"Həftənin rəngi" - Günel Eyvazlının təqdimatında - LAYİHƏ

Günel EYVAZLI

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

 

Ağla, qurbanım, ağla,

Ağla, heyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla…

                         Vaqif Səmədoğlu

Səhnənin hökmdarı, incəsənət esteti, ecazkar səsi ilə, aktyorluq manerası ilə milyonların sevimlisinə çevrilən aktyor - Fuad Poladov 5 may tarixində bu dünyanı tərk edib getdi.

Vaqif Səmədoğlunun bu şeirini onun ifasında eşidəndən sonra çox sevmişdim.

"Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla..."

Aktyorun ölüm xəbərini yolda - radio vasitəsilə eşitdim. Həmin anda nə hiss etdiklərimi sözlə ifadə etməkdə acizəm. Axı hissləri, duyğuları dilə gətirmək mümkün deyil. Bircə onu bilirəm ki, uzun-uzadı yol çəkdi gözlərim. Öz-özümə "sənətkar öldü" - dedim. Həyat məhz bu anda o qədər cılız, o qədər gərəksiz göründü ki, gözlərimə...

Ölüm xəbərlərini sakit, dinməzcə, etinasız qəbul edə bilmirəm. Gördüyüm, tanıdığım, salamlaşdığım, hörmət etdiyim, fəxr etdiyim, sənəti qarşısında baş əydiyim, yaradıcılığı ilə ürəyimi fəth etmiş insanların bir gün dünyadan köçmə xəbərini eşidincə, sözlə ifadə olunmayan bir boşluq yaradır içimdə. Yox, bu boşluğu Vaqif Səmədoğlunun sətirlərə köçürdüyü, deyilişi olduqca asan səslənən "Ağla"sı ilə doldurmaq mümkün deyil. Belə yerdə göz yaşları kara gəlmir, məlhəm olmur. Sadəcə dünyanın faniliyini, ömrün qısalığını, tələsmənin, nəyisə çatdırmanın labüdlüyünü bir daha dərk etmiş olursan, vəssalam.

Hərəyə bir ömür biçilib. Hər birimiz günlərin bir günündə bu ömrü tamam edəcəyik. Kədərli səslənir, elə deyilmi? İlahi, mən bu gün varam, sabah olmayacağam...

Ruhunuz şad olsun, sənətkar.

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 26-cı ildönümü ilə əlaqədar "Qarabağın tacı Şuşa" adlı sərgi açıldı. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunan - Şuşa şəhərinin tarixini, mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətləri haqqında bilgiləri özündə əks etdirən kitab, dövri- mətbuat materialları nümayiş olundu. Qeyd edək ki, sərgi bir həftə boyunca davam edəcək.

Yunanıstandakı səfirliyimiz "QALA" Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisində Azərbaycan stendini təqdim edib. Sərgidə Saloniki mərkəzi şəhər və universitet kitabxanalarına ölkəmiz barədə kitablar hədiyyə edilib.

Sərgi çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev ilə Saloniki bələdiyyəsinin sədrinin mədəniyyət məsələləri üzrə müavini Elli Xrisidou arasında görüş keçirilib. Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinə dair kitablar, həmçinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ingilis dilində nəşr edilmiş əsərləri Saloniki mərkəzi şəhər kitabxanasına hədiyyə olunub. Bundan əlavə Saloniki şəhərində fəaliyyət göstərən nüfuzlu Aristotel və Makedoniya universitetlərinin rəhbərliyi ilə görüşlər keçirilərək hər iki universitetin kitabxanasına qeyd olunan kitablar bağışlanıb. Görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu həftə həm də VIII "Şairlər günü"nün bəzi bölgələr üzrə qeyd edilmə  ardıcıllığı bəlli oldu. Qeyd edək ki, Poeziya bayramı Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza tərəfindən təsis edilmiş və artıq səkkizinci ildir ki, 5 iyun - Mikayıl Müşfiqin doğum günündə ölkəmizdə təntənəli surətdə qeyd olunur.

Nigar Rəfibəyli və Nigar Binti Osmanın əziz xatirəsinə həsr olunmuş "VIII Şairlər Günü"  Gəncə şəhərində, Əli Kərim və Abdurrahim Karakoçun əziz xatirəsinə həsr olunmuş Poeziya bayramı 4 iyun tarixində Sumqayıt şəhərində, istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr olunmuş bədii gecə isə 1 iyun tarixində Şəmkirdə keçiriləcək.

