Hamımız qapıyıq - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Todo es puerta (Hər şey qapıdır) /  Oktavio Pas

Qapı bəlkə də insandan, toplumdan öncə yaranıbdır. Qədim və orta əsrlər şəhərinin obrazı qapıdan, darvazadan başlayır. Qala, şəhər qapıları yalnız kommunikasiya vasitəsi deyil, magik qoruyucu işarədir.

Qapı şəhərin, evin mahiyyətini ifadə edir. Şəhərlərin tarixi və taleyi əslində şəhər (qala) qapılarının tarixidir.

Pənahəli xan Şuşanın təməlini qoyarkən qala divarlarından dörd darvaza açdırır. Mirzə Yusif Qarabağı yazır ki, "şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə isə Gəncə və Giləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılmış və hazırda onun yerinə divar tikilmişdir. İndi isə şəhərin üç darvazası var" ("Qarabağnamələr").

Gəncə qapılarının gürcü monastrında hələ də girov saxlanılması, kim bilir, bəlkə də şəhərin sonrakı taleyinə təsir etmiş mistik hadisədir?!

Əlbəttə, qapı ilk növbədə vacib memarlıq - tikinti elementidir. Kənddə bənna evin hörgüsünü başlayarkən öncə qapının yerini müəyyən edir. Qapı varsa, deməli, ev artıq mövcuddur.

Qədim insan qapının vacib rolunu dərindən dərk edirdi. M.Eliade (sitatın məzmunu yadımdadır) qeyd edirdi ki, insan ilahi və bəşəri dünyaları yalnız vəhdətdə dərk edəndə onu müqəddəs dünya kimi qəbul edir. Bu dünyaları ayıran və birləşdirən bir qapı var. Yuxarıda hansısa bir qapı olmalıdır ki, tanrılar Yerə enə bilsinlər, insan da simvolik olaraq Göyə qalxa bilsin.

Hər qapının öz görünüşü, öz səsi var. Köhnə kişilər qapının səsindən kimin gəldiyini də bilirdilər.

Babam ölüm ayağındaydı. Bakıdan oğlunun gəlişini gözləyirdilər. Həyət darvazasının səsindən gözlərini açdı, "Nəriman" dedi və canını tapşırdı.

"Qapı" sınanılmış inanc yerinin adıdır. Qapının açıq olması qonaqpərvərliyin nişanəsidir. İlahiliyin təcəssümü qapının gələnin üzünə açıq olmasından başlayır. Qonağın qutsal statusu ("Allah qonağı") bunu bildirir.

Qapı mədəniyyət vahididirsə, qapının ağzı, qapının kandarı təbiət səltənətinə aiddir. Qapı təbiət vahidi ilə əlaqə vasitəsidir.

Axısqa türklərinin toy mərasimində maraqlı ənənə var: "Gəlin qapıdan evə girəndə onun əlini bala batırırlar, gəlin balı qapı çərçivəsinin yuxarı hissəsinə sürtür. (A.Hacılı. "Qəribəm bu vətəndə (Axısqa türklərinin etnik mədəniyyəti").

Tuva türkləri evdən bədnəzəri, şər-yaman ruhları uzaqlaşdırmaq üçün sosial statusu aşağı olanları qapıdan içəri buraxmazdılar. Onları elə qapı ağzında qarşılayır, yedirib-içirdir və yola salırdılar.

Tuvalılarda qonaq qapı ağzında oturursa, içəri girmirsə, onda ev yiyəsinə xətər toxundurmuş olur.

Çünki məhz hami ruhlar evin girişində, qapı ağzında yaşayırlar.

Altay türklərinin inancına görə, qapı ağzında oturan uşaq boyümür, yaşlı adamın isə qarnı ağrıyır.

Qapıdan keçmək dünyaların sərhədini keçməkdir. Qonaq bu sərhədi keçəndə öncə salamlaşır, ondan sonra təzə dünyaya daxil olur, yəni "özgə"dən "özününkü"nə keçir.

Qapı bədii ədəbiyyatın, fəlsəfənin ən çox ilgiləndiyi obrazlardan, simvollardan biridir. Filosoflar, yazıçılar insanın qapı ilə münasibətləri haqqında daim düşünmüşlər. F.Nitsşe "Zərdüşt belə söyləmiş" kitabının bir epizodunda qədim qapının qəfildən əbədi qayıdış qapısına çevrilməsindən bəhs edir. Məşhur fransız filosofu Q.Başlyar "Məkan poetikası"nda qapıya təriflər söyləyir.  F.Kafkanın "Qanun qarşısında"  hekayəsi, S.Veylin "Qapılar" pyesini xatırlamaq olar. Görkəmli Azərbaycan şairi Ç.Əlioğlu şeirlər və poemalar toplusunu simvolik olaraq "Qapı" adlandırır.

İstedadlı şair Nurafizin yaşantı-xatirə təcrübəsində qapı obrazı mühüm yer tutur. Özünün portretində qapı metaforasından istifadə edir.

Kilidlənmiş qapıyam,

Sözüm açıq pəncərə…

Gürcüstanda, doğma kənddə qapısı bağlı evlər içini göynədir. Köhnə evlərin kilidli, bağlı qapıları ölüm estetikasının işarəsidir.

Mənəm susdu o gün,

sükutu elə

Köhnə qapımızda kilidə döndü.

