Səksənindən doxsanına varanda... - Nizami Cəfərov - ANAR - 80

Nizami CƏFƏROV

Bir neçə gündən sonra Anar həyatının səkkizinci onilliyini başa vurub  doqquzuncu onilliyinə qədəm qoyur. Və təbii ki, bu həyat ilk növbədə onun  sahibinə - Anara məxsus olduğundan ürəyi necə istəyibsə elə də yaşayıb: ata- anasına  layiqli övlad, övladlarına layiqli ata olub… Əlbəttə, bu, dünyaya təşrif buyurmuş hər bir insanın heç də  hər kəsə müyəssər olmayan birinci missiyasıdır ki, Anar həmin missiyanı həmişə şərəflə yerinə  yetirib. Və bu gün də təkraredilməz bir  nümunə göstərir…

Gözlərini ədəbi mühitdə  açdığına görə ədəbi yaradıcılığa neçə  yaşlarında başladığını demək  çətindir. Ancaq bilirik ki, keçən əsrin altmışıncı illərində meydana çıxıb yetmişinci illərində özünü təsdiq etmiş "yeni ədəbiyyat"ın yaradıcılarından  biri olmuşdur. Onu da bilirik ki,  həmin illərdə Anar həyatının üçüncü onilliyini yaşayırdı… Və artıq dünya  miqyasında tanınmağa (Azərbaycan ədəbiyyatına hörmət gətirməyə) başlamışdı.

Otuz, qırx yaşlarında (keçən əsrin yetmişinci, səksəninci illərində) qazandığı böyük yaradıcılıq uğurları Anarı  "canlı klassik", "Azərbaycan ədəbiyyatının qara saçlı ağsaqqalı" səviyyəsinə  yüksəltmişdi. Və bu nüfuz onu çox mürəkkəb bir ictimai-siyasi dövrdə  (daha doğrusu, həmin dövrün başlanğıcında) Azərbaycan Yazıçılar Birliyinin başçılığına gətirib çıxardı… Əgər bu illərə qədər Anar daha çox öz şəxsi (və yaradıcılıq) həyatını yaşayırdısa, bundan sonra onun üçün "həyat" anlayışı xeyli dərəcədə ictimai məzmun kəsb etməyə başladı. Və həyatının altıncı onilliyi, demək olar ki, bütünlüklə, mənsub olduğu millətin tərcümeyi-halına çevrildi. Heç şübhə etmirəm ki, Anarın 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki həyatının "kardioqramı" çıxarılsa, aydın görmək olar ki, bütöv bir millətin ürəyi necə döyünür.

Azərbaycan xalqının ümummilli lideri (və müstəqil Azərbaycan dövlətinin qurucusu) Heydər Əliyev böyük yazıçı- mütəfəkkirin yaradıcılığına  həmişə yüksək qiymət vermiş, xalqına ürəkdən xidmət edən bütün milli ziyalılar kimi onu da hələ yetmişinci illərdə hər cür siyasi-ideoloji təqiblərdən qorumaqla sərbəst fəaliyyət göstərməsi üçün  zəruri şərait yaratmışdı. Ümummilli liderin uzaqgörənliyi idi ki, sonralar İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Hüseynov (Muğanna),  Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu, Fikrət Qoca, Vaqif Səmədoğlu, Elçin kimi ziyalılar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin önündə getdilər. Və Anarın o çətin, mürəkkəb, hər cür təxribatların meydan suladığı illərdə  cəsarətlə dediyi sözlər bu günə qədər yadımdadır: mən nə "yuxarılar"ın, nə də "aşağılar"ın diktəsi ilə hərəkət etmirəm…

Azərbaycan ziyalısının bu cür müstəqil düşüncə (və həyat) yolu olmasaydı, əlbəttə, Azərbaycanın indiki müstəqilliyi də olmazdı.

Yazıçılar Birliyinin qorunub saxlanması, yeni tarixi şəraitə yalnız formal deyil, məzmun-mündəricə etibarilə inteqrasiyası Anarın tarixi xidmətlərindən biri idi. Bu işin öhdəsindən ancaq və ancaq Azərbaycan ədəbiyyatının gələcəyini görən, milli ədəbiyyatın taleyi üçün məsuliyyət daşıyan, ədəbi mühit (və proses)in məlum subyektiv münaqişələrinin fövqündə dayanmağı bacaran bir ədəbi lider gələ bilərdi. Və həmin ədəbi lider artıq dördüncü onillikdir ki, Azərbaycanın ən nüfuzlu yaradıcılıq təşkilatına rəhbərlik edir. Keçən on illərdə yeni ədəbi qurumlar yaradılmasına cəhdlər olundu, hətta bu qurumların bəziləri özlərini Yazıçılar Birliyinin alternativi elan etdilər. Ancaq tarix göstərdi ki, böyük ədəbiyyatın keşiyində ömrü o qədər də uzun olmayan eksperimental qurumlar, tendensioz qruplaşmalar yox, tarixi birlik dayanır ki, burada Anarın yazıçı- mütəfəkkir (və ideoloq!)  nüfuzu ilə yanaşı, demokratizmi mühüm rol oynadı. O demokratizmi ki, Birliyin idarəçiliyində hər cür inzibati-amiranəlik cəhdlərinin qarşısını aldığı kimi, hərc-mərcliyin ayaq açmasına da imkan vermədi… Və tamamilə təbii idi ki, ulu öndər Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yazıçılarla məşhur görüşlərində Anarın xidmətlərini yüksək qiymətləndirdi. Çox gərgin dövrə (1987- 1997) təsadüf edən bu tarixi xidmət olmasaydı, yəqin ki, bu gün Birliyin (və ədəbiyyatın!) müstəqillik illərindəki böyük uğurlarından danışmaq çox çətin  olardı… Bir anlıq təsəvvür edək ki, milli müstəqillik ərəfəsində Birlik bir "sovet yaradıcılıq təşkilatı" olaraq ləğv edilib, nə "Ədəbiyyat qəzeti", nə də "Azərbaycan",  "Ulduz" jurnalları çıxır… Əgər belə olsaydı, ədəbiyyat taleyin ümidinə buraxılsaydı, heç  şübhəsiz, bu gün taledən inciməyin, şikayətlənməyin də bir faydası olmayacaqdı.

Anarın bir missiyası yeni ədəbiyyat yaratmaqdırsa, ondan az əhəmiyyətli olmayan digər missiyası mənsub olduğu xalqın ədəbiyyatını yeni təfəkkür mövqeyindən təhlil, təqdim və təbliğ etməkdir. "Dədə Qorqud"dan başlamış Səməd Vurğuna qədər elə bir Azərbaycan ədəbiyyatı klassiki yoxdur ki, Anar onun haqqında öz mötəbər sözünü deməmiş olsun…

Anarın çoxşaxəli yaradıcılığı (və bu yaradıcılığın ən mükəmməl əsəri olan bütöv Şəxsiyyəti!) elə bir milli-mənəvi sərvətdir ki, heç zaman tükənməyəcək, həmişə xalqın mədəni yüksəlişinə xidmət edəcək… Bir epos müasirliyi (və enerjisi!) ilə!..

Nizami Cəfərov
akademik, Milli Məclisin deputatı
Atatürk Mərkəzinin direktoru