Polad qızılgül - Günel Eyvazlı

Bulqakovun güclü qadın axtarışında üçüncü - sonuncu cəhdi

Günel EYVAZLI

"Toy günümüzdə mənim fatam belə yox idi. Daha doğrusu, əynimə geyinməyə gəlinlik libasım da yox idi. Atamın mənə göndərdiyi pulları xərcləmişdik. Anam isə həmin gün məni görüb dəhşətə gəlmişdi. Sadə, kasıbyana görkəmim var idi. O, yeni bir blus alıb gətirdi. Anamın aldığı yeni blusu və qat-qat ətəyi geyinərək kilsəyə daxil oldum".

Mixail Bulqakovun birinci həyat yoldaşı Tatyana Lappanın xatirələrində bu kəlmələr yazılmışdı. Gənclərin  maddi çətinlikləri elə toy günündən həyatlarına qədəm qoymuşdu. Tatyananın atası hər ay 50 rubl göndərərdi. Əslində bu məbləğ əgər qənaətlə xərclənərdisə bir aya yetəcək məbləğ idi. Nə yazıq ki, Bulqakov olduqca bədxərc idi. Hətta cibində sonuncu rublu olsa belə hər hansı bir məkana taksi ilə getmək istəyirdisə, düşünmədən taksiyə minərdi. Bu isə ailəli insan üçün olduqca mənfi hal idi. Və o, bunun fərqində deyildi.

"Anam məni sədalövhlükdə günahlandırırdı. Onlarda qonaq olduğumuz zaman bir də görərdi ki, barmağımda nə üzük var, nə də xırda-para digər qızıllarım. Adətən onlar lombardda olurdu" (Tatyana Lappanın xatirələrindən).

Hələ Birinci Dünya müharibəsində hərbi hospitalda həkim kimi çalışan Bulqakov əməliyyatların birində difteriyaya yoluxur. Ümumiyyətlə, gərgin iş şəraiti Bulqakovun yuxusunu, dincliyini əlindən almışdı. Ağrılardan, yuxusuz gecələrdən xilas olmaq istəyən həkim morfi qəbul etməyə başlayır. İlk vaxtlar morfidən, sadəcə, dərman olaraq istifadə etsə də, sonradan bu dəhşətli dərmanın alüdəçisinə çevrilir.

Bulqakovun morfinistə çevrilməsi heç kimə sirr deyildi. Xanım Lappanı isə aptek işçiləri çox yaxşı tanıyırdı. Hamı bilirdi ki, o, yaxınlıqdakı hərbi hospitalın əsas həkimlərindən birinin həyat yoldaşıdır.

Səhər sübhdən qışın soyuğunda belə heç nəyə fikir vermədən aptek-aptek gəzən bu qadın göz yaşları içində ərini güclü ağrılardan xilas etmək üçün morfi axtarışında olurdu. İqtisadi çətinliyin, müharibənin tuğyan etdiyi bir vaxtda apteklərdən aspirin tapmaq mümkün deyildi, o ki, qaldı morfi olsun.  Tatyana həmin soyuq günlərin birində əlində kiçik ampula ilə evə qayıdanda bilirdi ki, bu cür alışqanlığın axırı yalnız və yalnız ölümlə qurtara bilər. O səbəbdən də geriyə - aptekə qayıdaraq morfini distilə olunmuş su ilə əvəzləyir. Həyəcanla evə gəlib ağlından keçirdiyi proseduru tətbiq edir. Budur, möcüzə baş verir. Bir neçə müddət davamlı qəbullardan sonra Mixail nəhayət ki, bu asılılıqdan qurtulur. Müdrik qadının özünəməxsus ixitrası səmərə verir. Sevimli həyat yoldaşı normal həyata qayıdır.

