü 1969-1982, 46-sı isə 1993-2002-ci illərə təsadüf edir. Həmin filmlərdən "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Şərikli çörək", "O qızı tapın", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Alma almaya bənzər", "Tütək səsi", "Ad günü", "Dantenin yubileyi", "Qayınana", "İstintaq", "Qorxma, mən səninləyəm" və s. adlarını çəkməklə dövrün kino mənzərəsini görmək olur.

Heydər Əliyev Azərbaycan kinosunu inkişaf etdirmək, onun təbliğinə geniş meydan açmaq, ölkəni kino dövləti kimi tanıtmaq məqsədilə 1998-ci ilin 3 iyul tarixində "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladı və bununla da milli kinomuz qarşısında konkret vəzifələr, kinematoqrafiyamız qarşısında çoxillik proqram qoydu. Son dövrlərdə dövlət sifarişi ilə çəkilən uğurlu filmlər də elə bu proqramın tərkib hissəsidir və son bir neçə il ərzində müxtəlif nüfuzlu festivallarda nümayiş edilən filmlərimizə nəzər salsaq inamla deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan kinosu dünyanın ən böyük kino mükafatlarına layiq görüləcək.