"Həftənin rəngi" - Günel Eyvazlının təqdimatında - LAYİHƏ

Günel EYVAZLI

 

Tanınmış Polşa yazıçısı, həkim və pedaqoq Yanuş Korçak Dünya Müharibəsi zamanı Polşanın almanlar tərəfindən tutulması nəticəsində çalışdığı, rəhbəri olduğu "Kimsəsiz uşaqlar evi"nin körpə sakinləriylə birlikdə cəza düşərgəsinə aparılır. Vaqona keçməmişdən öncə SS zabitinin biri onu tanıyaraq soruşur:

- "Kral Matiuş"u siz yazmısınız? Mən onu uşaqlıqda oxumuşdum. Əla kitabdır.

- Bəli, mən yazmışam.

- Lap yaxşı. Siz azad ola bilərsiniz.

- Necə? Bəs uşaqlar?

- Yox, uşaqlar gedəcək. Amma siz vaqonu tərk edə bilərsiniz.

- Səhv düşünürsünüz, cənab. Gedə bilmərəm. İnsanların hamısı yaramaz deyil.

Deyilənə görə, bir neçə gündən sonra Korçak uşaqlarla birgə qaz kamerasına aparılır. O, hara getdiyini çox gözəl bilirdi. Uşaqlar isə xəbərsiz idilər ölümə getdiklərindən. Korçak uşaq evinin ən kiçik nümayəndələrinin körpə əllərindən bərk-bərk yapışaraq ölüm astanasında belə onlara nağıl danışırdı. Əbədi olaraq mışıl-mışıl yatsınlar deyə.

Bilmirəm, bu hadisə yadıma haradan düşdü. Bəlkə də Azərbaycan Dövlət Kukla Teatrının repertuarına nəzər salaraq "Cırtdan", "Cik-cik xanım", "Qırmızı papaq", "Göyçək Fatma" və s. teatr tamaşalarını repertuarda görüncə, üstəgəl, dünyanın acı həqiqətlərilə göz-gözə dayanınca sanki "dövrdən geri qalırıq" kimi düşüncələr beynimi dumanlandırır. Texnikanın mövcud olmadığı, təbiət rənglərinə bürünmüş bir zamanın nağılları ilə, tamaşaları ilə müasir uşaqları böyüdə bilərikmi sualı məni çox düşündürür. Çünki dünyanın elə qorxulu nağılları yer üzərində at oynadır ki, daha heç kim göydən düşəcək almaların xülyası ilə yaşamır.

Azərbaycan Dövlət Pantomima Teatrının may repertuarında "Fəlakət və insan" maarifləndirici uşaq tamaşası məni sevindirdi. Şən tamaşa fövqəladə hallar, təbiət kataklizmaları zamanı özünü necə aparmasını, nə etməsini, nə ilə qorunmasını uşaqlara əyləncəli dil ilə başa salır.  Rol ifaçıları jestlərlə nə etməyin məqsədəuyğun olmasını uşaqlara çatdırır. Bunu ancaq alqışlamaq olar. Qeyd edim ki, tamaşa 2015-ci ildən səhnəyə qoyulub.

"Başqasının övladına yad münasibət bəsləmə. Özününkünə rəva bilmədiyini başqasına rəva bilmə", söyləmişdi cənab Korçak. Həmin polyak yazıçısının fikirləridir bu fikirlər. Bəlkə də dünyanın indi belə bir devizə ehtiyacı var.

Deviz demişkən, internet səhifələrindən birində "Kitabı tanıdın, kitabla tanının" şüarı altında maraqlı bir paylaşım gördüm. Paylaşılan video çarx III BUKTREYLER Festivalı-2018 çərçivəsində hazırlanmışdı. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında düzənlənən bu festival üçüncü ildir ki, fəaliyyətdədir. Video çarxları izlədikcə ilbəil gənclərin daha professional işlərinin ortaya çıxmasının şahidi oldum. Həmçinin, tanıdığım, tanımadığım gənc qələm sahiblərinin kitablarını video çarxlar vasitəsilə izləmiş oldum. Gəncləri, kitab adına edilən istənilən işi alqışlamağa dəyər. Uğur onlarla olsun.

