Xalqının xalqşünası - Nizami Cəfərov - Nizami CƏFƏROV

Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli sərəncamı ilə Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov "Şərəf" ordeni ilə təltif edilib.

Nizami CƏFƏROV

Azərbaycan xalqının, sözün geniş mənasında, tarixini öz təfəkküründə akademik Teymur Bünyadov qədər dərindən (və  bütün miqyası, təbiiliyi, hərarəti, mütəvazeliyi ilə) əks etdirən ikinci bir tarixçi təsəvvür eləməyə çətinlik çəkirəm… Ona görə yox ki, Teymur Bünyadovu çox istəyirəm; ona görə yox ki, onun doxsan yaşının tamam olduğu bu  günlərdə xətri xoş olmaq üçün bu sözləri deyirəm; ona görə ki, Teymur Bünyadovun daxili aləminə, ruhuna, təbiətinə bələdəm. Və əminəm ki, ortaya az-çox peşəkar bir insan tədqiqatçısı - insanşünas çıxıb akademik Teymur Bünyadovun tərcümeyi-halını bütün dərinliyilə öyrənmək həvəsinə düşsə görəcək ki,  onun həyatı, dünyagörüşü, mənəviyyatı mənsub olduğu xalqın tarixi və ya "tərcümeyi-hal"ının bir İnsan- Şəxsiyyət miqyasında bilavasitə təzahürüdür.

Əlbəttə, öz xalqının xalqşünası - etnoqrafı olmaq çox çətin məsələdir. Hər şeydən əvvəl ona görə ki, onun adət-ənənələri, məişəti, etnoqrafik xarakteri səni hər tərəfdən  elə əhatə edir, elə çulğayır, varlığına elə hakim kəsilir ki, çox vaxt nəyin söz- söhbət, nəyin isə elmi ümumiləşdirmə və ya modelləşdirmə predmeti olduğunu kəsdirə bilmirsən.  Odur ki, bizim ən tanınmış etnoqraflarımızın çox tez- tez xarici həmkarlarından sitat gətirib Azərbaycan xalqının adət-ənənələri barədə daha mötəbər elmi təsəvvür yaratmağa çalışmalarını təsadüfi saymaq olmaz.

Akademik Teymur Bünyadov işin yüngülünü yox, ağırını seçir, yolun  asanı ilə yox, çətini ilə gedir. Və məlumdur ki, o, "kənar"dan sitat gətirməyə maraq göstərməyən, istinadı tarixşünaslıqda yox, tarixin özündə axtaran tədqiqatçılardandır… Halbuki sovet dövrü əksər klassik tarixçilərimiz kimi o da "Moskva məktəbi" keçmiş, görkəmli qafqazşünas Y.Krupnovun tələbəsi olmuşdur. Ancaq görünür, onun çox gənc yaşlarında dərs  aldığı "genetik müəllimlər"i daha güclü idi.

Mənim həmkarım (və dostum), professor Şirindil Alışanlı Teymur Bünyadovun yaradıcılıq metodunu "tarixin elmi və bədii dərki" kimi, əsasən, doğru müəyyənləşdirərək yazır:

"Teymur müəllim elmi araşdırmalarında  xalqın maddi və mənəvi yaddaş daşıyıcısı olan hər bir  predmeti, yaşam vərdişlərini təcəssüm etdirən ayinləri, adət-ənənələri, qəsrlərdə, qalalarda daşlaşan rəmzlərin, simvolların mahiyyətini xalqın keçdiyi tarixin zənginliyinin, qədimliyinin təsdiqi kimi öyrənir. O, arxeoloji mətnin nümunələrinə  xalqın mənəvi təkamülünün tarixi mətni kimi  şərh və məna verir. Arxeologiya- etnoqrafiya sahəsindəki bilgiləri ilə poetik dəyərləndirmə, qavrayış istedadı ona oxucu ilə anlaşıqlı ünsiyyət tapmaqda yardımçı olur".