Öncəgör ona belə söyləmişdi...
Bulqakov falçılığa qətiyyən inanmazdı. Baxmayaraq ki, mistika günü bu günə qədər onun imzası ətrafında dövr edir, hətta bir çoxları onu okkullist adlandırır, amma Bulqakov belə uydurmalardan kifayət qədər uzaq idi. Günlərin birində o, kiyevli qaraçıya yaxınlaşaraq sadəcə ironiya üçün, bəlkə də maraq üçün ovcunu qaraçı xanıma uzadır. Qaraçı diqqətlə yazıçının əlindəki xətlərə baxıb, "sən üç dəfə evli olacaqsan", sözlərini dilə gətirir. Bulqakov gülür. Belə də uydurma olar? Bu təbəssümü görən qaraçı "Yadında saxla ki, birinci həyat yoldaşın - Allahdan, ikinci - insanlardan, üçüncü isə - iblisdən olacaq" - söyləyir. Evə qayıdan Bulqakov başını bulayaraq "Mən sevimli Tasyamdan heç vaxt ayrılmaram" deyə öz-özünə pıçıldayır. Amma tale öz oyununu oynamaqda idi. İstəsək də, istəməsək də, uydurma adlandırsaq belə, mistik qüvvə, yazılmış alın yazısı kimi mövzular çoxumuza gülməli görünsə belə, bəzən küncə sıxılanda onun mövcudluğunu qəbullanırıq.

Xanım Lappa (birinci həyat yoldaşı) ilə Mixail Bulqakovun tanışlığının qəribə tarixçəsi var idi. Əslində onların hər ikisi öz ailələrinin dəcəli və sözə baxmayanı idilər. Opera, balet isə şəxslərin həyat tərzi, mənəvi doyum mənbəyi idi. Gənc gimnazist bəy, xanım Lappanı opera teatrının qarşısında görmüşdür. Alicənab Mixail elə ilk andaca xanımları məftun etməyi, öz fantaziyasını işə salmağı çox yaxşı bacarırdı. Budəfəki ələ alma cəhdi məhəbbət cərəyanı ilə nəticələnir. İlk baxışdan bir-birinə aşiq olan tərəflər elə o andaca biri-biriləri üçün yarandıqlarının fərqində olurlar.

Gənc yazıçı Tatyanaya dəlicəsinə aşiq olmuşdu. Onsuz nəfəs ala bilmirdi. Saratova qayıdan xanım Lappa, Bulqakovun dostundan: "Bulqakov özünü güllələməyin astanasındadır" sözlərinin əks olunduğu teleqramı alır. Ailənin bütün üzvləri baş verən olaydan xəbər tutur. Bəli, universitetdən ayrılan Bulqakov əgər Tatyananı görməzdisə canına qəsd edəcəyini dostuna söyləmişdi. Ümidsizliyə, depressiyaya qapılan gənc göz yaşları içində Tatyananı gözləyirdi. Bu xəbər Saratova çatdıqda təşvişə düşmüş ailə: "Əgər ağlını başına yığmasan, ümumiyyətlə, daha Tatyananı görməyəcəksən" cavabını Bulqakova göndərir. Nəhayət görüşə icazə verirlir.

O, Tasya ilə ara-sıra görüşürdü. Amma bu görüş  daima güclü nəzarət altında olurdu. Nəhayət ki, bir könüldən min könülə Mixailə aşiq olan Tatyana tarix-fəlsəfə kursu keçmək adı ilə Kiyevə gələrək Saratovdan, ailəsinin əlindən sıyrıla bilir. Bununla da eşqin növbəti mərhələsi başlayır. Sevgililər gülüş sədaları altında evlilik adlı mühüm və ciddi məsuliyyətin altına girmiş olurlar.  Bu müqəddəs akt 1913-cü ilin gözəl aprel ayında baş verir.