Ötən həftə "Kaspi" qəzetindən sonra "Ədalət" qəzeti də yazıçılara eyni sualla müraciət edərək "Klassiklərə qarşı çıxmaq olarmı?" sualı ətrafında cavab axtarmağa çalışdı. Fikir mübadiləsi aparan ziyalılar demək olar ki, eyni düşüncə məcrasına gəlib çıxdılar. Əlbəttə, istənilən professional şəkildə yazılmış tənqidi, təhlil motivli yazılar təqdirəlayiq sayıla bilər. Ədəbiyyatımızda "heç kim", "heç nə" bütləşdirilməyib. Belə deyib də ədəbiyyatımız haqqında yersiz, gözdənsalma təbliğatı aparmayaq. Savadı çatan şəxs professional qələmini bu istiqamətdə sınayaraq cəsarət nümayiş etdirə bilər. Əlbəttə, etik çərçivəni aşmamaq şərtilə. Çünki bu tip təftiş ədəbiyyatı yalnız inkişafa doğru apara bilər. Amma şəxslərə, qələm adamlarına  filankəsi "bəyənirəm", "bəyənmirəm", "yaradıcılığı yoxdur" söyləmək qeyri-peşəkarlıqdır və ciddi sayıla bilməz. Ya ədəbiyyat adına qələmini mürəkkəbə batırıb "yaxşı", "pis" adlandırdığın yazıçıların, şairlərin ədəbiyyat nümunələrini təhlil eləməlisən, yox əgər bunu etməyə istedadın yetmirsə, susub kənarda dayanmalısan. Lazımsız hay-küy, şou məişət əhvalı yaradır. Ədəbiyyat üst kateqoriyadır. Estetika mənbəyidir. Burada başqa cür danışırlar.

Ötən həftə həm də yeni müsabiqə elanlarıyla yadda qaldı. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı "Yeni nəfəs-III" adlı qısametrajlı ssenari müsabiqəsi elan etdi. Həmçinin, Azərbaycan Respublikası Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu il dönümü münasibətilə müsabiqə elan etdi.

Maraqlı olay həm də Bakı Metropolitenində baş verdi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi münasibətilə keçirilən fləşmobda gənclər metro qatarında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirdilər.

Cümhuriyyət mövzusu bu həftəni öz cənginə ala bildi. Uzun müddətdir fəaliyyətini həvəslə izlədiyim dəyərli gənc, kolleksioner, araşdırmaçı Dilqəm Əhməd yenə də ənənəvi, məsuliyyətli, təqdirəlayiq missiyasının öhdəsindən cəsarətlə gəlir. İllərdir dünyanın dörd bir yanından topladığı, pul müqabilində aldığı, əldə etdiyi Cümhuriyyət dövrünü əhatə edən məktubları, sənədləri, kitabları, fotoları Respublikamızın müxtəlif müəssisə, kollec, məktəblərində, universitetlərdə sərgiləyir. Tədris ocaqlarına dəvət alan kolleksiyaçı tələbələr, müəllim heyəti, alimlər qarşısına çıxaraq muzeylərimizdə, arxivlərimizdə belə olmayan materialları tədbir iştirakçılarının diqqətinə çatdırır.

On yeddi apreldə həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti-100" loqotipi Azərbaycan ictimaiyyətinə təqdim olundu. Qeyd edək ki, loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Həmçinin, ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verərək 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən, ABŞ tərəfindən tanınması qeyd olunduğunu söyləmişdir. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin edib. Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Sonda şəhərin meri Ram Emanuel imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü elan edərək bütün Çikaqo sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırır.

Naxçıvan Dövlət Musiqili Dram Teartı da Xalq Cümhuriyyətinin 100 illik yubileyinə səylə hazırlaşır. Qurban Səidin "Əli və Nino" romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanan tamaşanın məşqlərinin keçirilməsi haqqında məlumatı mətbuatdan aldıq. Tamaşa may ayının sonuna qədər teatrsevərlərə təqdim olunacaq.

Ötən həftə Rusiyanın "Literaturnaya qazeta" nəşrinin Azərbaycan ədəbiyyatına ayırdığı "Müasir Azərbaycan ədəbiyyatı" səhifəsinin də ilk təqdimatı oldu. Qəzetin 11 aprel nömrəsində Əli Kərim, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlının şeirlərinin dərc olunduğu qoşa səhifə "Baş verən şeirlər" "Ön sözü" ilə təqdim edildi. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği" istiqamətində həyata keçirilib.