Ancaq mən buraya Teymur müəllimin sosial-psixoloji (prinsip etibarilə, publisistik) dərk (idrak!) istedadını da əlavə edərdim. Çünki onun elmi təfəkkürü ilə bədii təfəkkürü məhz bu  məcrada birləşərək rezonans verir; tarixin çox- çox qədimlərdə qalmış, üstünü toz basdığından, demək olar ki, görünməz olmuş müxtəlif xarakterli mənbələrini onun sahiblərinə birbaşa tanıtmaqdan daha çox, xalqın özünü ruhən-mənən bu "tanışlığ"a, doğmalığa hazırlayır. Tarixçi  subyektini, bir qayda olaraq, kənara çıkir, özü qıraqda dayanır, tarixin həqiqi sahiblərini bu və ya digər səviyyədə tarixçi olmağa sövq edir. Və  onun əsərlərini oxuyanda özün də hiss  etmədən, yerli-yersiz "elmi münaqişələr"ə, yaxud "metodoloji" çəkişmələrə vaxt itirmədən, onda görürsən ki, tarixin içindəsən, "daxil"indəki tarix özünün bütün istiliyi, munisliyi (və müasirliyi!) ilə  "oyanıb" sənə yol göstərir.

Teymur Bünyadovun "tiarixşünaslıq metodologiyası" onunla əlamətdardır ki, burada  "hər saxsı parçası, hər məzar daşı" (Səməd Vurğun) tarix olmaqla yanaşı,  həm də tarixçidir; "Əsrlərdən gələn səslər",  "Ana Kürüm", "Qızıl qaya", "Mərd qalalar, sərt qayalar"… göstərir ki, bu kitabların  müəllifi tarixçi "fundamentalizm"i və ya  "akademizm"inə aludə olmayıb  mənsub olduğu xalqla onun "açıq ana dili"ndə (Mirzə Cəlil) danışmaqdan çəkinmədi. "Azərbaycan arxeologiyası  oçerkləri", "Azərbaycanlılar", üç cildlik "Azərbaycan  etnoqrafiyası" kimi tarixşünaslığımızın tarixində əbədi qalacaq əsərlər də həm elmi-tədqiqat materialının əhatəsi, həm də  məsələyə düzgün metodoloji yanaşma texnologiyası baxımından "sovet klassikologiyası"ndan yalnız fərqlənmir, eyni zamanda (və daha çox!) teymurbünyadovşünaslığın üslub (və əda!) miqyasını nümayiş etdirir.

Keçən əsrin 70- ci, 80- ci illərində dilçilər, ədəbiyyatşünaslar tarixçilərə qarşı "hücum"a keçərək onları antitürkçülükdə ittiham etməyə başladılar. "Klassiklər" ömürlərinin axırına qədər bu "hücumlar"a sinə gərib "türkçülər"ə qarşı mübarizə apardılar, "yeni tarixçilər" isə dərhal eramızdan əvvəl V minillikdə "türk izləri" tapdılar. Və həmin illərdə Teymur müəllimin "susmağ"ı mənə qəribə gəlirdi. Sonralar dərk etdim ki, Teymur Bünyadov "klassiklər"dən daha  klassikdir, onun əvəzində artıq "tarixçi" kimi önə çıxardığı Qayalar, Qalalar, Ana Kür, Xan Araz, Atropatla Cavanşir danışır…

Yenə də Şirindil Alışanlıdan sitat gətirməyə məcburam:

"Professional tarixçilər bədii  yaradıcılıq sahəsinə müxtəlif yöndə gəlirlər. Bəziləri tarixi romana, digərləri tarixi drama və ya bədii publisistikaya müraciət edirlər. Tarixi bilgiləri bədii sözün mühakiməsinə verir, onun populyarlaşmasına səy  edirlər. Buna bəzən nail olur, bəzən də tarixi-xronoloji sadalamadan uzağa getmirlər. Tarixçi-etnoqraf kimi, Teymur müəllim obrazlı düşüncə sahibidir. Bu  onun bütün tədqiqatlarının ifadə sistemində, elmi üslubunda duyulur.  Obrazlı düşünüb danışmaq onun  həyat tərzidir, ünsiyyət vərdişidir".

