Çağdaş ədəbiyyatda Bermud üçbucağı: Ciddi ədəbiyyat, postmodernizm və Kütləvi ədəbiyyat - Nargis

Çağdaş Azərbaycan ədəbiyyatında postmodernizm və kütləvi ədəbiyyat problemi

NARGİS

 

Postmodernizm termin kimi leksik baxımından "modernizmdən sonrakı" mənasını verir.

Postmodernizmə xas görüşlər və prinsiplər ilk növbədə postmodern mədəniyyət, o cümlədən postmodern ədəbiyyatda öz əksini tapmışdır.

Məşhur İngilis tarixçi A.Toynbee; Qərb tarixini dörd dövrə ayırarkən (Qaranlıq çağ VII-XI əsr; Orta çağ XI-XV əsr; Müasir çağ XV-XIX əsr) son dövrü isə postmodern çağ olaraq xarakterizə edər.

Avropada təsirlərini XIX əsrdə hiss etdirən ağlın və elmin suverenliyinə əhəmiyyət verən və ənənədən qopmağın ifadəsi olan müasirlik, klassik sənətin estetik anlayışından da bir ayrılış olan, kilsənin doqmatik və sxolastik düşüncə sisteminə reaksiya ehtiva edən modernizmdən fərqli olaraq  postmodernizm əlbəttə ki, birdən-birə ortaya çıxmadı. Modernizmin içərisində  post nüvələrin rüşeymləri mövcud idi. Necə ki, kütləvi ədəbiyyatın da birdənbirə ortaya çıxmadığı kimi…

Postmodern anlayışının mənşəyi mövzusunda müxtəlif fikirlər vardır. Xronoloji baxımdan ilk olaraq 1870-ci illərdə ingilis rəssam John Watkins Champa tərəfindən, "dövrün inqilabi yeni sənət üslubu empresyonizmin ötəsinə keçən sənətin" təyin olunması çərçivəsində istifadə edildiyi bilinməkdədir.

Salidə Şərifovanın "Çağdaş Azərbaycan postmodern romanı" monoqrafiyasında bu barədə deyilir: "Postmodernizm" anlayışına ilk dəfə Rudolf Panvizin "Die Krisis der europaeischen Kultur" (1917) əsərində rast gəlinir. Rudolf Panviz "postmodernism" anlayışını Qərb sivilizasiyasının Birinci dünya müharibəsi dövründə olan vəziyyətini faciəvi xarakterdə olmasını göstərmək üçün işlətmişdir".

Postmodernizm ədəbiyyat termini kimi isə Federiko de Onisin "Antologia de la poesia espanola e hispanoamericana, 1882-1932" (1934) əsərində işlənilmişdir".

Postmodern anlayış istiqamətli fikirlər İkinci Dünya müharibəsi, Sənaye Ötesi Cəmiyyət və Texnologiya ilə əlaqəli olaraq diqqət mərkəzinə çəkilmiş, bəzilərinə görə bəhsi keçən bu yeni dövrün Kapitalizmin forma dəyişdirməsi, müasirliyin radikallaşdırılması və müasirliyin sorğulanması kimi xarakterizə olunmuşdur. Modernizmi qəbul etməyən, postmodernizmi qavramaq belə istəməyən cəmiyyət üçün kütləvi ədəbiyyat anti-depressan təsiri bağışladı. Qısa müddətdə asan ifadələrlə zəngin, daha çox bildiyimiz hadisələrin təsvir olunduğu, xalq ədəbiyyatı adlandırılsa belə, xalqa mənəvi təsiri olmayan bu  axın rahatlığı sevən, tənbəl təfəkkürlü insanların xobbisinə çevrildi.

Modernizmin ağır bədiiliyi, postmodernizmin zəkası qarşısında aciz qalan yazarlar da qələmlər dincliyi kütləvi ədəbiyyata sığınmaqda tapdılar. Kütləvi ədəbiyyat bir növ virs kimi çoxalmağa, bölünməyə və özünü yeniləməyə başladı. Bu tip "ədəbi" nümunələr göz açıb qapayıncayadək, işıq sürəti ilə yazılıb vitrinlərə əmanət edildi. Ağır ciddi, bədii dəyəri yüksək əsərlır bu ədəbiyyatın kosmik yayılma sürəti qarşısında lap mat-məəttəl qaldı.