Maddi sıxıntı Mixaili çıxılmaz vəziyyətdə qoyurdu. Hərbi hospitalda işə başlayan Bulqakov  həyat yoldaşı Tasyanı  tibb bacısı olaraq yanına işə düzəldir. Cansıxıcı iş şəraiti, yaralıların əhatəsi, yuxusuz gecələr Mixaili morfi xəstəsinə çevirir. Amma Tatyananın müdrik hərəkəti sevimli ərini ölümün pəncəsindən xilas edə bilir. Bununla da gənc, həkim həyatından yazıçılıq həyatına qədəm qoyur. Tatyana Bulqakovun ara-sıra kənara çəkilib nə isə yazdığını görürdü. Bu, onu sevindirirdi, ürəyinə dinclik gətirirdi.

Tasya hər yerdə onunla idi. Tale Bulqakovu hara qovurdusa xanım Lappa dizin-dizin onun ardıyca hərəkət edirdi. Qafqaza gəldikdə də, ölümlə üz-üzə dayandıqda da Tasya onunla idi. Mixail isə ilk andaca düşündüklərini dilinə gətirərək sevimli xanımını yaraladığını ağlına belə gətirmirdi. Xəstəxanada gözünü açan Mixail: "Sən zəif qadınsan. Məni buradan apara bilmədin" deyərək xanım Lappanı sözləri ilə yaralayırdı.

"Mən bunu necə edə bilərdim? Tif xəstəsini necə apara bilərdim? Həkimlər demişdi ki, o, elə ilk stansiyada öləcək" sözlərini tanıdığı şəxslərin yanında söyləyərək sanki etdiyi hərəkət üçün bəraət qazanmaq istəyirdi Tatyana. Əslində etdiyi bütün hərəkətlər doğru idi, sadəcə, Mixailə başqa cür qadın lazım idi və o, zaman keçdikcə bunun fərqinə varırdı. 

Bulqakov hərbdən tamamilə uzaqlaşaraq ruhi dinclik qazansa da daima dolanışıq, yemək üçün nə etməlidir sualları altında əzilirdi. Sonra çıxış yolunu qələmdə, yazıda görərək teatr üçün kiçik əsərlər, pyeslər yazmağa başlayır. Amma bu pyesləri səhnələşdirmək üçün qapı-qapı düşməyə məcbur olur. Vaxt olurdu ki, onlar üç günlərlə yemək yemirdilər. Hətta Bulqakov sərhədi keçmək, vətəni tərk etmək istəyinə də düşmüşdü. Bir dəfə Tiflisə qədər gedərək hətta oradan məhbusların aparıldığı gəmi zirzəmisində də yollanmaq haqqında düşünmüşdü. Bu vaxt Bulqakov azadlığın və satqınlığın astanasında dayandığının məsuliyyəti haqqında məngənədə qalırmış kimi əzilirdi. Nə etməliydi?  Belə bir vəziyyətdə tarixin yaddaşında vətəni tərk edən satqın kimi qalmaq gələcəyin böyük yazıçısının tərcümeyi-halı üçün olduqca yaraşmaz mövqe idi. Həm də o, siçovulların arasında Tasyasız, tək-tənha necə gedə bilərdi? Ona görə də ölkəni tərk etmək fikrindən daşınaraq çətin olsa da vətəndə qalmaq qərarına gəlir. Yaşamaq uğrunda, yazıçılıq uğurunda mübarizə aparan Bulqakov yeni felyetonlarını, hekayələrini, bədii mətnlərini redaksiyalara təqdim edir. Budur, Berlin jurnalı Moskva redaksiyasına "Daha çox Bulqakovdan göndərin" kimi məktublar göndərir. Nəhayət ki, yazıçının qabiliyyəti, istedadı görünməyə başlayır. Bulqakov həyatının məşhurluq  dönəminə qədəm qoyur.