Ancaq mən  Şirindilin  yerinə olsaydım, bu "söhbət"i "axır"dan yox, "əvvəl"dən başlayardım: "Obrazlı düşünüb danışmaq onun həyat tərzidir, ünsiyyət vərdişidir…" Çünki Teymur Bünyadov əsl bir qazaxlı - azərbaycanlı  kimi, ilk növbədə, bədii təfəkkür sahibidir, onun alimliyi isə ancaq və  ancaq bundan sonra gəlir… O yazıçılıq ki, alimlikdən sonra gəldi, ona təkcə Qazaxda, Azərbaycanda yox,  dünyanın hər yerində "bir təhər baxırlar"…

O ideyaları, fikirləri ki Teymur müəllim elmi əsərlərində yazır, onların "arxetip"i əvvəlcə ruhunun dərinliklərində xalqın ən doğma (və kütləvi) poetik özünüifadə texnikası olan bayatı cildində  yaranır:

Ana dil,

Dil- dil ötər anadil.

Əzəli, əbədidir

Ana Vətən, ana dil.

Yaxud:

Dar bəndim,

Dar keçidim, dar bəndim.

Uluların ulusu

Dəmir qapım - Dərbəndim.

Yaxud da:

Qan sızlar,

Sinəm qandı, qan sızlar.

Qansıza bel bağlama,

Qansız olur qansızlar.

Eşitmişəm ki, orta məktəbi bitirib Bakıya ali təhsil almağa  gələndə İsa Hüseynov tarix, Teymur Bünyadov isə ədəbiyyat fakültəsinə  daxil olmaq istəyirmişlər, ancaq tale elə gətirib ki, "tarixçi" - ədəbiyyatçı, "ədəbiyyatçı" isə tarixçi olub… Qızıl medal səhv düşə bilər, tale isə heç zaman səhv eləmir: indi nə "tarix"də Teymur Bünyadovun, nə də "ədəbiyyat"da  İsa Hüseynovun (Muğannanın) şəriki var… Ancaq tarixdə İsa Hüseynov (Muğannanın), ədəbiyyatda isə Temyur Bünyadovun yerini danmaq mümkün deyil.

İsa Muğanna son illərdə "Qapalı dünya"nın sakini olmuşdu, "ərşdən-kürşdən" danışırdı, tarixdə on min illərin üstündən adlayıb "qapalı dünya"nın qapılarını aça biləcək "tarixi yollar" arayırdı, Teymur Bünyadov isə o yolları dəfələrlə gedib-gəlmiş, o qapıları yüz dəfə açıb-örtmüş müdrik kimi susurdu… Hər ikisi haqlı idi!..

Ancaq hərdən mənə elə gəlir ki, İsa Muğanna mənsub olduğu xalqın (və insanlığın) tarixinin o qədər dərinliklərinə getdi ki, həm insanlığın, həm də, təbii ki, mənsub olduğu xalqın "həqiqət"i gözlə görmək miqyasından tamamilə uzaqlaşdı; Teymur Bünyadov isə ədəbiyyatın əbədi təminat verdiyi sinxron miqyasdan kənara çıxmamaqla həmin "həqiqət"i "bu günün tarixi"ndə tapdı,  "bu gün"ü  tarixə aparmadı, əksinə, "tarix"i  bu günə gətirdi…

Teymur müəllim Azərbaycan cəmiyyətinin yaxşı tanıdığı, ehtiram göstərdiyi ağsaqqallardan biri, görkəmli ictimai xadimdir. Millət vəkili olub. Eloğluları ona məhəbbətini "Teymur qağa" deyə müraciət etməklə bildirirlər…

Başqa  xalqların xalqşünası olmaq asandır, xalqının xalqşünası olmaqsa çətindir… Çox çətindir… Təsəvvür edilməyəcək qədər çətindir…

Akademik Teymur Bünyadov nə qədər "tarix"in bu günüdürsə, o qədər də "bu gün"ün tarixidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!