Kütləvi  ədəbiyyatın bir digər xüsusiyyəti şablon tipləri -stereotipləri- sıxlıqla istifadə etməsidir. Davamlı bənzər xüsusiyyətləri göstərən dedektifler, aşiqlər, casuslar,  oxucunun tanış olduğu bir atmosferin yaradılmasına kömək edir. Oxucu bu sayədə roman qəhrəmanlarının necə davranacağını, digər roman xarakterlərindən necə ayrılacağını əvvəlcədən bilirlər.

Məsələn, detektiv romanlarda detektif zəkasıyla, hadisələri ələ alış formasıyla digər xarakterlərdən ayrılır. Həmin əsərlər, həmin an üçün həzz verir.

Carpidiem sevərlər məni yalnış anlamasınlar. Bu anlıq həzzlər var ki, baxın bunlar vaxt itkisidən başqa bir şey deyildir.

Fikrimizcə, son zamanlar əksəriyyət çağdaş Türkiyə ədəbiyyatını çökdürən  əsas meyarı olaraq çağdaş Azərbaycan ədəbiyyatına da nüfüz edən və Azərbaycan oxucusunun da gözünü  cazibəli oyunları və keçici ehtirası ilə boyayan kütləvi ədəbiyyat (popyular ədəbiyyat) bir femme fatale ədası ilə, aslan şəhvəti ilə ədəbiyyatımıza şığımaqdadır.

Bəs kütləvi (populyar) ədəbiyyat nədir?

Bu barədə ilk yazımızda məlumat versək də, bir daha qeyd edək ki, Qərb  kapitalist düşüncə sistemi nəticəsində yaranan kütləvi mədəniyyət, XIX əsrin yarısından etibarən Türk ədəbiyyatının qurğu mətnlərində yerini almışdır. Beləcə kütləvi ədəbiyyat deyilən bazardostu sektor ortaya çıxmış, roman başda olmaq üzrə fərqli janrlarda çox sayda müzakirəni özü ilə bərabərində  gətirmişdir.

Kütləvi  ədəbiyyat isə, ümumi mənası ilə geniş oxucu kütlələrinə xitab edən, oxucuda maraq, həyəcan və kədər kimi duyğuları oyandırmağı hədəfləyən, tamamilə sürətli istehlaka istiqamətli, sadə hadisələr üzərinə qurulu, hadisələrin və şəxslərin konkret xəttlərlə ortaya qoyulduğu ədəbiyyat məhsullarıdır.

Azərbaycan ədəbiyyatına diqqət etsək görərik ki, "Qılınc və Qələm", "Dumanlı Təbriz", "Əsrin onda biri", "Məhşər" , "Ağ qoç, qara qoç", "Sehirbazlar dərəsi", "Mahmud və Məryəm", "Qardələn", "Arzulardan sonrakı şəhər" kimi əsərləri oxyub beyinlərini işlətmək istəməyən oxucular, "Otaq yoldaşım pinti", "Americano", "Can parəm", "Zatən boyun da küçükdü", "Cənnətin ətri", "Qızıl çağ", "Ona", "Tualet kağızı", "Eva virusu" kimi əsərləri oxmağa üstünlük verirlər, yaxud da bəzi detektivləri...

Hələ Türkiyə ədəbiyyatından süzülüb mühitimizə soxulan kütləvi atıqları sadalamıram belə... Çox təəssüf ki, əksər modern Azərbaycan gəncinin əlində bu tip kitablar görə bilərik.

Kütləvi romanın xüsusiyyətləri göz önünə gətirildikdə  bu janr, anlıq təsir oyatmaq, tez unudulmaq, kommersiya qayğısıyla yazılmaq, nəşr və paylamaq, həqiqətdən uzaq olmaq və sənət-estetik dəyərlərdən məhrumluq kimi səbəblər baxımından ciddi ədəbiyyat olaraq qəbul olunmamışdır.

Türkiyəli yazar, tədqiqatçı Murat Gülsoy bu barədə qeyd edir: "Asan ədəbiyyat və ədəbi olmayan ədəbiyyat mənasında istifadə olunan bu termin  oxucular tərəfindən tez  oxunur. Oxucunun oxumaq anlayışını və dünyaya baxış bucağını sorğulamır.  Və səthidir".

Cəmiyyət tərəfindən tez-tez eşitdiyimiz "vaxt keçirmək üçün anlayışına" uyğun formatı tam şəkildə özündə birləşdirən çağdaş kütləvi ədəbiyyat qavramı hər təbəqəyə xitab etsə də, bu mütaliənin sonunda oxucular heç nə qazanmır. Çağdaş kütləvi ədəbiyyat nümunələrini kitablaşdırılmış seriallara bənzədirəm. İnsanın vaxtını alır. Qarşılığında insanın təfəkkürünə, düşüncəsinə, psixiologiyasına  əllə tutulacaq, maddi, mənəvi dəyər qatmır.

