Anarın YAŞAMAQ HAQQI - Azər TURAN - Azər TURAN

Baş redaktordan

Azər TURAN

Özəl sayımız üçün Anar haqqında yazılmış məqalələrə göz atarkən daha çox fəlsəfə müəllimim Niyazi Mehdinin sözləri diqqətimi cəlb etdi. Yazır ki, altmışıncı illərdə Anarın təmsil etdiyi "qıraq dünya" modernitenin, ekzistensializmin, Sartrın dünyası idi. Haqlıdır. Anar o "qıraq dünya" ilə Azərbaycanın yaxınlaşmasına, birləşməsinə, bütövləşməsinə vəsilə olan nadir insanlarımızdan biridir. Üç mədəniyyətin sintezinə görə Hüseynzadəyə, yazıçılığından dramaturqluğuna, ədəbi tənqidçiliyindən redaktorluğuna, hətta qalın şüşəli gözlüyündən qəlyanına, şərfinə qədər Sartra bənzəyir. 

Bəzən mənə deyirlər ki, Yazıçılar Birliyinin mətbu orqanına rəhbərlik edirsən, hər həftə Anar müəllimlə görüşmək, məsləhətləşmək vəzifə borcundur. Başqaları bunu necə edir, necə edib, deyə bilmərəm. Amma mən bacarmıram. Çünki Anar mənim üçün bir "vəcd və ideal qaynağı"dır. Nə qədər yaxın olsa da, o qədər uzaq və əlçatmazdır. Baxmayaraq ki, qapısını müntəzəm açmağa özümü hamıdan daha haqlı bilirəm. Təkcə ona görə yox ki, Anar müəllimi uşaqlığımdan tanıyıram. Onda hələ heç məktəbli də deyildim. Həyətimizdəki tut ağacının budaqlarından tut dərən qonaqlarımızın Rəsul Rza, Əli Kərim, Anar olduğunu çox sonralar biləcəkdim. Yəni Anarla şəxsi  tanışlığımın tarixi az qala, özümlə yaşıddır. Amma qapısını ardıcıl açmağa hamıdan daha çox haqqım olduğunu buna görə deyil, başqa səbəblə deyirəm.

Bir dəfə "Əli bəy Hüseynzadə" kitabımı avtoqrafla Anar müəllimə verəndə ona "Düşüncələrimin rəsulu" deyə xitab etmişdim. Anar müəllim isə on beş il əvvəl "İrfan çobanı" kitabıma yazdığı çox dəyərli və geniş qapsamlı ön sözü "Türk düşüncəsi" adlandırmışdı. Və kitab nəşr olunmazdan öncə "Türk düşüncəsi"ni "Ədəbiyyat qəzeti"ndə çap etdirmişdi. On beş il sonra ona "Mənim düşüncələrimin rəsulu sizsiniz" demək istəmişdim. Sonralar Anar müəllim ən möhtəşəm əsərlərindən hesab etdiyim və rusca yazdığı "Yaşamaq haqqı" traktatını mənə verəndə kitabı vərəqləyib heyrətimdən sarsılmışdım. "Yaşamaq haqqı" vaxtilə Anarın Rəsul Rza ilə, Əli Kərimlə birgə tut dərib yediyi həmin həyətdəki evimizin, "əyalətdəki mənəvi ocağın" təsviri ilə, Rəsul Rza barədə ilk monoqrafiyanın müəllifi olan atamla - Anar müəllimin təbirincə, "çox dəyərli insan-alim-ədəbiyyatşünas, əsl ziyalı" İmamverdi Əbilovla bağlı fikirlərilə başlayırdı və "İrfan çobanı" kitabıma yazdığı ön sözü tərcümə etmək əvəzinə "Türk düşüncəsi" adlandırdığı həmin yazıdan yola çıxaraq 522 səhifəlik fundamental bir əsər yaratmışdı. Anara görə  "İrfan çobanı"nda müxtəlif mövzulara toxunulur, amma kitabda Ana xətt kimi keçən fikir, ideya - türklük, türkçülük düşüncəsi", türkizm idi və əgər türk düşüncəsinin mahiyyətini iki sözlə ifadə etmək lazım gələrdisə, bunu "Yaşamaq haqqı" adlandırmaq olardı. Və Anarın bu çox dəyərli əsərinin adı da "Yaşamaq haqqı" idi. («Право на жизнь»).

"Yaşamaq haqqı", inadla və israrla deyirəm, son yüzildə istər Azərbaycanda, istərsə də Türkiyədə Əli bəy Hüseynzadənin və Ziya Gökalpın yazdıqları istisna edilərsə, türk düşüncəsi üzərinə qələmə alınmış bütün əsərlərin fövqündədir. Mən bu sətirləri yazarkən Hilmi Ziya Ülkenin Çağdaş Türk Düşüncə Tarixi əsərini görməzdən gəlmirəm. Hilmi Ziyanın əsəri Türkiyədə çağdaş türk düşüncəsini, Anarın əsəri isə Orxon-Yenisey abidələrindən başlayaraq, günümüzə qədər gəlib keçmiş türk düşüncə dalğasını və tarixini - ədəbiyyatı ilə, diliylə, siyasəti ilə Azərbaycan kontekstində tədqiq və təqdim edir.

"Ədəbiyyat qəzeti"nin bu sayını Anara həsr etmək barədə çox düşünmədim, Anar müəllimə də, qəzetlə bağlı bütün məsələləri, adətən, birgə müzakirə  etdiyimiz Fikrət Qocaya da bu barədə heç nə demədim. Ona görə ki, Anar müəllim  heç bir halda buna imkan verməyəcəkdi, Fikrət Qoca isə məramımızı Anar müəllimə çatdıra bilərdi. Bir halda ki, o Anardır, tutduğu vəzifədən çox-çox ucada dayanan bir mütəfəkkirdir. Bir halda ki, Abidə İnsandır. Niyə də "Ədəbiyyat qəzeti"nin bir sayı təzə-tər yazıları ilə bütövlükdə bu böyük müasirimizin səksən illiyinə həsr olunmasın?.. Həm də illər keçəndən sonra, lap yüz ildən sonra olsa da "Ədəbiyyat qəzeti"nin bu sayının kitabxanalarda nadir nüsxə kimi axtarılacağına inanıram. Bizdən sonrakı nəsillər bu günümüz barədə xoş bir təəssüratla düşünəcəklər ki, nə zamansa ölkənin əksər dəyərli qələm sahibləri öz böyük müasirlərini bu qədər həssasiyyət və sevgi ilə dəyərləndirə biliblər.

Elə bunun özü də Anarın YAŞAMAQ HAQQIDIR.

9 mart 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!