Tasya onun uğurlarına çox sevinirdi. Amma Bulqakovun günü-gündən ondan uzaqlaşması, boqema həyatına, qəzetçilərin, jurnalistlərin, yazıçıların əhatəsində təşkil olunan gecələrə olan marağı, sevgisi qadını çox qorxudurdu.  Əslində Bulqakov ilə onun arasında sevgidən əsər-əlamət qalmamışdı. Sevgisiz həyat isə yaradıcı adam üçün dözülməz sayıla bilərdi. Tasya bunu çox gözəl bilirdi. O, bilirdi ki, Bulqakovun uğurlara doğru gedən yolu üçün olduqca zəif natura idi. Mixailin isə özünə tən ola biləcək, onun həyatını məhəbbətlə doldura biləcək bir qadına ehtiyacı vardı. Ona görə də çoxdandır onu narahat edən qorxular Bulqakovun "gedirəm" sözü ilə öz həyati həllini tapır. Bəlkə də elə bu səbəbdən xanım Lappa həyat yoldaşının çamadanlarını yığmaqda ona yardım edirdi.

Vaxtilə dəlicəsinə aşiq olduğu xanımdan bir başqasına getmək Bulqakov üçün mənəvi, vicdan cəhətindən olduqca əzablı idi.  Bir qadına qarşı böyük haqsızlıq etdiyinin fərqində idi. "Yaradan bu hərəkətimə görə məni cəzalandıracaq" sözlərini dilinə gətirirdi. Amma onu ovudacaq bir səbəbi var idi - aralarında məhəbbətdən əsər-əlamət qalmamışdı. O, daha Tasyanı sevmirdi. Sevgisiz yaşamaq istəmirdi, vəssalam. Ona görə də mütləq getməliydi. Acı olsa da, vicdan əzabı çəksə də, getməliydi. Həyata bir dəfə gələn insan kimi öz həyatını istədiyi kimi qurmalıydı. Budur, on bir illik birgə həyat beləcə sona yetir.

Lyubov Belozerskaya yazıçının yeni məhəbbətinin adı idi. Bulqakov onu yazıçı tədbirlərlərinin birində görmüşdü. Səsli-küylü bir məclisdə xanım Belozerskaya Bulqakovun diqqətini bəlağətli nitqi, savadı, gözəlliyi ilə çəkmişdi.  Lyubov onu qiyabi tanıyırdı. Berlində olarkən Bulqakovun Moskvada ən yaxşı yazıçı olması haqqında eşitmişdi. Hətta onu Şalyapina bənzədirdi. Yazıçının yeni dünyanın təsviri ilə verilmiş yazısına xeyli gülmüşdü də. İndi isə Bulqakovun qara talstovkasına və ayağına geyindiyi sarı tuflilərinə təbəssümsüz baxmaq mümkün deyildi. Ümumiyyətlə, Bulqakovun geyim tərzindən onun elə də zəngin olmaması açıq-aşkar sezilirdi.

Onların sevgi romanı iki ay gizli qala bildi. Adətən Patriarşıxda görüşürdülər. Elə evlənməyə də orada qərar vermişdilər. Bu izdivac onların hər ikisinin sayca ikinci izdivacı idi. Məhz həmin il Bulqakovun yadına qaraçının sözləri düşmüşdü və bu anda yenə də deyilənlərin boş olduğu qənaətinə gəlmişdi. Necə deyərlər, tale yox, insan taleyi idarə edir, pıçıldamışdı öz-özünə.

Bulqakov bu dəfə də elə bildi ki, sonuncu, əsl məhəbbətinə rast gəlib. Çünki Lyubov Belozerskaya mənəvi cəhətdən, xarakter baxımından olduqca möhkəm, güclü xanım idi. Onlar kasıb mənzildə yaşayırdılar. O, bu kasıb daxmada "Ağ qvardiya", "Turbinlər ailəsinin günləri" və s. pyeslərini qələmə almışdı. Kasıblıq məhəbbəti öz qara kölgəlsi altına sala bilmirdi. Lyubov olduqca müdrik və dözümlü qadın idi. O, tənbəllik etmədən, ürəklə redaksiyalara gedib sevimli həyat yoldaşının əlyazmalarını təqdim edirdi. Bulqakovun nəşr olunmasında özü maraqlı idi.

