Sənəti insanlıq səviyyəsinə qaldıran yazıçı - Sərdar AMİN

Sərdar AMİN

İlk kitabımın nəşr xəbərini Mersində, Aralıq dənizinin sahillərində almışdım. Dostlarım romanımın nəşrindən xəbərdar olan kimi hay-həşirlə məni təbrik etdilər, yüzə yaxın turistin içində məni atıb-tutmağa başladılar. Sonra ara sakitləşdi, sahilə enib siqaret yandırdım.

Hədsiz sevinirdim. Bu zaman az əvvəlki mərəkəni seyr edən bir qadın mənə yaxınlaşdı. Tatarıstandan olduğunu deyib vahid türkcədə danışmağa başladı.

- Yazıçısan?

- İlk kitabım bu gün nəşr olundu.

- Bayaq gördüm. Anarın ölkəsindənsən, hə?

Təsdiq cavabı verdim və sahilə süzülməkdə olan toranlıqda "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən, "Ağ liman"dan xeyli danışdıq.

Bir müddət sonra içimdəki sevinc mənbəyinin kitabımın nəşr olunması ilə deyil, "Anarın ölkəsi" ilə bağlı olduğunu anladım. Nə gizlədim, bu ehtişamın içində yazıçının bir ölkənin adı qədər böyüyə bilməsinin sevinci də var idi və bu an mən Anarın ölkəsində romanı yenicə nəşr olunmuş gənc idim.

Bəzən dostlarla söhbət zamanı sovetin ən perspektivli gənclərindən sayılan Anarın dövrün tələblərinə, gözləntilərinə məhəl qoymayaraq sənəti daim başı üzərində tutmağından, fərdi mənafeyini zərrə qədər də önəmsəməyib ədəbi mühiti silkələyən obrazlar yaratmağından heyrətlə danışırıq.

"Bizim ayrı-ayrı adamlara yazığımız gəlir, amma sənətə yazığımız gəlmir" fikri yazıçının sənəti insanlıq səviyyəsinə qaldrımağından xəbər verir.

Ölkəmiz müstəqillik qazanandan sonra belə çox yazıçıların cəsarət edə bilmədiyi mövzuları sovet maşınının dörd təkərinin də durmadan işlədiyi bir zamanda qələmə alması, sənətlə yanaşı cəmiyyət, insanlıq naminə əlində saxladığı işığı heç zaman sönməyə qoymaması, Anarı haqqında indiki zamanda danışa bildiyimiz ən böyük şəxsiyyətlərdən etdi.

Şeir də belədir, qiyməti bəzən haqqında fikir yürüdən insanın sanbalı ilə ölçülür. Anar müəllim haqqında öz müstəvisində yetişmiş insanlardan həmişə çox yüksək fikirlər eşidirik.

Uğurlu sahibkar da, tanınmış cərrah da, peşəkar elektrik də, hətta ən skeptik xarakterə malik bütün yetişmiş qələm adamları da Anar adı gələndə qaşlarını bir az qaldırır, tamam ayrı bir fəza haqqında sözə başlayırmış kimi boğazını arıtlayır.

Anar müəllimə yaratdığı obrazlarının formalaşdırdığı insanların, onun müsbət qəhrəmanlarına çevrilmiş adamların xoş günlərini könül rahatlığı ilə izləməsi üçün ömür diləyirəm.