Bu həftə həm də Azərbaycan Xalça Muzeyində "Tahir Salahovun xalça dünyası. Portretlər" adlı sərgi açıldı. Sərgi çərçivəsində xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin əsasında əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyilə toxunan xalçaların təqdimatı oldu.

Mayın 8-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi, "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə YUNESKO-ya üzvlüyün 25 illiyinə həsr olunmuş sərginin açılışı oldu. Sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi maddi və mənəvi irsi əks etdirən mövzularda, özünəməxsus tərzdə yaratdıqları əsərlər nümayiş olundu. Sərginin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin təbliği, tarixi-mədəni zənginliyimizin qorunmasıdır. Qeyd edək ki, sərgi mayın 12-dək davam edəcək.

Qazaxıstanda Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "28 may" qəzeti nəşr edilib. Türk və qazax dillərində 1000 tirajla yayınlanan qəzet 12 səhifədən və 2 fəsildən ibarətdir. Qəzetdə AXC-nin yaranma tarixi, o dövrdə baş verən ictimai-siyasi proseslər, bütün məhrumiyyətlərə rəğmən cəmi 23 ay davam etməsinə baxmayaraq, Cümhuriyyətin səmərəli fəaliyyəti geniş işıqlandırılmışdır. Həmçinin, Məhəmməd Əmin Rəsulsazənin parlamentdəki çıxışı təqdim edilmiş, AXC qurucuları və Azərbaycanın dövlət rəmzləri haqqında ətraflı məlumat verilmişdir. Qəzetə Cümhuriyyət dövrünə aid bir sıra şəkillər və rəsmi sənədlərin surətləri də daxil edilmişdir. Qeyd edək ki, "28 may" qəzeti Xoca Əhməd Yasəvi adına Beynəlxalq Universitetin azərbaycanlı tələbələri - Ruslan Dost Əli və Ziya Əkbərlinin vəsaitləri hesabına nəşr edilib.

İstanbulun "Akıl fikir yayınları" nəşriyyatı həmyerlimiz, şair Məmməd İsmayılın "Yelə bir şey söyləmişdim" adlı şeirlər kitabını nəfis şəkildə çap edib.

Kitaba şairin son illərdə yazdığı yeni və əvvəlki kitablarından seçmə əsərləri, eyni zamanda yaradıcılığı, tərcümeyi-halına dair yazılar daxil edilmişdir.

Bu kitab şairin Türkiyədə yayınlanan sayca səkkizinci kitabıdır.

"Nar bağı" bədii filmi isə ABŞ-ın Los-Anceles şəhərində keçirilən "South East European" film festivalının qalibi olub.

Ekran işi festivalın baş mükafatına - "Best feature film. Grand jury prize. Bridging the Borders Award" layiq görülüb.

"Azərbaycanfilm" Kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv "ƏSA" Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən "Konqres mükafatı"na layiq görülüb. Böyük nüfuza malik olan mükafat "ƏSA" Teatrına "Open World" proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək "Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət" mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir.

Prezident İlham Əliyev mayın 9-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə xalq artistləri Ramiz Novruz, Aleksandra Nikuşina, əməkdar incəsənət xadimi Cavanşir Cəfərov və rejissor Gülçöhrə Şəfiyevaya fərdi təqaüdün verilməsi haqqında Sərəncam imzaladı.

Madriddə "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin nümayişi keçirilib. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

"Euronews" telekanalının italyan dilindəki saytında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən tikilən və YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilən Möminə xatun türbəsi haqqında məlumat yerləşdirilib. Yazıda abidənin tarixi və memarlıq xüsusiyyətləri, Möminə xatunun həyatı haqqında bəhs olunub.

Möminə xatun türbəsinin Naxçıvan şəhərinin qədim memarlıq nümunələrindən olduğunu qeyd edən müəllif türbənin 1186-cı ildə ölkənin siyasi həyatında əvəzsiz rol oynayan Möminə xatunun şərəfinə ucaldıldığını diqqətə çatdırıb.