Köklü moskvalı, aristokratik ailədə dünyaya gələn bu xanım, ərini də cəsur, nikbin və əyalət komplekslərindən xilas olmuş şəkildə görmək istəyirdi. Bir tərcüməçi olaraq Molyerdən etdiyi tərcümələri toplayaraq ərinin yeni yaranacaq pyesləri üçün ilham mənbəyi kimi istifadə edirdi. Xarici müəllifləri ona oxutdururdu. Bunun nəticəsində Bulqakovun qələmindən sanballı əsərlər çıxırdı. Uğur həm də onları bir-birinə daha möhkəm sarımağa başlayırdı. Bu qayğı nəticəsində Bulqakovun Lyubova olan məhəbbəti günü-gündən artırdı. O, bu etiraflarını gündəliyi ilə bölüşürdü.

25-ci ildə "Rossiya" jurnalı "Ağ qvardiya"nı çap etməyə başlayır. Bulqakov bu əsəri həyat yoldaşına ithaf edir. Əslində bu ithaf onun keçmiş həyat yoldaşına qarşı böyük haqsızlıq idi. Çünki o qadın onunla birgə müharibədən keçmişdi, ölümdən qayıtmışdı.

Tale yenə də öz oyununu davam etdirir. Evində olan davamlı təftişlər, axtarışlar, əsərlərin səhnəyə qoyulmasına qarşı tətbiq olunan qadağalar Bulqakovun ruh halını, ovqatını söndürürdü. Yazıçını yersiz müdaxilələr mənəvi şikəstə çevirirdi. Heç nə onu ovundura bilmirdi. Hətta sevimli həyat yoldaşının məhəbbəti, qayğısı belə bu narahatçılığın önündə olduqca gücsüz görünürdü. Bulqakova işıq lazım idi, möcüzə lazım idi, mistika lazım idi. Gücdən düşmüş ruhunun yenidən dirçəlməsi üçün həyəcana, dəli məhəbbətə, labirintə, qadağaya, mübarizəyə ehtiyacı var idi. O, çıxılmaz vəziyyətində çıxış yolu axtarırdı.

Lyubov Belozerskaya ilə Bulqakov arasında münasibət sona yaxınlaşırdı. Onun rəfiqəsi, generalın həyat yoldaşı Yelena Şilovskaya Bulqakova aşiq idi. Əslində Lyubovun bu işə müdaxilə etməsi də düzgün alınmırdı. Çünki baş verənlər həm də  karma qanunu idi. Vaxtilə Bulqakovun Tasyası ilə rəfiqəlik edən Lyubov eyni zamanda gələcək əri ilə məsafələri azaldırdı. Öz rəfiqəsinin əlindən almışdı Bulqakovu. Eləcə də indi Yelena Şilovskaya eynilə onun etdiyi hərəkəti təkrarlayırdı. O, istəsə də Bulqakovun gözlərini özünə doğru yönləndirə bilmirdi. Çünki Bulqakov hər yerdə yalnız Yelenanı görürdü. Onun içi, ruhu, vücudu bu məhəbbətlə titrəyirdi. Üstəlik, təhlükəli məhəbbət onu daha çox mübarizə etməyə səsləyirdi. O isə mübarizəni sevən tərəf idi. Bu ona yaradıcı enerji verirdi. Həm də kişi instinktini gücləndirərək immunitetə çevirirdi. Bulqakov güclü, mistik qadına qovuşmanın kəndarında idi. Buna can atırdı.

Xanım Şilovskaya general arvadı idi. Yetəri qədər zəngin həyat tərzi sürürdü. Məclislərin birində Bulqakovla tanış olmuşdu. Daha doğrusu, eyni masada yan-yana əyləşmişdilər. O dövrlərdə Bulqakov Sovet təpkiləri ilə baş-başa idi, pyesləri teatr repertuarından çıxarılmışdı, əlyazmaları müsadirə olunmuşdu. Demək olar ki, uğursuz və heç nəsiz idi. Belə bir şəxs xanım Şilovskayanın diqqətini özündə necə cəm edə bilərdi? Bəlkə bu, doğrudan da tale idi. Bəlkə gözəl Yelenanın qayğı, məhəbbət bəxş etməyə ehtiyacı var idi? Ola bilər.