Yaxud:

Köhnə evimizin qapısı bağlı,

Nisgili, kədəri hələ oyaqdır.

Köhnə evimizin qəmli nağılı

Təzə evimizdə bizə dayaqdı.

O qapıdan ki, biz giririk - Allahın lütfü ilə baş verir. Qapı bir paydır. Həqiqətin, Allahın payıdır. İstanbulda Topqapı sarayına girişlərin birində qapı üstündə yazılıbdır: Kuşada bad ba dövlət hamişə dərgah ("Qoy bu qapı həmişə mutluluğa açıq olsun"). Yazının dini mənası məlumdur: Qapı sadəcə mutlu, xoşbəxt olmaq üçün açıqdır.

Əgər fikir veribsinizsə, miniatürlərdə qapılar həmişə açıq göstərilir. Qapılar nə qorunur, nə də qapanmır. Səfəvi müniatür ənənəsində saray qəbulu səhnələrində qapılar ya açıq, ya da keşikçisiz, mühafizəsiz təsvir edilir.

Bunun səbəbi "Aşiqlərin güzgüsü" ("Mirat-ü üşşaq") adlı bir sufi traktatında izah edilir. Həmin əsərdə qeyd olunur ki, qapı mərifət və idrakı bildirir. Kim Həqiqət qapısından uzaq düşürsə, işığa deyil, qaranlığa yaxınlaşır.

Ona görə də mərifət və idrak dünyasına daxil olması üçün qapılar tamam açıq olmalıdır.

Qapılar üzərində yazılmış "dövlət" sözünün mənasına da aydınlıq gəlir. Sifizmdə "dövlət" sözünün bir mənası da insanın Allahla vəhdətidir, vüsalıdır.  "Dövlət" sözünə xoşbəxtlik, mutluluq mənasında "Kitabi-Dədə Qorqud"un müqəddiməsində də rast gəlirik.

Hər qapı Allahın lütfü ilə qurulur. XVIII əsrin sonunda Səmərqənddə Xoca Canxoca məscidinin giriş qapısına həkk olunmuş ərəbcə bir deyimin mənası belədir. "Bu ali qapı Haqq-təalanın lütfi ilə qurulubdur".

"Bəqərə" surəsinin 189-cu ayəsində "Evlərə qapılardan girin" əmri vardır. "Əraf" surəsinin 161-ci ayəsində buyurur: "Bu kənddə məskunlaşın, orada istədiyiniz yerdən yeyin, "bağışla" deyin və qapıdan içəri əyilərək girin. Biz də bağışlarıq səhvlərinizi, yaxşıların haqqını qat-qat artıq qaytararıq" - deyilmişdi onlara" (tərcümə Nəriman Qasımoğlunundur).

Qapının açılması Həqiqətə girişdir. Həqiqət və elm qapısı həmişə açıq olmalıdır.

İncildə İsa Məsih bəyan edir: "Mən Qapıyam", yəni "mən Həqiqətəm".

Məhəmməd peyğəmbər (s.ə.s) isə belə buyurur: "Mən elmin şəhəriyəm, Əli isə qapısıdır: elmi istəyən qapıya gəlsin" ("Nəhcül-bəlağə").

Əgər biz ümumi bir dünyada yaşayırıqsa, onda hardasa onun əsas qapısı olmalıdır. Bu qapı necə adlanır? Onu kim qoruyur?

Həmin qapıları həmişə mənəviyyat, sənət və ədəbiyyat qoruyur. Peyğəmbərlər, mütəfəkkirlər (Nizami, Mövlana, Nəsimi…) insanlığa qapının varlığını göstərmişlər. Nizami "Yeddi gözəl"də bu qapıların qaçılmaz və vacib olduğunu, qapının o üzündə dünyanın olduğunu bildrir.

Xulio Kortasarın məşhur bir hekayəsi var - "Mıxlanmış qapı". Hekayənin baş qəhrəmanı Petrone Buenos - Ayresdən olan bir iş adamıdır. Montevileoda, sakit mehmanxanada bir həftəlik qalmalı olur. Hər gecə qonşu otaqdan gələn uşağın ağlaması onun rahatlığını pozur. O, amma səsin hardan gəldiyini müəyyənləşdirə bilmir, Nəhayət, paltar şkafının arxasında həmin lənətə gəlmiş qapını tapır.

Bu uşaq kimdir? Niyə dayanmadan ağlayır? Petrone tezliklə öyrənib ki, qonşu otaqda qadının heç bir uşağı yoxdur, özü də ağlaşma səsi qadın mehmanxananı tərk edəndən sonra gəlməyə başlayıbdır.

Bu yuxudu, kabusdur, nədir? Hekayənin sonunda belə nəticəyə gəlirik ki, ədəbiyyat özü bizimlə xülyalarımız arasında bir qapıdır. Və bu qapını sadəcə "təhtəlşüur" adlandıra bilərik. "Nəhayət, sükut bərqərar oldu. O yuxuya gedə bilərdi. Ancaq yatmadı, yataqda o üzünə, bu üzünə çevrildi. Sükut onu əzirdi - bicliklə əldə etdiyi və qisaslıqla ona qaytarılan bir sükut. Acı, gülünc fikir anladırdı ki, uşağın ağlaması olmasa, nə yuxuya gedə biləcək, nə də ayılacaq…"

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!