Həmçinin, ötən həftə Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalandı.

Nəşriyyat işinə gəlincə... Onların işini qənaətbəxş hesab etmək olar. Əgər bəzi çatışmamazlıqları, sistemsizliyi nəzərə almasaq. Dünya ədəbiyyatı nümunələrinin dilimizə çevrilməsində iştirak edən nəşriyyatların sayəsində kitab mağazalarımız bədii kitablarla zənginləşir. Ənənəmə sadiq qalaraq ötən həftə bir neçə kitab mağazasında oldum. Kitab üzlüklərində xarici ədiblərin ad yazılışını görüncə paradoksal duruma düşdüm. Doğrusu, bu kobud səhv bir az məni qorxutdu da. Son zamanlar bir çox nəşriyyatlarda qəribə tendensiyanı sezmək mümkündür. Xarici müəlliflərin adları kitabın üz qabığına elə xarici əlifba ilə yazılır. Onların deyiliş qayda-qanununa uyğun şəkildə yazılır. Məsələn, nədənsə Deyl Karnegi adı kitab üzünə Deyl Carnegi kimi və yaxud Markes - Marques kimi yazılır. Özüm dilçi olaraq bunu olduqca kobud səhv adlandırırardım. Əlifbamızda "K" - olduğu halda, nəyə görə ingilis "C"sı yazmalıyıq, bunu anlamadım. Dilimizdə müəlliflərin adlarının rahat səslənişi olduğu halda niyə dilimizi zorlayaraq Marques deməliyik, bunu da anlamadım.

Ötən həftə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bizə xatirələr qalacaq" sənədli televiziya filminin istehsalının başa çatdığını mətbuat orqanlarına xəbər verdi. Filmdə görkəmli aktyor, xalq artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, "Mozalan" kinojurnalından kadrlar yer alıb.

Cavid Zeynallının təqdimatında APA TV-də yayımlanan "Sözün kodu" verilişini son zamanların maraqlı verilişləri sırasına əlavə etmək olar. Yersiz hay-küydən, qeyri-ciddi ab-havadan uzaq olan bu veriliş 2018-ci ilin 15 martından yayımlanır. Verilişə dəvət alan, xüsusi həssaslıqla  seçilən qonaqlar dərin fikirləriylə auditoriyanı öz ətrafında cəm edə bilir. Samballı verilişlərin "yox" olduğu bir dönəmdə araya-ərsəyə gələn "Sözün kodu" verilişini hazırlayan kollektivə, APA TV-yə  ancaq təşəkkür etmək qalır.

Aprelin 21-i Bakı görkəmli ingilis şairi, dramaturqu Uilyam Şekspirin ruhunu hiss edəcək. Dramaturqun anadan olduğu gün münasibətilə təşkil edilən tədbir Britanya Şurası, S.Vurğun adına Rus Dram Teatrı və "Quvantum Kvartet" adlı simli kvartetin dəstəyi ilə "YARAT" Müasir İncəsənət Mərkəzində  reallaşacaq. Konsert çərçivəsində Avropa və digər xarici bəstəkarların əsərlərinə müraciət olunacaq.

Həftəni al-əlvan həftə kimi dəyərləndirmək olar. Yazın gəlişi, oyanış, istilik incəsənət, ədəbiyyat aləmində də hiss olunmaqdadır. İki həftədir maraqlı şeirlərilə diqqət çəkən Rəşad Nağı Mustafa sosial şəbəkədə şeirlərini təkrar paylaşsa belə (şeirlərlə "Ədəbiyyat qəzeti"ndən tanışıq) ilk dəfə oxuyurmuş kimi yenə də xoşhal olduq.

Məsciddəyəm, kim var ki?

Bir Allahdı, bir də mən.

Susuram, danışıram,

darıxıram yerdə mən.

 

Bir küncdə oturmuşam

əllərimi yoruram.

Allah evindən göyə

duaları qovuram.

 

İnsan günah edəndi,

Tanrı bağışlayandı.

Bu gün yenə içirəm

dünən pozduğum andı.

 

Burda təqvim hicridir,

burda şəvval ayıdır.

Günahlar maneədir,

Dua dilimdən çıxır

minarədən qayıdır.

 

Bu evə gəlib-gedən

neçə milyon adam var.

Məscidin imamından

çox şey bilir divarlar.