Bluzkasının qolunun ipi açılan Yelena "Mişa, ipi bağlamaqda mənə yardım edə bilərsənmi?" söyləyir, elə ilk qığılcımlar da bu kəlmədən sonra başlayır. Bulqakov evli qadına aşiq olur.

General həyat yoldaşının ona xəyanət etmə xəbərini eşidəndə dəliyə çevrilir. Bulqakovun üzərinə silahla gedir. Onu təqib edir, ölümlə hədələyir. Evə qayıdan general hirsi soyuyandan sonra həyat yoldaşına hər şeyi unudacağını və Bulqakovla aralarında olan günah romanını bitirməyi ondan xahiş edir. Xanım Şilovskaya bir il ərzində evdən bayıra çıxmır. Susqun bir həyat sürür. Amma nə etməli, təhlükəli olsa da, tale öz oyununu oynayırdı. Bir ilin tamamında küçəyə çıxan Yelena Bulqakovla üz-üzə gəlir. Tale onları yenə də qarşı-qarşıya gətirir. Bulqakov "Sənsiz yaşaya bilmirəm" söyləyir Yelenaya və həmin günü generala məktub yazaraq Yelenanı buraxmağı ondan xahiş edir. General bilir ki, iki sevən arasında dayanmaq ağılsızlıqdır, onlara mane olmağın bir anlamı yoxdur. O səbəbdən də Yelenanı buraxır.

Sonuncu, möhtəşəm eşq
Kasıblıq, yoxsulluq onların hisslərinə zərrə qədər də təsir etmirdi. Əslində Yelena onun həyatına güclü, mistik, sirli qadın olaraq daxil olmuşdu. Bəlkə də Bulqakovun axtardığı, həsrətində olduğu qadın obrazı elə bu xanım idi. Və o, dünya şöhrətli "Master və Marqarita"sını bu izdivacın mistik təsiri altında yazır və məhz bu əsərinin vasitəsilə dünya şöhrəti qazanır. Əsərdə canlandırılan Marqarita sevimli, sonuncu həyat yoldaşı Yelenanın prototipinə çevrilir. Yelena öz masterinin sevimli muzası idi. Bulqakovu əsl yazıçıya çevirən mistik, qüvvətli natura idi. 

Bulqakov "Yaxına gəl, qoy səni öpüm, sonra xaç çevirərsən... Sən mənim ən yaxşı, ən sevimli həyat yoldaşım olmusan.. Səni sevirəm! Əgər mənim ömrüm davam etsə mən sona qədər yenə də səni, yalnız səni, təkcə səni sevərəm" sözlərini söyləmişdi ölümqabağı. Həm də birinci həyat yoldaşı Tasyanı görmək istəmişdi. Elə-belə, üzr istəmək üçün. O dünyaya rahat getmək üçün.

"Elə et ki, mən ədəbiyyat tarixi səhifələrindən silinməyim. Əbədiyaşar olum". Yelena Sergeyevna həmin gün Bulqakova söz vermişdi.

Qadağalar qarşısında tab gətirmək çətin idi. Yelena əziyyət çəkirdi. Böyük yazıçının əsərlərinin çapı üçün döymədiyi qapı qalmamışdı. Məktublar ünvanlayırdı,  icazə istəyirdi.

O, bacarır. Yelena verdiyi sözün üzərində dayanır. Senzura təpkisi altında olan "Master və Marqarita"nın senzura variantının çapına nail ola bilir. Dünya yeni, böyük bir yazıçı ilə yaxından tanış olur. Bulqakov, Yelenanı  ona verdiyi bütün sözlərə əməl etdikdən sonra öz yanına -  o dünyaya aparır. Bu dünyada isə hələ də bitmək bilməyən mistik söz-söhbət irsini yadigar qoyur.