Ədəbi roman sənətə xidmət edən və əbədi, qalıcı söz abidəsidir. Kütləvi ədəbiyat dediyimiz qavram isə, dünyada populyar roman başlığı altında təhlil olunur. Populyar yəni məşhur, dəbdə olan ... Və heç bir dəb uzun müddətli yaşaya bilmir. İnsan sıxılan, darıxan, bezikən varlıqdır. Getdikcə insanı əsir edən bu gərəksiz dəb bir çox dünya brendinin lazımsız dəfilələrində sərgilənən ağla, məntiqə sığmayan "vacib olan odur ki, insanlar məndən danışsın, məntiqli ya da yaxşı olmasa da olar" prinsipini özündə əks etdirir.

Son zamanlar çap olunan əsərlərin çoxluğu bizi sevindirsə də... O əsərlərlə tanış olduqda bu sevinc əsəb gərginliyi ilə nəticələnir.

Çağdaş kütləvi ( populyar) ədəbiyyatın  məğzini romanlar təşkil edir. Bu romanlar yüksək məbləğli pullar xərclənərək, ya da nəşriyyatların maddi bazası sayəsində  cəmiyyətə təqdim olunur. İnsanların gözünə, psixilolgiyasına xitab edən reklamlarla təqdim olunan kütləvi ədəbiyyat nümunələri qısa zaman dilimində çox-satan (best seller) olsa da müvəqqətiliyi və birdəfəliliyi ilə diqqət çəkir.

Son zamanlar dünya gündənini silkələyən populyar  mədəniyyət, populyar medya, populyar ədəbiyyat və s. kimi qavramları hələ də həzm edə bilməyən çağdaş cəmiyyətətimizdə də atını cövlan etdirməyə başlayıb.

Rowe kimi bəzi tədqiqatçılar kütləvi (populyar) mədəniyyətə asudə vaxt  təcrübəsi və mətnləri kimi yanaşırlar. (Rowe, D. "Popüler Kültürler") Bu anlayışa əsasən, kütləvi mədəniyyət həyatımızın bütün aspektlərini əhatə edən əmtəədir.

Gündəlik həyatı təsvir etmək yerinə həqiqətin mənfi tərəflərini qurtulmaq və süni xoşbəxtlik qazanmaq üçün istifadə olunan bir vasitə olan kütləvi ədəbiyyat "modernist mədəniyyətdən fərqli olaraq, kütləni aydınlatmağa və alilik qazandırmaq yerinə, müştərilərə xidmət etmək, onları başdan çıxarmağa yönəlmişdir". (Bauman, Z."Akışkan Modern Toplumda Kültür").

Umberto Eco, kütləvi roman tarixini üç dövrə ayırır. Birinci dövr 1830-cu illərdən başlayır. Sənayeni doğuran sənaye inqilabının təsir etdiyi işçi sinifini mərkəzinə alır. İkinci dövr olan 19-cu əsrin son 30 illərində, xalqın içindən çıxan burjua qəhrəmanlar əzilənlərin intiqamını alır. Üçüncü dövr isə 20-ci əsrin ilk rübündə meydana çıxır və artıq səhnəyə üstün zəkalı, istedadlı varlıqlar ortaya çıxır.

Modernləşmə prosesi ərzində bir çox sənət sahəsində təsirini göstərən kütləvi mədəniyyətin ədəbiyyat qolu, bazar şərtlərini güdərək oxucuların aktual gözləmələrini qarşılayacaq qurğu tərzində əsərlər çıxarmağa meyllidir. Qısa müddətdə əhəmiyyətli inkişaflar əldə edən bu sektor, estetik dəyərə çatmaq məqsədi daşımasa da ədəbiyyat dünyasında bir çox şəkildə yer əldə etmişdir.

Digər tərəfdən populyarlıq və ədəbilik qarşıdurmasının xüsusilə son əlli ildə əhəmiyyət qazanan postmodern ədəbiyyata isə təsir etməyib, ancaq bu səbəbdən bu çərçivədə kifayət qədər tədqiqat da aparılmamışdır.

Ədəbiyyat sosiologiyası baxımından baxıldığında isə kütləvi ədəbi növlərin sayının və bu növlərə daxil olan əsərlərin çapının günbəgün artması oxucuların zövqlərinin hər keçən gün zəiflədiyinin sübutudur.